Maddənin gizli həyatı – Nərmin Kamal

DAHA.az Nərmin Kamalın “Maddənin gizli həyatı” essesini təqdim edir. 

Musiqi dinləyəndə qulağa səs dalğaları çatır, beyində neyron fəaliyyəti işə düşür, sonra bu fiziki mexanizmləri aşan insan hissləri yaranır, üstəlik, eyni melodiya müxtəlif insanlarda fərqli hisslər doğurur. Bu, yalnız musiqiyə aid deyil, rənglərdən zövq almaq, ağrı hiss etmək, ümumiyyətlə, bütün qavrayışımız fiziki proseslərin daxili yaşantıya çevrilməsinə əsaslanır. Müasir şüur fəlsəfəsinin ən çox müzakirə doğuran sualı elə budur: Fiziki beyin proseslərindən birinci şəxs təcrübəsi necə yaranır?

Bu suala “Şüurun çətin problemi” adı qoyulub* və problem müasir fəlsəfədə ümumi konsensusla elə bu adla da tanınır. Şüurun çətin problemi maddə və ruhun bir-birinə necə qarşılıqlı təsir etməsi haqda klassik sualın müasir versiyasıdır. Müqayisə üçün, şüurun asan problemləri isə elmin standart metodlarıyla öyrənilə biləcək şüurun funksiyları, dinamikası və quruluşu haqda suallardır. Məsələn, beynimiz informasiyanı necə emal edir? Diqqətimizi bir obyektə necə yönəldirik? Yuxu ilə ayıqlıq arasındakı neyroloji fərqlər nələrdir? Yaddaş necə formalaşır? Beynin hansı neyron şəbəkələri hansı emosiyaları idarə edir? Elmə məlumdur ki, gözə düşən vizual məlumatın beynin arxasındakı optik sinirə təsiri nəticəsində neyron hərəkətlənməsi olur və biz görə bilirik. Elm insanın qırmızı qızılgül görməsiylə sarı qızılgül görməsi arasındakı fərqi beynin reaksiyaları kimi izah edə və qeydə ala bilir. İnsan rəngləri, fiqurları görür, toxunaraq hiss edir, qoxunu duyur, ağrı hiss edir, bütün bunların neyronların bir-birinə siqnallar ötürməsinə görə olması faktdır. Məlumdur ki, qısa dalğa kombinasiyaları beyin qişamıza təsir edərkən bu, öz növbəsində mərkəzi sinir sistemimizdə dəyişiklik yaradır, “səma mavidir” deyəndə səs tellərinin, ciyərlərdəki hava axınının işi də məlumdur. Lakin beyin elmlərində cavab tapılması mümkün olan bu kimi məsələlər şüurun ən dərin sirrini, – birinci şəxs təcrübəsinin özünü izah etmir.

Fiziki proseslər niyə və necə olur ki, subyektiv təcrübəni doğurur? Fiziki aləmin saysız-hesabsız hadisə və proseslərinə insan niyə fərdi daxili aləmində sırf özünə aid təəssüratla (bu təəssürata fəlsəfədə “qualia” deyilir) reaksiya verir? İnsanın ətrafında və bədənində baş verən fiziki prosesləri öz daxili kinosu kimi yaşamasının səbəbi nədir? Ümumiyyətlə, necə olur ki, fiziki kütlə olan, məkanda yer tutan maddi beyin və qeyri-maddi şüur bir-birinə qarşılıqlı təsir göstərir?

İnsan dünyanı şüur vasitəsilə qavrayır və dərk edir, sonra isə bu qavrayış və dərketməni həyata keçirən şüur haqda düşüncələrə dalır ki, bu metadüşüncə – düşüncə haqda düşncə də şüur vasitəsilə həyata keçir. Şüuru dərk etmək üçün yeganə alətin elə şüurun özü olması çətinlik yaradan başlıca amildir.

Fəlsəfə o suallarla məşğul olur ki, elmin onlara cavabı yoxdur, elmin birmənalı cavabı olanda fəlsəfə o sualları tərk edir. Bugünədək şüurun çətin problemini həll etməyə çalışan bir neçə fəlsəfi yanaşma olub, lakin heç biri buna nail olmayıb. Nəhayət, şüurun çətin probleinini həll etmək üçün bir sıra filosoflar radikal bir ideyaya üz tutublar: Bəlkə şüur maddənin daxili fundamental bir xüsusiyyətidir? Bu baxış panpsixizm adlanır.

