DAHA Cavanşir Yusiflinin “Azər Abdulla nəsri – geriyə proyeksiya poetikası” yazısını təqdim edir.
Yazıçı Azər Abdullanın hekayə və povestlərini həmişə maraqla izləyirəm. Hər dəfə bu və ya digər nəsr əsəri çap ediləndə diqqətlə oxuyur, bu yazıçının mənə bəlli olan manerasında hər hansı dəyişikliyin olub-olmadığını öyrənmək istəyirəm. Azər bəyin hadisələri çözmək, təsvir etmək, müxtəlif süjet dolanbaclarından keçirmək stixiyası mənə maraqlı gəlir. Azər Abdulla janrın sərhədləri içində hansı hadisənin necə baş verməsi, inkişaf etməsi və başa çatma məntiqini məkan amili ilə sıx surətdə bağlaya bilir – yəni, onun cızdığı “janr dairəsində”, konturları apaydın olan bu məkanın içində hər bir əşyanın yeri, harada, hansı nöqtədə olması, hansı surətlə yerindən tərpənməsi ölçü-biçi daxilindədir. Bəzən nəsr əsərlərini təhlil edəndə burada baş verən hadisələrin məhz baş vermə məntiqi deyil, sadəcə yazan, yəni əsərə sonradan yanaşan adamın bu stixiyaya aid olmayan şəxsi məntiqi əsas götürülür.
Həmişə Azər Abdullanın nəsrini, şeirlərini, ümumən yaradıcılığını yada salanda, yəni mütaliə edəndə onun əsas yanğısı – su stixiyası barədə dedikləri yadıma düşür: “Suyun hissiyatı, yaddaşı barədə film çəkilib, çox sayda elmi məqalələr yazılıb. Əgər Suyun yaddaşı varsa, onda onun yaddaşı da ruh kimi görünməz, ölməz, əbədidir. Dağ çaylarından yellənib axan, daşlara çırpılan, havalanıb uca qayalardan atılaraq parçalanıb tikə-tikə olan- damcılara, zərrəciklərə bölünüb yerə tökülən, yenidən bir-birinə qovuşub axaraq çaya, gölə, dənizə, okeana dönən, gah şaxtadan donub buz olan, gah istidən buxarlanıb göyə qalxaraq buluda dönən, yellərin qabağına düşüb kəndlər, şəhərlər, qitələr adlayan bulud bəlkə Ələyəz, bəlkə Savalan, Qoşqar, Murov dağının üstünə yetəndə yorulub ağırlaşdığından yenidən bölünüb damcı-damcı yerə tökülən, töküləcək də illərin ayrılığından bir-birinin həsrətini çəkmiş sevgililərtəkin dərhal qucaqlaşıb qovuşan bizim, sizin, onların, dünyamızın Suları…”
Dillə bağlı. Elə nasirlər var, sözləri sadəcə “dilin təmizliyi” naminə işlədir. Bu, məqamında yaxşıdır. Amma bundan daha önəmli bir şey var: məqamında işlənən söz gözlərin önündə rəssam sayağı hansısa tablonu cızır. Gəminin gövdəsinə zərblə çırpılaraq saçaqlanan dalğalar… Bu ifadə də Azər Abdullaya məxsusdur və suyla bağlı məşhur essesindəndir. Azər Abdullanın nəsr mətnlərini oxumaq istəyənlər hökmən bu esseni oxumalıdrlar. Rəsmlər də çəkirdi. İlk görəndə mənə belə gəldi: rəsmimin üstündən sular axıb keçib…
Hekayələrinin quruluşunda ilk baxışdan görünən cizgi: təfərrüat… Hər şeyin bitəbit təsvir edilməsi. Ancaq təhkiyə strukturu belədir: geriyə proyeksiya (Azər Abdullanın süjet qurma prinsipi-!). Bunun anlamı nədir? “Alman dərsi” və digər hekayələrində (“Gül yağışı”, “Oyun”, “Kəpənək bayramı” və sair) hər şey, daha doğrusu, bədii mətnin ifadə etdiyi məna personajın “dayanmadan” (nəfəs dərmədən) yol verdiyi hərəkətlərin ilk səhifələrdə, mətnin başlanğıcında işarə edilən məsələyə qayıtmaqla aşkarlanır. “Alman dərsi”ndə qoca, ixtiyar kişinin, ömrü boyu hekayə, şeir və romanlar yazmış kişinin səksənə yaxınlaşan ömründə rəsmlə uğraşması hansı mənanı kəsb edir. Onun rəsmlərində sənət meyarına dair nələrsə varmı? Bu suallar süjet xəttinin inkişafı boyunca meydana çıxır.
