DAHA.az Aqşin Yeniseyin “Məna varlığın həbsxanasıdır” yazısını təqdim edir.
Yazılarından anlayışlarla düşünməyi öyrəndiyim Niyazi Mehdiyə ithaf…
Mövzumuzun başlığı “insanın məna axtarışı” olsa da, insan məna axtaran deyil, yaradan varlıqdır. İnsan şeylərin mənasını tapmır, yaradır. Şeylərin özü-özlüyündə mənası yoxdur. İnsan yoxdursa, məna da yoxdur. Mənalandırılmış dünya içində insanın olduğu və insanın içindəki dünyadır. İnsan yalnız mənalandırdığı şeyə ad qoya bilir. Ad qoymaqla varlığa ünvanlar yükləyir. Məna ünvandır. Adlandırılmamış dünya insan üçün ünvansızdır, deməli, mənasızdır. İnsan varlığa mənalar yükləməklə onu adlaşdırır, adresləşdirir, beləliklə, özünü şeylər dünyasında itkin düşməkdən qoruyur. Var olduğu aləmi mənalandırmaq insanı qorxularından arındırır.
Varlıq özü-özlüyündə adsızlar aləmidir. “Qara dəliy”in qara dəlik olduğunu biz bilirik, özü bilmir. Adsız aləm yalnız insanın oraya gəlişiylə adlar qazanır. Dil insanın varoluş xəritəsidir. Hər bir söz bir ünvandır. İnsan mənalandırıb ünvanlara çevirdiyi varlığı bir-biriylə əlaqələndirərək özü üçün var olduğu aləmi bilinən edir. İnsan bilmədiyinin korudur. İnsan bilməklə gerçəklikdən həqiqət yaradır. Həqiqət gerçəklikdən fərqli olaraq universaldır. Həqiqətin içində keçmiş və indi ilə birlikdə gələcək də var. İnsan həqiqət vasitəsilə gələcəyi də mənalandıra bilər. Yəni insan yoxdan da məna yarada bilir. Keçmiş olub, indi mövcuddur, gələcək isə hələ olacaq, yəni hələ yoxdur.
Tanrı, dini düşüncəyə görə, varlığı yoxdan var etməklə, onu gələcəkdən var edir. Yəni yaradılış gələcəkdən gəlir. Və gələcəyə qayıdır. Biz gələcəyə geri dönürük. İnsan gələcəkdə Marsa uçacaq. Mars milyon illərdir oradadır. Biz Marsa uçanda keçmişdəkinə uçacağıq, keçmişə uçacağıq. Keçmişə getmək mümkün deyil, keçmişə ancaq qayıtmaq mümkündür. Mars bizi həmişə keçmişdə gözləyir. Amma biz ona gələcəkdə gedəcəyik. Mars keçmişdə olduğu üçün biz oraya getməyəcəyik, qayıdacağıq.

Yuxarıda mənadan danışarkən qorxunun adını çəkdik. İnsan qorxunun övladıdır. Bütün canlılar qorxur və qoxduğundan bacardıqca uzaq yaşamağa çalışır. Yalnız insan qorxuğunu doğmalaşdıra, əhliləşdirə bilir. Qorxuların ən dəhşətlisi olan ölümü əhliləşdirir və bütün ömrünü bu qorxuyla birgə yaşayır. Varlığı mənalandırmaq varlığı əhliləşdirmək deməkdir. Fəlsəfə varlığın əhliləşdirilməsi prosesidir. Qorxunu doğmalaşdıran ona olan maraq duyğusudur. Suallarımız gizli qorxularımızdır. İnsan qorxularına sual verə bilməsəydi onun da dünyası heyvanat aləmi kimi mənasız bir dünya olacaqdı. Hətta bu gün də qorxularına sual verə bilməyən insanın, məsələn, kenqurudan yalnız bir fərqi var, o, balasını kisəsinə atmaq əvəzinə, əlindən tutub gəzdirir. İnsanlıq canlılar