Aşeka – Elçin Aslangil

Daha.az Elçin Aslangilin “Aşeka” adlı yeni hekayəsini təqdim edir. 

 

Bulaqlar dörd təpənin arasından süzülüb axır, səsini sükutun qoynunda itirir. O sular Aşekada yoxa çıxır, amma izi səhranın damarlarında qalır. Dörd təpənin arasında ağaclar aya, günəşə boy göstərir.

Bu dörd təpənin arasındakı kəndin adı Çiləgərdir. Bu kənddə qəribə, yazılmamış bir qanun var: heç bir ağac bar verməz. Nə armud, nə nar, nə də əncir… Təkcə sünbüllər torpağın sinəsindən baş qaldırır, bir də qızılgüllər açır.

Kəndin on səkkiz evi bir-birindən qız alır, bir-birinə qız verir. Kənddə ağaclar, sular, çiçəklər, arılar, sünbüllər, bir neçə dəyirman daşı, keçilər və quzular — Aşekanın köksündə, yerin-göyün canı olan Çiləgərin bəşəri üçün var olub.

Çiləgərdə eşqi fəhm etməyən, nəfsin quludur. Beləsinə kimsə salam vermir, salam almır. Eşqi fəhm etməyən nadandır, zəlildir; məcnun olub Aşekada qeyb olmalıdır.

Çiləgərli bir kişi evlənmək üçün əvvəlcə səkkizguşəli çiləxana tikir, sonra isə o çiləxanaya çəkilib qırx gün çilə çıxardır. Çiləgərli bir qız sevdalanarsa, yeddi çuval buğdanı dənə-dənə zikr edir:
“İnnəmə yuvəffəs-sabirunə əcrəhum bi ğayri hisab” – deyərək.

Hər çilə günü bu ayə ilə başladığı kimi, yeddi çuval buğdanın da hər dəni bu ayə ilə zikr edilir.

Qızılgül və arılar kənd əhlinin canıdır. Ağlayan uşaqlar balla kiridilir. Ağrısı olan qızılgül suyu içir. Gecələr çiləxanaları və balaca daxmaları aydınladan bal mumlarıdır.

Çiləgərdə kəndin anası və eşqin vücud halı Rəbiə adlı bir nənə yaşayır. Rəbiə nənə kənddə ilk dəfə çiləxana tikib, çilə çıxardan qadın kimi tanınır. Əri ölmüş, oğlu və gəlini günəş vəbasından vəfat etmişdi. Canından olanlar çiyinlərində Əl-Həyyə qovuşmaq üçün yolçu olmuşdular. Nəvəsi Çilli qız isə bu yaxınlarda ana olub.

Kəndi və yaşadıqlarını gözünün önündən bir-bir keçirən Rəbiə təpənin üstündə tikdiyi çiləxananın qarşısında dayanmışdı. Aya baxıb salavat gətirəndə həmişəki kimi dodaqlarının arasından bu işarəni uçurtdu:
– İlahi! Əgər mən Sənə cəhənnəmdən qorxduğum üçün ibadət edirəmsə, məni cəhənnəmdə yandır. Əgər cənnəti sevdiyim üçün ibadət edirəmsə, məni ondan məhrum et. Əgər yalnız Səni sevdiyim üçün ibadət edirəmsə, Səni mənə əbədi göstər.

Kökü yerdə olan bu sözlər Əl-Həyy dərgahında ikən, çiləxananın önündə qəfil zühur edən Çilli dedi:
– Nənə, uşağı günəş vəbası tutub.

QARA ÖRPƏK

Kənd əhli qara örpəyin altında dili tutulmuş körpəyə tamaşa edirdi. And olsun Əl-Həyyə, bir qığıltı eşitsələr, qırx gün zikr edib qurbanlar kəsəcəkdilər.

Gözlərinə ağ dammış körpə nə əlini tərpədirdi, nə qolunu, nə də dilini. Nəfəs alıb-verdikcə bircə göz qapaqları açılıb bağlanırdı.