Panpsixizmə görə, şüur beyindaxili fiziki proseslər nəticəsində qəflətən yaranmır, o, maddənin öz təməl xüsusiyyətlərindən biridir. Dünyadakı hər bir fiziki zərrəcik həm də proto-şüurcuqdur. İnsan təkamülü subatomik səviyyədən başlanıbsa, təkcə bütöv bir orqan kimi beyin deyil, ayrı-ayrı hüceyrələr də, atomlar da, onların hissəcikləri də bu müddətdə proto-şüuri təcrübə, şüur çalarları və yaxud şüurun ilkin forması kimi daxili təcrübə xüsusiyyəti əxz edib. Şüur maddədə fiziki proseslər nəticəsində “qəfil” yaranmır, o, maddənin kütlə, yük və ya fırlanma momenti kimi xüsusiyyətlərindən biridir. Panpsixizm mövqelərindən çıxış edən filosoflar təklif edirlər ki, son bir neçə əsrdə fizika elmi zəruri olduqda yeni fundamental xassələri qəbul etdiyi kimi, proto-şüurluluq xassəsinini də təbiətin fundamental quruluşunun bir hissəsi kimi qəbul etsin.

Panpsixizm cansız maddənin də əslində şüurlu olmasından danışarkən heç də onu nəzərdə tutmur ki, cansız aləm kimi tanıdığımız maddi gerçəklilk – daş, torpaq, sümük biz insanlar kimi fikirləşir. Burada şüur deyilərkən fikirləşmək yox, subyektiv təcrübə nəzərdə tutulur. Panpsixizmə görə, təfəkkür və varlıq, ruh və bədən arasında kəskin bölgünün əsası yoxdur, çünki onların hər ikisinə müəyyən səviyyədə şüur xasdır. Panpsixizm maddi şeylərin sözün hərfi mənasında insan kimi şüurlu olması deyil, kainatı təşkil edən fundamental elementlərin ən sadə daxili mental təcrübəyə malik olması və insan beyninə xas mürəkkəb təcrübənin əslində beynin ən sadə tərkib hissələrinin mental keyfiyyətlərinin cəmi olması haqda nəzəriyyədir.

Panpsixizm dini-mistik təlim deyil, onu hər şeyin ruhunun olması haqda animizm, hilozoizm kimi qədim insanların mifik təlimləriylə də eyniləşdirmək olmaz; o, elmi metod və məntiqi fəlsəfənin iki əsas aləti hesab edən analitik fəlsəfədə araşdırılan naturalist bir yanaşmadır. Müasir şüur fəlsəfəsində panpsixizmin çoxlu tərəfdarları var. Panpsixizm özündən əvvəlki iki klassik baxışı – klassik substansiya dualizmini və reduksionist fizikalizmi inkar edir. Bu iki yanaşmanın nə demək olduğunu qısaca nəzərdən keçirək.

Klassik dualizmin banisi Rene Dekartdır. O, “İlk fəlsəfə haqda meditasiyalar” (1641) əsərində şüuru ruhi, bədəni maddi olmaqla iki müstəqil substansiya hesab edərək, məsələyə dualist izah verib. Buna görə də həmin baxış substansiya dualizmi adlanır. R.Dekarta görə, ruh və maddə beynin hipofiz vəzində qarşılıqlı əlaqəyə girir. Lakin o, bu iki fərqli substansiyanın bir-birinə nə cür qarşılıqlı təsir göstərməsi haqda suala cavab verməyib ki, böyük müzakirələr doğuran fundamental sual da elə budur.

Rene Dekart
Rene Dekart

Panpsixizmin inkar etdiyi digər yanaşma olan Fizikalizm isə hesab edir ki, şüur da daxil olmaqla, hər şey fizikanın qanunlarıyla izah oluna bilər. Sərt fizikalizmə “reduksionist nəzəriyyə” də deyilir, çünki reduksionizm  bir metodoloji yanaşma kimi mürəkkəb fenomenləri onların sadə fiziki komponentlərinə endirərək izah etməyə çalışır. Şüur fəlsəfəsində fizikalizmi sual altına alan və birinci şəxs təcrübəsi haqda məsələnin ciddiliyini göstərən bir neçə fikir eksperimenti var. Onlardan ikisini nəzərdən keçirək. “Merinin otağı” fikir eksperimentinə görə, Meri adlı bir alim ağ-qara otaqda yaşayır, heç vaxt həmin otaqdan kənara çıxmayıb və ömründə başqa bir rəng görməyib. Buna baxmayaraq, rənglərin beynimizə təsiri haqda fizikanın bütün mövcud qanunlarını və faktlarını öyrənərək elmi tədqiqat aparır. Tədqiqatlarının elmi baxımdan tamamilə doğru olduğu təsdiqlənib. Lakin bir gün o, rənglər üzrə fizika mütəxəssisi Meri, həmin otaqdan kənara çıxaraq, qırmızı, sarı, çəhrayı, yaşıl və başqa rəngləri öz gözləriylə görür. Paradoks buradadır: Rəngləri özü görəndən sonra, bu birinci şəxs təcrübəsi ilə onun tədqiqatlarında nə isə dəyişəcəkmi? Başqa bir eksperiment, “Zombi” fikir eksperimentində isə eynilə bizim bədənimiz kimi bədənə malik olan, amma ağrımaq, rənglərdən təsirlənmək, nostalgiya hiss etmək, ümid etmək, düşünmək kimi qabiliyyətləri olmayan varlıqların yaşadığı dünya təsvir edilir. Elə bir dünyanın olması nəzəri cəhətdən mümkündür. Fizikalizmin təsvir etdiyi şüur daha çox həmin şüurdur, ya biz insanların şüuru? Bu iki fikir eksperimenti sərt fizikalizmi şübhə altına alır.

