DAHA.az filologiya elmləri doktoru Səfa Qarayevin “Ovçu Pirim” nağılı: kişilərin “sirr stereotipi”nin metaforik təcəssümü” yazısını təqdim edir.
Müasir folklorşünaslıqda ciddi diqqət yetirilən məqamlardan biri də mətnlərin cəmiyyətin stereotipləri kontekstində öyrənilməsi təcrübəsidir. Cəmiyyətdəki ən müxtəlif stereotiplər bu və ya digər folklor mətnlərində təcəssüm olunur ki, həmin mətnlərin bu kontekstdə araşdırılması onların sosio-semantik və psixosemantik mahiyyətinin öyrənilməsi üçün geniş imkanlar yaradır (Marcus & Sabuncu, 2016, s. 1011; Vučković, 2018, s. 332). Stereotiplər cəmiyyətin sosial qruplar, davranış modelləri və dəyərlər haqqında formalaşdırdığı kollektiv və sabit təsəvvürlər sistemidir. Folklor həmin stereotiplərin yalnız əks olunduğu deyil, həm də simvolik obrazlar və metaforalar vasitəsilə qorunuğu və ötürüldüyü mədəni sistem kimi çıxış edir. Bu mənada Azərbaycan folklorunda geniş rast gəlinən və kişi kollektivinin maraqlarını özündə ehtiva edən “Ovçu Pirim” nağılının həmin müstəvidə öyrənilməsi folklorda kişi stereotiplərin simvolik təcəssümünün anlaşılması üçün geniş imkanlar yaradır.
Nağılların beynəlxalq süjet göstəricisi olan Aarne-Tompson kataloqundakı 670 nömrəli süjetə uyğun gələn bu nağılda təsvir olunur ki, günlərin bir günü Ovçu Pirim bir-birinə sarmaşan qara və ağ ilan görür. Ovçu Pirimin ağ ilana yazığı gəlir və həm də bu vəziyyəti “qeyrəti götürmədi”yi üçün ox atıb qara ilanı vurmaq istəyəndə səhvən ağ ilanı yaralayır. Ağ ilan da ilanlar padşahının qızı imiş. Şah qızını yaralayan Ovçu Pirimi yanına çağırır. Yolda Ovçu Pirim onu aparan ilana gördüyü mənzərəni təsvir edir. Onu ilanlar padşahının yanına aparan ilan Ovçu Pirimə deyir ki, “Pirim qağa, ilanlar padşahı bilsə ki bu, sənin namusuna toxunub, onda sənin günahından keçər” (Azərbaycan nağılları, 2005, s. 6). Doğrudan da, o, məsələni ilanlar padşahına danışanda namus məsələsinə həssaslıq nümayiş etdirib onu mükafatlandırmaq qərarına gəlir. Ovçu Pirimin xahişi ilə onun ağzına tüpürməklə heyvanların, quşların dilini bilmə bacarığı və istədiyi hər şeyin dərhal hazır olmasını təmin edən üzük verir (Azərbaycan nağılları, 2005, s. 6).
Bir gün Ovçu Pirim atların danışığını eşidib gülür. Arvad ərinin güldüyünü görüb ona dedi ki, “De görüm niyə gülürsən” (Azərbaycan nağılları, 2005, s. 6). Ovçu Pirim istəyir bu sirri açıb desin, amma bir ilan yolun qırağında quyruğunun üzərində dik durub ona xatırladır ki, əgər sirri açsan öləcəksən. Ovçu Pirim arvadı ilə qanıqara şəkildə evə qayıdarkən bir mənzərə ilə qarşılaşır. Görür ki, xoruz toyuğu çağırır. Toyuq gəlməyəndə xoruz ona deyir ki, “… sən olma, o biri olsun, mən də Ovçu Pirim deyiləm ki, arvada yalvarım” (Azərbaycan nağılları, 2005, s. 6). Bu zaman xoruzun dilini anlayan Ovçu Pirim ondan soruşur ki, mən nə edim arvad qayıtsın. Xoruz da ona deyir ki, “Heç nə, evə gedən kimi yıx yerə, bir iki əngəzdə, sonra da denən ki, hara gedirsən get” (Azərbaycan nağılları, 2005, s. 6). Doğrudan da, Ovçu Pirim buna uyğun olaraq arvadını döyüb qovur və sonra arvadın özü söz verir ki, tay ondan heç nə soruşmayacaq. Amma arvad evə qayıdandan sonra yenə də kişini məcbur edir ki, ona gülməyinin sirrini açsın.
