Hərracda türk ədəbiyyatının görkəmli simalarından məktublar, açıqcalar, imzalı kitablar, rəsmlər, əlyazma şeirləri, fotoşəkilləri, vizit kartları da daxil olmaqla müxtəlif əşyalar satışa çıxarılıb.
Daha.az xəbər verir ki, İstanbul Müzeyinin “Xatirələr və İmzalar 2” tədbirində ən yüksək təklif Ömər Seyfəddinin 1905-ci ildə Münir bəyə göndərdiyi imzalı açıqcaya gəlib. 36 yaşında vəfat edən yazarın sağlığında heç bir kitabı nəşr olunmadığı üçün imzası, xüsusilə, qiymətlədirlib. Ömər Seyfəddinin fotoşəkili, əl yazısı və imzasının yer aldığı tarixi əsər 73 min lirəyə satılaraq, digər xərclər də daxil olmaqla ümumi dəyəri 103 min lirəyə çatıb.
Aşağıdakı əşyalar da hərracda kolleksiyaçıların böyük marağına səbəb olub:
Nazım Hikmətin imzası olan “Kəndli” adlı əlyazma şeiri 35 min lirəyə satılıb;
Orxan Vəlinin naxışlar və imzalarla bəzədilmiş əlyazma halındakı “Yarpaq” şeiri 28 min lirəyə, Camal Sürəyanın məşhur “Ömür qısa, quşlar uçur” şeirinin yer aldığı əlyazma 22 min lirəyə satılıb;
Sait Faikin Ara Gülərin imzası olan fotoşəkili 9 min lirəyə,
Cahit Sıtkı Tarancının məşhur “Abbas” şeiri 8 min lirə dəyərində qiymətləndirilib.