Keçinin taleyi, teatrın tarixi

Teatrın tarixi Keçi totemi ilə başlayır. Qədim yunan tragediyasının yunancadan hərfi tərcüməsi “Keçi nəğməsi” deməkdir. Qədim Yunanıstanda Apollon və Dionis festivallarında keçi libası geyinmiş kişi və qadınla müxtəlif teatral ayinlər icra edilirdi. Yola saldığımız Novruz bayramında da müxtəlif qədim teatral ayinlər bu günəcən xalq tərəfindən oynanılır. Yəni, Azərbaycan ərazisində teatrın tarixi çox qədimlərə, hətta qədim yunanlardan da əvvəlki Şumer mədəniyyəti dövrünə gedib çıxır. Çünki Novruz bayramının mənşəyi şumerlərin bərəkət ayinlərindən gəlir.

Amma bu qədim teatral ayinlər sənət hesab olunmurdu, çünki estetik zövq üçün oynanılmırdı bu səhnələr; insanlar fövqəlgüclərin xoşuna gəlib, onların gücündən faydalanmaq üçün roldan-rola girirdilər. Yəni, bu qədim teatrların əsl tamaşaçıları tanrılar idilər.

Teatr, ədəbiyyat, musiqi və s. yaradıcılıq növləri XVIII əsrdən sonra sənət adlandırılmağa başladı. Çünki artıq yaradıcılığın məqsədi estetik zövq yaratmaq idi. Modern Azərbaycan teatrı da, sözsüz ki, 1873-cü ildə Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun da rol aldığı, Bakıda səhnəyə qoyulan Şərqin ilk modern pyesi M.F. Axundovun “Lənkəran xanın vəziri” və “Hacı Qara” tamaşalarından başlanır.

Azərbaycan ərazisində teatrın tarixi çox-çox qədimlərə getsə də, keçən əsrin əvvəllərində peşəkar teatr çox ciddi çətinliklərlə üzləşmişdi. Bu çətinliklər, nə qədər sonrakı dövr insanlarının sənətə baxışından qaynaqlansa da, yenə də kökü teatrın yarandığı dövrlərə gedib çıxır. 2500 il öncə Platon özünün “Dövlət” əsərində şairləri və aktyorları təsəvvüründəki utopik dövlətindən qovurdu. Platon, aktyorlar və təlxəklər haqqında deyirdi ki, biz bu sənəti kölələrə və muzdlu əcnəbilərə həvalə etməliyik. Platonun bu fikirləri özündən sonra yaranan mədəniyyətlərə də, xüsusilə Şərq mədəniyyətlərinə ciddi təsir etmişdi və biz 1918-20-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetini oxuyanda, Platonun teatra ögey münasibətinin təsirlərinin İslam mədəniyyətinə ötürülərək XX əsrin əvvəllərinin Bakısına qədər gəlib çıxdığının şahidi oluruq.

 

“Azərbaycan” qəzetinin 1918-ci il oktyabr saylarının birində Zülfüqar bəy Hacıbəyli tərəfindən xalqa müraciət olunurdu ki, teatr əsərləri qıt olduğundan, kimin evində Türkiyə dramaturqlarının kitabları və Qafqaz yazıçılarının əsərlərinin üzü köçürülmüş əlyazmaları varsa, teatra versinlər. Səhnəyə çıxarılacaq aktyorlar və aktrisalarla yanaşı, səhnəyə qoyulacaq əsərlər də az idi. Yaxud yenə “Azərbaycan” qəzetin başqa bir nömrəsində “O olmasın, bu olsun” tamaşası zamanı tamaşaçıların səhnədə baş verənlərə kobud müdaxiləsi tənqid olunurdu. Keçən əsrin əvvəlində, aktyor və aktrisaların şəxsi həyatları ilə yanaşı, onların səhnədəki həyatına da nəzarət etməyi özünün ictimai missiyası kimi anlayan Bakı tamaşaçısı, qəzetin tənqid hədəfində olan məsələydi. 1918-ci ildə Bakıda törədilən erməni qətliamları teatrları da dərbədər etmişdi. Abbasmirzə Şərifzadənin rəhbərlik etdiyi truppa Həştərxana, Üzeyir Hacıbəylinin “Müdriyyət” teatrı isə Ənzəliyə köçməyə məcbur olmuşdu. Ən ciddi problemlərdən biri də keçən əsrin əvvəllərində dini istismar edən zümrələrin “teatr haramdır” düşüncəsiylə yerli qadın aktrisalara olan şiddətli təzyiqi nəticəsində qadınların teatr sənətindən uzaq qalmasıydı. Bunun nəticəsidir ki, modern Azərbaycan teatrının ilk tamaşası sayılan Axundzadənin “Lənkəran xanının vəziri” əsərinin tamaşasında qadın aktrisalar olmadığı üçün Nəcəf bəy Vəzirov özü Şölə xanım rolunu oynamağa məcbur olmuşdu. 1920-ci ilə qədər olan dövrdə qadın obrazlarını Kuznetsova, Ostrovskaya, Boqotko kimi əcnəbi aktrisalar oynayırdılar. Kütlə zehniyyətinin təhdid etdiyi təkcə qadın aktrisalar deyildi, səhnəyə çıxan kişi aktyorlar da təqib və təhdid edilirdi. Bu təhdidlərin nəticəsində də dövrün ən böyük aktyoru Ərəblinskinin rolu gərəyi bığlarını qırxması onu şəxsən tanıyanların qəzəbinə səbəb olmuş və nadan qəzəb Ərəblinskinin 1919-cu ildə dayısı oğlu Əbdülxaliq tərəfindən qətlə yetirilməsinə gətirib çıxarmışdı. Oynayacağı rola görə bığını itirən aktyor, bığına görə də həyatını itirmişdi. Bütün bunlara baxmayaraq, XIX əsrin ortalarından başlayaraq XX əsrin ortalarına qədər bədii ədəbiyyatla məşğul olan əksər müəlliflər teatr səhnəsi üçün dram əsərləri yazırdılar. Və bu cəsur adamların dram əsərləri bu gün də Azərbaycan teatrının ruhudur.

Çünki XX əsrin əvvəllərindən fərqli olaraq, XXI əsrin əvvəli üçün ədəbiyyatımızda dramaturgiya, demək olar ki, yox dərəcəsindədir. Yüz il əvvəlki sələflərindən fərqli olaraq, bu gün səhnə üçün əsər yazan müəlliflərimizin sayı bir əlin barmaqları qədər deyil. Teatrların əksəriyyəti minimal maddi-texniki bazaya əsaslanan Qrotovskinin “kasıb teatr konsepsiyası”nı uyğunlaşıblar. Müstəqillik illərində yaranan Pantomim, Kamera, Yuğ teatrları minimalizmə əsaslanan belə teatrlardandır. Ümid var ki, süni zəkanın yerini zəbt etməklə təhdid etdiyi digər sənət növlərindən fərqli olaraq teatrlar texnoloji çağda canlı sənət məbədləri kimi yenidən diqqət mərkəzinə gələcəklər. XXI əsrin teatrı bizi gələcəkdə gözləyir.