Daha.az Cənubi Koreya əsilli məşhur alman filosofu Bön Çul Xanın “Gözəli xilas etmək” kitabından bir hissəni təqdim edir.
“Şümallıq çağımızın əlamətidir.” Bu, Ceff Kunsun heykəllərini – “iPhone” və Braziliya vücudunu bir-birinə bağlayır. Niyə bu gün hamarlığı gözəl görürük? Bu hal estetik təsirin xaricində olan sosial imperativi əks etdirir. Hamarlığı gözəllik kimi görməyimiz bugünkü pozitiv cəmiyyəti vücudda təcəssüm etdirir [Positivgesellschaft].
Hamar olan yaralamaz. Nə də müqavimət göstərməz. Gözlədiyi laykdır. Hamar bir obyekt ona əks olanı ləğv edir.

Hər bir neqativlik dəf edilir.
Hamarlığın estetikası hətta smartfonlarda da görünür. LG-nin G Flex smartfonu özünü sağaldan dəri ilə örtülmüş və beləliklə, hər cızıq və buna görə də hər çapıq qısa müddətdən sonra yox olur. Faktiki olaraq zədələnməz. Süni dərisi smartfonu həmişə hamar edir. Həmçinin yumşaq və elastikdir. Azca içəriyə əyilə bilər, beləliklə, üz və budun formasına mükəmməl uyğunlaşır. Bu elastiklik və müqavimətin olmaması hamar estetikanın əsas özəlliyidir.
Hamarlıq rəqəmsal cihazların səthləri ilə məhdudlaşmır. Rəqəmsal cihaz vasitəsilə ünsiyyət də rəvan işləyir, çünki bu ünsiyyətdə əsasən xoş və pozitiv cəhətlər ötürülür və qəbul edilir. Paylaşma və Bəyənmə kommunikativ hamarlıq vasitələrini təmsil edir. Neqativlik aradan qaldırılır, çünki sürətli ünsiyyətə maneələr yaradır.
Ən məşhur müasir rəssamlardan biri olan Ceff Kuns hamar səthlər ustasıdır. Endi Uorhol da gözəl, hamar səthləri ilə məşhurdur. Amma onun sənəti hələ də ölümün, fəlakətin neqativlyini daşıyır. Səthləri tam hamar deyil. Məsələn, Uorholun “Ölüm və fəlakət” serialı hələ də neqativdən qidalanır. Bunun əksinə olaraq, Ceff Kunsun işində fəlakət, yara, sınıq, çat, hətta qırış izi belə yoxdur. Hər şey rəvan, hamar keçidlərlə axır. Hər şey yuvarlaqlaşdırılmış, cilalanmış və hamarlanmışdır. Ceff Kunsun sənəti hamar səthlərə və onların birbaşa təsirlərinə yönəlib. Nə demək, nə deşifrə etmək, nə də düşünmək lazım deyil. Bu, layk sənətidir.
Cef Kuns deyir ki, onun əsərini tədqiq edənlər, sadəcə, sadə bir “vau” deyəcəklər. Onun sənətində mühakiməyə, şərhə, hermenevtikaya, refleksiyaya və düşüncəyə ehtiyac yoxdur. O, şüurlu şəkildə sənəti uşaqcasına, bayağı və qüsura məhəl qoymadan rahat, sakitləşdirici və yüngülləşdiricidir. Bütün dərinlikdən, dayazlıqdan və incəlikdən arındırılıb. Onun şüarı “Tamaşaçını qucaqla”dır. Heç bir şey tamaşaçını təəccübləndirməməli, yaralamamalı və qorxutmamalıdır.
Ceff Kuns deyir ki, sənət “gözəllik”, “zövq” və “ünsiyyət”dən başqa bir şey deyil.
Onun hamar heykəllərinin önüdə onlara toxunmaq və hətta yalamağı arzulamaq üçün “toxunmaq məcburiyyəti” yaranır. Onun sənətində məsafə tələb edən neqativlik yoxdur. Yalnız hamarlığın pozitivliyi toxunmaq məcburiyyətini şiddətləndirir. O, tamaşaçını məsafə saxlamamağa, toxunmağa dəvət edir. Fəqət estetik mühakimə intellektual məsafə tələb edir. Hamarlıq sənəti bunu aradan qaldırır.

