Daha.az Anar Rəhimovun Braziliyadan reportajının ikinci hissəsini təqdim edir.
Rio de Janeyroya San Paolodan avtobusla gəlirəm. Bu iki nəhəng şəhər arasında məsafə 360 km, avtobus bileti 40 manatdır. Şəhər günəşli, buludsuz səma ilə qarşıladı məni. Bu şəhər, ümumiyyətlə, yay-qış həmişə günəşlidir.
Avtovağzalda məni tələbəlik illəri Rioda keçən qocaman portuqal dili müəllimim professor Santini qarşılayır.
Şəhər adını, əslində, körfəz olan çayın adından götürüb. Əfsanəyə görə, 1502-ci ildə portuqaliyalı səyyah Qaspar de Lemos Rionu ilk dəfə görəndə gəmisi ilə Quanabara körfəzindən keçirmiş və keçdiyi körfəzi səhfən böyük çay mənsəbi bilib. Nəticədə o buranı Rio de Janeyro (Yanvar çayı) adlandırıb.
Rio de Janeyrolular özlərini “Karioka” adlandırır. Mənası “ağ adamın evi” deməkdir. Rioda doğulub böyüyən adamlar qürrələnib özlərinə “karioka” deyirlər. Yəni bizi heç kimlə səhv salmayın!Artıq ilk dəqiqələrdən şəhərin nəfəskəsən gözəlliyi mənə niyə məhz bir zamanlar dünyanın ən böyük imperiyasının paytaxtı olan Rionun (şəhər 1763-1960-cı illərdə Braziliyanın paytaxtı olub) dünyanın ən çox turist qəbul edən şəhər olduğunu anladır: yaz fəsli olsa da, adamlarla dolu, günəşli, qumlu sahilləriylə gəl-gəl deyən Kopakabana və İpanema çimərlikləri bəs edir. Professor Santini ilə gəzə-gəzə şəhərin tarixi yerindən keçib dünyaca məşhur Kopakabana çimərliyinə yetişirik.
Professor “Yolda tez-tez telefonunu çıxartma, pulqabından bərk yapış” deyə xəbərdarlıq edirdi. Rio da bütün böyük Braziliya şəhərləri kimi istisna deyil: hər hansı əşyanı, pulqabını, boyunbağını, telefonunu bir saniyə gözdən qoydunsa, sənin deyil. Daha tapılmaz.
Nə isə, deyim ki heç nəyimi oğurlatmadım bu dəfə. Şəhər mərkəzi boyunca 4 km uzanan Kopakabana Rionun ən gözəl çimərliklərindəndir. Sahili hotellər ən müxtəlif zövqdə restoranlar, barlar, əyləncə mərkəzləri ilə doludur. Günün 24 saatı qaynayır bura.
İpanema (Həm Kopakabana, həm İpanema adları Braziliyanın ilk sakinləri olan Tupi xalqının dilindədir. Yəni yerli hinduların dilindən gələn sözlər, yer adları hələ də Braziliyada geniş işlənir) dağlarla əhatələnib. Burada Atlantik okeanın suları daha yumşaq, daha istidir, elə bil.
Hər iki çimərlikdən Rionun simvolu Xilaskar İsa heykəli görünür. Kopakabana həmçinin dünyanın ən nəşəli, səs-küylü yeni il şənliklərinin keçirildiyi məkandır.
Yekə, 2-3 litrlik sərin, təravətləndirici kokos götürüb asta-asta çimərliyin bir tərəfindən o biri başına addımlayıram. Xarakterik musiqi sədaları altında kapoera məşqi, Braziliya kabab məclisi “Şuraska”, qızğın çimərlik voleybolu yarışı. Onlara qoşulub bir-iki set oynayıram. Satıcılar… çimərlik boyu manqo, kakos suyu, bilərzik, üzük, ənənəvi geyimlər, qızıl satan satıcıları iki addımdan bir qarşına çıxıb nəsə təklif edirlər.Professor mənə bir qədər kənarda dünya tarixinin ən böyük qul limanının olduğunu deyib yorulmamışamsa piyada ora gedə biləcəyimizi təklif elədi. 82 yaşı olmasına baxmayaraq turp kimidir, maşallah. Dayanmadan gəzir, məndən çox həvəslidir yeni macəralara.
1811-ci ildə Portuqal kral ailəsinin Rioaya köçməsi ilə kral sarayı yaxınlığında Afrikada tutulub qul edilənlərin ticarəti üçün böyük bir port salınır.
Gəzdikcə, gördükcə, yerli əhali ilə ünsiyyət saxladıqca istər-istəməz iki nəhəng Braziliya şəhərini Sao Paolonu və Rio de Janeyronu beynimdə müqayisə edirəm. Hansı şəhər qəlbimə daha rahatdı, hansında özümü daha rahat hiss edirəm?
Bu haqda düşünəndə təbii olaraq birinci ağlıma çimərliklər, danışılan dialekt arasındakı kəskin fərq, insanların gündəlik davranışları gəlir. Rio San Paolodan daha aristokratik şəhərdir. San Paolo isə maaliyə mərkəzidir, burjua şəhəridir. Danışdığım, işlə bağlı birgə fəaliyyət göstərdiyim insanları nəzərə alıb belə bir yekun vura bilərəm: Rioda, elə bil, hər kəs aristokrat nəsilin törəmələridir, San Paoloda isə hər kəs bank direktorunun, anbar müdirinin, hansısa milyonerin ərköyün balalarıdır sanki.