aləmindən sual verə bilmək bacarığıyla ayrılıb. Mənalandırdığımız hər şey suallarımızdır. Dildəki hər söz bir sualın cavabıdır. Söz ehtiyatı az olan dillər sualları az olan xalqların dilləridir. Maraq duyğusunun həyəcanını ifadə edən sual əvəzlikləri insanı məcbur etdi ki, dilini ağzında söz düzəldən çəkic kimi istifadə etsin. Bu “çəkic” insanın ağzında sağa-sola, aşağı-yuxarı dəyərək insan beynindən fışqıran maraq həyəcanını, səsi şəkilləndirdi. Varlığın yalnız insana aid olan yerində söz var, qalan yerləri səslidir. Məsələn, vəhy tanrının səsidir, bu səsi ərəb də eşidir, yunan da. Ərəb onu öz dilinə tərcümə edib din, yunan öz dilinə tərcümə edib fəlsəfə yaradır. İnsanın ilk əmək aləti əli deyil, dilidir. Dilindən sözdüzəldən alət kimi yararlanmaqla insan şeyləri mənalandıra bildi. İnsan mənaladıraraq qorxularını təkcə əhliləşdirib özünə doğmalaşdırmır, həm də onlardan heyran olduğu əsərlər yaradır. Şair ölümü arvadından daha çox sevir. Ölüm yalnız insan üçün heyran olunası bir fenomendir. Ölüm insan üçün artıq bioloji bir akt olmaqdan çox uzaqdır. İnsan ölümlə başqa bir dünyanın qapısını açdığını düşünür. Bu, mənalandırılmış ölümdür. Artıq yoxolma deyil, yeni bir varolmanın mümkün olduğu aləmlərə açılan qapısının açar dəstidir. İnsan onu qorxu olaraq qəlbində yox, açar dəsti olaraq cibində gəzdirir. Mənalandırılmış ölüm insan üçün qorxunu deyil, şərəfi, ləyaqəti, aşiqliyi, əbədi xoşbəxtliyi və s. canlı həyatdan daha üstün bir aləmdə varoluşu ifadə edir. Mənalandırılmış ölüm daha mükəmməl bir varoluş halıdır insan üçün. Bütün mifologiyalarda, dinlərdə, fəlsəfi təlimlərdə, sənət əsərlərində insanın ölüm qorxusunu əhliləşdirmək cəhdləri var. Əhliləşdirilmiş ölüm həyatdan daha dəyərlidir. İnsanın məna yaradıcılığının gücü də bundadır.

Yox olanı yox olmağa qoymayan mənadır. Məna yenidən var edəndir. Məna bütün hallarda ikinci həyatdır. İşıqdan əvvəl şeylərin rəngi yoxdur, işıq şeylərə rəng yükləyir. Yarpaq işıqla qarşılaşandan sonra yaşıl olduğuna inanır. İnsan da şeylərə məna yüklədikcə onlara yeni kimliklər qazandırır, onların var olduğuna inanır. Yoxluq dediyimiz anlayış varlığın mənalandıra bilmədiyimiz əraziləridir. Mənalandırılmış varlıq varlığın özü deyil, insanın var olduğunu özünə inandırdığı varlıqdır. Ağacı ağac, suyu su, tanrını tanrı olduğuna inandıran insanın onlara yüklədiyi mənadır. İnsan onlara yüklədiyi mənanı geri alsa, ağac da, su da, tanrı da bilinməz olar. Varlıq xaosa bürünər. Mənalandıram unverisal düzən yaradır. İnsan hər şeyə məna yükləməklə əvvəlcə hər şeyi özünə inandırır, sonra məna yüklədiyi hər şeyə özü inanmağa başlayır. İnsanı varlığın var olduğuna inandıran varlığa məna yükləyə bilməsidir.
Mənası olmayanın özü də yoxdur.
