Knausqor: “Biz həmişə keçmişi yaşayırıq…” – Müsahibə

Daha.az görkəmli norveç yazıçı Karl Uve Knausqorla müsahibəni təqdim edir. 

 

– Əlinizin altında olan kitablar hansılardır?

– Masanın üstündə bir yığın kitab var. Oxumaq istədiklərim, oxumağa məcbur olduqlarım və ya faydalı ola biləcəyini düşündüyüm kitablar… İd, eqo və supereqo kateqoriyaları üzrə qruplaşdırmışam. (tər. “İd”, “eqo” və “supereqo” termini Ziqmund Freydin psixoanalitik nəzəriyyəsində insan psixikasının üç əsas strukturunu təsvir edir.) İlk qrupda Con le Karrenin “Gecə müdiri”, Ross Raisinin “Təbii”, Olivia Manningin “Balkan trilogiyası”, Con Keenenin “Əks hekayələr” və Yevgeni Zamyatinin “Biz” kimi əsərləri var. İkinci qrupa isə şeytanın tarixi barədə üç kitab, orta əsrlər sehr sənəti haqqında kitab, Thomas Mannın “Doktor Faust”, Hötenin “Faust”u və Rusiyaya aid bir çox əsərlər daxildir. Supereqo isə dəyişmir; orada Adorno, Haydegger və əvvəlki yunan filosoflarının kitabları var.

– Son oxuduğunuz böyük kitab hansı idi?

– Son oxuduğum böyük roman Claire‑Louise Bennettin “Pond” əsəri idi.

– Kitabları necə seçirsiniz? Dost tövsiyələri, təhlil və ya digər meyarlara görə?

– Əslində, kitabların arxasında yazılan təriflərə diqqət edirəm. Yox, yox bu zarafat idi… Daha çox müəllif və redaktor dostlarımın tövsiyələrinə güvənirəm. Sayca az olsalar da, etibar etdiyim bir neçə tənqidçinin fikri də önəmlidir.

– Son zamanlarda bir kitabdan öyrəndiyiniz ən maraqlı şey nə oldu?

– Bir şeyi gördüyümüz zaman bunu gözlərdən beyinə ötürülən məlumat kimi düşünürük. Əsas məsələ odur ki, bu axın əks istiqamətdə işləyir. Yəni biz gördüyümüzü düşünürük, əslində, beyin gördüklərini təhrif edir. Bu məni həmişə düşündürüb. Devid İqlmenin “Beyin: Sənin hekayən” kitabını oxuyanda bu şübhələrimin doğruluğunu gördüm. Hava limanından aldığım bu kitabı evə çatanacan – tam beş saat ərzində oxuyub bitirdim. Həmçinin öyrəndim ki, görmək yalnız gözlə bağlı deyil, bütün bədən və hisslərlə əlaqəlidir, görmək fiziki prosesdir. Bir də var, biz gördüyümüz hər şeyi müəyyən gecikmə ilə qəbul edirik, yəni biz həmişə keçmişi yaşayırıq. Gördüyümüz hər şey artıq baş vermiş olur. Əlavə olaraq, zaman duyğusu və mənlik hissinin itməsi kimi halların nevroloji izahı var: belə hallarda ön beyinin fəaliyyəti azalır, beləliklə, abstrakt düşüncə, gələcək planlama və mənlik duyğusu zəifləyir. Belə vəziyyətdə insan özünü itirir və sanki dünyaya aid olan bir heyvana çevrilir.

– Yaxın zamanda ilk dəfə oxuduğunuz klassik roman hansı olub?

İndi əvvəlki kimi oxumuram, amma bir müddət əvvəl Nobel Akademiyasının sabiq katibi Hores Enqdahlın çıxışını izlədim. Bir müddət əvvəl depressiyaya düşdüyünü, bu vəziyyətdən Turgenevin “Ovçunun xatirələri” əsərinin köməyi ilə çıxdığını qeyd edirdi. O kitabı dərhal aldım və oxudum. Hekayəsi çox sadə idi, süjet xətti yox idi, eləcə həyat və təbiət haqqında bir əsər. Eyni anda həm həyəcanlı, həm sakit, həm də hüzurlu hiss etdirirdi. Ümidverici bir kitab idi. Əslində, izahı çətindir, gərək özünüz oxuyasınız.

