Şərq təriqətlərini Avropanın istifadəsinə hazırlayan Orientalizm – İLK DƏFƏ

DAHA.az məşhur şərqşünas Eduard Səidin “Orientalizm” (“Şərqşünaslıq”) kitabının yayımına başlayır. 

Qeyd edək ki, “Orientalizm” ilk dəfə Azərbaycan dilində təqdim edilir. 
Kitabı dilimizə Aqşin Yenisey uyğunlaşdırıb. 

 

“Onlar özlərini təmsil edə bilməzlər, onları təmsil etmək lazımdır”.
Karl Marks, “Lui Bonapart”

 

“Şərq (özlüyündə) bir peşə (sahəsidir).”
Benjamin Dizrayeli, “Tankred”.

 

Giriş

I

1975-1976-cı illərdə Beyrutda dəhşətli vətəndaş müharibəsi günlərini yaşayan fransız bir jurnalist xarabalığa çevrilmiş köhnə şəhərin dağıntıları qarşısında təəssüf hissi ilə belə yazırdı: “Buralar vaxtilə Şatobrian və Nervalın bəhs etdiyi Şərqə… bənzəyirdi” (1). Yerli əhaliyə baxanda jurnalist haqlı idi, ancaq o, çiyinlərində avropalı başı gəzdirirdi. Şərq qədim dövrlərdən bəri qəribə məxluqlarla dolu, heyrət doğuran xatirələr və mənzərələrlə zəngin, fövqəltəbii hadisələrlə bəzənmiş fantaziyalar dünyası olaraq avropalıların icadı idi, ancaq o, artıq yox olmaq üzrəydi. Ömrünü başa vurub dəyişikliyə uğramışdı. Şatobrian və Nervalın təsvir etdiyi Şərqdə yaşayan insanlar üçün, bəlkə də, bu müşahidələrin o qədər də dəyəri olmayacaqdı, çünki onlar indi də eyni dünyada yaşayırdılar və eyni əziyyətlərə düçar olurdular. Avropalı bir qonaq üçün vacib olan Şərqin Qərbdən görünən şəkli və bu gün yaşadığı taleyi idi. Hər iki mövzu ayrılıqda diqqətə alınmalıydı. Ancaq istər fransız jurnalist, istərsə də Fransa ictimai fikri milli perspektivdən kənara çıxa  bilməyəcəkdi.

Amerikalıların vəziyyəti fərqli idi: onlar Şərqi daha çox Çin və Yaponiyanın başçılıq etdiyi Uzaq Şərqlə birləşdirmək niyyətində idilər. Fransızlar və ingilislər, nisbətən ruslar, portuqaliyalılar, italyanlar və isveçrəlilər, uzun müddət “Şərq elmi: Şərqşünaslıq” adlandıracağım hadisənin içində yaşamışdılar. Bütün bu ölkələr Şərqi, Qərbi Avropanın gördüyü kimi təsəvvür edib onunla o cür davranmışdılar. “Şərq elmi”, “Şərqşünaslıq” və ya “Orientalizm” bu davranışın adıdır. Şərq, sadəcə, Qərbin yaxın qonşusu deyil, bu bölgə eyni zamanda Avropanın ən böyük, ən zəngin və ən qədim müstəmləkələrini qurduğu bir bölgədir, həm də Avropa sivilizasiyalarının, dillərinin bünövrəsi buradadır. Bu bölgə eyni zamanda Avropanın mədəni opponenti; ilhamını yenə Avropadan alan böyük bir rəqibidir. Üstəgəl, fikirləri, xəyalları, xarakteri və təcrübələri ilə ziddiyyətlər yaratmaqla Şərq Avropanın (və ya Qərbin) özünü formalaşdırmasına kömək etdi. Bütün bunlara baxmayaraq, bu Şərqin heç bir tərəfi uydurma deyildir. Şərq, Avropanın maddi mədəniyyətinin və sivilizasiyasının ayrılmaz hissəsidir. “Şərqşünaslıq” mədəni, hətta ideoloji baxımdan, arxasında institutlar, söz xəzinəsi (elm, təsvirlər, doktrinalar, hətta müstəmləkə bürokratiyaları və müstəmləkə üsulları) və anlayışlar olan bir düşüncə formasını ifadə və təmsil edir. Bunun əksinə olaraq, Yaponiya, Koreya və Hind-Çindəki amerikalıların son sərgüzəştləri “indi” Şərqi daha aydın, daha realist dərk etməyimizlə nəticələnsə də, “Amerikanın Şərq anlayışı” daha dayaz görünəcək. Siyasi təsir və artan iqtisadi xüsuslar baxımından amerikalıların Yaxın və Orta Şərq adlandırdıqları bu ölkələrdə Şərq zəkası, hər halda, kifayət qədər hadisələri istiqamətləndirə biləcək. Amerikalılar belə bir ehtimalı gözdən qaçırmamalıdırlar.