Dil təfəkkürdən həmişə sonra baş verəndir. Təfəkkürün dili səsdir, söz səsin şəklidir. İnsan öncə səsi, yəni təfəkkürün dilini qayalara şəkil kimi çəkirdi, sonra bu şəkillərdən söz yaratdı. Durğu işarəsi həmişə öncə təfəkkürdə qoyulur. Düşünülən dil ilə danışılan dil fərqli dillərdir. Orijinal dil təfəkkürün dilidir, peyğəmbərin vəhy dediyidir, danışılan dil düşünülən dilin əks-sədasıdır. İnsan mənanı təfəkkürdəki dil vasitəsilə yaradır, danışılan dil vasitəsilə ifadə edir. Məna ifadə edilərkən, yəni sözlərə çevrilərkən özündən xeyli şey itirir. Çünki təfəkkürü olduğu kimi dilə gətirmək mümkün deyil, ən zəngin dil belə söz ehtiyatına görə ifadə etdiyi təfəkkürlə müqayisədə yoxsuldur. İnsan təfəkkürünü həyəcanlandıran bəzi hisslərini hələ də səslərlə ifadə edir, çünki bu həyəcaları dilə gətirmək üçün söz aciz qalır. Həyəcan şiddətləndikcə dil tutulur. Biz mənalandırdığımız hər şeyə dil bəxş edirik. Mənası olmayan laldır. “Təbiətin dili”, “Sənətin dili”, “Əşyaların dili” və s. dedikdə onlara yüklədiyimiz mənalarla qurduğumuz ünsiyyətə işarə edirik. Mənalar bizimlə danışır, bəzən səsli, bəzən səssiz. Məsələn, musiqi öz mənasını bizə alətin səsiylə çatdırır, sakit dənizin isə səsə ehtiyacı yoxdur; biz suların izdihamına yüklədiyimiz ənginliyin mənasını səssizliyinə dalaraq anlayırıq. Biz bəzən şeylərin qəsdən səsini alırıq ki, onların mənasına dalaq.
Məsələn, sözlərlə deyil, anlayışlarla düşünməyi, zövq almağı bacaran kişi sevdiyi qadının gözəlliyinə dalmaq üçün onu səssizliyi dəvət edir. Əgər qadın zehni inkişafın söz mərhələsində ilişib qalıbsa dəvət olunduğu sükutu özünə təhqir kimi anlayır və qiyamət qoparır. Qadın səsinin eşidilməməsi gərəkən yerdə o qədər çənə döyür ki, gözəllikdən zövq almaq əvəzinə bir ifritəylə dalaşdığını görən kişi üzləşdiyi mənasızlığı unutmaq üçün içkiyə qurşanır. Bu, ona oxşayır ki, beyninizdəki günlük hay-həşiri söndürmək üçün dənizin nəhəng səssizliyinə dalmaq istədiyiniz yerdə qəfildən gözlənilməz bir dalğa yay mövsümündə sularda itkin düşmüş yırtıq bir dayı tumanını gətirib sifətinizə çırpır.
Varlıq ona yüklədiyimiz mənalarıyla bizə səslənir. Haydegger deyir: “Fəlsəfə var olanın varlığının bizə səslənməsinə diqqət edərək danışan xüsusi və qarşılıqlı bir ünsiyyətdir”. Mənalandırdığımız hər şey bizimlə danışır. Vəhy tanrının mələklərlə göndərdiyi səsdir, peyğəmbər tanrının səsini sözlərə çevirir. Tövrata görə, tanrı şeylərə ad qoymaq işini ilk insana – Adəmə həvalə edir. Adəm ad qoyaraq, yəni varlığı çağıraraq ona ilk mənalarını yükləyir. Adəm ağaca ağac dedikdən sonra ağac ağac olduğunu anlayır. Şeylər özləri də özlərini mənalarıyla tanıyır. Ağac bilir ki, ağacdır, fil deyil və bizə ağac kimi səslənir. Məna obyekti subyektləşdirir. İncil “öncə söz vardı” deməklə Adəmin varlığa adqoyma, yəni söz yaratma mərasiminə işarə edir. Mənalandırma Adəmlə başlayır. Adəməqədərki varlıq mənasızlıq mühitidir. Nəhayət, Quran “oxu” deyir. Dinə bir mədəniyyət hadisəsi kimi yanaşsaq ortaya mənanı yaradan – səs, söz, mətn – ardıcılığına uyğun bir sujet çıxır.
