Klaris Lispektor (1920–1977) XX yüzil Latın Amerikası ədəbiyyatının (Braziliya) ən önəmli qələm sahiblərindən biridir. 10 dekabr 1920-ci ildə Qərbi Ukraynanın Çeçelnik şəhərində dünyaya gəlmişdir. Klaris körpə ikən ailəsi ilə birlikdə Rusiya Vətəndaş Müharibəsi dövründə baş verən talanlar səbəbilə Braziliyaya köçmüşdür.
Franz Kafkadan sonra ən mühüm yəhudi yazıçılardan biri kimi dəyərləndirilən Lispektorun yaradıcılığı uzun illər Braziliyadan kənarda da böyük maraq doğurmuşdur. Onu “Latın Amerikasının Virciniya Vulfu” adlandırırlar, lakin əslində, Lispektor yaradıcılığında heç kimi təqlid etmirdi. Klaris Lispektor ədəbiyyatda bənzərsiz söz sahiblərindən biridir. Yenilikçi roman və hekayələri ilə uluslararası şöhrət qazanan müəllif yazıçılıqla yanaşı jurnalist fəaliyyətini də davam etdirmişdir.
Əsərlərinin bir qismi ekranlaşdırılan Lispektor Braziliya ədəbiyyatında geniş şəkildə tanınır və hətta bəzi musiqi örnəklərində mətnlərindən istifadə olunur. O, kitabları prestijli nəşr seriyalarına daxil edilən ilk braziliyalı yazıçı olmuşdur. Bu kitablara “Ulduzun saatı”, “Yaşam suyu”, “G.H-yə görə çilə”, “Bir həyat nəfəsi” və s.-ni nümunə göstərmək olar. Klaris Lispektor 9 dekabr 1977-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində vəfat etmişdir.
Daha.az-ın təqdim etdiyi, süjetsizliyin poetikası kimi dəyərləndirilən “Qızılgülün təqlidi” bir qadının öz daxili həqiqətinə çatdığı anda geri çəkilməsi haqqında yazılmış unikal mətndir…
Armando işdən gələnə qədər evi səliqəyə salıb qəhvəyi donunu geyinməli idi ki, həyat yoldaşı hazırlaşanda ona qulluq edə bilsin və sonra keçmiş günlərdə olduğu kimi qol-qola girib sakitcə evdən çıxsınlar. Doğrudan, sonuncu dəfə nə zaman bunu etmişdilər?
Amma artıq yenidən “sağaldığı” üçün avtobusa minəcək, həyat yoldaşının qoluna qısılıb pəncərədən həyatı müşahidə edəcəkdi, elə digər qadınlar kimi. Sonra isə əyləşdikləri stula arxayınlıqla yayxanıb dostları Karlota və Joao ilə axşam yeməyi yeyəcəkdilər. Sonra Armando dostu Joao ilə gündəm xəbərlərini müzakirə edəcəkdi. Axırıncı dəfə nə zaman Armandonu rahatlamış şəkildə görmüşdü? Əslində, kişilərin gerçək hüzuru xanımlarını unudub başqa bir həmcinsləri ilə söhbət edəndə başlayır. Yeri gəlmişkən, o da Karlota ilə qadınlara aid məsələlər barədə danışacaqdı. Çox keçmədən, Karlotanın avtoritar və bir qədər laqeyd münasibətinə təslim olacaq, küçümsəyici davranışlarına, anadangəlmə açıqsözlülüyünə, göstərdiyi sevgiyə və ərinin onu unutmasına öyrəşəcəkdi. Nəhayətində özü də bunları qəbul edərək mənasızlığa geri dönəcəkdi. İndi o bütün gecəni soyuqda keçirən, sonra da heç nə baş verməmiş kimi qabağına bir boşqab süd qoyulan pişiyə bənzəyirdi. İnsanlar günbəgün özləri də bilmədən “sağalmasına” kömək edirdilər. Onunla adını əzbərə bildikləri dərman şüşəsini yenidən görürlərmiş kimi davranırdılar. Özlərini baş verənləri unutmuş kimi aparmaqla, tədricən unutmağa kömək edirdilər. Bəlkə də, heç rol oynamırdılar, həqiqətən də unutmuşdular… Ərini ən son nə vaxt tam rahatlamış, onu unutmuş halda görmüşdü? Bəs özü, özü necə?
Makiyaj masasını təmizləməyi dayandırdı, güzgüyə baxdı. Neçə vaxtdır güzgüdə özünə baxmırdı? Simasında evdar xanımlara xas bir zərafət var idi. Saçlarını solğun və iri olan qulaqlarının arxasına səliqə ilə toplamışdı. Qəhvəyi gözləri, şabalıdı saç rəngi və bənizi artıq gənc sayılmayan üzünə təvazökar, qadınsı bir aura qatırdı. Bəs gözlərinin ən dərinliklərində kök salan o kiçik qırğınlıqda, o kiçik təəccübdə heç vaxt sahib ola bilməyəcəyi övlad əskikliyini görən bir kimsə tapılardımı?