Ovçu Pirim sirri açıb arvadına deyir və ölümnən qaçmasına baxmayaraq, canavarlar onu parçalayıb yeyirlər (Azərbaycan nağılları, 2005, s. 6). Bu nağılda gülüşün psixosemantikasını aşkarlamaq üçün başqa bir varianta diqqət yönəltmək istərdik. Başqa variantda Ovçu Pirim ilanlar padşahından ağzına tüpürməsini istədikdə, o Ovçu Pirimə belə cavab verir: “Saxlaya bilməzsən”. Ovçu Pirim deyir: “Əşşi saxlayaram”. Üç dəfə təkrar edir, bu heç nəyə qane olmur. Nəsə, bunun ağzına tüpürür. Bu gəlib çölə çıxanda görür ki, çəyirtkədi, qarışqadı, quşdu, buların hamısının dilini bu bilir” (Azərbaycan folkloru antologiyası, 2006, s. 240). Bu variantda da arvada sirri açacağı halda öləcəyini bilən Ovçu Pirim arvadına deyir ki, get mollanı çağır sirrimi açım. Arvad molla çağırmağa gedəndə Pirim bir mənzərə ilə qarşılaşır: “Bir dənə xoruz toyuğu qovur. Nəysə, o toyuğa çatmır, bu toyuğu tutur. Ayıb da olsa, üzr istəyirəm, bunun üstünə çıxır düşür, vurur qanadını, bannayır ki, mənim adım Ovçu Pirim deyil ki? Sən olma, o olsun” (Azərbaycan folkloru antologiyası, 2006, s. 240). Xoruzun bu sözündən sonra Ovçu Pirim arvadını boşayır.
Diqqət edilsə, Ovçu Pirim namus-qeyrət məsələlərinə xüsusi həssaslıqla yanaşan bir şəxs kimi təqdim olunur. Ətrafda ağ ilanın namusuna sataşıldığını görüb hiddətlənən Ovçu Pirim erkək cinsindən olan qara ilanı öldürməyə çalışır. Lakin səhv edib qara ilan əvəzinə, ilanlar padşahının qızını yaralamasına baxmayaraq, yenə də ilanlar padşahı onu mükafatlandırmaq qərarına gəlir. Nağılda da göstərildiyi kimi, Ovçu Pirimi mükafatlandırmasının əsas səbəbi onun ilanlar şahının namusunu düşünməsi ilə bağlıdır. Əslində, ilanlar şahının namus məsələsinə belə önəm verməsi kişi mühitində namusa verilən önəmlə bağlıdır. Belə ki, Azərbaycan cəmiyyətində qadınlar kişilərin namusu hesab edilir və kişilər cəmiyyətdə qınaq obyekti olmamaq üçün öz təsir dairəsinə daxil olan qadın kəsiminin davranışlarına ciddi nəzarət edirlər.
Kişilərin namus məsələsinə belə həssas münasibəti cəmiyyətin qəhrəman yaradıcılığına da dərin təsir göstərmişdir. Azərbaycan kişisinin namusla bağlı həssaslığı nağıl qəhrəmanın namus məsələsinə çox həssas yanaşmasına səbəb olmuşdur. Hətta övladını yaralamasına baxmayaraq, namusunun qeydinə qalması ilə əlaqədar olaraq ilanlar şahı Ovçu Pirimi mükafatlandırmaq qərarına gəlir. Əslində, burada kişi sosial mühitinin başqa bir psixoloji kompleksi də ifadə olunmuşdur: cəmiyyətin namus kodeksinə mütəmadi hörmət edilməsi, həm də kişilərin bir-birlərini rəğbətləndirməsini, kişilər arasında hörmət qazanmanın zəruri şərti kimi özünü göstərir. Cəmiyyətdə olan bu psixososial kompleks nağılda Ovçu Pirimin bütün istəklərinin ilanlar şahı tərəfindən yerinə yetirilməsini də şərtləndirir. Çünki burada Ovçu Pirim və ilanlar şahı namus həssaslığı baxımdan eyni psixososial mühitin həssaslığını bölüşürlər. Namus məsələsinə həssas yanaşanın rəğbətləndirilməsiylə bağlı cəmiyyətin psixososial kompleksinin təsiri ilə ilanlar şahı arzu etməsə belə, Ovçu Pirimin “ağzına tüpürmə”yə razı olur. Bu tüpürcək də ona bütün təbiətin sirrini bilmək imkanı yaradır.