Təfəkkür və dil arasında həmişə dönər reaksiya baş verir. Təfəkkür sözlərə tərcümə edildiyi kimi, sözlər də təfəkkürə tərcümə edilir. Amerikalı psixoloq Culian Ceyns dilin yaranmasından (dilin, təxminən, əlli min il yaşı olduğu güman edilir) çox sonralar, təqribən, beş min il əvvəl icad edildiyi zaman yazı işarələrini oxumağın insan beynində emosional mətn qavrayışını yaratdığını, beləliklə, oxunan sözlərin maddi varlıqlar olaraq şüurumuza sızdığını irəli sürür. Ceynsin fikrincə, “buna görə də eramızdan əvvəl III minillikdə oxuma aktı, qavrayışımızda hecaların oxunmasından ibarət olan vizual oxu deyil, şəkil-simvollara baxaraq, mixi yazıları eşitməklə nitqin beynimizdəki hallüsinasiyası ola bilərdi”. Bu, o deməkdir ki, sözlər təfəkkürümüzdəki gerçəkliyin əks-sədası olaraq eşidildiyi kimi, eyni zamanda təfəkkürümüzdə də görünən gerçəkliyin hallüssinasiyasını yaradırlar. Amerikalı psixoloqun bu sözlərinə gözləri tutulan Borxesə dörd il kitab oxuyan Argentinalı yazıçı Alberto Maquel özünün “Kəlmələrin şəhəri” kitabındakı “Kassandranın səsi” essesində belə bir yekun vurur: “Dil təkcə adlandırmaqla kifayətlənmir, həm də gerçəkliyi yaradır: dil, kəlmələr və baş verənlərin hekayələri vasitəsilə gerçəkləşdirilən zehni canlandırma aktıdır”. Demək ki, insan dil vasitəsilə varlığı mənaladırmaqla onu canlılıq bəxş edir.
Varlığın canı onun mənasıdır. Deməli, mənasızlıq cansızlıqdır. İnsan cansız daşı heykələ çevirməklə ona məna yükləyir, heykəl isə ona baxanın beynində özünün canlı obrazını yaradır. Bütpərəstlik inancı gücünü bütlərin özündən almır, o bütlərin bütpərəstin zehnində yaratdığı canlı obrazlarından alır. Nəzərə alsaq ki, bütlər yerdə göyü təmsil edirdilər, deməli, onların insan beynində canlandırdığı obraz özləri deyil, təmsil etdikləriydi. Eynən şahmat fiqurları beynimizdə canlanaraq şaha, vəzirə, ata, topa çevrildiyi kimi. Eləcə də ölünü simvolizə edən məzar daşları altında yatanı beynimizdə yenidən dirildir. Tarixi abidələri, qəbirstanlıqları qorumaqla biz şüurumuzun canlılığını qoruyuruq. Muzeyin dəyəri qapısından daxil olarkən beynimizdə canlandırdığı tarixdir. Canlandırdığı tarix yoxsuldursa, muzey də maraqsız olacaq. İnsan məna yüklədiyi heç bir şeydən asanlıqla imtina edə bilmir. Bu, hətta bir vaxtlar yüklədiyi mənalarına görə köhnə əşyalarından ayrıla bilməyib həyatını əşya zibilliyində keçirənlərdə silloqomaniya xəstəliyinin yaranmasına səbəb ola bilir. Unuda bilmək üçün unudulan mənasını itirməldir. Unudulduğumuz hər yerdə mənamızı itirmişik.