Azər Abdullanın qəribə yaddaş saxlancı var, bu, nəyisə dəqiq yadda saxlamaq anlamına gəlməz, sözü o mənada işlətdim ki, nasir haçansa eşitdiyi əhvalatlarla, şahidi olduğu hadisələrlə bərabər və onlardan daha çox, qulağına gələn səsləri dəqiq şəkildə hifz edir, bir də gördün hansısa təsvir qatında həmin səs “geri qayıtdı”…
Azər Abdullada, onun bütün yaradıcılıq platformasında hər şey geri qayıdır, hər şey son cümlələrdə sürətlə geriyə qayıdıb unudulmaz mənzərinin sonuncu “mazokunu” vurur, başlayan hekayə bitərəkdən “başlayır”, həmin keçmişdən gələn səsin sətirlərarası xışıltısını eşidirsən. “Qəmərlidən keçən qatar” hekayəsində bu prinsip ideal variantda əksini tapıb. “…O PAYIZ düzü-dünyanı soğan başına götürmüşdü. Zəmilərin qırağından, avtobus dayanacaqlarının, vağzalların yanından ötəndə qalaq-qalaq yığılıb tığlanmış qızılı, sarı soğan adamın üzünə gülür, aralanıb gedəndən sonra uzun müddət xışıltısı eşidilirdi.”
Olur ki bu səs, bu xışıltı bir mətndən digərinə adlayır: “Siyirmələrdən evin düzünə tökdüyü yüz cür xırdavatın, kağız-paranın içindən ağ, qara, sarı, göy rəngli sapları götürüb qəzetə bükdü, aparıb rəflərdəki kitabların arxasındakı boşluğa saldı. İşlənib balaca şamama boyda qalmış yun ipdən olan yumağı gətirib çarpayısının başındakı yazı masasının ortasına qoydu. Gözə çarpsın deyə masanın üstündəki kitabları, kağızı, qələmi göturüb pənçərənin önünə qoydu. İp xovlu, qalın və kovrək olduğundan ayaqlarına güç verib bir-birindən aralamaq istəyəndə barmaqlarını kəsmədən asanlıqla qırılaçaqdı. “Ölənə qədər bütün ehtiyatımı özüm görməliyəm”. Son vaxtlar başında ilan-çayır kimi dolaşan o ipləri evindən təmizlədiyinə görə bir az arxayınlaşdı. Ancaq, hamama girib əllərinin toz-torpağını yumaq istəyəndə, içərisi kağız-kuğuzla dolu kardon qutuya közü sataşanda, sabah arvadının rayondan qayıdanda özüylə gətirəcəyi qutudan, şələ-şülədən heç olmasa birinin mütləq o murdar iplə bağlanacağını ağlına gətirəndə arxayınlığı uçub getdi, neçə saatdan bəri evi alt-üst edib qarışbaqarış axtardığına, sərf elədiyi vaxta, zəhmətə hayıfı gəldi. Və anladı ki, yaxasını o iplərdən heç vaxt qurtara bilməyəcək.” (“Gül yağışı”)
Azər Abdulla Azərbaycan hekayəçiliyində xüsusi yeri olan usta yazıçıdır. Azərbaycan hekayə (məhz hekayə-!) antologiyasında “Qəmərlidən keçən qatar” əsərinin yeri mübahisəsizdir. Azər janrın dramaturgiyasının sirlərini yaxşı bilən yazıçılardandır. Həm nəsrdə bu “dramaturji istedadı” yazıçının mətnlərində ən müxtəlif kombinasiyalarda meydana çıxır. Bu dramaturji bilik, daha doğrusu, potensial onun “Sarı tağ” və “Çat” kimi iri həcmli mətnlərində də özünü göstərir. Azərin bir nasir kimi ən vazkeçilməz xüsusiyyəti hadisələrə münasibətdə seçdiyi mövqedir. “Sarı tağ” əsərində həmin “geriyə proyeksiya” prinsip ilə dramaturji potensial oxucu ilə ünsiyyətin ən müxtəlif, bitib-tükənməz formalarının meydana gəlməsinə şərait yaradır.
