Hər il fevral ayının 14-ü qeyd edilən “Sevgililər günü” insanlar tərəfindən birmənalı qarşılanmır. Bir çoxu bu günü tarixən gələn mənasına əsaslanaraq bəyənmir, digərləri isə sevgini sadəcə bir gün ilə məhdudlaşdırmağın əleyhinədir. Bir çox mənbələrdə “Müqəddəs Valentin Günü” kimi qeyd olunan bu bayramın necə yarandığı ilə bağlı yayılmış rəvayətlərə nəzər salaq.
Bir variantda bu günün mənbəyini Romada qeyd olunan qədim bir ənənədən götürdüyü deyilir.
Bu, Roma imperiyasında üç gün qeyd edilən Luperkaliya bayramından qaynaqlanan çox qədim ənənədir. Baharın başlanğıcı kimi qeyd olunan bu bayram fevralın ortalarına təsadüf edir və münbitlik və məhsuldarlıq allahına həsr olunurdı. Romalı gənc qızlar kiçik kağız parçalarına adlarını yazaraq bir çəlləyə atır, həmin kağızlardan birini seçən gənc də seçdiyi xanımla həmin gecəni birlikdə keçirirdi. Onlar bayram bitənə qədər bir-birindən ayrılmır, hətta bir çox hallarda evlənirdilər. Beləliklə, kütləvi əxlaqsızlıq kimi qiymətləndirilən bu ənənə sonrakı əsrlərdə kilsə bütpərəst bayramları ləğv etməyə başlayanda müqəddəs Valentinin xatirəsinə həsr olunmuş xristian bayramına çevrildi.
Digər bir varianta əsasən bu bayramın tarixi hələ 1500 il əvvələ gedib çıxır və əsası xristianlığa yox, qədim Roma ənənələrinə dayanır. Mənbələrin birinə görə Roma imperatoru ölkəni öz qanunları ilə idarə edən qəddar imperator II Kladius orduya əsgər toplamaq, sevdiklərini və ailələrini tərk etmək istəməyənləri doyüş sıralarına cəlb etmək üçün evliliklərə qadağa qoyur. Valentin adlı bir keşiş isə özü kimi keşiş olan Mariusla birlikdə imperatorun bu əmrinə qarşı çıxaraq gəncləri gizlin evləndirir. 269-cu ildə bunun üstü açılanda imperator II Kladius rahibi həbs edir və kütləvi əxlaqsızlıq keçirilən həmin gündə, yəni fevralın 14-də onu döydürərək təhqiramiz formada edam etdirir. Keşişin bu əməli – gənclərə dəstəyi müqəddəs iş kimi qiymətləndirildiyindən edam olunduğu 14 fevral “Müqəddəs Valentin günü” kimi tarixdə qalır. Həmçinin, imperatorun edam günü Valetinə xristianlıqdan imtina edib Roma allahlarına inanacağı təqdirdə həyatını bağışlamağı təklif etdiyi də məlumdur.
Bəzi mənbələrdə keşişin həbsxanadakı gözətçilərdən biri Asterius ilə dost olduğu, onun gözləri görməyən qızı Culiyaya dini məlumatlar öyrətdiyi və bu müddətdə qıza aşiq olduğu, edam olunacağı gün ona sevgi məktubu göndərərək duyğularını etiraf etdiyi ilə bağlı məlumatlara rast gəlmək mümkündür. Ancaq tarixdən də məlumdur ki, rahib həbsxanada öz dostlarına, xüsusilə keşiş dostu Mariusa “Valentini unutma!”, “Səni sevirəm.” sözlərindən ibarət məktublar yazıb. Bu, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini önə çəkir və onun hansısa qıza görə öldürüldüyü və ya xristianlığı təbliğ etdiyinə görə edam edildiyi faktlarını şübhə altına alır.
14 fevralın “Müqəddəs Valentin günü” adı altında qeyd edilməsi Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. 496-cı ildə Roma bütpərəstlərindən qalan Luperkalia bayramının adı rahib Valentinin şərəfinə Papa Gelasius tərəfindən dəyişdirilir. Bu dəyişikliyin kökündə xristian ruhanilərin bütpərəstlərin qeyd etdiyi Luperkalia bayramına xristian gənclərin də qatılıb bütpərəst qızlarla əylənmələrindən narahat olmaları durur.
İllər keçdikcə isə 14 fevral sevgililərin bir-birinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Bununla da Valentin xristianlar arasında bütün sevənlərin qoruyucusu kimi xatırlanmağa başlandı.
1800-cü illərdə Amerikada Ester Hovlandın ilk “Sevgililər günü” açıqcasını göndərməsindən sonra bu bayram çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi.
Hal-hazırda bu bayram xristian ölkələrində qeyd olunsa da Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan kimi müsəlman ölkələrində qadağan olunub.