Azərbaycanlı gənc kinematoqrafçılar WARM Festivalında: “Sıfırdan başlamaq” və “Mənim virtual evim” layihələri Sarayevoda təqdim olunur.
Daha.az xəbər verir ki, Azərbaycan Kinematoqraçılar İttifaqı və Azərbaycan Respublikası Kino Agentliyi rejissor Aynur Kazımova ilə ssenarist və prodüser Nicat Dadaşovun Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən nüfuzlu WARM Festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirakına maliyyə dəstəyi ayırıb. Belə ki, AKİ iştirakçıların yol xərclərini, ARKA isə hotel və qidalanma xərclərini qarşılayıb.
Festival çərçivəsində Aynur Kazımova “Sıfırdan başlamaq” adlı tammetrajlı sənədli filmi ilə pitçinqdə iştirak edəcək. “Sıfırdan başlamaq” filmi Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş uşaqların oyun və xəyallarına müharibənin təsirini araşdırır.
Nicat Dadaşovun prodüser qismində təqdim edəcəyi “Mənim virtual evim” (rejissor Ülviyyə Əhmədova) sənədli film-layihəsi isə Qərbi Azərbaycandan didərgin düşmüş bir qocanın ömrünün sonunda doğma evini son dəfə görmək istəyindən bəhs edir.
Qeyd edək ki, “WARM Academy” müasir dünyamızda münaqişələr və müharibədən sonrakı keçid dövrlərinin sənədli dillə işlənməsinə dəstək vermək məqsədilə yaradılmış multidissiplinar tədris proqramıdır. Proqram iştirakçılara müharibə mövzusunun etik çərçivədə necə işlənməsi, əsərin bədii təsir gücünün artırılması və peşəkar yanaşmalar haqqında biliklər qazandırır.