Emergentizm adlanan bir yanaşma da var ki, dualizm və fizikalizmi barışdırmağa çalışır. Emergentizmə görə, bəzi fiziki sistemlər (beyin) quruluşca elə mürəkkəb səviyyəyə çata bilir ki, onlarda gözlənilmədən keyfiyyətcə tamamilə yeni, fərqli xüsusiyyətlər (şüur) ortaya çıxır. Bu yeni keyfiyyətləri əvvəlki, daha aşağı səviyyəli şərtlərlə izah etmək mümkün deyil, çünki varlıq laylı, təbəqəlidir, hər bir təbəqə quruluşca özündən aşağıdakı təbəqələrdən daha mürəkkəbdir. Bəzi fiziki sistemlər mexaniki aqreqat kimidir, məsələn, çınqılları suya atıb qarışdırsaq, o, özündən daha aşağı səviyyəli xüsusiyyətlərə endirilərək (çınqıl və su) izah edilə bilər, beyin kimi mürəkkəb fiziki sistemlərdə isə belə deyil, şüur onu əmələ gətirən alt təbəqələrin sadə cəmi olmadığı üçün onu özündən əvvəlki təbəqənin xüsusiyyətləri ilə izah etmək mümkün olmur. Beləliklə, emergentizmə görə, şüur məhz müəyyən mürəkkəbliyə çatan beyin kimi fiziki sistemlərdə ortaya çıxan ali keyfiyyətdir. Bu yanaşma da məhdud hesab olunur, çünki o, yenə də birinci şəxs təcrübəsinin, mental xüsusiyyətin təbiətdə qəflətən necə ortaya çıxması haqda sualı izah etmir.

Bu ziddiyyəti həll etmək üçün panpsixizm tərəfdarları dörd müqəddiməyə əsaslanan aşağıdakı arqumentlə çıxış edirlər:

– İnsanın əmələ gəldiyi maddə tərkibi etibarilə başqa maddələrdən fərqli deyil.

– Mental hallar (ağrımaq və s.) insanların real xüsusiyyətləridir.

– İnsanların bütün xüsusiyyətləri onları əmələ gətirən hissələrin xüsusiyyətlərindən irəli gəlir.

– Mental hallar təkcə fiziki xüsusiyyətlərdən yarana bilməz.

Nəticə: Deməli, bütün maddələrin şüurabənzər xüsusiyyətləri var.

Yaxud da elə bir ortaq material mövcuddur ki, həm maddi, həm də qeyri-maddi xüsusiyyətlər ondan əmələ gəlib. Daha neytral səslənən bu sonuncu fikrin müəllifi Bertran Rassel olduğuna görə, ona Rassel monizmi də deyilir. Rassel “Maddənin təhlili” (1927) və “İnsan biliyinin miqyası və məhdudiyyətləri” (1948) əsərlərində bu mövqedən çıxış edirdi ki, həm maddi aləm, həm də şüur əslində eyni neytral “xammal”ın müxtəlif tərəfləridir.