– Ən sevdiyiniz Norveç yazıçıları kimlərdir?

– Tarey Vesos tarixin ən dəyərli Norveç romanı sayılan “Quşlar” əsərinin müəllifidir. Tam sadə, incə və çox duyğulu. Məncə, bu əsər populyar bir dildə yazılsaydı, keçən əsrin ən böyük klassiklərindən biri sayılardı. Knut Hamsunun üslubu mənə fövqəladə gəlir, cümlələri parıldayır və hər şeyi canlı edir. Çağdaş yazıçılardan Ture Erik Land, İngvild Bürkey və Steynar Opstad, Ketrin  Knudsen, Kristin Naess, Yun Fosse kimi qələm sahiblərini sevirəm.

– Ən çox heyran olduğunuz yazıçılar kimlərdir?

– Bir neçəsini sayım: Peter Handke, V.S. Naypol, Svetlana Aleksiyeviç, Enn Karson, Ben Markus…
Oxuyuram və rəfə qoyuram. Yaddaşım zəifdir, ona görə də dörd kiçik evimin hansında hansı kitabların olduğunu xatırlamıram. Axtardığım kitabı tapmaq üçün rəflərə baxa-baxa qalıram. Yorucudur, amma üstünlükləri də var. Arada gözlənilmədən varlığından xəbərsiz olduğum gözəl kitablarla qarşılaşıram. Hansısa bir kitabın bir gün yazı prosesində köməyimə çata biləcəyini düşünürəm, buna görə də baş sındırmadan çoxlu və müxtəlif kitablar alıram.

– Aldığınız ən yaxşı hədiyyə nə idi?

– 10 yaşımda anam Ursula K. Le Quin’in “Yer dənizinin sehrbazı” kitabını gətirmişdi və sözün əsl mənasında birnəfəsə oxumuşdum. İllərlə bu kitabı təkrar-təkrar oxudum. Mənə bir şeyin dəyişə biləcəyini göstərdiyinə ürəkdən inanıram. Elə dərindən təsirlənmişdim ki, mən də əsər yazarkən insanlara bu şəkildə təsir etmək istədim. Bir neçə il əvvəl yenidən oxudum və hələ də möhtəşəm bir roman olduğunu düşünürəm.

– Ən sevdiyiniz roman qəhrəmanı kimdir? Nifrət etdiyiniz biri də ola bilər.

– Həyatım roman qəhrəmanları ilə doludur. Birinci obraz atamın mənə verdiyi bir romanda idi. 50-ci illərə aid kitab idi və böyük ürəkli bir uşaqdan bəhs edirdi. Atası yox idi, xəstə anasına baxırdı. Üstəlik, məktəbdəki bir dəstə uşaqla mübarizə aparmalı olurdu. Bu ədalətsizlik məni dəli etmişdi. Dostlarımı söyüş söyməkdən və alma oğurlamaqdan çəkindirməyə çalışarkən mömin birinə çevrilmişdim. On il sonra İnqvar Ambyornsenin “Ağ zəncilər” romanını oxudum. Qəhrəmanı çoxlu marixuana çəkirdi, mən də eynisini etməyə başladım. Bu kitab pozulmuş gənc beynimdə azadlığı təmsil edirdi. Sevgi ilə ilk tanışlığım Qlanla… – Knut Hamsunun “Pan” romanının qəhrəmanı ilə oldu. 16 yaşım vardı və bu obraza çox bağlanmışdım. Sağlam bir eyniləşdirmə deyildi, Qlan sevdiyi qadını təsirləndirmək üçün özünü güllələyən, hədsiz romantik və narsist bir adam idi.

– Uşaq vaxtı necə oxucu idiniz? Və nələri oxuyurdunuz?