Məna varlığı azadlıqdan məhrum edir. Heç bir şey insanın ona yüklədiyi mənadan insandan izin almadan kənara çıxa bilməz. Məna varlığın məsuliyyət zonasıdır. İnsan varlığa mənalar yükləməklə varlığın hər bir növünü məsuliyyətə cəlb edir. Mənasızlıq məsuliyyətsizlik deməkdir. Mənası olanın sərhədləri var. İnsan mənalar yükləməklə varlığı növlərə ayırır. Biz şeyləri sərhədləriylə tanıyırıq, onlarla sərhədlərinə görə davranırıq. Sərhədlərini bilmədiyimiz hər şey bizim üçün təhlükə mənbəyidir. Ad qoymaq sərhəd qoymaqdır. Adımız bizim xəritəmizdir. Adını bilmədiyimiz hər şey – bu, yemək də ola bilər, bitki də, ərazi də – bizi qorxudur. İnsan ad qoymaqla varlığı şifrələyir. Məna şifrədir. Şüurumuz şifrələr mərkəzidir. Şüurumuzda azadlıq deyə bir şey yoxdur, hər bir şey öz adıyla şifrələnib və bu adlar onların mənasını bildirir. Mənalandırmaq varlığı sərhədlərə ayırmaqdır. Sərhədlərin əhatə etdiyi ərazi məsuluyyət zonasıdır. Sərhədlərini tanıdığımız hər bir məsuliyyət zonasında təhlükədən uzağıq. Azadlıq təhlükədən uzaq olmaqdan başqa bir şey deyil və o yalnız sərhədlərini tandığımız məsuliyyət zonalarında yaşanıla bilən bir varoluş formasıdır. Azadlıq sərhədləri tanımaqdır, həm özünün, həm başqalarının.

Məna varlığı sərhədlər daxilində azad edir. Azadlıq bütün hallarda mövcudluğun formasıdır, varoluş şəklidir. Azadlıq mənanın deyil, formanın ifadə oluşudur. Məna azad ola bilməz, məna varlığın daşıdığı məsuliyyətdir. İnsan, varlığı mənaya cəlb etməklə məsuliyyətə cəlb edir və ondan yaralanır. Duyğunu şerin qəlibinə pərçimləyib onu istismar olunan hala gətirir. Musiqini nota məhkum edir. Tanrını vəhylə yerə endirib ayələşdirir, istifadəyə yararlı edir. Şeirdən kənardakı duyğu, notdan kənardakı musiqi, vəhydən kənardakı tanrı varlığı təmsil etmir. Varlıq universal istismar mühitidir.
Məna bilgi deyil. İnsan bilmədiklərini də mənalandıra bilir. Bilgi bilinəndir, konkretdir, məna bilinəni və bilinməyəni anlamaqdır, abstraktdır. İnsan bilmədiklərinə də məna yükləyib dilini aça bilir. Teoloji düşüncəyə görə, tanrı bilinməyəndir, amma bütün mənaların səbəbidir. Bilmək istəyi insanın başlanğıc istəyidir, məna axtarışı bu istəyin yekunudur. Müdriklik bilinəni anlamaqla başlar. Müdrik bilmək istəyini aşandır. Bilgi yalnız özündən ibarətdir, məna isə törəyə bilir. Müdriyin işi mənanı mayalandırmaqdır. Məsələn, “varlığı tanrı yaradıb” cavabı “bəs tanrını nə yaradıb” sualına qədər bilgidir, bu sual bilgini mayalandırır və insan yeni bir məna axtarışına çıxdığını elan edir. Bilgi bəsit və düzxətlidir, əldə olunması, ötürülməsi və qəbul olunması rahat və sürətlidir. Məna mürəkkəbdir, əldə olunması, ötürülməsi və qəbul olunması zaman alır. Bön Çul Hanın dediyi kimi: “Məna yavaşdır!” Məna sükunətdədir. Bilgi lampadır, məna onun içindəki sıxışdırılmış cindir. Şüşədən çıxsa böyüyəcək, artacaq. Cini ortaya çıxarmaq üçün Ələddin lampanın başına nəsə bir oyun açmalıdır. Cin (məna) Ələddinin (insanın) sayəsində canlanandır. Bilgi canlı deyil, bilgi mənalandırıldıqda canlanır. İkinci Dünya müharibəsində əlli milyon insanın ölümü bilgidir, duyğusuzdur, yalnız o ölü insanlardan birinin həyatını canlandırmaq bu bilgiyə məna qazandıra bilər. Məna canlandırılmış bilgidir. Mənanın axtarışında ağılla yanaşı, duyğu da iştirak edir, ağıl tapır, duyğu canlandırır. Deməli, mənalandırma varlığı canlandırma prosesidir. Mənanın bilgidən daha bir fərqi də budur. Bilgi aşağı düşüncənin axtardığıdır, ali düşüncə məna axtarışındadır.