O gecə Rəbiə nənə günəş doğana qədər əl açıb Əl-Həyyə dua etdi. Qəfil, Dan ulduzu ağaranda, ulduzun ətəyindən bir parça işığın qopub gündoğana düşdüyünü gördü. Rəbiə alnını torpağa endirib dedi:
– Ya, Əl-Həyy! O işığın zühur etdiyi yerdə nəvəm Çilli və onun əri alınlarını yerə qoyub körpə üçün Səndən şəfa diləyəcəklər. İnnəmə yuvəffəs-sabirunə əcrəhum bi ğayri hisab.

SƏFƏR

Səfər üçün yükü – bir parça quru çörək, su, bal və bir arı ailəsindən ibarət olan cütlük yolçu olmağa hazır idi.

Çilli dizlərini yerə qoyub dodaqları ilə qara örpəyin üstündən körpəsinin alnını tapdı. Öpdü. Üzünü Rəbiə nənəyə tutub dedi:
– Nənə, arada uşağın dodaqlarına qaragöz keçinin südünü çək.

Rəbiə nənə gözlərindən iki damcı su atdı qızı ilə kürəkəninin arxasınca. Günəş batanda səhradakı ilğımın ətəyindən ağ dəvə qatarı keçib getdi.

ÖLÜLƏR

Əri Çilliyə baxıb soruşdu:
– Sən nəsə görürsən?
Çilli dedi:
– Hə.
Kişi:
– Dodaqlarımız quruyub, cadar-cadar olub.
Çilli güclə nəfəs alaraq:
– Hə… – dedi.
Kişi:
– Nə görürsən?
Çilli:
– Sənin əllərin mənim əllərim olmuş. Sənin gözlərin mənim gözlərim olmuş. Sən mən olmusan, mən də sən olmuşam. Biz ikimiz bir olmuşuq.

Kişi:
– Eşq…
Çilli:
– Eşq…

Çillinin və ərinin başına günəş keçdi. Yerin-göyün canı olanlar ölüm yuxusuna getdi…

 

QARIŞQALAR

Çöpçübaşı qarışqa addımlarını saydı. Səhrada yetmiş yeddi min addımlıq yol getmişdi. Qəfil yanaqları qızılgülün qönçəsi kimi al-qırmızı Çillini görüb duruxdu. Bir də arılar vardı. Arılar Çillinin döşlərindən süd çəkirdi. Çiçəklərin canını aldıran şah arı isə çoxdan ölüm yuxusuna dalmışdı.

VƏHDƏT

Çöpçübaşı qarışqa deyirdi:
– Onun əlləri bunun əlləri olsun. Bunun gözləri onun gözləri olsun. Onun nəyi varsa, bunun olsun. Bunun nəyi varsa, onun olsun…

Çöpçü qarışqalar bir göz qırpımında yüklərini bellərinə alıb yerin altına çəkildilər. Sonra gecə çökdü bütün aləmin başına.

YUXU

Aşekadan uzaqda qığıltılar gecənin sükutunu pozdu. Qurumuş dodaqlarını yalayan körpə pəncərədən boylanan aya baxıb qığıldayırdı. Qəfil ağladı.

Rəbiə nənə yuxuda qaragöz keçini sağmışdı. Barmaqlarından süd daman qadın, uzun qara saçlarının dərədən axdığını gördü. Dili-ağzı qurumuş halda, “Bismillah!” – deyib, əlindəki süd dolu tası başına çəkdi.

ARILAR

Aşekadan qayıdan arılar vızıldayırdı. Arılardan biri uşağın ağladığını eşidib nə etməli olduğunu başa düşdü.

Ətəyindən ağ dəvə qatarı keçən ilğım pəncərələri taybatay açdı. Arılardan biri otağa cumub, ağlamaqdan göyərmiş ac uşağın dodağına qondu. Sonra qanad açıb uçdu. Sonra yenə qondu, yenə uçdu. Çox uçdu, çox qondu…

Uşaq ağlamağı kəsib, südlənmiş dodaqlarını yalayaraq gülümsədi.

 

 

OXŞAR XƏBƏRLƏR