Azərbaycanda ilk dəfə prezidentin sərəncəmıyla 2016-cı il “Multikulturalizm İli” elan olunsa da, multikultural mədəniyyətin kökləri bu torpaqlarda çox qədim zamanlara uzanır. Ta xəzərilər dövründən başlayaraq Azərbaycan ərzisində həm yəhudi, həm xristian, həm islam dininə tapınan eyni və müxtəlif xalqlar yan-yana yaşayıblar. Müxtəlif dövrlərdə bu torpaqlara kütləvi şəkildə köçürülən fars, ərəb, erməni, rus, alman ailələrinə qarşı heç bir kütləvi zorakılıq hadisəsi tarixdə qeydə alınmayıb. Qədim Şərq mədəniyyətinin ilk yazılı qaynağı “Gilqamış” mətni başqasını, yad olanı dost etməyin dastanıdır. Kral Gilqamış ölkəsini təhdid edən Enkidu adlı meşədə yaşayan vəhşini özünə dost edir, mədəni dünyanın təmsilçisinə xas olan tolerant yanaşmasıyla vəhşilər, barbarlar dünyasının sakinini öz ölkəsinin maraqları uğrunda canından keçəçək bir fədaiyə çevirir. Yəni başqasını dost etmək şərq mədəniyyətinin ilk hüceyrəsidir ki, bu hüceyrə bu gün də Azərbaycan xalqının milli təfəkküründə özü-özünü çoxaldaraq yaşayır.
Bugünkü mövzumuz Azərbaycanda XX-XXI əsrlərdəkı multikultural vəziyyət haqqındadır. Xüsusilə XX əsrin əvvəllərində Avropada millətçi ideologiyaların bir-birilərinin qanına susadığı illərdə Şərqdə ilk demokratik respublika kimi səhnəyə çıxan Azərbaycanda yaşanan multikultural davranışlardan danışacağıq. İstinadımız isə sözssüz ki, o dövrün mətbuatı, xüsusilə, cümhuriyyətin rəsmi orqanı olan, ADA universitetinin çoxcildlik kitablar şəklində nəşr etdiyi “Azərbaycan” qəzetindəki bu mövzuyla bağlı yazılar olacaq.
XX əsr tarixə millətçi və etnik kimliklərin qırğınlarıyla daxil oldu. Orteqa i Kasset bu məqamı Avropada “Kütlələrin Qiyamı” adlandırmış və bu başlıq altında yazdığı kitabda faşist və kommunist ideologiyalarının yaratdığı kütlələrin qırğınlara hazırlaşdığının xəbərdarlığını etmişdi. Milliləşmək, millətləşmək eyforiyasının kortəbii şəkildə bütün dünyaya yayıldığı dönəmdə Qafqazda da milli özünüdərk prosesləri şiddətlənmişdi. Qafqaza sonradan köçürülən xalqlardan biri olan ermənilər isə milliləşməni özünü tanımaq kimi deyil, özgəsini tanımamaq, hətta məhv etmək kimi anlamışdılar. Bu da ermənilərin azərbaycanlılara, gürcülərə hücum etməsinə səbəb oldu. Ermənilər gürcülərin mədəni, azərbaycanlıların coğrafi ərazilərinə sahib çıxmaq üçün hələ də davam edən etnik bir münaqaşənin əsasını qoydular. Azərbaycanın müxtəlif şəhər və kəndlərində çar və sovet Rusiyasının göz yumduğu, bəzən təhrik etdiyi erməni qırğınları törədildi. 1918-ci ildə Bakını I Dünya müharibəsinin tör-töküntülərindən azad edən Nuru Paşanın “Azərbaycan” qəzetinin sentyabr nömrəsində erməniləri digər Qafqaz xalqları ilə sülh içində yaşamağa dəvət edən “Ağlını başına yığmaq vaxtıdır” başlıqlı bir məqalə dərc edilmişdi. Məqalədə Dağıstanda, Bakıda, Şamaxıda bolşeviklərin köməyiylə etnik zəmində qırğınlar törədən ermənilərə xəbərdarlıq edilir və birgəyaşayış üçün yollar göstərilirdi. Yaxud yenə qəzetin 6 oktyabr sayında Rza Zaki imzasıyla yazılan digər bir yazıda Bakının müsəlman türklərin əlinə keçəndən sonra burada başqa xalqlara yer olmayacağı haqqında uydurulan yalanlara cavab verilirdi. Məqalə müəllifi Bakının müsəlman türklər tərəfindən işğaldan azad edildikdən sonra bütün Rusiya, Zaqafqaziya torpaqlarıyla müqayisədə ən dinc şəhər olduğu vurğulanır və bu dinc asayişin bütün Azərbaycan ərazisində qorunduğu vurğulanırdı. Bütün dünyada milli, dini və etnik zəmində qan axıdıldığı XX əsrin əvvəllərində Azərbaycan cümhuriyyətində dinclik hökm sürürdü. Eynən indiki XXI əsrin mənzərəsində olduğu kimi.