Oxucu (xüsusilə də sonrakı səhifələrdə) mənin “Orieatalizm” dedikdə “bir-birinə əsaslanan çox şey” demək istədiyimi anlayacaqdır. Orientalizmin ən asan qəbul edilən mənası akademik mənasıdır və həqiqətən də bu ad bir çox elm sahəsində hələ də işə yarayır. (İstər antropoloq, istər sosioloq, istər tarixçi, istərsə də dilçi olsun) Şərqi xüsusi və ya ümumi baxımdan öyrədən, yazan və ya tədqiq edən hər kəs şərqşünasdır və onun gördüyü iş də şərqşünaslıqdır (Orientalizmdir). Düzdür, bu gün mütəxəssislər “Şərqşünaslıq”dan daha çox “Şərq elmləri” deməyə üstünlük verirlər və bunun səbəbi bu terminin həm qeyri-müəyyən, həm həddən artıq ümumi olması, həm də on doqquzuncu və iyirminci əsrin əvvəllərində Avropa müstəmləkəçiliyinin “insana yuxarıdan aşağı baxan” münasibətini əks etdirməsidir.

Bununla belə, yenə də əsas mövzusu “Orient”, Şərq olan konfranslar təşkil edilir, kitablar yazılır, köhnə və yeni görünüşü ilə şərqşünaslıq davam edir. Şərqşünaslıq köhnə üslubunu qorumasa da, tezis və doktrinaları ilə Şərqdə və Qərbdə yaşamaqdadır.

Zənginliyi, təhkiyəsi, ixtisas sahələri və üslubu bu kitabda qismən müzakirə olunacaq sözügedən “elmi ənənə” üçün Orientalizmin daha geniş mənası vardır: Orientalizm Şərq ilə (çox vaxt) Qərb arasındakı ontoloji və qnoseoloji ayrı-seçkiliyə əsaslanan düşüncə tərzidir. Yəni şairlər, romançılar, filosoflar, siyasi nəzəriyyəçilər, iqtisadçılar və imperiya idarəçilərindən ibarət böyük bir yazar kütləsi, Şərq, Şərq xalqları, onların adət-ənənələri, “mentaliteti, taleyi və s”. mövzularıyla bağlı təfərrüatlı nəzəriyyələr irəli sürərkən, dastanlar və sosioloji təsvirlər yazarkən, siyasi hesabatlar verərkən başlanğıc nöqtəsi olaraq “Şərq-Qərb arasındakı əsas fərqi” ortaya qoyublar. Bu orientalizmdə Esxil, Hüqo, Dante və Marksdan bəhs ediləcəkdir. Giriş bölməsində mən bu cür geniş yanaşılan “sahədə” yaranacaq metodoloji problemlərdən qısaca danışacağam.

