Əllər – Şervud Anderson

DAHA.az Şervud Andersonun “Əllər” hekayəsini təqdim edir.

 

Vaynzburq vadisinin yaxınlığında yerləşən, taxtadan tikilmiş balaca evin sınıq-salxaq eyvanında alçaqboylu, kök bir kişi narahat halda o tərəf-bu tərəfə gedib gəlirdi. Yonca toxumu əkilsə də, əvəzinə sarı və sıx xardallarla örtülən əkin sahəsinin yanındakı maşın yolunu o eyvandan görmək olurdu. Sahələrdən giləmeyvə yığıb geri qayıdan gənc oğlan və qızlar həmin vaxt faytonla o yoldan keçirdilər. Onlar deyib-gülür, çılğın qışqırtılarla küçələrin sükutunu pozurdular. Kişi arabir yola göz gəzdirir, faytondan tullanarkən qızlardan birini də özüylə aşağı çəkməyə çalışan yaşıl köynəkli oğlana baxırdı. Qız uca səslə qışqıraraq oğlana müqavimət göstərirdi. Oğlanın ayaqları altından qalxan toz havada sanki buluda çevrilərək batan günəşin üzünü örtürdü. Geniş sahənin o tərəfindən zərif bir qız səsi də eşidilirdi:

– Eyy, Vinq Biddlbaum, bəlkə, o saçlarını bir darayasan. Axı gözlərinin üstünə tökülür.

Qız eyvanda var-gəl edən o keçəl kişiyə səslənirdi. Kişi isə sanki dağınıq saçlarını darayırmış kimi balaca və ürkək əllərini keçəl və ağ başına çəkirdi.

Həmişə kabuslarla, şübhə və qorxularla yaşayan Vinq Biddlbaum artıq iyirmi ildir ömür sürdüyü bu qəsəbənin insanlarından özünü uzaq tutur, burdakı həyatın ona aid olmadığını düşünürdü. Bütün Vaynzburq camaatı arasında indiyəcən cəmi bir nəfər onunla ünsiyyət qurmuşdu. Nyu Villard Hauz mehmanxanasının sahibi Tom Villardın oğlu olan Corc Villardla onun arasında dostluğa bənzər bir münasibət yaranmışdı. Corc Villard “Vaynzburq İql” qəzetinin müxbiri idi. O, bəzən axşamlar mərkəzi yol ilə Vinq Biddlbaumun evinə gəlirdi. Yarıuçuq eyvanda əllərini təşvişlə yellədərək var-gəl edən qoca, indi Corc Villardın gələcəyinə və axşamı onunla keçirəcəyinə ümid edərək gənc jurnalisti gözləyirdi. Giləmeyvə yığanların faytonu keçdikdən sonra o, uca xardalların arası ilə küçəyə tərəf yol aldı və hasara dırmaşıb narahatlıqla qəsəbə yoluna baxmağa başladı. Bir müddət beləcə qaldı. Əllərini bir-birinə sürtüb baxışlarını küçədə gəzdirdikdən sonra ürəyinə qəfil bir qorxu doldu və hasardan düşüb təzədən bayaqkı eyvana qayıtdı.

Bu iyirmi ildə qəsəbənin çözülməmiş sirri olan Vinq Biddlbaum, Corc Villardla söhbət edərkən utancaqlığını, qorxaqlığını bir qədər unudurdu. Şübhə və müəmmalar içindəki dumanlı şəxsiyyəti belə vaxtlarda öz gizli dünyasından çıxıb bu dünyaya təşrif gətirirdi. Bəzən hətta özündə cəsarət tapıb gənc jurnalistlə birgə Meyn küçəsində gəzirdi. Çölə çıxmadığı vaxtlarda isə evinin laxlayan eyvanında o tərəf-bu tərəfə gedərək Corca həyəcanla nəsə danışırdı. Bu zaman onun asta və titrək səsi uca və sərt səsə çevrilirdi. Əyilmiş qəddini düzəldir, balıqçının çaya qaytardığı balıq kimi qıvraq hərəkətlər edərək danışır və uzun illərin sükutu zamanı könlünə yığılan hiss-duyğularını sözlə ifadə etməyə can atırdı.

