Holland “Mona Liza”sı – Mirvari sırğalı qız

 

 

Məşhur “Mirvari Sırğalı qız” əsəri Hollandiya rəssamlığının incilərindən sayılır. Əsərin müəllifi Yuhannes Vermeerə dünyada tanınmaq statusu verən bu əsər illər boyu sənətsevərlərin diqqətini cəlb etmiş, kitab, film, reklam üçün dəyərli qaynaq rolunu oynamışdır.

Yuhannes Vermeer ölümündən 200 il sonra kəşf edilən rəssam olmasına baxmayaraq bu günə gəlib catmış, sadəcə imzasına əsasən onun olduğu məlum olan rəsm əsərləri ilə Hollandiya rəssamlığının Qızıl Dövrünün ən görkəmli nümayəndələrindən biri olmağı bacarmışdır. XVII əsrdə Delft şəhərində yaşayıb-yaradan rəssam haqqında çox məlumat əldə olunmayıb. Buna baxmayaraq, rəsm üzərində işləyərkən sürətə yox, möhtəşəmliyə əhəmiyyət verdiyi və bahalı piqmentlərdən istifadə etdiyi məlumdur.

Onun əsərləri elə öz dünyasını əks etdirir. Əksər əsərlərində mənzilinin iki otağının, kiçik toxunuşlarla dəyişdirilən eyni dizayn, eyni mebellərin təsvirinin şahidi oluruq, hətta çox zaman obrazlar belə eynidir. Onunla eyni dövrə məxsus rəssamlar daha çox açıq havada çəkilən rəsmlərə ustünlük verdiyi halda Yohannes Vermeerin bir neçə rəsmi istisna olmaqla daha çox zəif işıqla aydınlanan otaqda çəkilən əsərləri özünə evində bir dünya qurduğuna dair məlumatları təsdiqləyir.  Daha çox qadın portretləri çəkməsi ilə tanınan rəssam tablolarında kəndli qızdan tutmuş varlıların dəbdəbəli həyatlarına qədər yaşadığı mühitdəki hər şeyi xırda nüanslarına qədər əks etdirmişdir.

“Mirvari Sırğalı qız” da silsilə qadın obrazlarının təsvir olunduğu əsərlər sırasındadır. 1665-ci ildə çəkilən bu rəsm portretdən daha çox bir xəyali obrazın təsviri kimi qiymətləndirilir. Əsərdə ekzotik geyimli, başında şərq üslubunda türban, qulağında iri mirvari sırğa olan bir gənc qız təsvir edilmişdir. İşıq və kölgə təsviri, rəssamın üslubuna xas sarı və mavi rənglərin üstünlük təşkil etməsindən başqa rəsmdə qızın sirli baxışları ən çox diqqətçəkən detallardan biridir. Sanki nə isə demək istəyirmiş kimi baxan gənc qızın qulağındakı sırğa məsumluq simvolu kimi əsərdə öz əksini tapmışdır.

Bu tabliodan ilhamlanaraq 1999-cu ildə Tracy Chevalier rəsmin yaranmasından bəhs edən “Mirvari tanalı qız” adlı tarixi roman yazmış, 2003-cü ildə isə baş rolda Skarlett Yohanssonun olduğu eyniadlı bir dram filmi çəkilmişdir.