“Orientalizm”in “elmi və xəyali” mənaları arasında daimi “mübadilə” mövcuddur. On səkkizinci əsrin sonlarından bu ikisi arasında əhəmiyyətli, yüksək intizamlı (bəlkə də, qanunlarla tənzimlənən) “mübadilə” olmuşdur. İndi mən şərqşünaslığın üçüncü mənasına müraciət edirəm: Bu mənada orientalizm digər ikisinə nisbətən daha çox “tarixi və maddi” cəhətiylə önə çıxır. Əgər XVIII əsrin sonlarını kobud başlanğıc nöqtəsi kimi götürsək, Orientalizm Şərqlə məşğul olan kollektiv institutdur; yəni Şərq haqqında hökmlər verir, Şərq haqqında fikirləri təsdiqləyir, Şərqi təsvir edir, onu öyrədir, məskunlaşdırır və idarə edir; Bir sözlə, bu, Qərbin “Şərqdə hökmranlıq etmək, onu yenidən qurmaq və hökmdarı olmaq” üçün tapdığı bir yoldur. Burada şərqşünaslığın diaqnostikasında Mişel Fukonun “Bilgi arxeologiyası” (Archeologie de savoir) və “Nəzarət və cəza” (Surveiller et Punir)  əsərlərində təsvir etdiyi Diskurs (mühakimə) konsepsiyasına istinad etməyi faydalı hesab etdim.

Mənim fikrimcə: Orientalizmi bir mühakimə üslubu kimi araşdırmadan, Maarifçilik dövründən sonrakı Avropa mədəniyyətinin Şərqi siyasi, sosioloji, hərbi, ideoloji, elmi və intellektual cəhətdən idarə etməsi, hətta yaratması mümkün görünmür.

Üstəlik, Orientalizm o qədər güclü “hakim mövqeyə” malik idi ki, Şərq haqqında yazan, onun haqqında düşünən, Şərqdə hər hansı əməli iş görən hər bir şəxsin Orientalizmin düşüncə və fəaliyyətə qoyduğu məhdudiyyətləri nəzərə almadan uğur qazanması mümkün deyildi. Bir sözlə, Orientalizm ucbatından Şərq heç vaxt bir düşüncə mövzusu və sərbəst hərəkət sahəsi ola bilməyib. Ancaq bu, o demək deyil ki, Orientalizm Şərq haqqında deyiləcək hər sözü bir istiqamətli şəkildə məhdudlaşdıra bilər. Bu məsələ praktikada yarana biləcək qarşısıalınmaz maraqların toplusudur. “Şərq, amma necə?” Bu kitabda göstərməyə çalışacağım məqam budur… Xüsusən də bunu dərhal qeyd etmək istərdim ki, Avropa, sadəcə, görüntü olaraq qəbul etdiyi kiçildilmiş və təhrif olunmuş bir Şərq anlayışı ilə öz mədəniyyətini müəyyənləşdirmiş və möhkəmləndirmişdir.

Tarixi və mədəni baxımdan, Amerika İkinci Dünya Müharibəsindən sonra hakimiyyəti ələ alana qədər Şərqdə fransızların və ingilislərin mövcudluğu ilə hər hansı digər Avropa və ya Atlantik dövlətinin mövcudluğu arasında “həm keyfiyyət, həm də kəmiyyət baxımından” fərq var idi. Deməli, Orientalizmdən bəhs etmək ilk növbədə (bütünlüklə olmasa da) Britaniya və Fransanın mədəni müdaxiləsindən; fərqli geniş sahələri, təxəyyülü, bütün Hindistan və Şərqi Aralıq dənizi ölkələrini, İncilin nüsxələrini və İncil torpaqlarını, ədviyyat ticarətini, koloniyalar üçün yaradılmış orduları, uzun müddətli müstəmləkə idarəçiliyi ənənəsini, nəhəng alimlər ordusunu, saysız-hesabsız Şərq “mütəxəssisini” və bir yığın şərq professorlarını, bütöv bir şərq anlayışları silsiləsini (Şərq despotizmi, Şərq əzəməti, Şərq vəhşiliyi, Şərq şəhvəti), “əhliləşdirilərək” Avropanın istifadəsinə verilən bir çox Şərq təriqətlərini, düşüncə və elmini ehtiva edən (məncə, siyahını istədiyiniz qədər uzatmaq olar) bir layihə haqqında danışmaq deməkdir.