Məqaləmizin bu yerində özünü panpsixizm tərəfdarı hesab edən bir neçə filosofun maraqlı mülahizələrinə nəzər salaq. Tomas Nagelin “Yarasa olmaq nə deməkdir” (1974) essesi belə bir mövqedən çıxış edir: Şüur təcrübəsinə aid elə faktlar var ki, onlar subyektivdir və yalnız suyektiv perspektivdən anlaşıla bilər; yarasalar haqda bütün faktları bilsək də, yarasa olmağın necə bir şey olduğunu özümüz üçün təsəvvür etsək də, yarasa üçün yarasa olmağın əslində nə demək olduğunu bilə bilmərik. Devid Çalmers isə şüurun çətin problemini həll etmək üçün belə bir arqument irəli sürür: Fiziklər fəza, zaman, çəki kimi anlayışları kainatın fundamental xüsusiyyətləri kimi götürürlər. Bunlar elə fundametal xüsusiyyətlərdir ki, özlərindən daha primitiv şeylərlə izah oluna bilmir. Lakin bəzən fundamentalların siyahısın genişlətmək ehtiyacı yaranır. XIX əsrdə elektromaqnetik sahə qanunları üzərində işləyən Maksvel də oxşar vəziyyətlə üzləşmişdi: mövcud fiziki anlayışlarla nəzəriyyəsini tam izah etmək mümkün deyildi, ona görə də o, elektrik yükünü fundamental ölçü kimi qəbul etdi. Bənzər şəkildə, şüurun çətin problemini həll etmək üçün də bəlkə elmdə kainatın fundamentallarına bənzər yeni anlayışlar əlavə etmək lazım gələcək. Başqa sözlə, şüur problemini həll etməyin də yolu elmdə kainatın fundamentalları kimi qəbul olunan siyahıya, yəni təbiətin əsasında duran kərpiclərə birini də – mental xüsusiyyəti də artırmaqdan keçir. Müasir panpsixizmin daha bir nümayəndəsi filosof Galen Strausonun arqumentlərinə də baxaq: “Fizikalizm kainatdakı hər bir real, konkret fenomenin fiziki olmasına inanan təlimdir. Şüur, fenomenologiya, hiss, təcrübə, adına nə deyirsizsə deyin, bunlar faktdır. Birinci şəxs təcrübəsindən daha çox əmin olduğumuz bir şey yoxdur. …Şüuru ciddi qəbul edən hər bir əsl materialist/fizikalist alim panpsixizmi də qəbul etməlidir. Fizikalist olmaq panpsixizmi istisna etmir, əksinə. Çünki hər bir fiziki nəsnə təcrübə edən varlıqdır.”  G.Strausonun fikrincə, panpsixizmə qarşı müqavimət göstərmək ona görə səhv etmək deməkdir ki, müqavimət göstərənlər fiziki maddənin və mövcudluğu təcrübə etməyin barışmaz dərəcədə fərqli şeylər olduğuna inanırlar. “Fiziki aləm haqda hər şeyi bildiyimizi güman etməyə elə də yaxşı səbəbimiz yoxdur ki, bu səbəb fiziki fenomenlərin təcrübə edən fenomenlər olduğu haqda fikirdə problem görməyə əsas versin.”

Galen Strauson
Galen Strauson

Beləliklə, gündəlik həyatda şüur deyərkən insanların düşünmək qabiliyyəti başa düşülür, fəlsəfədə isə şüur deyərkən hiss üzvlərinin verdiyi məlumatları, duyğuları, qavrayışları, düşüncələri insanın özündən asılı olmadan ani əlaqələndirən və fərdin subyektiv təcrübəsini əmələ gətirən fenomen nəzərdə tutulur. Şüura belə bir tərif də versək, onu təhrif etmiş olmarıq: şüur insanın gerçəklik haqda subyektiv təcrübəsidir.  Şüura belə yanaşdıqda panpsixizmin şüuru az və ya çox dərəcədə hər şeyə xas olan universal xüsusiyyət kimi görməsini anlamağa doğru böyük bir addım atmış oluruq.

Bu yazıda biz mövzu haqda sadəcə giriş xarakterli söz açdıq. Panpsixizmin çoxlu nüansları, eyni zamanda məhdudiyyətləri, çətinlikləri var. Məsələn, hazırda şüur fəlsəfəsinə dair akademik jurnallarda panpsixizm haqda yazan müəlliflər panpsixizmə xas Kombinasiya problemini – kiçik şüurlu zərrəciklərin böyük şüuru necə əmələ gətirdiyi sualını həll etməyə çalışırlar.

Panpsixizm haqqında daha dərindən öyrənmək üçün çoxlu kitablar var. Həmin kitablar mövzunun tarixi köklərini, aktual mübahisələrini əhatə edir və oxucuları şüur müəmması haqda düşünməyə dəvət edir.

 

Qeydlər:

*Fəlsəfəyə “Şüurun çətin problemi” ifadəsini David Chalmers 1995-ci ildə Şüur tədqiqatlarına həsr olunmuş akademik jurnalda çıxan məqaləsində gətirib, bu ifadə onun 1996-cı ildə çıxan “The Conscious Mind” (Şüurlu zehin) kitabında daha geniş şəkildə işlənərək, fəlsəfi müzakirələrdə oturuşub.

 

OXŞAR XƏBƏRLƏR