O, çox vaxt əl ilə danışırdı. Əksər hallarda ciblərində, yaxud da arxasında gizlətməyə çalışdığı əllərini bu zaman daha gizlətmirdi və incə, sirli barmaqları fikrini ifadə etmək üçün onun əsas silahına çevrilirdi.

Vinq Biddlbaumun əhvalatı əslində elə onun əlləri ilə bağlıdır. O əllər qəfəsə salınmış quşun durmadan çaldığı qanadlar kimi cəld idi və bunu görən adamlar ona “Vinq[1]” adını vermişdi. Bunu Vaynzburqun hansısa naməlum şairi fikirləşib tapmışdı. Bu əllər öz sahibini nədənsə çox narahat edirdi. Vinq, ciddi cəhdlə əllərini gizlətməyə çalışır və tarlada onunla birgə işləyən, yaxud da yorğun atların qoşulduğu faytonları kənd yolları ilə sürən insanların heç bir məna ifadə etməyən, hərəkətsiz əllərinə həmişə təəccüblə baxırdı.

Corc Villardla danışarkən o, yumruğunu düyünləyir və divara, yaxud da stolun üstünə çırpırdı. Bu, onu rahatlaşdırırdı. Çöldə olanda isə bir kötük, yaxud da taxta çəpər axtarır və yumruğunu döyəcləyə-döyəcləyə daha rahat halda söhbətinə davam edirdi.

Vinq Biddlbaumun əlləri haqqında, bəlkə də, bir kitab yazmağa dəyər. Əgər yaxşı yazılsa, həmin kitab bu sirli adamın qəribə xüsusiyyətlərini, müsbət keyfiyyətlərini üzə çıxarar. Bu kitabı yazmaq əsl şair işidir.

Vinq Biddlbaumun əlləri sadəcə öz işləmək bacarığına görə Vaynzburqda hamının diqqətini çəkmişdi. Bir günə yüz otuz iki kiloqram çiyələk yığan bu əllər Vinqin fərqləndirici xüsusiyyəti və şöhrətinin əsas səbəbi idi. Bu əllər eyni zamanda onun onsuz da müəmmalı olan kimliyini daha da müəmmalı edirdi. Vaynzburq camaatı bank işçisi Vaytın yeni kərpic evi, yaxud da Klivlenddəki at yarışlarında qalib gələn Vesley Moyerin Toni Tip adlı kəhər atı ilə qürur duyduğu kimi Vinq Biddlbaumun əlləri ilə də qürur duyurdu.

Corc Villard ondan əlləri haqqında soruşmağı çox istəyirdi. Bəzən Corcu böyük maraq hissi bürüyürdü. O düşünürdü ki, bu əllərin cəldliyinin və Vinq Biddlbaumun onları həmişə gizlətməyinin nə isə ciddi bir səbəbi var. Amma Vinq Biddlbauma olan hörməti bu sualları verməkdə Corca mane olurdu.

Bir dəfə Vinqdən bu haqda soruşmaq üçün Corcun əlinə yaxşı bir imkan düşmüşdü. Yay axşamlarından biri idi. Onlar çöldə gəzə-gəzə söhbət edirdilər. Üstünü ot basmış skamyanın yanında dayanıb oturdular. Vinq Biddlbaum bütün axşamı ilham və şövqlə danışmağa davam etmişdi. Qarşısına çəpər çıxdığı vaxt yekə ağacdələn kimi yumruğunu taxtaya döyəcləyə-döyəcləyə Corc Villardın üstünə qışqırıb, ona qəsəbə camaatının təsirinə çox uyduğunu demişdi:

– Sən özünü məhv eləyirsən, – o qışqırırdı, – Görürəm ki, təkliyə, xəyallar qurmağa meylin var. Amma xəyal qurmaqdan qorxursan. Sən də bu adamlar kimi olmaq istəyirsən. Sən onların danışığına qulaq asıb, onları yamsılamağa çalışırsan.