Demək istədiyim odur ki, Orientalizm İngiltərə, Fransa və Şərq (XIX əsrin əvvəllərinə qədər yalnız Hindistan və İncil torpaqlarını nəzərdə tutulurdu) arasında ünsiyyətdən yaranmışdır. On doqquzuncu əsrin əvvəllərindən İkinci Dünya müharibəsindən sonrakı dövrə qədər Şərqin və Şərqşünaslığın yeganə hegemon gücləri Fransa və İngiltərə idi. Müharibədən sonra Şərqdə ABŞ önə çıxdı və məsələyə eynən ingilis və fransızların ənənəvi baxış bucağından baxdı. İngilis, fransız və ya Amerikalı; Qərbin bütün güclərini birləşdirən və böyük bir inadkarlıqla yaradıcılığına davam edən bu ortaqlığın ortaya qoyduğu bütün əsərlərə Orientalist əsərlər adını verirəm.

Dərhal qeyd edim ki, bu əsərlərin və müəlliflərin böyük bir  qismini araşdırdım və bir o qədər əsəri də, sadəcə, kənara tulladım. Ortaya qoyduğum mətn və üzərində dayandığım elmi iş nə Şərqi maraqlandıran kitabların ümumi bir kataloqu, nə də Orientalizmin bütününü təşkil edən yazarların və fikirlərin ardıcıllığıdır. Mən metodoloji bir seçim apardım. Kitabımın əsas istiqamətləri, bir növ, ümumi tarixi baxışdır. Ön sözdə irəli sürdüyüm məsələləri indi daha geniş şəkildə təhlil edəcəyəm.

 

II

Sözümə Şərqin “dəyişməz” təbiət faktı olmadığını qəbul etməklə başladım. Yəni Qərb, sadəcə, olduğu yerdə qalmadığı kimi, Şərq də, sadəcə, “orada dayanmır”. Biz Vikonun böyük kəşfini ciddi qəbul etməli və onu Coğrafiyaya tətbiq etməliyik: İnsanlar öz tarixlərini yaradırlar və bildikləri şey onların etdikləridir. Tarixi varlıqlar olmaqla yanaşı, həm coğrafi, həm də mədəni varlıq olan “Şərq” və “Qərb” kimi coğrafi seqmentlər “insan tərəfindən yaradılmışdır”. Deməli, Şərqin də, Qərb kimi tarixi, düşüncə ənənəsi, obrazları və söz xəzinəsi var və bu tarix, bu obrazlar, bu sözlər ona “Qərbdə və Qərb üçün” bir reallıq və mövcudluq qazandırıb. Beləliklə, bu iki coğrafi varlıq bir-birini dəstəkləyir və müəyyən dərəcədə əks etdirir.

Bununla belə, bəzi izahlara ehtiyac var… İlk növbədə, Şərqə, sadəcə, bir fikir və ya heç bir reallığa əsaslanmayan  düşüncə sistemi olaraq baxmaq doğru olmaz. Dizrayeli “Tancred” adlı  romanında Şərqin bir karyera və ya bir məslək işi olduğunu irəli sürərək gənc qərblilərin Şərqlə maraqlandıqları zaman işıqlı bir dünayaya girəcəklərini deyir. Ancaq Dizrayelinin sözləri Şərqin qərblilər tərəfindən, sadəcə, bir  “məslək” olaraq görülməsi kimi şəhr olunmamalıdır. Şərqdə elə mədəniyyətlər, xalqlar var ki, onların həyatı, tarixi, adət-ənənələri Qərbdə bu mövzuda deyilə biləcək hər şeydən daha böyük həqiqətə malikdir. Bu kitab bu mövzuya az töhfə verəcək və onu üstüörtülü şəkildə ifadə etməklə kifayətlənəcək. Bu kitabda tədqiq etdiyim Orientalizmin aspekti Şərqşünaslıqla Şərq arasında əlaqə deyil, Şərqşünaslığın (“həqiqi” Şərqlə sözü gedən əlaqə və əlaqəsizliyin fövqündə, yaxud bu əlaqə və əlaqəsizliyə baxmayaraq) öz içindəki harmoniyası və (bir məslək sahəsi olaraq) onun Şərq haqqında fikirlərinin ardıcıllığıdır. Demək istəyirəm ki, Dizrayelinin Şərqlə bağlı hökmü Uolles Stivensin dediyi kimi, Şərqin varlığına deyil, ilk növbədə, Şərq haqqındakı ən aydın olan həmin o “inşa edilmiş” ardıcıllığa, “müntəzəm fikirlər məcmusuna” bir istinaddır.