Hər iki şəhərin sakinləri vərdişlərini, özünəməxsusluqlarını və hansı nəsildən olduqlarını çəkinmədən, həvəslə büruzə verirlər. Mədəniyyət, əlbəttə ki, əldə edilən, bəzən irsən keçən və mütləq büruzə verilməli vərdişlərdir. Mədəniyyət, belə deyim, elə bil, Porşedir, heç kim onu qarajda saxlamaq üçün almır.
Hər iki böyük şəhər üçün ümumi olan görüntü varlılar və kasıblar arasında son dərəcə böyük fərqin olmasıdır. Əsasən müəllimlər, professorlarla ünsiyyət qurduğum üçün onların rifahının kifayət qədər yaxşı olduğunu deyə bilərəm. Hər halda, aralarında bizim pulla 2000 manatdan aşağı maaş alan yox idi. Kifayət qədər yaxşı geyinmiş, hamısının avtomobili, evi var. Məni dəvət etdikləri restoranlara görə deyə bilərəm ki, yaxşı yerlərdə oturub-duran zümrədir burada müəllimlər. Əsas şikayətləri korrupsiya və hökümətin iş yarıtmazlığıdır. Braziliya kimi dünyada Allahın təbii sərvətlərlə bol-bol təmin etdiyi ikinci ölkə yoxdur. Oduncaq, qəhvə, qızıl, meyvə-tərəvəz, uran, hər növ faydalı qazıntılar, böyük neft-qaz ehtiyatı. Amma di gəl ki…küçələrdə yatan, bir qarın çörəyə görə əlində kasa kafe-kafe gəzib yemək qalığı dilənən minlərlə sakin.
Braziliyadakı 14 gündə, ümumiyyətlə, məndə belə bir təəssürat yarandı ki, burada orta heç nə yoxdur. Bir gün mükəmməl, hər şey əla, yemək, hava, insanların münasibəti, getdiyimiz yerlər. Səhəri gün hər şey adama cəhənnimi xatırladır.
Qiymətlər ümumən götürəndə çox bahadır. Çörək 3 manat, 1 litrlik adi qazsız su 2.5 manat, bir pors normal yemək 28-30 manat arasında, taksi Bakıdan ən azı iki dəfə baha.
Bu şəhərdə həm də dünyanın ən böyük kitabxanalarından biri yerləşir. Hədsiz sıx proqramımıza əlavə edib oranı ziyarət etməsək olmazdı. Çünki işimlə birbaşa bağlılığı olan Braziliya ədəbiyyyata dəstək fondu da məhz Rio De Janeyro kitabxanasında yerləşir. Yaxınlarda Braziliya klassikasının incilərini portuqal dilindən tərcümə etməyə hazırlaşdığımdan mütləq orada olmalı, prosedurla maraqlanmalı idim.
UNESCO-nun mədəni irs siyahısına daxil olan, 9 milyon kitabın saxlanıldığı bu möhtəşəm bina kənardan əzəməti ilə insanda hörmət oyadır. Bina 1 noyabr 1955-ci ildən fəaliyyət göstərir. Məhz həmin tarixdə Portuqaliyanın paytaxtı Lissabondakı şiddətli zəlzələyə görə kitablar gəmilərlə buraya köçürülmüş, böyük imperiya kitabxanası fəaliyyətini burada davam etdirmşdi. Nə isə, həyatımda belə böyük, belə tarixi binada yerləşdirilmiş, kitabxanadan çox kral sarayına oxşayan kitabxana görməmişəm (Azacıq Brüssel Kral kitabxanası onunla müqayisə edilə bilər).Fond bütün dünyada Braziliya ədəbiyyatından tərcümə və nəşrlərə qrant ayıraraq təbliğ etməklə məşğuldur. Həm klassiklərə, həm müasir Braziliya yazıçılarına dəstək verilir. Yetər ki, əsər Braziliyada və portuqal dilində nəşr olunsun. Eyni zamanda fond hər il dünyanın hər yerində tərcüməçiləri seminar və ixtisasartırma kurslarında iştirak etmək üçün Rio de Janeyro şəhərinə yığır. Braziliya hər nə qədər Cənubi Amerikanın ən varlı ölkəsi olmasa da 2 saatlıq fondla tanışlıq zamanı ədəbiyyatın və mədəniyyətin ixracında ölkənin pul-para məsələsində heç bir halda simiclik etmədiyi təəssüratı yarandı.
200 illik tarixə sahib olan və ölkənin ən qədim mədəni institutu sayılan “Ədəbiyyata dəstək fondu” xaricdə Braziliya ədəbiyyatını tərcümə qrantları ilə dəstəkləməklə yanaşı, ölkə daxilindəki ədəbi-mədəni layihələrin yönətimini də həyata keçirir. Yəni ilin ən yaxşı yazıçısı, şairi, kitabı, dramı və s. nominasiyalarda mükafatları, digər önəmli layihələri də onlar icra edirlər.
Gün isə keçirdi və axşam universitetdə gənc yazıçılar qarşısında portuqal dilində müasir Norveç ədəbiyyatı ilə bağlı ilk mühazirəmi oxumalıydım. Həyəcanım durmadan artırdı…
ardı var…