İndi ot basmış skamyanın üstündə oturduqları vaxt da Vinq, söhbətinin davamını gətirib fikrini sona çatdırmaq istəyirdi. Onun yumşaq səsində nostalji notlar sezilirdi. İndi o, fərəhlə köks ötürərək sanki xəyallar içində itib-batmış bir adam kimi rabitəsiz nitqlə söhbətini davam etdirirdi.

Vinq Biddlbaum, xəyallarındakı mənzərələri Corc Villardın gözləri önündə canlandırmağa çalışırdı. Bu mənzərələrdə insanların xoşbəxt yaşadığı kənd mühiti təsvir edilirdi. Azad və yamyaşıl ölkələrində bəziləri piyada, bəziləri at üstündə gəzən yaraşıqlı adamlar ağacın altında oturan qoca kişinin söhbətlərinə qulaq asmaq üçün balaca bağçaya tərəf axışırdılar.

Vinq Biddlbaumun ilhamı getdikcə artırdı. O danışa-danışa bir anlıq əllərini də unutdu. Özündən xəbərsiz əlini cibindən çıxarıb Corc Villardın çiyninə qoydu.

Qoca kişi fərqli və daha cəsarətli səslə söhbətinə davam etdi:

– Sən indiyəcən öyrəndiyin hər şeyi unutmalısan. Sən xəyallar qurmağa başlamalısan. Bu gündən etibarən kənardakı səslərə, söhbətlərə daha fikir vermə.

Bu sözləri deyəndən sonra o dayanıb Corc Villardın üzünə uzun müddət ciddi-ciddi baxdı. Gözləri par-par parıldadı. Əlini təkrar qaldırıb oğlanın çiyninə qoymaq istəyəndə sifətinə qorxu və dəhşət ifadəsi çökdü.

Sonra həyəcan və təşviş dolu bir cəldliklə sıçrayıb ayağa qalxdı. Əllərini dibə qədər cibinə saldı. Boğazındakı qəhəri udmağa çalışsa da, bacarmadı. Gözləri yaşla doldu.

– Mən getməliyəm. Daha sənlə söhbət eləyə bilmərəm, – o, həyəcanla dedi və Corc Villardı yaşıl yamacın üstündə çaşqınlıq və qorxu içində buraxaraq arxasına baxmadan yoxuşu enib, çəmənliklə evinə tərəf qaçdı. Corc Villard həyəcandan titrəyərək ayağa qalxdı və qəsəbəyə tərəf getməyə başladı.

– Əlləri haqqında ondan heç nə soruşmayacam, – hələ də kişinin gözlərindəki dəhşətli ifadənin təsiri altında olan Corc düşündü, – Yəqin, əlləri ilə bağlı onun nəsə başqa bir dərdi var. Bəlkə də, insanlardan qorxmağına səbəb olan sey elə budur.

Bəli, Corc Villard haqlı idi. Gəlin, qısa olaraq o əllərin tarixçəsinə bir nəzər salaq.

Bəlkə də, bunları danışmağımız əlləri, sanki yellənən ümid bayraqlarına bənzəyən bu müəllimin gizlin və maraqlı hekayəsini qələmə almaqda şairimizə ilham verəcək.

Gəncliyində Vinq Biddlbaum Pensilvaniya əyalətlərinin birində məktəb müəllimi idi. O vaxt onun adı Vinq Biddlbaum deyildi. Bu ad qədər ahəngdar olmayan başqa bir adı var idi: Adolf Mayerz. Hamı onu bu cür tanıyırdı. Məktəbdəki oğlanlar Adolf Mayerzin xətrini çox istəyirdilər.