Azər Abdulla həm də Azərbaycanda ədəbi düşüncənin yönlərini dəyişdirə bilən “Qobustan” jurnalının işçisi, əməkdaşı olub. Qobustan mühiti onun yazıçı və publisist kimi formalaşmasında rol oynayıb. Bunu nasirin özü də dəfələrlə qeyd edib. Tofiq Abdinlə yaxın dost olub, Qobustanda əl-ələ verib çalışıblar. Bir publisist yazısında Tofiq haqqında elə detal və cizgiləri yazmışdı ki, yazıda dürüstlüklə təsvir məharətinin uzlaşdığına heyrət etməkdən özünü saxlaya bilməzdin.
Hər şey heyrətdən, heyrətlə başlayır və adiləşir, sən gözünlə gördüklərini yazır, adiliklərin yan-yörəsindəki sirlərə toxunmadan keçib-gedirsən. Bir müddət sonra bu sirlər sənin taleyində naxış kimi görünür.
“Qəmərlidən keçən qatar” hekayəsi Azər Abdullanın yaradıcılığında xüsusi yer tutur, böyük önəm daşıyır. Bəsti Əlibəylinin dediyi kimi, “Azər Abdulla nəsri deyərkən, ilk növbədə, onun “Qəmərlidən keçən qatar” avtobioqrafik hekayəsi yada düşür. Yeri gəlmişkən, qeyd edək ki, hekayənin bəzi hallarda, xüsusən sosial mediada povest kimi təqdim olunması janrın statusu ilə uzlaşmır. Әsərin adı köhnə, unudulmaz bir sevgi hekayəsi ilə bağlı olsa da, mətndən sadəcə, bir epizod kimi keçən həmin əhvalat onun janr statusuna təsir etmir. Qeyd edilən fraqment istisna olmaqla, “Qəmərlidən keçən qatar” birxətli dramaturgiyası, həcm ölçüləri ilə tam bir hekayədir. Hansısa janr təsnifatı onun ədəbi-bədii dəyərinə qətiyyən kölgə salmır və bir çox yönləri ilə həm ədibin yaradıcılığında, həm də müasir hekayəçiliyimizdə mötəbər yer tutan qiymətli əsərlərdən biridir.“ Həmin fraqment – sevgi fraqmenti bir də sonda xatırlanır, o qədər dava-dalaşın, həyəcan və təlaş çəkilib gedəndən sonra Ağəli atasından o müəlliməni soruşur. Deyir, onu Qəmərliyə qaçırtdılar. Bu mənada “Qəmərlidən keçən qatar”ı bir də bu anlamda mənalandırmaq və oxumaq lazımdır. Müəllifin hekayənin başında yazdığı sözü: Olay Ermənistan zəlzələsindən on iki il öncə olub, – kəlməsini həmin sonda deyilən sözlə yanaşı tutmaq lazımdı. Gənclik çağında itirdiyi isti duyğuların hənirini necə daim xatırlayırsa, tək yox, bir yerdə olanda quduzlaşan insanların arasından keçib vətəninə dönə biləndə həmin sevgi yenidən və insancasına yaşanır. Erməni uşaqları Ağəlinin atasını qatardan yerə atmaq istəyəndə kişi var-gücüylə dirəşir, o uzaq illərin sevgisiylə yurd sevgisi qollarına olmazın güc verir.