Tələbəlik illərindən sistemli çalışmağa meyilli idi. Dərsi başa düşmədiyi vaxtlarda belə müəllimin danışdıqlarından vacib hissələri səliqəli xətlə dəftərinə qeyd edərdi. Bu meyil indi yenidən baş qaldırmışdı. Xidmətçisinin istirahət günündən əvvəl evlə bağlı işləri planlamışdı. Beləcə, Mariya gedəndən sonra 1) rahat-rahat geyinəcək 2) Armandonun gəlişini gözləyəcək 3) üç nə idi? Hə. Belə edəcəkdi. Üstəlik, krujevalı yaxası olan həmin qəhvəyi donunu geyinəcəkdi. Öncədən duş almışdı. Sakre-Kördə oxuduğu zamanlarda da çox səliqəli və təmiz idi, şəxsi gigiyenaya xüsusi əhəmiyyət verir, hər cür dağınıqlıq onda qorxu və ikrah hissi yaradırdı. Karlota isə onu heç vaxt bu keyfiyyətlərinə görə bəyənmirdi və ya heyran olmurdu. Karlotanın reaksiyaları həmişə fərqlənirdi: o iddialı qız idi və möhkəm gülürdü. Laura isə yox, hər şeyi yavaş, asta-asta edirdi. Ləngliyə xüsusi rəğbəti vardı. Karlota heç nədə təhlükə görməzdi. O isə həmişə təmkinli davranırdı. Onlara “İsanın təqlidi”ni oxumaq tapşırıldığında, o, mahiyyətini anlamasa da, şövqlə oxuyub bitirmişdi. Amma Tanrı günahından keçsin, içindən keçirmişdi ki, İsanı təqlid edən hamı əvvəl-axır yoxa çıxacaq. İşığın içində itib-batacaq. Özü də təhlükəli şəkildə. Çünki İsanın cazibə qüvvəsi, təsir gücü inanılmaz dərəcədə böyük idi. Karlota isə bu əsəri oxumaq istəməmiş, üstəlik rahibəyə oxuduğu barədə yalan da danışmışdı. Hə, bəli. O qəhvəyi donu geyinəcəkdi. Yaxası krujevalı olanı.
Amma qəfil saata baxanda diksindi. Gün ərzində bir fincan süd belə içmədiyini xatırladı.
Bu səhlənkarlığı ilə özünü Armandonun və sadiq dostlarının qarşısında günahkar saydığından elə soyuducunun qarşısındaca südünü qurtum-qurtum içməyə başladı. Sanki hər qurtumla insanlara olan günahlarının kəffarəsini ödəyirdi. Çünki həkimi tapşırmışdı: “Yeməklər arasında süd için, mədəni boş qoymayın, çünki bu, həyəcan yaradır”. Ona görə də həyəcanlı olmasa belə, fasiləsiz şəkildə, hər gün gözlərini yumub yavaş-yavaş südünü içirdi. Amma həkimin dediklərində qəribə bir ziddiyyət var idi. Bir yandan ayaqyeri qoymadan qəti göstəriş verir, digər tərəfdən isə “özünüzü heç nəyə məcbur etməyin, sərbəst buraxın, zamanla hər şey qaydasına düşəcək” deyirdi… Bunları deyərkən həkim kürəyinə bir şillə də ilişdirmişdi… Bu bir yandan Lauranı qürurlandırsa da, digər tərəfdən utandırmışdı. Amma onun nəzərində iki fikir bir-birinə qəti uyğun gəlmirdi. Elə bil həkim ondan un yeyə-yeyə fit çalmasını istəyirdi. İkisinə eyni vaxtda əməl edə bilmək üçün hiyləyə əl atdı. Həmin bir stəkan südü ona hökm edən gizli gücə çevirdi. Hər qurtumunda bir kəlmənin dadını və kürəyindəki şilləni xatırladan gücə. Belə ki, südü özü ilə qonaq otağına aparır, sərbəstcə divanda əyləşir, guya qəti vecinə deyilmiş kimi, “özünü məcbur etmədən” içirdi. Beləcə, iki tapşırığa da əməl etmiş olurdu. “Kökəlsəm də, eybi yoxdur”, – ürəyindən keçirtdi. Gözəllik heç vaxt onun üçün önəm kəsb etməmişdi.
Öz evində qonaq kimi divanda əyləşdi. Ev təzəlikcə təmir olunmuş, yenilənmişdi, ona görə də yadırğamışdı. Sanki mənzil ona yox, başqasına məxsus idi. Bu hiss könlünü oxşayırdı. Çünki o, Karlota kimi evini özünə oxşadan qadınlardan deyildi. Onun evi heç kimə bənzəmirdi. Evinin konkret “kimliyi” yox idi. Sanki məhz bu cəhətə görə də Laura üçün qüsursuz idi.
“Ah, nə yaxşı ki, yenə evdəyəm… həqiqətən evdəyəm”, məmnun-məmnun gülümsədi. Boşalmış süd stəkanını əlində tutaraq gözlərini yumdu. Bu gün yorulmuşdu. Armandonun köynəklərini ütüləmiş, sabah üçün “görüləcək işlər” siyahısı yazmış, marketdə xərclədiklərini qəpiyinə qədər hesaba çəkmişdi. Bu zaman çərçivəsində bir an belə nəfəsini dərməmişdi. Yenidən yorula bilmək necə də gözəl idi.
Əgər Mars planetindən mükəmməl biri gəlib Yerdə insanların yorula və qocala bildiyini görsəydi, bunu təəccüblə qarşılayar, adamlara rəhmi gələrdi. İnsan olmağın, hər gün yorulmağın və uğursuzluğun necə bir hiss olduğunu o necə başa düşsün?.. Bu naqisliyin içindəki incəliyi, yaşamın zərafətini ancaq işin içində olanlar anlaya bilər.
