İstanbulun tarixi Yeni Cami Hünkar Qəsrində “Tarixin rənglərində İstanbul” mövzusunda rəsm sərgisi açılıb. Sərgidə Azərbaycan və türkiyəli rəssamlar Vaqif Zeyidquliyev və Fatma Kılıçın əsərləri nümayiş olunur.
Daha.az xəbər verir ki, İstanbul Ticarət Palatasının (İTP) mədəniyyət və incəsənət tədbirləri çərçivəsində açılan sərgidə İstanbulun tarixi abidələrini sulu və akril boya ilə təsviri yer alıb.
Sərginin açılışında İstanbul Ticarət Palatasının sədr müavini Mehmet Develioğlu, məclis üzvləri və sənətsevərlər iştirak ediblər.
Tarixi binaların möhtəşəmliyini bu günə daşıyan sərgidə Vaqif Zeyidquliyevin sulu boya ilə çəkilmiş 44 , Fatma Kılıçın isə 23 əsəri yer alıb.
Sərgi avqustun 3-dək davam edəcək.
Qeyd edək ki, Vaqif Zeyidquliyev 2023-cü ildən etibarən İstanbulun dünyaşöhrətli Sultan Ahmet Camisində başladılan restavrasiyanın qələm işlərində yaxından iştirak edib. O, daha sonra yenə İstanbulda yerləşən Sultan Əbdül Məcidə aid köşkdə aparılan restavrasiyada yer alıb. Vaqif Zeyidquliyev köşkün tavanında yerləşən kətan üzərindəki rəsmin yenidən canlanmasına vəsilə olub.