Yuxarıda vurğuladığımız kimi, Azər Abdullanın yaradıcılığındakı su stixiyası onu uzaq əsrlərdə baş vermiş hadisələrin gizli-aşkar detallarıyla “oynayan” tarixçiyə bənzədir. Qəfildən elə bir detalın üstünə gəlir ki, ətrafdakı hər kəsin xarakter və xasiyyəti görünür. “Qabaqda Ağəlinin qadınıyla beş yaşlı qızıydı. Onların arxasında atasıyla özüydü. Hər şey gözəl idi. Yan-yörəsindəki qız-gəlinə maraq göstərmədən arvadının kənddən rayonacan dinməzcə oturub bütün yolboyu pəncərədən bir çiyniüstə bayıra baxması da, qızının xurmayı saçına bağlanmış qıraqları zərli su kimi şəffaf bantı da, avtobusun işıqlı və rahatlığı da Ağəlinin ürəyincə idi.” Su kimi şəffaf bant… Sonra. Şaftalının dünyaya hökm edən məstedici qoxusu: “Qıpqırmızı, sapsarı, ağappaq şəftəli ilə doldurulmuş yeşiklər maşının banı ilə bərabər idi. Maşının və banın künclərində dayanmış adamları tanıcaq Ağəli qazmanı yerə atıb başaşağı götürüldü. Maşına çatcaq dayanmasını gözləmədən pişik kimi dırmanıb banın qırağındakı ensiz taxtanın üstüylə qabaq küncdə dayanmış atasına yaxınlaşdı. Atası onun qolundan bərk-bərk yapışdı. Maşın düzə çıxıb dayandı. O, şəftəlisini satmağa aparan kəndçiləri ilə bir-bir görüşdü. Neçə ay qabaq ayrıldığı bu adamların danışığı, səsi, zarafatları ona şəftəlinin məst edici qoxusu kimi doğma və gözəl idi. Yuxarıdan erməni uşaqları qışqırdı: – Bizə də gətir!”
Bizim fikrimizcə, birinci halda, yəni, konkret halda “Sarı Tağ” povestində süjet-kompozisiya xüsusiyyətlərini nəzərə almadan, povestdə təsvir edilən hadisələrə az qala hamımızın əzbər bildiyi siyasi, ideoloji, mənəvi… prizmadan yanaşıb onu təhlilə çəkdikdə, Azər Abdullanın povesti deyil, bu əsərin fabulasına hopan hadisələr haqqında danışacağıq. İndi əksər əsərlərin təhlili məhz bu gündədir. Əsər ona görə mövcuddur ki, o, hamının bildiyi, başqa sözlə, hamının başına gələn hadisələrdən bəhs edir. Müəyyən mövzulara marağı məhz bu amil doğurur. Bu ayrıntı – hansısa qabaran (…belə deyək: ifrat şəkildə qabaran və qabarmaqdan beli qırılan-!) ideoloji-mənəvi nüansı götürüb (əsəri tam şəkildə unudub) təhlillər aparmaq, kəskin deyilərsə, şantaj stixiyası yaradır: diqqətlə baxmalı olsaq, Azərbaycan ədəbiyyatşünaslığı və tənqidi Azərbaycan ədəbiyyatını şantaj edir. Tənqid daha çox təhlil etmək istədiyi əsərin doğurduğu assosiasiyalarla oynayır (bu təsadüflərdə oxunmayan bir nəsnə varsa, o da mətndir-!). Müəllifin ideyasını “dartıb uzadır” və düşünmür ki, bu ideya artıq son və mənasız nöqtəsinə qədər dartılıb, bir “kövrək” yerinə toxunmaq bəsdir ki, uçub-dağılsın. Yəni, orada illər boyudur olmayan şeyləri axtarır. Halbuki, adını çəkdiyimiz povestdə kifayət qədər uğurlu cəhətlər var ki, ixtisaslı yanaşma tələb edir. Başqa sözlə, Azər Abdullanın “Sarı Tağ” povesti təkcə “erməni mövzusu”na görə aktual deyil, bu, daha çox mənim üçün Azər Abdullanın əsəri olduğuna görə diqqətlə oxunmağa, süjetqurma sirlərini öyrənmək baxımından önəmlidir.