Mənalar aləminə giriş var, amma çıxış yoxdur. Müdriyin geriyə yolu yoxdur. Bilgi mənalandırıldıqda canlanır və özünü aşır, məna bilgiyə çevrildikdə adiləşir. İldırımın çaxması bir zamanlar məna idi, bu gün bilgidir. Bilgi ilə məna arasında zaman fərqi olduğu kimi, məkan fərqi də var; məna insanda yaşayandır, bilgi isə həmişə insandan kənardadır. Tanrının hər şeydə var olduğunu iddia edən sufi inancına tanrı mənadır, tanrının hər şeyin kənarında, fövqündə olduğunu iddia edən dinlər onu mənadan məhrum edib bilgiləşdirir. İnanılan tanrı bilinəndir, bilgidir. Sifətləri, davranışları var. Tətbiqi mümkündür, praktikdir. Mənanın praktikaya endirilən yanı bilgi olan yanıdır. Bilgi və məna fərqləndirməsində biz daha iki anlayışla üzləşirik: gerçəklik və həqiqət. Gerçəklik həqiqətin bilinən, bilgilənən sifətidir. Həqiqət özü isə varlığın bütünü deməkdir, mənalandırılması mümkün, bilinməsi mümkünsüzdür. Gerçəklik insana görə dəyişmir, həqiqət isə dəyişir. Gerçəklik ümumidir, həqiqət xüsusi. Bir dəlinin gerçəklik duyğusu olmaya bilər, amma həqiqəti mütləq vardır. Gerçəklik şüur, həqiqət alt şüurdur. Bir insan gerçəkliyi aşıb həqiqətə çatdığını iddia edə bilər, amma bunu sübut edə bilməz.
Həqiqətə varış şüurlu proses deyildir. Həqiqət dəlilik sənətidir. Heç bir funksionallığı yoxdur. Fərdi olduğu qədər qeyri-müəyyəndir. Qeyri-müəyyənlik müəyyənlikdən daha çoxüzlüdür. Məsələn, oğlu cəbhədə itkin düşmüş ata həlak olmuş əsgərlərin tanınmasına dəvət edildikdə yalnız bir şey düşünür: kaş ki, oğlum həlak olanların arasında olmasın, itkin olaraq qalsın. Çünki itkinlik qeyri-müəyyəndir, tapılmaq ümidi var. Həlak olmaq isə müəyyəndir. Ümid yeri yoxdur. Çoxluq buna görə gerçəklərlə deyil, həqiqətlərlə yaşamağı üstün tutur. “Öldün, bitdi” gerçəkliyindənsə, “öldün, ardı var” həqiqətinə sarılır. Gerçəklik və həqiqət fərqləndirməsində yenə qorxu hissiylə qarşılaşdıq. Həqiqət gerçəkliyin fövqündəki qorxularımızı sığortalayır. Həqiqət mənalar dünyasıdır. İnsan digər canlılardan fərqli olaraq mövcud olmadığı, amma ola biləcəyini ehtimal etdiyi zamanın və məkanın da qorxularına sahibdir. Mövcud olmadığımız, amma ola biləcəyimiz zaman və məkan həqiqətin əraziləridir. Həqiqətin təsəvvürü dindir, həqiqətin axtarışı fəlsəfədir, həqiqət bilgiyə çevrildikdə elm adlanır, həqiqət təhrif olunduqda sənət ortaya çıxır. Həqiqət həmişə örtülüdür, bilinməzdir. Elm və fəlsəfə həqiqəti tapan kimi “soyundurur”.
Din və sənət isə onu zövqünə uyğun “geyindirir”. Din və sənət həqiqətə dillə dərzilik edir, simvollarla, rəmzlərlə, rituallarla, obrazlarla, metaforalarla ona paltarlar biçir. Dində və sənətdə məna həmişə örtülüdür. Dil bu örtüyü metaforalarla ifadə edir. Əsl olanın özünü gizləyib oxşarını təqdim edir. Metafora mənanın örtüyüdür, məna metafora ilə özünü yad gözlərdən gizləyir. Metafora mənanın duvağıdır. Tanrının dilidir. Sənətin dilidir. Məna çılpaqlaşanda informasiyaya çevrilir. Yenə də Çul Hanın sözləriylə desək, informasiya pornoqrafik bilgidir. Məna həmişə erotikdir. Müqəddəs Kitablar həqiqətin ifadə formalarına görə, erotik kitablardır. Yəhudi filosofu Qerşom Şolem “Kabbala və onun simvolizmi” kitabında Tövratın mətnini sarayda yaşayan bir məşuqəyə bənzədir. Bu məşuqənin kimsənin tanımadığı bir aşiqi vardır. Məşuqə, yəni Tövratın mətni hərdənbir sarayın pəncərəsinin pərdəsini aralayıb özünü bir anlıq aşiqinə göstərir və geri çəkilir.
