Daha.az Qreq Kutsonanın “Kyerkeqorun texnologiya anlayışı: Ulduzların sönüşü” yazısını təqdim edir.
Xeyli sayda nüfuzlu mütəfəkkir bunun müsbət və mənfi təsirlərini müzakirə etməkdədir. Lakin onların sayı o qədər çoxdur ki, bu yazıda yalnız bir neçəsinə toxuna biləcəm. Daha konkret desək, təhlilə bizi texnoloji vasitələrin sehrinə düşməkdən xilas etməyə çalışan mütəfəkkirlərlə başlayacam.
Filosof Albert Borqman bizi texnoloji cihazlardan asılı olmayan, həyatın mərkəzində dayanan dəyərlərə qayıtmağa çağırır. O, buna “ocaqbaşı vərdişlər”(focal practices) deyir. “Focal” termini latınca “focus” (ocaq) sözündən gəlir və Roma məişətinin mərkəzini bildirir. İndi isə həyatımız cihazlarla doludur və hər şey barmağımızın ucundadır.
Borqman müasir həyatı texnoloji təcrid kimi qiymətləndirir: sanki hər kəs öz telefonuna və ya planşetinə çəkilib, fərdi verilişlərə baxır, yaxud Facebook və Twitter statuslarını yeniləyir. “Ocaqbaşı vərdişlər” isə, əksinə, bizi birləşdirir. Nümunə olaraq, süfrə mədəniyyəti – kollektiv qidalanma ritualı – birgəlik şüuru formalaşdırır. Bu prosesdə biz ekzistensial tempi səngidir və qarşılıqlı ontoloji bağlar qururuq. Bu, “Mən”dən “Özgə”yə doğru bir qayıdış aktıdır.
Oxşar şəkildə, MIT professoru Şerri Törkl Reclaiming Conversation (2015) kitabında texnologiyanın həqiqi insan münasibətlərini necə ələ keçirdiyini, canlı söhbətə və empatiyaya necə mane olduğunu diqqətə çatdırır. Törklün mesajını bu şüarla sadə şəkildə yekunlaşdırmaq olar: “Telefonu söndür, söhbətə başla”.
Bu müzakirədə toxunmadığım daha bir müəllif var (Qeyd edim ki, növbəti hissə müəllifi olduğum “Say Yes to No” kitabımdan götürülüb). 19-cu əsrin mahir hekayəçisi və mütəfəkkiri Sorn Kyerkeqor “ulduzları görmək” bacarığı ilə bolluq və onu müşayiət edən texnologiya arasındakı qarşıdurmanı ustalıqla canlandırır. Filosofların çoxu, həqiqətən də, bu qədər cəlbedici məsəllər yaratmaq iqtidarında deyil; xüsusən də, elə məsəllər ki, söyləndikdən iki yüz il sonra belə öz aktuallığını qoruyub saxlasın.
Fəqət Kyerkeqor bunu bacarır və onun bu qədər geniş istinad olunmağa layiq görülməsinin səbəbi də məhz budur:
“Firavan bir adam qaranlıq, lakin ulduzlu bir gecədə arabasını arxayın sürərkən fənərlərini yandırırsa, bəli, o, güvəndədir və heç bir çətinlikdən qorxmur; o, işığını özü ilə daşıyır və yaxın ətrafı qaranlıq deyil. Lakin məhz fənərləri yandırdığı və yan-yörəsində güclü işıq olduğu üçün o, ulduzları görə bilmir. Çünki onun işığı fənərsiz yol gedən yoxsul kəndlinin qaranlıq, amma ulduzlu gecədə heyranlıqla seyr etdiyi ulduzları pərdələyir. Bax, o aldanmış insanlar fani dünyada belə ömür sürürlər: ya həyatın qayğıları başlarını elə qatır ki, göylərə baxmağa imkan tapmırlar, ya da firavanlıq içində – sanki hər tərəfləri fənərlərlə doludur – o qədər rahat yaşayırlar ki, o mənzərəni, o uzaq üfüqləri və ulduzları görmək onlara nəsib olmur.”

Kyerkeqor məni özüm haqqında dərindən düşünməyə məcbur etdi. Biz – ya da ən azı, mən – ulduzları gözümüzdən gizlədən o parlaq halogen fənərlərin sehrinə düşmüşük. Tez-tez özümü durmadan artan, məni əyləndirən və özünə zəncirləyən texnoloji cihazların sıx cəngəlliyində tapıram. Hətta iş o yerə çatıb ki, bunlar artıq məni boğmağa başlayır.
Və mənə maraqlıdır: qulaqlıqla gəzərkən hansı cırcır böcəyinin səsini qaçırdım, daha nələri eşidə bilmədim? Görəsən, komputerə çox baxmaq xəyalımdakı qarğa və bayquş təsəvvürünü zədələdimi? Görəsən, ulduzları seyr etmək şansını itirdimmi?
Tərcümə: İbrahim Aziz