Və nəhayət, Mars planetinin mükəmməlliyindən geri döndü. Həyatında bir kişinin həyat yoldaşı olmaqdan başqa heç bir amalı olmayan qadın hər gün qüsurlu tərəflərini yenidən kəşf edirdi. Gözlərini yumub minnətdarlıqla ah çəkdi. Ən son nə vaxt yorulmuşdu? Amma indi, demək olar ki, hər gün özünü bitkin hiss edirdi. Məsələn, Armandonun köynəklərini ütüləyirdi. Ütüləməyi həmişə çox sevib və təvazökarlıqdan uzaq olsa da, bu işdə çox bacarıqlı idi. Bitirdikdən sonra isə onu mükafat gözləyirdi – yorulub əldən düşmək. Artıq yorula bilməməyin yaratdığı təşviş yox idi. Artıq daxilində yer tutan o boş, ayıq və vahiməli boşluq yox idi. Daha o qorxunc azadlıq yox idi. Artıq gecə-gündüz yatmamağın verdiyi vahiməli rahatlıq yox idi. Bu rahatlıq onu yorğun və çaşqın həyat yoldaşının nəzərində fövqəlbəşər varlığa çevirmişdi. Susub fikrə dalanda belə ağzından qəribə kəskin qoxu gələn əri narahat vaxtlarında belə onda sevgi doğururdu. O, tənha mükəmməlliyinin içində fövqəlbəşər və sakit görünürdü. Əri onun ziyarətinə sevgililik zamanlarında olduğu kimi utancaq və rəsmi halda gəlir, üzüm və alma gətirirdi. Tibb bacısı çiyinlərini çəkə-çəkə meyvələri yeyirdi. Ağzından gələn pis qoxu və gərgin gülüşü ilə Armando nəsə anlamağa çalışırdı. Atasının evindən keşişin xeyir-duasıyla aldığı bu tijukalı qızla nə edəcəyini heç cür anlamırdı. Çünki o qız sakit suda qəfil yelkən açan bir qayığın atılması kimi, gözlənilmədən əlçatmaz birinə çevrilmişdi.
Artıq belə olmayacaq. Bir də heç vaxt belə olmayacaq.
Sadəcə bir anlıq zəiflik göstərmişdi. Amma sonra tamamilə geri qayıtdı, indi keçmişin təfərrüatları ilə insanları bezdirməmək üçün özündən ehtiyat edirdi. Sakre-Kördə oxuduğu vaxtlarda sinif yoldaşları tez-tez “Bunu min dəfə danışmısan!” deyərdilər. Bu yadına düşəndə üzünə utancaq gülümsəmə qondu. O, tamamilə geri qayıtmışdı. İndi hər gün yorulur, hər gün axşama yaxın üzü düşürdü və gecə onun üçün öz mahiyyətinə qayıdırdı. Artıq gecə sadəcə ulduzlarla dolu mükəmməllik deyildi. Hər şey ahənglə yerinə qayıdırdı. Və günlər onu da yorurdu, onu da udurdu hamı kimi. Hamı kimi o da insan idi indi. Artıq əvvəlki mükəmməllik, gənclik yox idi. Bir zamanlar xərçəng azarı kimi bədənini bürüyən o şey artıq yox idi…
Yuxulu gözlərini açdı, süd fincanı əlində qalmışdı, amma bərk yorulduğundan gözlərini yenidən yumdu. Bütün zərrələri ilə o tanış və kirli suda yuyunurdu. Hə, bir az ürəkbulandıran idi, amma nə fərqi var ki? Zatən özü də ürəkbulandırandır, bunun fərqində idi. Əri isə belə düşünmürdü. Bu ondan ötrü heç nəyi dəyişmirdi. Çox şükür ki, ağıllı və maraqlı olmasını tələb edən bir mühitdə yaşamırdı. Daim onu ayıq-sayıq olmağa məcbur edən idman zalından da qurtulmuşdu. Nə əhəmiyyəti vardı ki? Armandonun köynəklərini ütüləmiş, bazara getmiş, orada xeyli yubanmışdı. Bütün bu yorğunluğun içində onun üçün xoş və dinclik bəxş edən bir yer vardı: bir zamanlar həm özü, həm başqaları üçün utanc mənbəyi olan həmin sönük yer. Amma, dediyim kimi, çox şükür, qayıtmışdı.
Əgər daha böyük imanla və sevgilə axtarsaydı, yorğunluğunun içində o daha gözəl yeri – yuxunu tapardı. Onun həzzilə dərin ah çəkdi. Hazırda yorğunluğun gətirdiyi yarı-yuxulu vəziyyətdə xülyalara dalaraq yatmağı çox istədi. “Sadəcə bir az, bir az”, – özünə yalvarırdı. Hərdən Armandoya yalvardığı kimi…
Amma indi həqiqətən yatmağa vaxtı yox idi. Hətta qısa mürgüyə belə! Yalançı təvazökarlıqla özünə xatırlatdı ki, o çox məşğul insandır. Həmişə “vaxtım yoxdur” deyənləri qısqanmışdı, indi özü də həmin adamlardan birinə çevrilmişdi. Axşam Karlotanın evinə qonaq gedəcəkdilər, hər şey qaydasında olmalı idi. Geri qayıtdıqdan sonra ilk nahar yeməyi olacaqdı, hər şey qüsursuz olsun istəyirdi… “Min dəfə dedim onsuz” utana-utana düşündü, “yata bilmərəm”. Çünki o gecikmək istəmirdi. Əvvəllər də insanları narahat etməməkdən ötrü dəridən-qabıqdan çıxar, onlara zərrə əziyyət vermək istəməzdi. İndi də belə olmalıydı. Yatmağa vaxtı yox idi… Gündəlik həyatını bürüyən vərdişlər zəncirinə geri qayıtmalı idi. Hərçənd Karlota gündəlik vərdişlərə bağlılığına istehza ilə yanaşır, onu incidirdi, amma yenə də bunları etməli idi: 1) xidmətçi hazır olana qədər gözləmək 2) səhər ət alması üçün ona pul vermək. Dana budu. Keyfiyyətli ətin seçilməsi əla söhbət mövzusu idi, amma Karlota bilsə, onu lağa qoyardı… 3) vaxtını çox yaxşı dəyərləndirməyin həzzini yaşamaq, rahat-rahat duş alıb geyinməyə başlamaq.