İkinci izahım budur ki, ideya, mədəniyyət və ya tarix, məcburedici xarakteri və ya gətirdiyi gücün yayılması öyrənilmədən ciddi şəkildə başa düşülə bilməz. Bir tərəfdən, Şərqin yaradıldığına, ya da mənim dediyim kimi, “orientalizə edildiyinə”, digər tərəfdən isə belə şeylərin yalnız təxəyyüllə meydana gəldiyinə inanmaq səmimiyyətsizlikdir. Qərblə Şərqin münasibəti müxtəlif dərəcədə güc, ağalıq və hegemonluq münasibətləridir. Qərb burada müxtəlif vaxtlarda K.M. Pannikarın “Asiya və Qərb hakimiyyəti” (2) adlı əsərində qeyd etdiyi kimi, əsl hegemonluq qurub. Şərq, sadəcə, on doqquzuncu əsr Avropa zehninin aşina olduğu xüsusiyyətləri ilə “Şərq” olduğu üçün “şərqləşdirilməyib”, eyni zamanda “şərqləşdirilməsi mümkün olduğu” üçün şərqliləşdirilib. Məsələn, Floberin misirli küçə qadını ilə qarşılaşmasının şüurlardakı Şərq qadını modelinin formalaşmasında təsirli olması ilə razılaşan birini tapmaq çətin olardı: Qadın əsla öz adından danışmır, duyğularını və fikirlərini əsla büruzə vermir, yaşadığı həyatı və keçmişini heç bir halda dilinə gətirmir… Qadının adından, sadəcə, Flober danışır və onu təqdim edir. Halbuki Flober bir əcnəbidir. Zəngin bir adamdır, bir kişidir. Bütün bu tarixi üstünlükləri yazıcıya “Balaca xanımı”, sadəcə, cismani olaraq əldə etmək haqqı deyil, eyni zamanda onun haqqında danışmaq və onu oxucularına “tipik bir şəqrli” kimi təqdim etmək haqqını verir. Flober ilə “Balaca xanım” arasındaki güc fərqi müstəsna bir hadisə deyil. Bu hadisə Şərq və Qərb arasındaki bütün münasibətlər üçün mükəmməl bir nümunə sayıla bilər. Qərbin Şərqə bəslədiyi bütün düşüncələr bu nümunənin altında gizlənib.

Bu yerdə üçüncü izah ortaya çıxır. Zənn edilməsin ki, həqiqətlər ortaya çıxdıqda Orientalizm bir həmlədə silinib yox olacaq yalanlar və uydurmalar kələfidir. Şəxsən mən Orientalizmin bitib-tükənməyən elmi və akademik müzakirələrdən daha böyük miqyasda Avropa və Atlantik güclərinin Şərq üzərindəki hökmranlıq təcrübələrinin olduğunu düşünürəm. Bu səbəbdən ən çox hörmət edəcəyimiz və diqqətli davranaraq araşdırmağa çalışacağımız məqam Şərq haqqındakı çıxışların düzgün məğzi, bu çıxışların güçlü sosio-ekonomik nəzəriyyələrlə olan yaxın əlaqələri və heyrətamiz canlılığı olacaqdır. Bütün bunlardan başqa Ernest Renandan bu yana, yəni 1840-cı illərin sonlarından başlayaraq ABŞ-ın səhnəyə çıxdığı günümüzə qədər keçən müddətdə akademiyaların, kitabların, konqreslərin, universitetlərin, xarici işlər nazirliklərinin bir hökumət nəzəriyyəsi kimi çatdırmağa çalışdığı bu düşüncə sisteminin, əslində, qorxunc olduğu qədər bəsit və mənasızlaşması asan bir silsilə yalan kolleksiyası olduğu bilinməlidir.  Orientalizm Avropanın havadan uydurduğu bir şey deyil. O, bir neçə nəslin birlikdə çalışaraq uzun zamanların sərmayələri ilə ərsəyə gətirdiyi önəmli doktrinalar və proqramlar paketidir. Ardı-arası kəsilməyən bu sərmayələrin nəticəsində Şərq Qərblinin şüurunda yer tuta bilmək üçün bir məlumat sistemi olaraq Orientalizmin süzgəcindən keçməyə məcburdur. Diğər tərəfdən, eyni sistem və eyni sərmayələr Orientalizmin başlangıç nöqtəsində formalaşdırdığı düşüncələrin ardıcıllığını qorudu və məhsuldarlığını artırdı, bunları bütün dünya mədəniyyəti üçün faydalı etdi.