– Uşaq vaxtı əlimə keçən hər şeyi oxuyurdum. Bacımla və anamla birlikdə hər həftə kitabxanaya gedirdik və bir həftəlik oxumaq üçün iki dolu çanta kitabla geri qayıdırdıq. Ən xoşladığım kitablar “Üç muşketyor” tipli fransız romanları idi. Sonra “Qraf Monte Kristo”, “80 gün dünya ətrafında” və s. Vəfat etmiş məşhur insanların bioqrafiyaları da maraqlı gəlirdi. Roma İmperiyası və Marko Polonun Çindəki səyahətləri də mənə böyük təsir bağışlamışdı. Sonra yelkənli gəmilər haqqında kitablar oxumağa başladım. 9–10 yaşlarımda isə bir macəra romanı yazdım.
Təbii ki, bu qədər deyil… Əvvəlcə “Dəfinələr adası” olmaqla, Stevensonun bütün kitablarını oxuduğumu xatırlayıram. Başqa nə? “Madam Bovari” ilə “Qırmızı və qara”nı da Jül Vern və Aleksandr Düma qədər həyəcanla oxumuşdum. Anri Truayanın iki cildlik Lev Tolstoy bioqrafiyasını əlavə edə bilərəm. Açığı, Tolstoyun həyatını oxuyarkən bir çox hissəni başa düşmürdüm, amma bunun əhəmiyyəti yox idi. Əsas olan başqa yerlərə, başqa zamanlara, başqa dünyalara səyahət edə bilmək idi. “Hərb və sülh”dən başqa bu gün eyni dərəcədə ehtirasla oxuya biləcəyim bir kitab yoxdur. Onu ilk dəfə oxuyanda 12 yaşım var idi. Zəif yaddaşıma şükür, bu səbəbdən hər beş ildən bir yenidən oxuya bilirəm.

– ABŞ Prezidenti və ya Norveç Baş naziri hansı kitabı oxumalıdır?

– Prezident və ya baş nazir olması fərq etməz, mən hər kəsə Prustun “İtirilmiş zamanın axtarışında” əsərini tövsiyə edirəm. Başqa heç bir kitab dünyanı bu qədər aydın və dərindən göstərmir. Amma xahiş edirəm, iki cilddən sonra dayanmayın, sonuna qədər oxuyun. Bu kitab sizi nə daha yaxşı bir insan edəcək, nə daha empatik, nə də daha ağıllı, amma dünyanı, həmçinin özünüzü tamamilə fərqli şəkildə görməyə, hiss etməyə və düşünməyə başlayacaqsınız.

– Tutaq ki, ziyafət verirsiniz. Yaşayan və ya vəfat etmiş yazıçılardan kimi dəvət edərdiniz?

– Keçən əsrdən çağıracağım ən maraqlı yazıçı, yəqin ki, Ceyms Coys olardı. Yaxud Homer. Əminəm ki, Homer “Uliss”i və onun bir az qəribə, futuristik, lakin tanış dünyasını sevərdi. Ya da qədim yunan ədəbiyyatına dərindən bələd olan çağdaş yazıçılardan biri Enn Karsonu. Onun danışığını dinləməkdən böyük zövq alardım. Bəlkə də, sərxoş olmağa başladığım anda, Coysla uşaqların böyüdülməsi haqqında söhbət edər, Homer ilə dənizin rəngindən, Karsonla isə eşqdən danışardıq. Bəlkə də, eşqin, əslində, tamamilə korluqla bağlı bir məsələ olduğuna dair razılaşardıq.

– Sizə görə, həddindən artıq şişirdilmiş kitablar hansılardır? Hər kəsin sevdiyi, amma sizin sevə bilmədikləriniz…

– Öz kitablarımı heç vaxt oxumamışam, amma bəzən dəvət aldığım tədbirlərdə bir neçə səhifə oxumağım lazım gəlir. O an beynimdən keçən fikir də məhz bu olur: Həddindən artıq təriflənmiş, zəif və məyusedici kitablardır!

Bioqrafiyanızı kim yazsın?

– Nə gözəl sualdır! Təbii ki, Laslo Krasnaxorkai. O, ən orijinal və güclü romançılardan biridir. Dünyanı mahiyyətini dəyişmədən necə tamamilə fərqli bir yerə çevirə biləcəyini bilir. Maraqlıdır, mənim adi həyatımı necə bir şeyə çevirərdi…  Hər nə qədər qaranlıq, yağışlı, çətin və olduqca darıxdırıcı bir həyatım olsa da, onun qələmində bu həyat həyəcanverici görünərdi. Yaxud Lidiya Davis… Bir düşünün, bəlkə də, həyatımı o məşhur iki cümləlik hekayələrinin birinə sığışdırardı!

– Hazırda nə oxuyursunuz?

– Con Steynbekin “Rusiya gündəliyi” əsərini.

 

 

Tərcümə etdi: Anar Rəhimov

DAHA

DAHA

OXŞAR XƏBƏRLƏR