O qəhvəyi donda gözü qalmışdı. Xüsusən krem rəngli, krujevalı yaxasına görə. Bu donu geyinəndə sanki dönüb olurdu köhnə dəbli balaca oğlan uşağı. Yenidən Tijukanın gecə sükutunda olmaq çox gözəldir. Artıq onu aciz bir toyuq təki insulin bataqlığına məhkum edib hər gecə öz evinə gedən baxımlı və olduqca məzəli tibb bacıları yox idi. O Tijukaya, evinə qayıtmışdı. Bir azdan əri ilə qol-qola avtobus dayanacağına doğru xüsusi əda ilə yeriyəcəkdi. Lauranın budlarını sanki korsetlə sıxıb bağlamışdılar, bu görüntü ona hər yerdə “fərqli qadın” aurası bəxş etsə də, hər dəfə narahat olub Armandoya bunun “yumurtalıq çatışmazlığı”ndan olduğunu deyirdi. Armando isə arvadının budları ilə fəxr edib bic-bic gülürdü: “Balerinlə evlənmişəm, nə gözləməliydim ki?” İnanmazsınız, amma Armando hərdən çox yaramaz ola bilir. Ərinə ciddiyyətlə izah etməyə çalışırdı ki, səbəb yumurtalıq çatışmazlığıdır, amma o dediyindən əl çəkmirdi: “Balerinlə evlənib nə qazana bilərdim ki?” Bəzən hədsiz utanmaz olur.
Karlota onların da gizli məsələlərinin olduğunu bilsəydi, bəlkə də, inanmazdı. Çünki Laura heç nə danışmazdı, ah, adamın danışa bilməməsi nə qədər də acıdır. Buna görə də Karlota dostunu soyuq, intizamlı və bir az da bezdirici hesab edirdi. Başqalarını xırda, çürükçü detallarla yormamaq üçün çox ehtiyat edirdi, amma Armando ilə belə deyildi. Onun yanında hər şeyi danışırdı, hətta zəhlətökən olurdu. Bunun elə bir fərqi yox idi. Çünki Armandonun ona qulaq asmadığını yaxşı bilirdi, əri qulaq asırmış kimi edirdi. Bu qətiyyən qəlbini sındırmırdı, öz xasiyyətinə yaxşı bələd idi. Boşboğazlığa meyli adamları yorurdu. Amma yaxşı ətin tapılmasının çətinlikləri ilə bağlı əri ilə uzun-uzadı danışmaq xoşuna gəlirdi. Xidmətçi ilə də çox danışırdılar, əslində, daha çox özü danışırdı, xidmətçi isə bəzən səbrini itirib bir az kobudlaşırdı; bunun günahı tamamilə Lauradaydı, çünki hər zaman hörmət tələb edə bilmirdi.
Amma dediyi kimi, bir azdan qolu ərinin qolunda, özü qısa boylu, saçları şabalıdı, əri isə arıq və uzun boylu, birgə yol gedəcəkdilər. Şükür olsun, ikisi də sağlam idi. Laura ürəyindən keçirtdi ki, elə əsl qadının saçları şabalıdı olmalıdır. Qara və ya sarı rəng onun nəzərində ifrata varmaq idi və hər şeyi “düzgün” etməyə can atan Laura heç vaxt belə bir iddiaya can atmırdı.
Əslində, Karlota dedi-qoduya əsas verəcək heç nə etmirdi. Amma Laura istəmədən də olsa, razılaşırdı ki, dostunun əri ilə münasibəti bir qədər fərqlidir. Baxmayaraq ki, fürsət düşsə, o, Karlotanın tərəfində dayanardı, amma buna ehtiyac qalmırdı. Karlotanın ərinə münasibəti indi dəbdə olan qadın-kişi “bərabərliyi” iddiası deyildi, amma fərqli idi. Laura düşünürdü ki, Karlota bir az başqa cür qadındır və bunu bir vaxt Armandoya da demişdi. Armando razılaşmışdı, amma ciddi bir məsələ saymamışdı. Sonra isə Laura düşüncəsində yenidən qəhvəyi paltarda ərinin qolunda getməsinin təsvirini qurdu. Bu xəyal ona elə xoş gəlirdi ki. Çəkməcələri yığışdırarkən aldığı həzz kimi. Bəzən sırf bu zövqü yenidən yaşamaq üçün onları dağıdıb yenidən yığırdı.
Gözlərini açdı, elə bil onun yerinə otaq yuxuya getmişdi. Otaq rahatlamış və yenilənmişdi. Fırça ilə təmizlədiyi divan və son yuyulmadan sonra bir qədər balacalaşan pərdələr ona baxırdı. Pərdələr bu görkəmdə çox gülməli görünürdü. Sanki əynindəki şalvar kiçilib və sən qılçalarına tamaşa edirsən. Ah, hər şeyin tərtəmiz və səliqəli olması necə də hüzurlu idi. Hamısını öz zəhməti ilə bircə-bircə təmizləmişdi.
Otağa həm də güldanda çiçəklər qoyulmuşdu və bu ona gözləmə zallarını xatırladırdı: sakit, nəzakətli, heç kimə aid olmayan yerlər. Laura həmişə belə yerləri sevib. İndi isə adi həyatın da sadə detallarla nə qədər zəngin olduğunu hiss edir – səliqəli otaq, çiçəklər – bunlar indi ona böyük zövq verir. O, güldana baxır və sadəliyindən zövq alır. “Ah, necə də gözəldirlər!” – uşaqsayağı bir saflıqla ürəkdən qışqırdı. Bu gülləri səhər bazardan almışdı, yabanı qızılgüllər idi. Qismən satıcı israr eləmişdi, qismən də öz cəsarətinin nəticəsi idi. Saat 10-da – müqəddəs süd içmə vaxtında güldana yerləşdirmişdi. İndi isə otağın işıqları güldana vururdu, işığın altında qızılgüllər daha da füsunkar görünürdü. Elə bil gözəllikləri ilə otağı da bəzəyirdilər.