Azər Abdulla hadisələri belə deyək, “çərçivə içində” təsvir edir. Burada “çərçivə” sözü o anlamdadır ki, yazıçı özünə bəlli olan, hər bir ayrıntısını əzbər bildiyi, uydurub reallaşdırdığı olayları bir-birindən tam asılılıq, tam qarşılıqlı şərtləndirmə aurasında verir – bu aura müvafiq göstərmə momentinin çərçivəsidir. Həmin olaylar çərçivənin içinə dolmazdan qabaq “budanmadan” keçir, çərçivəyə sığana qədər ixtisar edilir, təhkiyə axarına düşənə qədər “aradan qaldırılır”. Azər Abdullanın təsvir etdiyi hadisə yerə, məkana görə koloritlidir, yeri, əşyanı, əşyalar arasında əlaqələri təsvir etmək, göstərmək, onların gizli nüanslarını verməyə güclü meyl, metaforik obrazlılıqdan qaçmaq, hadisəni beləcə “quru” şəkildə deyil, onların baş vermə stixiyası əsasında açmaq, pardaqlamaq, maraqlı, dönüş məqamı və açılışı güclü gərginlik yaradan xətlər boyunca – ümumi planda vermək – bu gün dünyada baş verən hadisələrlə paralel yuvalarda yerləşdirmək məqsədini daşıyır. Azər hadisələri mürəkkəb təkamül burulğanına atmaqdan, oxucu üçün gözlənilməz gərginlik yaratmaqdan çəkinmir, onun yaratdığı tekst həmişə çölə – çöl dünyası ilə əlaqəyə (reaksiyaya) girməyə can atır, beləliklə, hadisənin mətndənkənar əlaqələri “Sarı Tağ” povestinin bu gün çox böyük maraqla oxunmasını şərtləndirir. Hər bir detal – üzdəki xal, xalla bağlı Qafurun anasının danışdığı hekayət…, uşaqlıq xatirələri, ata yurdu Sarı Tağın insanı dirildən qəmli görünüşü… bu gün baş verən dəhşətli, tükürpərdici olaylarla assosiativ əlaqədə deyil, onlarla canlı şəkildə bağlıdır. Keçmiş həm elə bil ki, artıq həyatdan ayrı düşünülən bir şeydir, həm də bu günün mənasını, baş verən olayların məğzini təşkil edir. Qafuru insanlara, konkret olaraq evində yaşadığı Türkiyə ermənisinə, digər insanlara humanist, insan kimi yanaşdığına görə şantaj edirlər, küçələr boyunca qürurla gəzən bu oğlanı dişlərinə vurub sınamaq, həm də sındırmaq istəyirlər. Küçənin ortasında təhqir edir, qorxudur, üstünə şər atırlar, daş-qalaq edir, söyür və döyürlər… Bütün bu hadisələr hələ məlum Ermənistan hadisələrindən əvvəlki dövrə təsadüf edir. Onlar Qafuru məğrur, alicənab olmasına, bir də etnik mənşəyinə görə həzm edə bilmirlər (türk də olsa… bu şəhərdə insanların çoxu qəliblərlə, yəni düşünmədən hərəkət edirlər), eyni şəkildə Türkiyədən köçüb gəlmiş Akopu da həqiqəti dediyinə, alicənab olduğuna görə adam yerinə qoymur, ürəklərində ona ən ağır cəzanı verirlər – sən erməni deyilsən (bu zaman düşünürlər, özü də acıqla, hirslə, hikkəylə, bu isə istər-istəməz aqressiya doğurmalıdır)! Bu cəhət – bir millətin öz içində daim çək-çevirdə olması, özü haqqında düşünməsi, özünü hamıdan təcrid etməsi və az qala, bütün dünyaya sahiblik iddiasında olması – milli xəstəlikdir, bu hisslərin, duyğuların, bu çalpaşıq düşüncələrin bir aydınlığa çıxma məqamı, təmizlənmə şansı yoxdu – məsələnin bütün mahiyyəti budur; ömrünün yarıdan çoxunu İstanbulun “Nakkaş tepesi” məhəlləsində keçirən, dünyaya baxışı