DAHA.az Aqşin Yeniseyin “Süni zəka Herman Brox ola biləcəkmi?” yazısını təqdim edir.
Materialistlərə görə, insanı əmək yaradıb, idelaistlərə görə isə əmək bu dünyada insana verilən cəzadır. İnsan yarandığı gündən təbiəti qarşısında düşmən kimi görüb, həmişə ondan qaçıb, qaça bilməyəndə gizlənib. Əmək təbiətin bu amansız düşmənçiliyinə insanın apardığı savaşın adıdır. İlk əmək aləti insanın təbiətlə döyüşmək üçün hazırladığı silah idi. İnsan ilk silahı təbiətə qarşı yaradıb. İnsan təbiətlə savaşda həmişə öz yerinə döyüşən və ölən birilərini yaratmaq düşüncəsi ilə yaşayıb. Heyvanları buna görə əhliləşdirib. Məqsədi fiziki əməyi insansızlaşdırmaq, cəzasını başqalarına yükləmək olub.
Bu gün hər bir sahədə insanın təbiətdən əsir götürüb kölələşdirdiyi cansız varlıqlar iş başındadır. Zavodlar, fabriklər, tarlalar bu cansız kölələrin işlədildiyi əsir düşərgələridir. İnsanın cəzası təkcə fiziki əmək deyil, daha əzablısı da var: zehni əmək, gecə-gündüz davam edən düşünmək əziyyəti. Son yüz əlli ildə insan öz yerinə zehni əməklə məşğul ola bilən varlıqlar yaratmaq iddiasıyla yaşayırdı. Bu gün o varlığı yaradıb: Süni zəka. İntellektual kölə. Amma bu kölə özüylə yeni bir qorxu da gətirib: insana ağa olmaq ehtimalını.
Çünki insan öz təcrübəsindən bilir ki, ağalıq ağılın verdiyi üstünlükdür. Süni zəka gələcəkdə daha ağıllı ola biləcəksə, insanın özünü kölələşdirəcək. Bu gün isə o, sadəcə, məlumat bazasına sahibdir. Məlumatdan, datadan ağıl yaratmaq üçün işin içinə duyğu, emosiya da girməlidir. Cansız aləm isə duyğudan məhrumdur. Cansız varlığa məlumat yükləmək, proqramlar vasitəsilə bu məlumatları səbəb-nəticə qanunlarıyla emal etmək olar, amma onlarda duyğu yaratmaq mümkünsüzdür. Duyğu üçün varlığın taleyi olmalıdır. Süni zəkanın isə taleyi yoxdur. O ağlaya bilər, amma göz yaşları yenə insanın olacaq. Əgər o, özü-özünə tale yarada bilsə, biz homo-sapienslər gələcəkdə neandertalların aqibəti ilə üzləşəcəyik. Hələlik isə süni zəka insanın yerinə düşünə bilmir, insanın düşünmək istədiklərini datalar əsasında sistemləşdirməyi bacarır.
Natural təsərrüfatdan birinci sənaye cəmiyyətinə keçid təxminən 5000 il vaxt aldı. Birincidən ikinci sənaye inqilabına keçmək üçün 200-300 il vaxt bəs etdi. Üçüncü sənaye inqilabı isə cəmi 80-100 ildən sonra baş verdi. 30-40 il keçmədi ki, Dördüncü sənaye inqilabanın səsi eşidildi. Artıq Beşinci inqilabın hazırlıqları başlayıb.

Natural təsərrüfat cəmiyyətində torpaq sahibləri, sənaye cəmiyyətində sahibkarlar, informasiya cəmiyyətində rəqəmsal investorlar əhəmiyyətli qazanc və güc əldə etdilər. Hazırda beşinci sənaye cəmiyyətini təsvir və təsəvvür etmək çətin məsələdir. Gələcək kimlərin olacaq: bilgidən fikir yarada bilən süni zəkaların, yoxsa süni zəkalardan istədiyi kimi istifadə edə bilən “müdrik bələdçilərin?”