“Heç vaxt belə gözəl qızılgüllər görməmişəm,” – o, maraqla düşündü. Amma elə bil bunu indi düşünməmiş kimi davranırdı; bir az özü ilə barışıq, bir az da bu təkrarı yorucu saymamağa çalışaraq yenidən öz-özünə dedi: “Doğrusu, heç vaxt belə gözəl qızılgüllər görməmişəm”. Güllərə diqqətlə baxdı. Amma diqqətini bir yerə çox cəmləyə bilmirdi, diqqət tezliklə incə bir həzlə əvəz olunurdu… Özünü təkrar-təkrar eyni uşaqsayağı heyrətlə dolu hayqırışla dayandırmalı olurdu: nə qədər də gözəldirlər.
Onlar bənzərsiz qızılgüllər idi, bəziləri eyni saplaqda dolaşmışdı. Görünür, böyüdükləri müddətdə bir-birinə beləcə sarılmış, oyun bitdiyində (kəsiləndən sonra) hərəkətsiz qalmışdılar. Kiçik ölçüdə olmalarına baxmayaraq, kifayət qədər mükəmməl görünürdülər. Hələ açılmayan güllərin rəngi bəyaza çalırdı. “Elə bil süni güldür”, – üsulluca ürəyindən keçirtdi. Amma içinə baxanda tən ortası görünürdü. Qulaq məməsini xatırladan balaca ləçək topasının içi qırmızı idi. “Necə də gözəldirlər”, – dedi Laura.
Amma səbəbini bilməsə də, bir az utanmış və narahat olmuşdu. Yox, elə də çox yox, sadəcə qədərindən artıq gözəllik onu bir qədər qəribə hiss etdirirdi.
Mətbəx tərəfdən qulağına səs dəydi. Xidmətçisinin yerişi idi, dikdabanın taqqıltısını eşitdi. Deməli, o evə gedirdi. Elə bu an Lauranın ağlına əla bir ideya gəldi. Mariyadan gülləri Karlotaya aparmasını xahiş edə bilərdi. Çünki qədərindən artıq olan bu gözəllik onu narahat edirdi. Narahat? Bu bir az riskli məsələ idi. Yox e, niyə risk olsun ki? Sadəcə güllər onun rahatını korlayırdı və xidmətçi də sakitcə aparıb Karlotaya verəcəkdi: “Bunları Dona Laura sizin üçün göndərib”. Vəssəlam. O, düşüncəli bir təbəssümlə gülümsədi: Karlota, yəqin ki, bunu qəribə hesab edəcəkdi. Çünki Laura qızılgülləri özü də apara bilərdi, amma onları xidmətçi ilə nahardan əvvəl göndərmişdi. Üstəlik, qızılgülləri almaqdan zövq alacağını da düşünürdü; bu jesti “zərif” hesab edəcəkdi…
“Bizim aramızda belə şeylərə ehtiyac yoxdur, Laura!” – deyərdi dostu, bir az kobud və sərt tərzdə. Laura da boğuq bir heyrətlə qışqırardı: “Yox! Yox! Bu, bizi nahara dəvət etdiyiniz üçün deyil! Sadəcə qızılgüllər o qədər gözəl idi ki, bir anlıq düşündüm, sizə verim!”
Bəli, lazım gəlsə, bir yolunu tapıb cəsarətini yığa bilsə, elə də deyəcəkdi. Necə deyəcəkdi? Yadından çıxarmamalı idi: “Yox! Yox!”… Karlota o anda Lauranın hisslərinin bu incəliyinə heyran qalacaq, çünki heç kim düşünməzdi ki, Lauranın da öz dünyası, fikirləri, hissləri var. Bu xəyali və xoşbəxt səhnədə o özünü “Laura” adlandırırdı, elə bil üçüncü şəxs haqqında danışırdı. Üçüncü şəxs – o incə, zərif, minnət dolu və sakit inanca sahib Laura; kiçik krujevalı yaxası olan, gözəl geyimli, Armandonun arvadı Laura; və nəhayət, Armando artıq xidmətçi və ət haqqında Lauranın bütün danışdıqlarına diqqət yetirmək məcburiyyətində deyil. Artıq öz arvadını düşünməyə ehtiyacı yoxdur, sanki xoşbəxtdir, balerina ilə evli olmayan bir kişi kimi rahatdır.
“Qızılgülləri sizə göndərməmək mümkün deyildi,” – deyərdi Laura, o üçüncü şəxs, elə belə… Həqiqətən də, qızılgülləri hədiyyə vermək, demək olar ki, qızılgüllərin özü qədər gözəl idi.
Və əslində, artıq onlardan qurtulmuş olacaqdı.
Bəs onda nə olacaqdı? Ah, bəli: Laura düşünürdü ki, Karlota bu hərəkətinə çox təəccüblənəcək. Çünki heç vaxt xüsusi diqqət göstərmədiyi Lauranın da gizli hissləri var imiş. Bəs Armando? Armando isə ona heyrətlə baxacaqdı, çünki gülləri qulluqçunun gətirdiyini bilməsi mümkün deyildi. Armando qadınının bu addımına sevgi ilə yanaşacaq və o gecə birlikdə yatacaqdılar.
Laura isə gülləri və onların gözəlliyini artıq unutmuş olacaqdı.
