Pannonhalmada yerləşən Macarıstanın ən qədim kitabxanalarından birində 100 mindən çox kitab təhlükə altındadır. Kitabxananın ən çox kitab saxlanılan hissəsi çörək böcəklərinin istilasına məruz qalıb. Kitabları xilas etmək üçün təmizləmə işinə başlanılıb.
Min illik Pannonhalma Monastırında yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısında yer alan bu kitabxana ölkənin ən qədim təhsil ocaqlarından biri kimi tanınır. Mütəxəssislər bildirirlər ki, kitabxananın bir çox hissəsinə yayılan bu böcək istilası ciddi səviyyədədir və bütün kolleksiyaya eyni anda müdaxilə edilməsini tələb edir.
Kitabxananın direktoru Ilona Asvanyi məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, kitabxanadakı ən qədim və nadir kitablar xüsusi yerdə qorunur və böcək hücumuna məruz qalmayıb. Asvanyi əlavə edib ki, kolleksiyaya dəyə biləcək hər hansı zərər mədəni, tarixi və dini irsə bir zərbə olacaq.
Kitablar təmizləmə prosesindən sonra yenidən yerlərinə yerləşdirilməzdən əvvəl tək-tək yoxlanılacaq və tozdan təmizlənmək üçün vakuumlanacaq. Zərər görmüş kitablar isə restavrasiya üçün ayrılacaq.