Toxunmaq məcburiyyəti və ya yalamaq istəyi yalnız hamar, mənası arındırılmış sənətdə mümkündür. Hegel incəsənətin mənalılığını dönə-dönə vurğulayaraq, sənətin həssaslığını [Sinnlich] “görmə və eşitmənin nəzəri mənası” ilə məhdudlaşdırırdı. Mənaya yalnız bunların çıxışı var. Digər tərəfdən, qoxu və dad bədii zövqdən kənarda qalır. Bunlar “sənətin gözəlliyini” yox, yalnız “ləzzət vermək” üçündür. “Çünki qoxu, dad və toxunmaq maddənin özü və onun bilavasitə hissiyyat xüsusiyyətləri ilə kifayətlənməlidir; qoxu havadakı maddi dəyişkənlikdir, dad cisimlərin maddi əriməsidir, toxunmaq isə istilik, soyuq və hamarlıqdır. Bircə “Vau” ilə bitir.
Roland Bart “Müasir mifologiyalar” kitabında yeni “DS Citroën”lərin qıcıqlandırdığı toxunmaq məcburiyyətinə işarə edir: “Məlum olduğu kimi, hamarlıq həmişə mükəmməlliyin bir sifətidir. Çünki bunun əksi sırf insani və texniki montaj prosesini ortaya çıxarır: İsanın köynəyi tikişsizdir, eynən elmi fantastikadakı kosmik gəmilərin tək, qurağı olmayan metal parçasından düzəldilməsi kimi.
Ümumi forması çox yuvarlaq olsa da, “D.S. 19” tamamilə hamar olduğunu iddia etmir; lakin tamaşaçıların diqqətini ən çox cəlb edən onun hissələrinin bir-birinə keçmə yerləridir: onlar şüşənin birləşmə yerlərini ehtirasla yoxlayır, arxa pəncərəni nikel çərçivəyə birləşdirən geniş, rezinləşdirilmiş girintilərinə əllərini sürtürlər. “D.S.”də yeni bir montaj fenomenologiyası başlayır, sanki insan lehimlənmiş elementlər dünyasından yalnız unikal formaları ilə dəstəklənən yan-yana qoyulmuş obyektlər dünyasına keçir. Bunun funksiyası da, deməyə ehtiyac yoxdur ki, daha bəsit təbiət təsəvvürü yaratmaqdır. Materialının özünə gəlincə, o, şübhəsiz ki, yüngüllüyə doğru sehrli bir meyli dəstəkləyir… Şüşə bir pəncərə deyil, qaranlıq bir gövdəyə oyulmuş bir dəlik deyil, hava və boşluğun geniş səthləridir, sabun köpüklərinin yayılmış şişməsinə və parıltısına malikdir… metal olmaqdan uzaqdır.
Cef Kunsun lehimsiz heykəlləri çəkisiz, işıqlı hava və boşluq qabarcıqları kimi görünür. Lehimsiz “D.S”lər kimi, onlar da mükəmməllik hissi, sehrli yüngüllük hissi verir. Onlar nə dərin, nə də dayaz olan mükəmməl, optimallaşdırılmış səthi təcəssüm etdirirlər.

Roland Bart üçün toxunmaq hissi “ən sehrli olan görmə duyğusundan fərqli olaraq, bütün sirli hisslərin ən pozucu olanıdır”. Görmə hissi məsafəni qoruyur, toxunmaq hissi isə onu ləğv edir. Məsafə olmasa, sirr də olmaz. Sirrin pozulması hər şeyi zövqlü və istifadəyə yararlı edir. Toxunmaq hissi digərinin neqativliyini sarsıdır. Toxunduğu şeyi dünyəviləşdirir. Görmə duyğusundan fərqli olaraq toxunmaq təəccübləndirmək qabiliyyətinə malik deyil. Buna görə də hamar toxunma ekranı sirrin pozulduğu və hər şeyin istehlak edildiyi bir məkandır. Nəyi bəyəndinizsə onu ortaya qoyur.
Cef Kunsun heykəlləri güzgü kimi hamardır, buna görə də özlərini tamaşaçıya əks etdirə bilirlər. “Fondation Beyeler”dəki sərgisində “Ballon Dog” əsəri haqqında deyir: “Ballon Dog” həqiqətən mükəmməl bir obyektdir. O, tamaşaçını öz varlığı ilə təsdiqləmək istəyir. Mən tez-tez materialları əks etdirməklə, obyektləri güzgüdə göstərməklə məşğul oluram. Çünki bu, avtomatik olaraq tamaşaçının özünə inamını artırır. Təbii ki, bu, qaranlıq otaqda baş vermir, fəqət obyektin qarşısında dursanız, bu sizə özgüvən verəcək”. “Ballon Dog” “Troya Atı” deyil. Heç nəyi gizlətmir. Onun hamar səthinin arxasında gizlənəcək daxili mənliyi yoxdur.
Smartfon kimi, yüksək parıltıya qədər cilalanmış heykəllər qarşısında insan başqasıyla qarşılaşa bilməz; insan ancaq özü ilə qarşılaşa bilər. Onun sənətinin şüarı belədir: “Mahiyyət həmişə eynidir: özünə və öz hekayənə güvənməyi öyrən. Əsərlərimin tamaşaçısına çatdırmaq istədiyim budur. Tamaşaçı öz həyat sevgisini hiss etməlidir”. İncəsənət mənə özlüyümdə öz varlığımı təmin etdiyim rezonans məkanı açır. Başqa birinin və yadın başqalığı və ya neqativliyi tamamilə aradan qaldırılır.
Ceff Kuns sənətində xilasın soterioloji ölçüsü var. Qurtuluş vəd edir. Hamar olannın dünyası, əzabın, yaranın, qəbahətin olmadığı bir kulinariya(ləzzətə bağlı) dünyadır, arındırılmış pozitivlik dünyasıdır. Doğuş vaxtındakı “Ballon Venera” heykəli Ceff Kunsun “Bakirə Məryəmi”dir. Amma bu heykəl bir xilaskarı, başında tikan tacı olan yaralı “homo dolorisi” (kədərli insan) doğmamışdır. Onun dünyaya gətirdiyi şey qarnındakı şampan şüşəsidir, bir şüşə “Dom Perignon Rosé Vintage 2003″dür. Ceff Kuns özünü xilas vəd edən vəftizçi kimi səhnələşdirir.
Təsadüfi deyil ki, onun 1987-ci ildə çəkdiyi rəsmlər seriyasının adı “Vəftiz”dir. Ceff Kunsun sənəti hamarlığın müqəddəsliyini nümayiş etdirir. O, rəvan, bayağı olanın hətta istehlakçılıq dinini nümayiş etdirir. Buna görə bütün neqativlər aradan qaldırılıb.