Aşiq heç vaxt onu bütün olaraq görə bilmir, Şolem yazır. Demək ki, müqəddəs mətnin mənasıyla tanış olmaq üçün onunla sevgili olmalısan. Məna ilə ünsiyyət bir eşq oyunudur. Eyni eşq oyunu islam sufiləriylə Quran mətnləri arasında da yaşanır, baxmayaraq ki, Quranda “eşq” deyə bir kəlmə keçməz.
Mənanın və həqiqətin örtülü olması, təsvirdə deyil, təsəvvürdə görünməyə can atması, varlığın sirrini erotik bir cazibədarlıqla qoruması onların bir-biriylə bağlılığını müjdələyir. Görüntü olmaqdan məmnunluq duyan yalandır, mənasızlıqdır. Çılpaq olan varlığın qəbul etmədiyi, özündən qovduğu, sirrə ögey olan tullantıdır. Pornoqrafiya varlığın zibilliyidir. Sirr görünməz və göstərməz. Məna, məna olduğunu bəyan etməz. Həqiqət, həqiqət olduğunu iddia etməz. İnandırmaq zərurəti yalanın ehtiyacıdır. İnananın öz inandığına başqalarını da inandırmaq canfəşanlığı içindəki əminlik hissinin yox, şübhənin təlaşıdır.
İnanan öz inandığına başqalarını da inandırmaqla içindəki şübhəni basdırmaq istəyər. İnananların sayı çoxaldıqca şübhə əminliyə çevrilər. İnananın əminliyinin arxasında say çoxluğu, kəmiyyət dayanır. İnam başqaları da inandıqdan sonra inanc olduğunu iddia edər. Say çoxluğuna söykənən həqiqət inananlarının sayı çoxalmış yalandır. İnanan öz inandığına inandıra bildiyi başqalarını sonradan inandığının sübutuna çevirir.
İnandırmaq ehtiyacı yalanın ehtiyacıdır. Yalan, yalan olduğunun üzə çıxacağından həmişə ehtiyat edər və bunun qarşısını almaq üçün sürəkli özünü çoxaldar. Həqiqət özünü biləndir! Başqasının onu bilməsinə ehtiyac duymaz. Ona görə həqiqət heç vaxt gəlməz, heç vaxt özünü çoxaltmaz, ayağına aparar və susdurar. Həqiqət dili açmaz, bağlayar. Yalan isə özü gələr. Kimsə yalana varmaz, onu axtarmaz. Yalan insanın qulağından girib ağzından çıxar. Yalanın lalı olmaz. Həqiqətin sübutu özüdür. Həqiqət özü sübutdur. Yalanın isə minlərlə sübutu vardır. Yalan sübutunu həmişə üstündə gəzdirər. Yalanın içi boş, üstü doludur. Həqiqət axtarışına inandığına şübhə edənlər çıxar. İnanmaq yolun sonu yox, başlanğıcıdır. Həqiqəti tapan özünü itirər, özünə aid olanları da itirər. Həqiqətə varınca inam da, şübhə də yoxa çıxar.