O, sanki fitrətən də müəllim idi – yeniyetmələrlə yaxşı yola getməyi bacaran müəllim. Adolf Mayerz çətin başa düşülən elə nadir adamlardan idi ki, öz səlahiyyətlərindən və gücündən necə istifadə edirdisə etsin, şagirdləri bunu xoşagələn bir nəvaziş kimi duyurdular. Tabeliyində olanlara qarşı bu cür adamların münasibəti qadınların kişilərə qarşı sevgisinə bənzəyirdi.

Amma mən bunu yaxşı ifadə edə bilmədim. Bir az kobud alındı. Burda yenə şair məharətinə ehtiyac var. Adolf Mayerz məktəbin oğlanlarıyla axşamlar gəzə-gəzə söhbət edər, bəzən qaş qaralana qədər bu söhbətləri davam etdirərdi. Arabir əllərini onların dağınıq saçlarında gəzdirər, ya da mehribancasına onların çiynini sığallayardı. Danışdıqca onun səsi zərifləşər və musiqi səsinə bənzəyərdi. Sanki bu səsdə də bir sığal var idi. O, səsinin zərifliyi və həlimliyi ilə, şagirdlərinin çiynini sığallamaqla, saçlarına toxunmaqla düşüncələrini daha aydın çatdırmağa çalışır, şagirdlərinin onu başa düşməsini istəyirdi. Onun qəlbində həyat eşqini meydana gətirən güc birləşmək əvəzinə sanki bölünüb parçalanmışdı. Çiyinləri, saçları sığallanan oğlanlar söhbət zamanı şübhə və inamsızlıq hissini yaddan çıxarır, müəllimləri kimi xəyallar qurmağa başlayırdılar.

Və sonra o faciə baş verir. Oğlanların arasından ağıldankəm biri müəlliminə bağlanır. O, gecələr yerinin içində diləgətirilməz şeylərin xəyalını qurur və bir gün səhər, bu xəyalındakıları olmuş hadisələr kimi danışmağa başlayır. Ağzını Allah yoluna qoyub müəllimi haqqında iyrənc və ağlagəlməz şeylər uydurur. Yayılan söz-söhbət bütün Pensilvaniyanı lərzəyə gətirir. Adolf Mayerz haqqında onsuz da gizli şübhələri olan adamlar deyilənlərə inanırlar.

Faciə gecikmir. Oğlanlar yerlərindən təəccüblə ayağa sıçrayıb bir-bir danışmağa başlayırlar: “O, əllərini mənim də çiynimə qoymuşdu.” “ O, həmişə mənim saçlarımla oynayırdı.”

Bir axşam qəsəbə sakinlərindən biri olan meyxana sahibi Henri Bredford məktəbə gəlir. Adolf Mayerzi həyətə çağırır və çölə çıxan kimi onu döyməyə başlayır. Sərt düyünlü yumruqları müəllimin qorxu dolu sifətinə dəydikcə, o daha da qəzəblənir. Dəhşətə gəlmiş uşaqlar çığırışaraq həşərat kimi o tərəf-bu tərəfə qaçışırlar.

– Mən sənə göstərərəm əlini oğlumun çiyninə qoymaq nə deməkdir, göstərərəm sənə, əclaf, – meyxanaçı onu döyə-döyə qışqırmağa davam edir.

Sonra əlləri yorulduğu üçün həyətin ortasında onu təpiyi ilə vurmağa başlayır.

Adolf Mayerzi gecə ilə Pensilvaniyadan qovurlar. Əllərində fənər tutan on-on beş nəfər onun tənha yaşadığı evə gəlir və paltarını geyinib çölə çıxmasını istəyirlər. Həmin gecə hava da yağışlı olur. Fənər işığının altında adamlardan birinin əlində bir kəndir gözə çarpır. Adamlar Adolf Mayerzi asmaq istəyirlər. Amma cansız-cüssəsiz müəllimin qorxudan ağarmış üzü, yazıq görünüşü onların ürəyinə toxunur və onlar müəllimi buraxırlar. Zülmətin içi ilə qaçıb uzaqlaşmağa çalışan Adolf Mayerzin arxasınca baxdıqca, ona rəhm etdikləri üçün peşman olurlar. Qaranlıqda qışqıraraq yüyürən adamın dalınca söyə-söyə, kəsək ata-ata bir xeyli qaçırlar.