Nağıldan görünür ki, ilanlar şahı Ovçu Pirimin ağzına tüpürməklə, ona bütün təbiətin dilini bilmək bacarığını verməkdə tərəddüd edir. Əslində, bu tərəddüd kişi mühitində “sirr saxlamaq”la bağlı olan psixososial narahatçılıqların metaforasıdır. İlanlar şahının ona bu sirri saxlaya bilməyəcəyini dəfələrlə deməsinə baxmayaraq, Ovçu Pirim yenə də öz istəyindən geri çəkilmir. Burada “tüpürmək” sirr verməyin, söz deməyin simvoludur. Belə ki, cəmiyyətdə də söz//sirr və tüpürcəyin simvolik ekvivalentliyinə digər faktlar əsasında da rast gəlinir. Məsələn, müxtəlif adamların hər hansısa bir problemlə bağlı eyni fikri deməsi “elə bil bir-birlərinin ağzına tüpürüblər” şəklində ifadə olunur. Burada “bir-birinin ağzına tüpürmək” ortaq sirri paylaşmaq, sözü bir yerə qoymaq mənasını verir. Bundan savayı, cəmiyyətdə dediyi sözü yerinə yetirmək, onun arxasında durmağa təhrik etmək məqsədi ilə “kişi tüpürdüyünü yalamaz” ifadəsi var. Burada da “tüpürmək” söz deməyin metaforası kimi özünü büruzə verir. Xalq arasında sirr saxlaya bilməməsi düşünülən adam haqqında “ağzında söz ilınmır” ifadəsi də vardır. Düşünürük ki, burada “sözün ilınmaması” ifadəsi də mədəniyyətdə tüpürcəyin, ağız suyunun sözün simvolik ifadə vasitəsi olmasından qaynaqlanır.
Bu mənada “Ovçu Pirim” nağılında ilanlar padşahının Ovçu Pirimin ağzına tüpürməklə, ona sirr verməsinin semantikası daha aydın aşkarlanır. Yəni İlanlar şahı tərəfindən sözlə eyni semantikalı tüpürcək vasitəsi ilə Ovçu Pirimə təbiətin sirrini bilmək bacarığı verilir.
Bu sirrin ötürülməsi zamanı onun saxlanılması ilə bağlı ilanlar padşahında yaranan narahatlıq da, əslində, kişi mühitinin sirr saxlamaqla bağlı psixososial narahatçılığını təcəssüm etdirir. Təsadüfi deyildir ki, cəmiyyətdə sirr saxlamağı bacarmayan adam haqqında “arvadağız” kimi təhqiramiz ifadədən istifadə olunur. Elə bu nağılda kişilərin sirr saxlamaqla bağlı olan sosiosixoloji kompleksinin başqa məqamı da ifadə olunmuşdur: Ovçu Pirim bu sirri açmaq təhlükəsi ilə məhz arvadı ilə ünsiyyət prosesində qarşılaşır. Ovçu Pirimin sirrini ondan almaq üçün arvadı çox üsullara əl atır. Elə buradaca arvadlarına sirr verən kişilərə kişi kollektivinin rişxəndi “xoruz və toyuq” əhvalatı ilə obrazlaşmışdır. Yuxarıdakı nağıl süjetində görürük ki, küsən toyuğa məhəl qoymayan xoruz başqa bir toyuqla münasibətdə öz fallik gücünü nümayiş etdirir. Xoruz toyuqla yaxınlığı bitən kimi, “mən Ovçu Pirim deyiləm” deyərək, ona kişi kollektivinin rişxəndini ifadə edir. Ovçu Pirimə kişi kollektivinin rişxənd və ironiyasının xoruzun toyuğa öz fallik gücünü nümayiş etdirməsi kontekstində ifadə olunması, həm də mədəniyyətdə qadına sirr açmağın sosial-mədəni şərtlər baxımından kişilikdən məhrum olma kimi qavranılmasından qaynaqlanır.