“Xeyr,” – Laura qəfil düşündü, sanki içindən bir xəbərdarlıq keçdi. O çox diqqətli davranmalı idi. Heç vaxt yenidən insanlarda qorxu yaratmamalı idi, xüsusən də hələ hər şey bu qədər təzəykən. Ən önəmlisi isə heç kəsi ən kiçik bir şübhəyə belə salmamalı idi. Və bir daha heç vaxt insanların onun üçün təşvişə düşməsinə, ona qayğı göstərməsinə səbəb olmamalı idi – hamının ona susaraq baxdığı, onun isə hamının qarşısında aciz qaldığı o dəhşətli vəziyyət bir daha təkrarlanmamalı idi.
Amma eyni zamanda əlindəki boş süd stəkanını gördü və düşündü: Həkimi demişdi ki, özünü məcbur edib hər şeyi qaydasına salmağa çalışma, yaxşı olduğunu sübut etmək üçün müəyyən cür davranmağa çalışma…
“Mariya,” – dedi Laura qulluqçunun addım səslərini yenidən eşidəndə. Mariya yaxınlaşanda isə qəfil və bir qədər də inadkar səslə dedi:
“Bu gülləri Dona Karlotanın evinə aparıb ona verə bilərsən? Belə de: “Dona Karlota, bu gülləri Dona Laura göndərib”. Elə belə de: “Dona Karlota…”
“Başa düşdüm, başa düşdüm,” – qulluqçu səbirli şəkildə cavab verdi.
Laura köhnə bir salfet parçası götürdü. Sonra gülləri ehtiyatla güldandan çıxardı – zərif və eyni zamanda təhlükəli tikanlarıyla o qədər gözəl və hüzurlu görünürdülər ki. O, güllərə xüsusi bəzək verib estetik hala salmaq istəyirdi. Və eyni zamanda onlardan xilas olmaq da. Beləcə, gününə əvvəlki qaydada davam edə bilərdi. Nəm, balaca gülləri bir dəstə şəklində topladıqdan sonra onları əlində irəli uzatdı, bir az uzaqdan baxdı, başını yüngülcə yana əyib gözlərini qıyaraq soyuq və qərəzsiz bir hökm vermək istəyirmiş kimi onları süzdü.
Və onlara baxanda, o, gülləri gördü.
Sonra isə, inadkar, amma yumşaq bir səslə içindən öz-özünə pıçıldadı: onları vermə, bu güllər çox gözəldir.
Bir neçə dəqiqə sonra yenidən bu cazibəli fikir gücləndi: onları vermə, onlar sənindir. Laura yüngülcə nəfəsini dərdi – çünki indiyədək heç nə ona aid olmamışdı.
Amma bu güllər onundu. Çəhrayı, balaca, mükəmməl… Və ona aid. Onlara inamsızlıqla baxdı. Əgər bir az da artıq düşünsəydi, belə deyəcəkdi: indiyə qədər heç nə ona bu qədər aid olmamışdı…
Və hətta onları saxlaya da bilərdi, çünki ilk başda güllərə çox baxmaqdan çəkinməsinə səbəb olan ilkin narahatlıq artıq yox olmuşdu.
Bəs onda niyə gülləri versin? Bu qədər gözəldirlər və onları başqasına verəcək? Axı insan yaxşı bir şeyə rast gələndə onu götürüb başqasına verirmi?
Axı əgər güllər onundursa? – öz-özünə pıçıldayırdı, inandırıcı və israrlı bir səslə, eyni səbəbdən başqa heç nə tapa bilmədən; amma bu səbəb təkrarlandıqca ona daha da sadə və daha da inandırıcı görünürdü. Onlar çox davam gətirməyəcəkdi, solub gedəcəkdi, elə isə niyə versin? Onlara sahib olmağın verdiyi zövq böyük bir risk daşımırdı axı, güllər onsuz da öz-özlüyündən ölüb gedəcəkdi…
Qızılgüllərin əbədi olmaması günahkar bir qadının qaranlıq məntiqinə görə, onları saxlamağa görə hiss etdiyi vicdan əzabını azaldırdı. Axı açıq-aydın görünürdü ki, çox yaşamayacaqdılar (tez bitəcəkdi, təhlükəsiz olacaqdı).
Üstəlik, o, günah hissini qəti və qalib bir tövrlə rədd edərək özünü belə müdafiə etdi – axı bu gülləri almağı istəyən də özü olmamışdı, satıcı israr etmişdi və Laura insanlar onu çətin vəziyyətdə qoyanda həmişə çaşbaş qalırdı; gülləri almağı təkcə o özü istəməmişdi, bu işdə heç bir günahı yox idi.
O, güllərə valeh olmuş, heyran-heyran baxırdı.
“Və doğrusu, bütün həyatım boyu bundan daha mükəmməl bir şey görməmişdim”.
Yaxşı, amma o artıq Mariya ilə danışmışdı. Yoxsa artıq gec idi? – qorxdu, balaca güllərin sakitcə öz əlində gözlədiyini görəndə. Əgər istəsəydi, hələ gec olmazdı… Mariyaya deyə bilərdi: “Mariya, qulaq as, qərar verdim ki, gülləri axşam yeməyinə özüm aparım!”
Və əlbəttə ki, aparmazdı… Mariya isə bunu heç vaxt bilməzdi. Paltarını dəyişməzdən əvvəl bir anlıq, sadəcə bir an üçün divanda oturub onlara baxardı. Güllərin cazibəsini seyrə dalardı.
Bəli, axı iş-işdən keçibsə, niyə ondan faydalanmayasan ki? Günahı öz üzərinə götürüb, zövqünü çıxarmamaq axmaqlıq olmazdımı? Elə bunu edəcəkdi.
Amma o, gülləri əlində tutaraq gözlədi. Onları nə yenidən vazaya qoya, nə də Mariyanı çağıra bildi. Səbəb apaçıq idi. Çünki onları verməli idi. Bəli, bunu yaxşı bilirdi.