burada formalaşan Akop könüldən bəslədiyi qızılgülləri kimsə dərəndə, qırıb-qoparanda üzünü çevirir ki, görməsin. Ancaq bütün ölkə (bəlkə də bütün dünya -!) qızılgül boynunu vurmağa müntəzir dayanan əli qılınclılarla doludur. Belə bir şəraitdə Akopun evinə kirayənişin kimi köçən, ata yurdu Sarı Tağı axşamlar seyr etmək üçün hər şeyindən keçməyə hazır olan Qafur gəlib bu mərəkənin düz ortasına düşür. Onu bu evə gətirən, “Armenpresdən daha operativ” olan Reginanın da qəribədir ilk arzusu bu gözəl gülləri qopartmaqdır. Dəfələrlə mütaliə etdiyimiz povest dönüşlərlə zəngindir – hər bir hadisə axıra kimi inkişaf etməyə sanki macal tapmır, onun cığırı ilə başqası gəlir, belə “nəfəs-nəfəslik” dramatik ovqat yaradır, ən sakit və sabit durum da içindən qaynayır, sonrakı olaya meydan, məkan kimi verilir, beləcə, hadisənin hadisəyə qucaq açması əsər boyu təsvir məkanının daim genişlənmə perspektivini doğurur, bir hadisə özü kimi yüzlərlə hadisənin əvəzindən çıxış edir, hadisənin daxilində ayrı-ayrı nüanslar və detalların yetişmə, baş vermə və “partlama” anı həyəcan kimi hiss edilir. Sakit addımlar və sürətli dönüş, hislərin, duyğuların aşıb-daşması, hər bir nəsnənin yuvasını tərk etməyə bütün varlığı ilə can atması gərginlik havasını bir az da kəskinləşdirir. Bu povestdə Azər Abdullanın nasir kimi ustalığı məncə digər əsərləri ilə müqayisədə daha görümlü və realdır. Ən zəif, işaran hisslə ən kəskin, necə deyərlər, “şahə qalxan” ayrıntı arasındakı gərginlik amplitudası dramatizm balansını elə səviyyəyə gətirir ki, özündən nəsə uydurmağa, hadisələrin dalını düşünməyə, müəllifin təqdim etdiyi varianta alternativlər axtarmağa macal tapmırsan.
“Sarı Tağ”da cümlələr bir qayda olaraq uzundur, ancaq bu uzunluq müəyyən məqamları istisna etməklə, mürəkkəblik, fikrin anlaşılmaması problemini yaratmır. Diqqət yetirək: “Ötən yüzilliyin əllinci illərinin sonlarında Bakının “Kubinka” deyilən ərazisindəki ceyllərin hal-xasiyyətindəki bir çox cəhətlər necəydisə, həmin dövrdə oradan neçə-neçə dağlar, düzənlər, ovalıqlar aralı, dilləri və dinləri bir-birindən ayrı olan İrəvan şəhərində ermənilərin də əksəriyyətinin “Təpəbaşı” dedikləri (sonralar dəyişdirilib “Qond” olan) yerin cavanları da eləydi”. Ən uzun cümlə belə mürəkkəblik, anlaşılmazlıq effekti yaratmır, çünki arada su amili var… Bununla bağlı, vaxtilə yazdığımız aşağıdakı iradımız, etiraf edirik ki, düzgün deyildi: “…Cümlə təqribən anlaşıqlıdır. Ona görə təqribən ki, ilk cümlədə informasiya tam verilməlidir, heç bir dolaşıqlığı şərait yaratmamalıdır. Cümləni neçə dəfə oxusaq da, fikrin oturduğu semantik yuvanın laxladığının şahidi oluruq. Cümlə uzandıqca, fikri bir sapa düzən “tel” nazildikcə məna zəifləyir, tam şəkildə ötürülmür. Bu cümlədə uzunluq fikrin sərrast verilməsinin deyil, onu qeyri-müəyyən lad üstünə gətirməyin ölçüsünə çevrilir. Beləliklə, bu yolla məna təsbitlənmir, sadəcə, onun “fonetik işartısı” artır, səslər, sözlər çoxalır, semantika dolğunlaşmır.”