Bir sözlə, mədəniyyətdə “sirr saxlamaq” fallik gücə sahib olmaq, namusunu qoruya bilmək, qadına, ailəyə sahib olmaq və s. kimi kişiliyin əsas metaforalarından biri kimi qavranılır. Kişi kollektivinin rəyi əsasında təşkil olunan mədəni mühitdə qadınların sirr saxlaya bilməməsi, hətta onların bioloji çatışmazlığı ilə əlaqələndirilir. Xalq arasında belə bir deyim var ki, “arvadın ulğumu yoxdu, sirr saxlaya bilməz”. Kişi kollektivinin rəyindən belə çıxır ki, guya qadınların ulğumu yoxdur və onların sirr saxlaya bilməməsi də məhz bununla əlaqədardır.
Qadınlara sirr verməyin kişilər üçün mənfi aqibət hazırlaması çoxsaylı folklor faktlarında da əks olunmuşdur. “Arvada sirr vermək olmaz” adlı mətndə Şərqin lətifə qəhrəmanlarından biri olan Bəhlul Danəndənin satdığı sözlərdən biri belədir: “Kül o kişinin başına ki, arvada sirr verə” (Qarabağ: Folklor da bir tarixdir I, 2012, s. 332). “Şaha bel bağlama, arvada etibar etmə” adlı mətndə isə həmin lətifə qəhrəmanı satdığı müvafiq sözü belə ifadə edir: “Bu kül də o adamın başına ki, arvada sirr verə. Kişi olan sirrini gərəh arvada vermiyə” (Qarabağ: Folklor da bir tarixdir II, 2012, s 338). Əslində, bu kimi folklor faktları kontekstində kişi kollektivi “kişilik öhdəliklərini” (Tiger, 1984, s. 130) cəmiyyətə təqdim edir. Kişilər arasında qadınlara sirr verilməməsi ilə bağlı çağırışlar təkcə folklor faktlarında əks olunan yanaşma deyil.
Sosial həyatın özündə də belə çağırışlar geniş yayılmış və kişilər arasındakı münasibətlərin formalaşmasında mühüm rola malikdir. Yuxarıda təqdim olunan nağılda kişi kollektivinin reaksiyasını obrazlaşdıran “xoruz”, hətta Ovçu Pirimə sirri öyrənmək istəyən arvadla davranmağın yolunu da öyrədir. O, Ovçu Pirimə arvadını döyüb boşamağı məsləhət görür. Kişi kollektivində kişi işinə qarışan arvadlara deyilən xüsusi imperativ də var: “Sən kişi işinə qarışma!”. Mədəniyyətdə kişi işinə qarışmaq istəyən qadınlara sərt reaksiya nağılda da qadının döyülməsi ilə sona çatır. Eyni nağılın bəzi variantlarında Ovçu Pirim qadına sirri açmadan, onu boşasa da, bəzi variantlarda qadının təhriklərinə tab gətirməyərək, öləcəyini bilsə belə, sirri ona deməli olur. Sirri açdıqdan sonra Ovçu Pirimin ölümlə cəzalandırılmasına səbəb onun ilan kultu qarşısında verdiyi sözə əməl etməməsi deyil, kişi kollektivinin sirlərinin açılmasına səbəb olan şəxsə, Ovçu Pirimə elə həmin kollektivin layiq bildiyi cəzadır.
Yəni Azərbaycan cəmiyyətində kişi kollektivi öz sirlərini ciddi şəkildə qadınlardan qorumağa çalışır və real həyatda bu kollektivin sirrini açan şəxslərə “arvadağız” deyərək mənfi münasibət göstərdiyi halda, həmin münasibət nağıl dünyasının fantastik gerçəkliyində ölüm cəzasına qədər gedib çıxır.
Folklorda əks olunan gender stereotiplərinin öyrənilməsi qadın və kişi münasibətlərində gərginlik yaradan sosial-mədəni və psixoloji amillərin daha dərindən dərk edilməsinə, eləcə də bu münasibətlərdəki həssas məqamların müəyyənləşdirilməsinə imkan verir. Bu baxımdan Alan Dundesin folklor və stereotiplərin qarşılıqlı əlaqəsinə dair mülahizələri xüsusi maraq doğurur. O yazır: “Sual belədir: əgər ötürülən və davam etdirilən münasibət və dəyərlər səhv hesab edilirsə, bəs onda nə edilməlidir? Mən düşünürəm ki, bu tədqiqat Amerikada geniş yayılan kişi önyarğısını aradan qaldırmaq istəyənlərə yardım edəcəkdir.