İnsan həqiqətə sıfır “mən”liklə daxil ola bilər və həqiqətə daxil olunca super “mən”lik qazanar. İnsanı həqiqətin ayağına mənalar aparar. Dini leksikonla desək, mənalar həqiqətin ölüm mələkləridir. Yolboyu həqiqətə can atan “mən”in ölümünü gerçəkləşdirərlər. Sirr, sirr olana açılar. Məna “mən”i öldürüb həqiqətə, sirrə təslim edər. Həqiqətə aparan yol buna görə əzablıdır. Əzab yolboyu mənanın “mən”liyi varlığın zir-zibilindən arındırıb heçkimləşdirməsidir. Psxiterapevt Rollo Meyin sözləriylə desək, əzab yaradıcılığa yol açan tayı-bərabəri olmayan qiymətli bir lənətdir. İnsan yaradıcılıqla lənətdən arınır. Lənətdən arınma mənalar dünyasında baş verir. Həqiqətin qapısı lənətdan arınmışa açıqdır. Reinkarnasiya lənətdən arınma prosesidir.
İnsan lənətin bədənidir. Bədənə bağlılıq lənətə xidmətdir. Məna buna görə bədənsizdir, görünməzdir. Ona çan atan “mən”ini də örtünməyə, gizlənməyə məcbur edir. Varlığın yoxluqdan yaranması, yaxud yaradılması fikri də yaradılışın lənəti olmayandan törədiyinə işarədir. Varlığın irəliləyişi geriyə qayıdışdır. Yoxluqdan yoxluğa yolçuluqdur. Sonsuzluq təsəvvürümüz yoxluğun mirasıdır. Var olan sonludur. Gecə və gündüz kimi varlıq və yoxluq da bir-birini əvəz edir. Yox olan varlığı, var olan yoxluğu yaradır. Məna varlığı yoxluğa hazırlayır. Mənası olmayan yox olmaqdan qorxur, çünki sirrdən agah deyil. Məna sirri mühafizə edir. İnsanın məna axtarışı sirr axtarışıdır. Sirri bilmək bizi qorxudan arındırır. Bunu lap başdan söyləmişdik.
İnsan həm mənanı yaradır, həm mənanı istehlak edir. İnsanın ən çox istehlak etdiyi mənalardan biri tanrıdır. Tanrı eyni zamanda digər mənaları yaratmaq üçün ən çox istifadə olunan psixoloji bir alətdir, həm də elə bir müdhiş alətdir ki, insan tanrı vasitəsilə yaratdığı mənaları tanrının özünün yaratdığına inanır. Daş baltanı insan öz qolunun davamı kimi görürdü, elektrikli daş mişarının isə insan bədəninə və iradəsinə üzvi bağlılığı yoxdur, onun yonduğu daşda insan əli birbaşa iştirak etmir. Beyin daş mişarının məhsulunu “mişar daşı”, yəni mişarın yaradıcılığı kimi dəyərləndirir. İnsanı yaradıcılıq prosesinin kənarına atır. O artıq elektrikli mişarın yaratdığı daşın istehlakçısıdır, baxmayaraq ki, dəzgahı özü yaradıb. O, indi öz yaratdığı ilə sadəcə qürur duyur. Eyni özgürləşdirmə aktı tanrıyla münasibətdə də baş verir.
Əşyavilikdən başlayıb səmaviliyə gedən yolda tanrı zamanla insandan uzaqlaşaraq müstəqillik qazanır və beyin onun vasitəsilə yaradılan mənanı onun yaradıcılığı olaraq qəbul edir. İnsan nə üçün öz iradəsiylə və iradəsinin kənarında bağ qura biləcəyi bir güc yaratmaq ehtiyacı hiss edir? Bunun ən gözəl cavabı avstriyalı psixoloq Viktor Emil Franklın “İnsanın məna axtarışı” kitabında verilib. İkinci Dünya müharibəsi illərində alman faşistlərinin əsir düşərgəsində üç il ölüm və işgəncələrlə burun-buruna yaşayıb sağ qalmağı bacarmış Frankl yazırdı: “Sağ qalmaq şansı ən yüksək olanlar gələcəyə və gələcəkdə var olması mümkün olan bir mənaya bel bağlayanlardır”. İnsan sağ qalmaq üçün həmişə özündən kənarda, gələcəkdə bir məna yaratmağa məhkumdur. Daş mişarını və tanrını özgürləşdirməsi insanın praktik ehtiyacıdır. Daş mişarı və tanrı bizim sağ qalmaq şansımızı çoxaldırsa, niyə onları şərəfləndirməyək?