Eduard Səid

Qramşi mədəni cəmiyyətlə siyasi cəmiyyəti bir-birindən ayıran faydalı bir bölgü aparır: bunlardan birincisi məktəbləri, ailələri və kooperativləri ilə könüllü, yaxud, ən azı, rasional və məcburi olmayan ictimai bağlılıqdır. İkincisi isə, ordusu, polisi və mərkəzi bürokrat sistemi ilə özünü qoruyub saxlayan bir dövlət sistemidir. İşinin adı siyasət və buna görə də birbaşa hökm etməkdir. Asanca göründüyü kimi, mədəniyyət birincinin işidir. Bu cəmiyyətdə fikirlər təsir gücünə sahib olurlar, təşkilatlar və fərdlər bu cəmiyyətdə hakimiyyət yolu ilə deyil, Qramşinin (consensus) “çoxluq” adını verdiyi bir prinsiplə mövcudluqlarını qoruyurlar. Totalitar olmayan bir cəmiyyətdə bəzi mədəni formalar digərlərinin yanında üstün mövqeyə sahibdirlər. Bəzi fikirlərin digərlərindən daha çox yayıldığı kimi… Bu mədəni üstünlük formasına Qramşi “Hegemoniya” deyir. Bu anlayış “sənayeləşmiş Qərb cəmiyyətinin yaşadığı mədəni çağı anlamaq üçün” böyük əhəmiyyət daşıyır.  Orientalizmə yuxarıda bəhs etdiyim davamlılığı və gücü bəxş edən Qərbin bu hegemonluğu, daha doğrusu, “funksionallığı olan mədəni hegemonluğun nəticəsi”dir. Orientalizm Denis Hayın “Avropa məfhumu” (3)  dediyi şeydən əsla fərqli bir şey deyil. Bu, “biz avropalılar” və “avropalı olmayanlar” şəklində şərh olunan fikrin ümumi adıdır. Həqiqətən də, Avropanın öz içində və Avropa xaricində qurduğu hegemonluğun ifadəsi, eyni zamanda öz mədəniyyətinin bünövrəsidir. Bu bünövrə Avropanın, avropalı olmayan bütün digər mədəniyyətlərdən və xalqlardan daha üstün olduğu təməlinə söykənir. Bir də avropalıların Şərq haqqındakı fikirlərinin hegemonluğundan danışılır ki, şərqlilərin özləri də, Şərqin geriliyini, Avropanın üstünlüyünü etiraf edirlər və daha müstəqil (və ya daha skeptik) birinin mövzu ilə bağlı fikirlərinin fərqli ola biləcəyi ehtimalını görməzdən gəlirlər.