Mən inanmıram ki, folklor üzərinə senzura tətbiq etmək mümkün olsaydı belə, yuxarıda təqdim olunan folklor materiallarına yasaq və qadağaların qoyulması yaxşı bir nəticə verə bilərdi. Məsələn, rasist cəmiyyət rasist folklorun meydana gəlməsinə səbəb olur. Sadəcə olaraq toplanılmış və danışılan rasist folklorun süpürülüb atılması folklorda da öz əksini tapan rasist münasibətləri aradan qaldıra bilməz.
Cəmiyyət və münasibətlər dəyişdirilməlidir, folklor yox. Biriləri xəstəliyin səbəbini müalicə etməlidir, simptomlarını yox. Digər bir tərəfdən də folklor rasizmin, xurafatın, kişi şovinizminin, stereotiplərin və s.-nin davam etdirilməsinə yardım göstərir və professional folklorşünaslar kimi biz hər fürsətdə bunları göstərməliyik. Biz qeyri-şüurini şüuri etməklə onu anlaya bilərik. Biz folkloru dayandıra bilmərik, amma səbəblərə və onun yaratdığı mənzərəyə aydınlıq gətirə, daha yaxşı görə bilərik ki, nə səhvdir və düzəldilməsinə ehtiyac vardır” (Dundes, 1980, s. 175).
Folklorun metaforik sistemi və simvolik dili vasitəsilə gender stereotiplərinin öyrənilməsi cəmiyyətdə dəyərlərin formalaşmasına və qadın-kişi münasibətlərinin tənzimlənməsinə təsir göstərən ənənəvi təsəvvürlərin daha dərindən anlaşılmasına imkan yaradır. Alan Dundesin digər tədqiqatlarında qeyd etdiyi kimi, folklor heç bir sosioloji sorğu və ya müşahidə yolu ilə əldə edilməsi mümkün olmayan avtobioqrafik etnoqrafik məlumatlar almağa şərait yaradır. Məhz buna görə folklor materiallarının təhlili cəmiyyətin kollektiv şüurunda yaşayan stereotiplərin mahiyyətini və onların sosial davranışa təsir mexanizmlərini üzə çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan folklorda əks olunan stereotiplərin araşdırılmasında məqsəd onların qorunub saxlanılması və ya möhkəmləndirilməsi deyil, əksinə, onları şüur müstəvisinə çıxarmaqla kollektiv düşüncənin şərtlənmə mexanizmlərini üzə çıxarmaqdır. Məhz bu yanaşma stereotiplərin yaratdığı mənfi sosial təsirləri dərk etməyə və onların tənqidi qiymətləndirilməsinə imkan yarada bilər.
Folklor mətnlərinin stereotiplər kontekstində araşdırılması onların psixosemantik mahiyyətinin öyrənilməsinə imkan verməklə yanaşı, ayrı-ayrı motivlərin də stereotiplərlə əlaqəsinin aşkarlamasına imkan verir. “Ovçu Pirim” nağılı üzərində bu kontekstdə apardığımız tədqiqat nəticəsində bəlli oldu ki, nağılın psixosemantik əsasında qadına sirr verən kişilərə mənfi münasibət, kişilərin qadın yanında gülüşünün onların ciddiyyətinə xələl gətirməsi ilə bağlı “kişilik” stereotipləri dayanır.
_
Ədəbiyyat
Dundes, A. (1980). Interpreting folklore. İndiana: Indiana University Press.
Marcus, J., & Sabuncu, N. (2016). “Old oxen cannot plow”: Stereotype themes of older adults in Turkish folklore. The Gerontologist, 56(6), 1007–1022.
Tiger, L. (1984). Men in group. New York: Marion Boyars Publishers.
Vučković, D. (2018). A fairy tale (r)evolution: The value and the critical reading of fairy tales in the contemporary educational context. History of Education & Children’s Literature, 13(2).
Azərbaycan folkloru antologiyası (Rüstəmzadə, İ., toplayan). (2006). XVI kitab: Ağdaş folkloru. Bakı: Səda.
Azərbaycan nağılları (Seyidov, N., tərtib edən). (2005). V cild. Bakı: Şərq-Qərb.
Qarabağ: Folklor da bir tarixdir (Rüstəmzadə, İ., Fərhadov, Z., toplayanlar). (2012). I kitab. Bakı: Elm və təhsil.
Qarabağ: Folklor da bir tarixdir (Rüstəmzadə, İ., toplayan). (2012). II kitab. Bakı: Elm və təhsil.