Bu tolerantlığın tarixi səbəbi nə idi? Əlbəttə ki, Azərbaycan xalqının yüz illər ərzində İran coğrafiyasında imperiya xalqı olması. İmperiyaların həm də kişik xalqların, etnik, dini azlıqların hamisi missiyası olduğunu hər kəs bilir. Buna görə də çar Rusiyası XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarına bu coğrafiyaya yalnız Pompeyin dövründə ayağı dəymiş germanların törəmələrini, almanları köçürəndə Azərbaycan xalqı dərhal onları öz himayəsinə aldı. Maddi və mənəvi dəyərlərini bu 16 minlik alman köçkünləriylə paylaşdı. O almanların, bəlkə də, ən sonuncusunu Şəmkirdə mən də görmüşdüm. Bütün ailə üzvləri köçüb getmiş bu qoca alman Azərbaycan dilində burada ölmək istədiyini deyirdi. “Azərbaycan” qəzetinin nəşr olunduğu I cümhuriyyət illərində Bakıda yaşanan tolerantlıq özünü Bakı memarlığında da göstərirdi. İçərişəhər kimi qədim Şərq memarlıq üslubunda tikilmiş Bakıda Qərb memarlıq üslubunda yeni binalar tikilirdi ki, bu binaların sifarişçiləri Bakı milyonerləri, memarları Nonne, Eyxler kimi almanlar idilər.
Milli və dini tolerantlığın cəmiyyətin həyat tərzinə yoluxmasında, sözsüz ki, o dövrün mətbuatı və ədəbiyyatı mühüm rol oynayırdı. Mətbuatda tez-tez dövrün Şeyxülislamlarının, müftilərinin maarifçi yazıları nəşr olunurdu. Məsələn, şeyxülislam Əhməd Hüseynzadə Səlyaninin “Əkinçi” qəzetində ateist Mirzə Fətəli Axundovun əlifba islahatını dəstəkləyən yazıları yayımlanırdı. Bu dini tolerantlığın nəticəsi idi ki, Hacı Zeynalabidin “Qızlar giminaziyası”nı açmaq istəyəndə daha çox xarici etirazları neytrallaşdırmağa məcbur qalmış və Azərbaycandan kənarda olan din xadimlərini hədiyyələrlə razı salmağa çalışmışdı. Yaxud Quranın Azərbaycan dilində ilk təfsirini yazan Mir Məhəmməd Kərim əl-Bakuvi mətbuatda dünyəvi elmlərin təbliğatı ilə məşğul idi.
Ədəbiyyatda Qurban Səidin “Əli və Nino”, Nəriman Nərimanovun “Bahadur və Sona”, Hüseyin Cavidin “Şeyx Sənan” əsərləri də milli, dini ayrıseçkiliyin insan sevgisi qarşısında bir heç olduğunun möhtəşəm abidələri idi. 1910-cu ildə Abdulla Şaiqin yazdığı bir şerini isə 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnkşaf proqramında Azərbaycanı təmsil edən Paolo Lembo hesabatında epiqraf kimi göstərmiş və şerin məzmununu BMT-nin proqramıyla müqayisə etmişdi.
Şeir beləydi:
Həpimiz bir günəşin zərrəsiyiz,
Həpimiz bir yuva pərvərdəsiyiz,
Ayramaz bizləri təğyiri-lisan
Ayramaz bizləri təbdili-məkan
Ayramaz bizləri İncil, Quran
Ayramaz bizləri sərhəddi-şahan
Ayramaz şərqi, cənub, qərb, şimal
Yetişər kinü ədavət daşımaq!
Azərbaycanda bu gündə mövcud olan mutikultural, tolerant mühit bu şerin ruhuna köklənib.