Bu hadisədən sonra Adolf Mayerz iyirmi il Vaynzburqda yaşadı. Onun qırx yaşı vardı, amma altmış-yetmiş yaşlı birinə oxşayırdı. “Biddlbaum” adını o, tələsik və təlaş içində Şərqi Ohayoya gedərkən stansiyada yük qatarındakı ərzaq qutusunun üstündə görüb öz adı kimi götürmüşdü. Vaynzburqda bir xalası var idi. O, toyuq-cücə saxlayan, dişləri çürüyüb qaralmış bir arvad idi. Qarı ölənə qədər Adolf Mayerz onunla yaşadı. Pensilvaniyadakı hadisədən sonra o, düz bir il xəstə oldu. Sağalıb ayağa qalxandan sonra isə tarlalarda günəmuzd fəhlə kimi işə başladı. O, gün ərzində tarlalarda işləyir, əllərini bacardıqca hamıdan gizlətməyə çalışırdı. Nə baş verdiyini hələ tam anlamasa da, ona elə gəlirdi ki, hər şeyin günahkarı onun əlləridir. Çünki o vaxt şagirdlərin ataları elə hey onun əlləri ilə bağlı nəsə deyirdilər.

– Əllərini özünə saxla, – məktəbin həyətində qəzəbdən dəli kimi onun üstünə cuman meyxanaçı da bağıraraq belə demişdi.

Əkin sahəsinin yanından ötən yol alaqaranlıq kölgələr içində görünməz olana qədər Vinq Biddlbaum dərə yaxınlığındakı evinin sınıq-salxaq eyvanında gəzişməyə davam elədi. Sonra içəri girdi. Çörəyi dilim-dilim doğradı və balı dilimlərdən birinin üstünə yaxdı. Giləmeyvə yüklənmiş axşam qatarı gurultu ilə keçib Vinqi yay gecəsinin tanış sükutuyla təkbətək qoyanda o, ayağa qalxıb yenə də bayaqkı eyvana getdi. Qaranlıqda daha görünmürdü deyə indi əllərinin təlaşı da bir az səngimişdi. Ürəyindəki insan sevgisini ifadə etmək üçün yeganə həmsöhbəti  olan Corcun gəlməyini o hələ də həsrətlə gözləyirdi və bu həsrət yenə də onun tənhalığının və nigaran gözləntilərinin bir parçasına çevrilirdi. Vinq Biddlbaum lampanı yandırıb qabları yumağa başladı. Yeməyi çox sadə olduğu üçün qablar çox da çirklənməmişdi. Sonra o, eyvana aparan arakəsmənin  yanındakı qatlanan çarpayını düzəldib yatmağa hazırlaşdı. Stolun ayaqları tərəfə, təmiz döşəmənin üsünə ağ çörək qırıntıları düşmüşdü. Lampanı kətilin üstünə qoydu və qırıntıları bir-bir yığıb inanılmaz cəldliklə ağzına apardı.

Stolun altındakı tutqun işığın əhatəsində dizi üstə yerə çökən adamın görünüşü kilsədə ibadət edən keşişi xatırladırdı. Onun işıqda arabir gözə çarpan ürkək və sirli barmaqları isə dua edərək təsbehin dənələrini durmadan çevirən bir dindarın barmaqlarına bənzəyirdi.

İngiliscədən tərcümə edən: Təvəkkül Boysunar

[1]  “Wing” ingilis dilində qanad deməkdir.

OXŞAR XƏBƏRLƏR