Şeirdəki sözdən fərqli olaraq, nəsr sözü – söyləm necə deyərlər, qabığı soyulmağa meyllidir. Klassik ədəbiyyatdakı “niqab” obrazının altında məhz bu mətləb durur – niqab açılana qədər milyon verstlik yol qət edilir, uzun bir dövr ərzində Şərqdə nəsr ənənəsinin olmaması, əslində, bununla bağlıdır – enerji konsentrasiyası elə bir məqamda baş tutur ki, nəsr də, poeziya da bir nöqtədə birləşir – uzun müddət ərzində differensasiya getmir və buna ehtiyac qalmır. Əslində, Füzulinin divanı, Nizaminin “Xəmsə”si həm də nəsrdir, “Leyli və Məcnun” həm də o dövrün romanıdır, janrlararası keçid ani və sürəklidir, bir janrın daxilindəki janr sferaları (və keçidləri-!) müstəqilləşməyib, roman həm də poemadır, Mövlananın “Divan”ı, janr qarışıqlığının parlaq nümunəsidir.
… Yuxarıda qeyd etdik ki, Azər Abdulla aydın məkan görüntüsü yaratmağın ustasıdır. Adicə “filan şey filan yerdə yerləşirdi” deyimini sərrast şəkildə – ideal formada işlədir. Məkandan məkana keçid, hadisə zəncirinin həlqə-həlqə uzanması hiss edilmir, çox qüsursuz bir mənzərə yaranır. Povestdə Türkiyədən gəlmiş axbarların hazırladıqları kofe qonaqlığı mərasimini xatırlayın. Kiçik pasajda, keçidlər arasında “işıq zolaqları” görünür.
“…Akopun həyətinə girəndə Qafurun üzünün işıqlanması Reginanın gözündən yayınmadı…”
Sonra:
– Yekə adamsız, nə qədər demişəm, öz diliniz yoxdur?! Qonşular eşidər, ayıbdır. Nə qədər ki, bu murdar dildə danışacaqsınız, güllərin toxumunu İstanbuldan gətirmişik, – deyəcəksiniz. Haçan bunlara son qoyacaqsınız. Bu gündən məktəbə getməyəcəm…
Körpəliyini İstanbulda yaşamış uşaq, milli ədavətin üzdə olan bəlirtilərini yaşayır, hər şeyi onlarla bağlayır. Uşağın düşdüyü mühit təlqin edir ki, millətin böyüyüb-artması, azadlığa çıxması üçün qalın bir sədd var – hər şeyi o törədir, birbaşa baiskar olmasa da! Atası bu gülləri sevgiylə əkib-becərib. Ümumi psixoloji halət hələ qatılaşmayıb, hadisələr kortəbii şəkildə cərəyan edir.
Ata: belələrinə gavur demişlər…
Uşaq: qonşular eşidər, ayıbdır, nə qədər bu murdar dildə danışacaqsınız, sizin alma, ərik, bütün ağaclarınız da kəsiləcək…
Gülləri təkcə ona görə qoparmırlar ki, toxumları İstanbuldan gətirilib. Həm də ona görə onların başını vururlar ki, gözəldirlər, allahdan savayı pənahları yoxdu… Gözəlliyə qəsd kütləvi psixoz yaradır, ağıl çaşır, səbəbi mütləq şəkildə özündə yox, başqa yerdə axtarmalı və tapmalısan. O, orada olmasa belə! Düşmən obrazı yaratma stixiyası sürətlənir, qarşısıalınmaz prosesə dönür…