Həm də ona görə ki, gözəl bir şey sadəcə sahib olunmaq üçün deyil, verilmək və ya qəbul edilmək üçündür. Heç vaxt sadəcə “olmaq” üçün yox. Ən əsası isə insan özü heç vaxt o gözəl şey olmamalıdır. Gözəl bir şeyi elə-belə saxlamaq olmurdu, onu ürəyin sükutu içində gizlətmək alınmırdı…
(Amma əgər gülləri verməsəydi, dünyada heç kim onları verməyi planlaşdırdığını bilməyəcəkdi, axı bunu kim biləcəkdi? Onları saxlamaq dəhşətli dərəcədə asan idi, çünki bunu kim görəcəkdi? Onlar onun olacaqdı və bununla da əzab bitəcəkdi, heç kim bir daha bu barədə danışmayacaqdı…)
Bəs sonra? – o, içində bilinməyən bir əndişəylə öz-özündən soruşdu.
Deməli, yox. Onun etməli olduğu şey gülləri büküb göndərmək idi – indi heç bir zövq almadan; onları büküb, məyus halda yola salmaq; və heyrət içində onlardan xilas olmaq. Həm də ona görə ki, insanın düşüncəsində müəyyən bir ardıcıllıq olmalıdır, fikirləri davamlılıq daşımalıdır: əgər o, ani bir qərarla gülləri Karlotaya verməyə qərar vermişdisə, bu qərarına sadiq qalmalı və onları göndərməli idi. Çünki heç kim bir anın içində qərarını dəyişməməli idi.
“Amma insan peşman da ola bilər axı! – qəfil üsyan etdi. Axı mən gülləri götürdüyüm an onların nə qədər gözəl olduğunu dərk etdim, həyatımda ilk dəfə məhz o anda başa düşdüm bunu – onları əlimə aldığım an. Yoxsa bir az əvvəl? (Üstəlik, onlar mənim idi)”.
Bir də həkimin özü kürəyinə vurub demişdi: “Özünü yaxşı göstərməyə çalışma, xanım, çünki sən artıq sağalmısan”. Və sonra o unudulmaz şillə. Elə buna görə də o heç kimə nəyisə sübut etməli deyildi və gülləri saxlayacaqdı (Üstəlik, onlar onun idi.)
“Hazırdırmı?” – Mariya soruşdu.
“Bəli”, – Laura qəfil tutulmuş halda cavab verdi.
O, güllərə baxdı, əlində sanki səssiz, kimsəsiz qalmışdılar. Həddən artıq gözəllikləri içində belə necə də kimsəsiz idilər. Qızılgüllərə xas o son hədd: çiçək. O ən son kamillik: işıqlı, parlaq bir sakitlik.
O, güllərin ecazkarlığına acgözlüklə baxırdı. Dodaqları qurumuşdu.
Yavaş-yavaş, ciddi bir səbirlə, sapları və tikanları salfet kağızına bükdü. O qədər dalmışdı ki, hazırlanmış gül dəstəsini uzadanda Mariyanın artıq otaqda olmadığını fərq etdi və o öz qurbanı ilə təklikdə qaldı. Ağrı ilə son dəfə güllərə baxdı, dodaqları daha da qurudu: o qısqanclıq, o arzu.
Amma onlar mənimdir, dedi böyük bir utancaqlıqla.
Mariya qayıdıb gül dəstəsini götürəndə Laura əlini büzüb gülləri bir saniyə də öz yanında saxladı – onlar gözəldir və mənimdir, bu mənim olan ilk gözəl şeydir! və israr edən o kişi idi, mən özüm istəməmişdim! bunu istəyən tale idi! ah, təkcə bu dəfə! yalnız bu dəfə və and içirəm ki, bir daha heç vaxt!
(Heç olmasa bir gülü özünə saxlaya bilərdi, bundan artıq yox: yalnız bir gül. Və bunu təkcə o bilərdi, sonra isə bir daha heç vaxt, özünə söz verirdi ki, bir daha kamilliyin cazibəsinə aldanmayacaq, heç vaxt!)
Və elə növbəti saniyədə, heç bir maneə olmadan güllər xidmətçinin əlində idi, artıq onun deyildi, sanki poçta atılmış bir məktub kimi! onu geri almaq da, sözlərini dəyişmək də mümkün deyil! “Mənim demək istədiyim bu deyildi!” deyə qışqırmağın faydası yox idi! Əlləri boş qaldı, amma inadkar və kinli ürəyi hələ də deyirdi: “Mariyanı pilləkənlərdə tuta bilərsən, sən çox yaxşı bilirsən ki, bunu edə bilərsən və gülləri onun əlindən alıb oğurlaya bilərsən”.
Çünki indi onları almaq oğurluq olacaqdı. Özünə məxsus olanı oğurlamaq? Axı mərhəməti olmayan bir insan da məhz belə edərdi: haqqı olan şeyi oğurlayardı! Ah, mərhəmət et, Tanrım. Sən hər şeyi geri ala bilərsən, – qəzəblə israr edirdi.
Və o an küçə qapısı çırpıldı.
Küçə qapısı çırpıldı…
Sonra sakitcə divana oturdu. Arxasını söykəmədən. Sadəcə dincəlmək üçün. Xeyr, hirslənməmişdi, ah, heç də. Amma gözlərinin dərinliyindəki inciklik daha da böyümüşdü. Güldana baxdı.
“Güllərim hanı?” – dedi sonra çox sakit səslə.
Və güllərin yoxluğu ona ağır gəlirdi. Onlar içində işıqlı bir boşluq qoyub getmişdilər. Masadan bir əşya götürüləndə, geridə qalan izdən onun orda olduğu görünür. Güllər onun içində bir yer buraxmışdı. Ürəyində, heç olmasa özünə ayıra biləcəyi, dünyada heç kəsə ziyan vurmayacaq o tək gül belə indi yox idi.