Hələlik isə bunu deyə bilərik: Süni zəka istedad deyil, istedadın təqlididir. Uzun yaddaşı, kodlaşdırılmış məlumat bazası və bu məlumatları sürətli alqoritmlər vasitəsilə əlaqələndirməklə təkcə beyinin rəqəmsal fəaliyyətlərini deyil, eyni zamanda emosional fəaliyyətlərini də təqlid edə, mətn, şəkil və audio kimi müxtəlif sahələrdəki məlumatları emal və təhlil edib mənalı nəticələr çıxara bilir. Təbii zəka bilgidən fikir yarada bilən zehni funksionallıqdır. Süni zəka insan zəkasının yaratdığı fikirləri də bilgi olaraq kodlaşdırır ki, bu da ona fikirdən fikir yaratmaq üstünlüyü qazandırır. Yəni süni zəka Motsartı eşidir, Motsartın eşitdiyini eşitmir. Süni zəka Motsartı təqlid edərək onu əvəzləyə bilir. Bu bacarığı onun insanı əvəz edəcəyi əndişəsini yaradır.
Qlobal əndişə bundan ibarətdir ki, insanın daha gələcəyi olmayacaq, insan buraya qədərmiş. Gələcək tamamilə süni zəkanın gələcəyi olacaq. Süni zəka qısa müəddətdə insanı fəaliyyət zonalarından sıxışdırıb çıxaracaq. Hətta insanın özünü də özü üçün yararsız hala gətirəcək. Artıq bu gün insanlar hər hansı bir seçim edərkən öz zəkalarına deyil, süni zəkaya müraciət edir, onun rəhbərliyi altında hərəkət edirlər. Chatbotlar sayəsində artıq seçimlərimizi süni zəkaya təhvil vermişik. Süni zəka mühəndisi Cefri Hinton süni zəkanın bir deyil, minlərlə bir-biriylə əlaqələmdirilmiş zəkadan ibarət olduğunu deyir. Yəni bir süni zəka bir deyil, minlərlə insanın sahib olduğu bilgiyə sahibdir. Yəni süni zəka zəkalar fabrikdir.
Data özü-özlüyündə heç bir mənası olmayan, heç bir emal prosesinə məruz qalmadan müşahidə və ya ölçmə yolu ilə əldə edilən xam informasiyadır. Süni zəka bu xam informasiya ilə çalışır. XXI əsrdə ənənəvi məlumat emalı üsulları ilə təhlil edilə bilməyən müxtəlif həcmli məlumat yığınları ortaya çıxıb ki, onlara Böyük datalar deyilir. Özlüyündə unutmaq xassəsi olmayan süni zəka bu böyük dataları mənbə olaraq istifadə edir. Böyük datalar məlumat həcmi, məlumat sürəti, məlumat müxtəlifliyi, məlumat dəqiqliyi və məlumat dəyəri kimi beş təməl komponentə sahibdir.
Süni zəka sistemləri təhlil və şərh, problemlərin həlli və əsaslandırılması, nümunələrin tanınması, analogiyaların aşkarlanması, məlumatın öyrənilməsi, saxlanması və əldə edilməsi, mürəkkəb problemlərin həlli, təsnifatlandırma və ümumiləşdirmə, yeni vəziyyətlərə uyğunlaşma və bir çox başqa sahələrdə üstün bacarıqlara malikdir. Süni zəka bütün bacarıqlarını data üzərindən gerçəkləşdirir. Datalar bulud texnologiyalarında toplanır. Bulud texnologoyaları bütün məlumatların, sənədlərin, proqram təminatının və tətbiqlərin internet buludunda virtual depoda saxlanmasına və internet üzərindən istifadəsinə imkan verən texnologiyalardır.
