Daha.az Ülviyyə Lalənin “Müsəlman-türk dövlətinin qadın qurucusu: Şəcərüddür” yazısını təqdim edir.
Misirdə Əyyubi sülaləsi Məlik Salehin ölümündən (1249) sonra zəifləyir və qısa müddət sonra süqut edir. Onun dul arvadı, türk əsilli kölə Şəcərüddür Məmlük dövlətinin qurulmasında həlledici rol oynayır.
Şəcərüddür əvvəllər Əyyubi sultanı Məlik Salehin cariyəsi idi. Saleh onun gözəlliyinə və zəkasına heyran qalaraq onu azad etmiş, nikaha girmişdi. Bu evlilikdən bir oğulları olsa da, uşaq kiçik yaşlarında vəfat etmişdi. Məlik Salehin ölümündən sonra taxta onun oğlu Turanşah çıxdı. Lakin o, cəmi 70 gün hakimiyyətdə qala bildi; narazılıqlar nəticəsində öldürüldü və bununla da Əyyubi sülaləsinin Misirdəki hakimiyyəti başa çatdı.
1249–1250-ci illərdə baş verən VII Səlib yürüşü də bu hadisələrlə üst-üstə düşürdü. Fransa kralı IX Lüdovik Misirə hücum etsə də, Məmlük ordusu onu məğlub etdi və kral əsir alındı.
Bu qələbə həm orduda, həm də xalq arasında Şəcərüddürün nüfuzunu artırdı. O, xalqın ağır vergi borclarını yüngülləşdirdi, dövlət idarəçiliyində bacarıqlı olduğunu göstərdi və beləliklə Misirdə sultan elan edildi.
Lakin Abbasi xəlifəliyindən məktub gəldi: qadının sultan olmasının şəriətə uyğun olmadığı, “qövmünü qadın idarə edən millət nicat tapmaz” hədisinin buna dəlil olduğu bildirilirdi. Hədisin hansı şəraitdə deyildiyi barədə tarixçilər arasında fikir ayrılığı var. Ən çox qəbul edilən görüşə görə, o, Sasani şahı Xosrov II Pərvizin qızı Böran taxta çıxdığı (630-cu illər) zaman söylənilmişdi.
Asayişi qorumaq üçün Şəcərüddür sərkərdə Aybək ilə evləndi və taxtı ona təhvil verdi. Lakin Aybək başqa qadınla evlənmək istəyəndə Şəcərüddür onu boğduraraq öldürtdü. Tezliklə Aybəkin tərəfdarları da qisas alaraq Şəcərüddürü həbs etdilər və öldürdülər (1257).
Beləliklə, Şəcərüddür, qısa müddət də olsa, Misirdə Məmlük dövlətinin (Bəhriyyə Məmlükləri dövrünün) qurucusu sayılır. Onun başladığı bu səltənət 1250–1517-ci illər arasında davam etmiş, əvvəlcə Bəhriyyə, sonra isə Bürciyyə Məmlükləri adı ilə tanınmışdır.
Şəcərüddürün həyatı bir çox bədii əsərin mövzusu olub.
Misir yazıçısı Mahmud Bədəvi 1933-cü ildə “Şəcərüddür” adlı məşhur pyes qələmə almış və əsər uzun müddət Qahirə teatrlarında tamaşaya qoyulub. Həmçinin ədəbiyyat tarixində mühüm yeri olan Corci Zeydan da 1914-cü ildə onun haqqında roman yazıb.