Bir yoxluq kimi. İçinə işıq kimi dolan bir əskiklik. Və güllərin izinin ətrafında da toz yox olmağa başlayırdı. Yorğunluğun mərkəzi açılır, böyüyən bir dairəyə çevrilirdi. Sanki o, Armandonun heç bir köynəyini ütüləməmişdi.
“Güllərim hanı?” – yenə şikayətləndi, ağrı duymadan, ətəyinin xırda qırışlarını sığallayaraq. Tünd çaya limon sıxanda o çayın rəngi get-gedə açılır. Onun yorğunluğu da tədricən dağılıb gedirdi. Artıq yorğun olmadığına görə qalxıb geyinəcəkdi. Başlamağın vaxtı gəlmişdi.
Amma dodaqları qurumuşdu, bir anlıq öz içində gülləri təqlid etməyə çalışdı. Hətta çətin də deyildi.
Yorğun olmaması daha yaxşı idi. Beləliklə, o, nahara xoş əhvalla gedəcəkdi. Mayorun İtaliyadakı müharibədən gətirdiyi broşu krujevalı yaxasına taxa bilərdi. Bu onun boyun xəttini çox gözəl vurğulayardı.
Hazır olduqda Armandonun qapıda açar səsi eşidiləcəkdi. Geyinməli idi. Amma hələ erkən idi. O, yol tıxacında qalacaqdı. Hələ günorta idi. Çox gözəl bir günorta.
Amma yox, artıq günorta deyildi.
Gecəydi. Küçədən qaranlığın ilk səsləri yüksəldi.
Həqiqətən də, açar tanış bir rahatlıqla kilid dəliyinə girdi.
Armando qapını açacaqdı. İşığı yandıracaqdı. Və qəfildən qapının önündə üzü açıq-aydın görünəcəkdi – gizlətməyə çalışdığı, amma həmişə onu ələ verən üzü. Sonra nəfəsini buraxıb rahatlıqla gülümsəyəcəkdi. O utancaq, amma rahatlıq dolu gülümsəmə ki, o heç vaxt düşünməzdi ki, qadını bunu görür. O rahatlıq ki, onu bədbəxt həyat yoldaşından gizlətməyi tövsiyə edirdilər. Amma qadını üçün bu rahatlıq mükafat idi – nəhayət, yenidən o ərinə sevinc və hüzur bəxş edə bilmişdi. Bu sevinc və sülh onlara keşişin müqəddəs “ərməğanı” idi.
Açar kiliddə döndü, Armandonun kölgəsi içəri düşdü, işıq güclü şəkildə otağı işıqlandırdı. Və o qapıda nəfəsi kəsilmiş halda dayandı, təntiyə-təntiyə baxdı, sanki gecikmədən evə çatmaq üçün uzun yol qaçmışdı. Laura gülümsəməli idi. O, gülümsəməli idi ki, əri rahatlasın və ona bir daha heç vaxt gecikməməyi öyrətsin. Mövzunu heç vaxt danışmamaları məsləhət görülmüşdü: onlar danışmırdılar, amma üz ifadələri ilə yeni dil yaratmışdılar, orada qorxu və inam, sual və cavab səssiz ünsiyyətə çevrilmişdi. O, gülümsəyəcəkdi. Bir az vaxt alırdı, amma gülümsəyəcəkdi.
Sakit və incə səs tonu ilə dedi:
“Geri gəldi, Armando. Geri gəldi”.
Əri özünü elə aparırdı ki, sanki başa düşmür və sanki heç vaxt başa düşməyəcək.
“Geri nə gəldi?” – nəhayət, quru səs tonuyla soruşdu.
Amma tövründən hər şeyi bildiyi anlaşılırdı, üz ifadəsi dəyişməmişdi. Əsas işi vaxt qazanmaq və nəfəsini tutmağa diqqət yetirmək idi. Bu artıq çətin deyildi. Çünki gözlənilməz şəkildə dəhşətə gəldi ki, həm qonaq otağı, həm də arvadı sakit və təlaşsız idi. Narahatlıq yağan simasında baxışı donmuşdu, elə bil düşmənini izləyirdi. Və bununla yanaşı onun diqqətlə oturduğunu, əllərini dizinə keçirdiyini müşahidə etməyə başladı.
Onun qəhvəyi və təmiz gözlərində müqavimət göstərə bilməməyin qürurlu utancını gördü.
“Geri nə gəldi?” – birdən sərt dedi.
“Mən qarşısını ala bilmədim,” – o dedi, səsində mərhəmət və bağışlanma istəyi vardı. “Mən qarşısını ala bilmədim. Hamısı bu güllər səbəbindən oldu,” – mülayimcə dedi.
Əri buz kəsilmişdi. Sanki kimsə onun o anını əbədi həkk edəcəkdi, sanki bir fotoqraf gəlib yalnız üzünün şəklini çəkəcəkdi. Bir anlıq simasında komik bir ifadə yarandı, müdirindən maaş istəyərkən yaranan ifadə. Növbəti an utancdan gözlərini çevirdi.
Birdən gərginlik yoxa çıxdı. Çiyinləri aşağı düşdü, üzü yumşaldı və rahatladı. Yaşlı və maraqlı baxışları ilə onu izlədi.
Ev paltarında oturmuşdu. O bilirdi ki, arvadı əlçatmaz və mükəmməl görünməmək üçü əlindən gələni etmişdi. Utana-utana və hörmətlə Lauranı izləyirdi. Yaşlı və yorğun idi. Amma bir kəlmə belə deyə bilmirdi. Açıq qapıdan arvadına baxırdı. Arxasını söykəmədən, eləcə divanda əyləşmişdi, sakit idi. Amma… Amma o sanki harasa getmişdi…
İngilis dilindən tərcümə: Fidan VAHİD