Bulud texnologiyasının nə olduğu ətrafında fikir qarışıqlığı mövcuddur. “Oracle” şirkətinin baş direktoru deyir ki, biz bulud texnologiyalarını artıq həyata keçirdiyimiz hər şeyi əhatə edəcək şəkildə yenidən təyin etmişik. Bulud hesablamaları işığında bəzi reklamlarımızın mətnini dəyişdirməkdən başqa nəyi fərqli edəcəyimizi anlamıram”. Bu da o deməkdir ki, süni zəka hələ ki, insanın yaratdıqlarını yenidən yaradır. Amma hələ ki…
Hadisənin tarixinə baxaq. 1812-ci ildə İngiltərə parlamentinin Lordlar Palatasındakı ilk çıxışında toxuma dəzhahlarına müharibə elan edən Ned Ludun dəzgahları yandıran tərəfdarlarına ölüm cəzası tələb edən sahibkarlar ağıllarına da gətirməzdilər ki, vaxt gələcək onların özlərini də süni zəka deyilən bir texnologiya əvəz edəcəkdi. Bu gün ERP sistemləri artıq insan əməyinə nəzarət edən həmin süni zəka texnologiyalardır. Rəqəmsallaşdırılımış müəssisə resurslarının planlaşdırılması ilə işçilər, menecerlər, təchizatçılar, müştərilər, bir sözlə, biznes şəbəkəsinə bağlı bütün fiqurlar və maraqlı tərəflər bütün məlumatları bir mərkəzdən və avtomatlaşdırılmış qaydada əldə edə bilirlər. Məqsəd idarəetmədə insanla bağlı xətaları aradan qaldırmaq, vaxta və pula qənaət etməkdir. Ludistlər əl əməyinin dəzgahlara təhvil verilməsinə qarşı üsyan edirdilər, bu gün artıq istehsalatın bütün sahələrində nəinki əl əməyi, insan beyninin zehni əməyinə də ehtiyac qalmayıb.

ERP sistemlərinin tamamilə süni zəkaya təhvil verilməsi bəri başdan bazarın gələcək tələblərini daha dəqiq, həm də hər bir müştərinin ehtiyaclarını analiz edərək proqramlaşdırmağı vəd edir. ERP sistemləri 2025-ci ili ağıllı avtomatlaşdırma, davamlılıq və yüksək təminatlı təhlükəsizlik kimi mühüm trendlərlə başa vurur. Gələcəkdə süni zəkanın proqnozlaşdırma, avtomatlaşdırma və qərarlara dəstək sistemlərindəki rolu təkcə gündəlik tapşırıqları sürətləndirməklə bitməyəcək, süni zəka həm də strateji planlaşdırma proseslərini tamamilə yeni səviyyəyə qaldıracaq. ERP sistemlərində çox vaxt aparan işlərin süni zəka tərəfindən tez və səhvsiz yerinə yetirilməsi əməkdaşların diqqətini daha vacib işlərə yönəltmələrinə imkan yaradacaq. Süni zəka sayəsində bütün günü beyin yoran, tər tökən bir xeyli işçi yaxın gələcəkdə özünü qədim yunan aristokratı kimi hiss edə biləcək.
Bu məsələnin nikbin tərəfidir. Bədbin tərəfi odur ki, süni zəka müstəqillik əldə etsə, bir gün eynən bizim kimi özünü zehni tənbəlliklə mükafatlandırmaq fikrinə düşsə necə olacaq? İşim yazmaq və pozmaq olduğu üçün öz sahəmin süniləşəcək gələcəyi haqqında heç bir mütləqlik iddiası olmayan bir neçə proqnoz verə bilərəm. Çox güman süni zəka hadisə və informasiya əsaslı əsərlər yazan müəllifləri rahatlıqla əvəz edə biləcək. Dildən vasitə kimi istifadə edən müəllifləri, hətta üstələyə də biləcək. Çünki süni zəkanın özü üçün də dil vasitədir. Amma əsərləri dil faktı olan, yəni hadisəsi dilin özü olan müəllifləri təqlid etməkdə çətinlik çəkəcək.
Yəni süni zəka Umberto Ekonun, ən az, yarısı ola biləcək, amma Herman Broxun heç bir abzası də ola bilməyəcək.