Orieantalizmin strategiyası keçmiş dövrlərdən üzü bəri Qərbin bu üstün “mövqeyini” yumşaldaraq onu Şərqə hiss etdirmədən qorumaq olub. Qərb Şərqlə qurduğu bütün münasibətlərin içində Şərqdən əl çəkməmək üçün həddindən artıq səy göstərir. Buna görə də avropalı, xüsusilə Avropanın ən möhtəşəm çağlarını yaşadığı Renessansdan bu günə qədər keçən müddətdə ya elm adamı, ziyalı, missioner, tacir, hərbçi sifəti ilə Şərqdə peyda oldu, ya da Şərqi düşündü, ancaq bu torpağın heç bir yerində ciddi müqavimətlə qarşılaşmadı. Qərb XVIII əsrin sonlarından etibarən “Şərqi öyrənmək” məqsədilə yola çıxaraq və hegemonluğunun ümumi çətiri altında bütün güclərini səfərbər edərək Şərqə soxuldu. Bu ərəfədə akademik araşdırmalar uğurlu cəhdlərlə Şərqin reallıqlarına uyğunlaşdırılmış muzeylərdə sərgilər təşkil etdi; koloniyalardakı idarəetmə formalarını yenidən qurdu; yeni və modern ofislər yaradıldı; antopoloji, bioloji, linqivistik nəzəriyyələr yeni fikirlərlə bəzədildi; bəşəriyyətə və kainata aid irqlərə və tarixə əsaslanan təlimlər irəli sürüldü, yeni iqtisadi və sosial fikirlər, inqilaba, mədəni kimliklərə, milli xarakterə və dinə aid yepyeni düşüncələr doğuldu. Üstəlik, bütün bunlar Qərbin Şərq üzərində düzüb-qoşduğu xəyallar dünyasının sərhədləri içində yaşamaq haqqı qazandı. O xəyallar dünyası ki, təməlində, sadəcə, Qərbin hökmranlıq ehtirası yer alır…  Qərbin mübahisəsiz üstünlüyündən yaranan Şərq öncə bir şərqlinin ümumi görünüşü deməkdir. Daha sonra ortaya çıxan əhatəli məntiq isə bütünlüklə Qərbin öz həqiqətlərinə, xüsusi istəklərinə, problemlərinə, sərmayə və layihələrinə əsaslanır. Bu mövzuda əsl elmilik nümunəsi irəli sürən Silvestr de Sasinin “Ərəb ədəbiyyatından seçmələr” adlı əsərini, yaxud Eduard Vilyamın “Müasir misirlinin adət və ənənələri” kimi böyük orieantalist əsərləri yada sala bilərik. Bunu da əlavə edək ki, Renan, yaxud Qobinonun irqçilik mövzsundakı fikirləri də eyni çərçivənin içində yer alır. Həmçinin Viktoriya dövrünün pornoqrafik romanlarının çoxunu da unutmamaq lazımdır (Steven Markusun, “Şəhvət Dəlisi Türk” analizinə baxa bilərsiniz) (4).

Bununla yanaşı, “Orieantalizmin içində vacib olan nədir?” sualını verməyə davam edəcəyik… Avropalının üstünlüyünə əsaslanan müxtəlif irçi fikirlərmi, imperializm və bənzər cəhdlərmi, şərqlinin üzərində yaradılan doqmalar və onu insan olmayan bir varlıq hesab edən düşüncələrmi? Yoxsa sayısız-hesabsız müəlliflər tərəfindən vaxtaşırı ortaya atılan xüsusi və şəxsi əsərlərlə onların müəlliflərimi? Əslində, ümumi və xüsusi olmaqla iki yerə ayırdığımız alternativlər bu fəaliyyətin yeganə mövzu ətrafında iki ayrı perspektividir. Hər iki perspektivdə də Uilyam Cons kimi qabaqcıllar, Nerval və Flober kimi böyük sənət adamları nəzərə çarpır. Nə üçün hər iki yol yan-yana və ya birlikdə araşdırılmasın? İstər ümumi, istər xüsusi ifadə formaları içində sistemli bir müstəvi yaratmaq cəhdi xeyli sayda təhlükələri də özüylə gətirir. Akademik orienatlizmdə olduğu kimi, bu iki yol hər an bir-birinə dolaşacaq şəkildə uzanır.

 

Ardı var…

DAHA

DAHA

OXŞAR XƏBƏRLƏR