Antik Misir mədəniyyətində pişiklərin rolu

Antik Misir mədəniyyətində pişiklərin rolu
Qədim Misirdə pişiklərlə bağlı hər şeyin xüsusi əhəmiyyət kəsb etdiyi məlumdur. Misir mədəniyyəti pişiyə bağlılığı ilə fərqlənir. Nil çayı sahilində fironların hakimiyyət dövründən başlayaraq min illərdir pişiklər möhtəşəm heykəllərdən tutmuş böyük ustalıq tələb edən zinət əşyalarına qədər bir çox sənət nümunəsinə ilham qaynağı olmuşdur. Ölkədə pişiklərin ixrac olunması qəti şəkildə qadağan edilmişdi, hətta dövlətin sadəcə pişiklərlə məşğul olan bir qolu da var idi ki, məsul şəxslər ölkədən çıxarılan pişiklərin tapılıb gətirilməsi üçün başqa ölkələrə göndərilirdi. Son dövrlər aparılan arxeoloji qazıntılar nəticəsində

Misirdə iki min illik tarixə məxsus ən qədim heyvan qəbiristanlığı da aşkar edilmişdir. Tədqiqat zamanı Qırmızı dənizin qərb sahilində yerləşən Berenike şəhərində təxminən 600 pişik, it və meymunun qalıqları tapılıb. Təxminən iki min il əvvəl öldüyü güman edilən bu heyvanların bəzilərinin yaxalıq və müxtəlif bəzək əşyaları ilə basdırıldığı müşahidə edilib. “World Archeology” jurnalında dərc olunan araşdırmaya görə, Berenikedə heyvan qəbiristanlığı birinci əsrin ortalarından ikinci əsrin ortalarına qədər təxminən bir əsr ərzində fəaliyyət göstərib. Tapılan heyvanların 90 faizindən çoxu isə pişik olub.

Bəs Misirdə pişiklərin hakim mövqeyə sahib olmağına səbəb nə idi?

Qədim Misirin animizm inancı bu məsələdə böyük təsirə malikdir. Bu inanca görə tanrı deyilən ruh bütün təbiəti əhatə edirdi. Təbiət müqəddəs idi və təbiətin müxtəlif cəhətləri müxtəlif tanrılarda təcəssüm olunurdu. Onların fikrincə, hər bir canlı öz daxilində tanrı, insan və heyvanı ehtiva edirdi.

Pişiklər özünəməxsus canlılardır. Bir tərəfdən qoruyucu, sadiq olduğu halda digər tərəfdən qəddar, və azad ruhlu ola bilirlər. Bu səbəbdən qədim misirlilər pişiyin özünə deyil, onun daxilində olduğuna inandıqları ilahi gücə sitayiş edirdilər.Tanrılar və hökmdarlar da pişiklər kimi ikili xasiyyətə malik idilər. Məhz bu inanc qədim misirlilərin pişikləri xüsusi varlıq kimi görməsinə və onları müqəddəs dəyər adı altında qorumasına səbəb olub.

Tarixi mənbələrdən günəş tanrısı RA və onun qızı Bastetin tez-tez şir və ya pişik kimi təsvir edildiyi məlumdur. O dövrdə misirlilər üçün çox əhəmiyyətli olan günəş tanrısının pişiklərlə xüsusi bir əlaqəsi olduğu düşünülürdü.

Qədim Misirdə pişiklərin həmçinin, sehrli varlıqlar olduğuna və uğur gətirdiyinə inanılırdı. Bu səbəbdən maddi gəliri yüksək olan ailələr pişiklərini zinət əşyaları ilə bəzəyirdilər.

Herodot yazır: “Pişik öləndə evdə yaşayanların hamısı qaşlarını qırxdırardı. İnsanların qaşları çıxanda yas dövrünün bitdiyinə inanılırdı”.

Eyni zamanda pişiklər cəmiyyətləri xəstəliklərdən qoruyan böyük ovçular idi. Pişiklər epidemik xəstəliklər daşıyan, taxıl anbarlarına ziyan vuran siçan və siçovul kimi gəmiriciləri ovlayır, ilan və əqrəb kimi təhlükəli heyvanları zərərsizləşdirirdi.

İndiki dövrdə Misirdə pişiklər artıq müqəddəs sayılmasa da uzun illər Misir cəmiyyətində pişiklərə gəmiriciləri və sürünənləri ovlamaq qabiliyyətinə, estetik və mistik xüsusiyyətlərinə görə hörmət edilir və tanrı mərtəbəsinə yüksəldilirdi. Çünki o dövrdəki insanların inancları onları bu istiqamətə sövq edirdi.