Ağ incə xətt — Ömər Xəyyam

Daha.az Van Şiaoşuayın “11 çiçək ” filmi haqqında Ömər Xəyyamın təəssüratlarını təqdim edir. 

Çin kino tarixinin ən uğurlu bədii-vizual həllərindən biri –  “11 çiçək” filmi ideoloji nəzarət, yoxsulluq, nigaranlıq, eyni yaşlı uşaqların gözüylə görünən reallıqlara görə, təxminən, Şamil Mahmudbəyovun  “Şərikli çörək” filmini xatırladır.

Hadisələr yetmişlərin sonunda, Çindəki Mədəni inqilab ərəfəsində baş verir. Həmin dövrü, olanları və ölənləri on bir yaşlı uşağın gözüylə görürük.

Baş qəhrəmanımız 11 yaşlı Van Xan kasıb ailədə böyüyür, qiymətləri əladır, nümunəvi şagirddir, fəqət onun bir dərdi var: köynəyi köhnədir.
Nəhayət, anası ona köynək tikir, fəqət onu qürurlandıran bu ağ köynək bir gün yoxa çıxır… başlayır Van Xanın qara günləri…

Belə ki, Van Xan bir gün təsadüfən – çayda çiməndə, uzun müddətdir axtarışda olan qatillə qarşılaşır. Yaralı qatil onun köynəyini oğurlayır və yarasına basır ki, qanı axmasın.
Bu səhnəni – apağ saflığın nişanəsi olan ağ köynəyin  – yəni təmizliyin, uşaqlığın qana batmasını o illərin, siyasi qarğaşanın simvolu kimi oxudum.

“11 çiçək” filmindən səhnə
“11 çiçək” filmindən səhnə

Beləliklə, Van Xanın həyat haqqında təsəvvürü dəyişir, o qəfil böyüyür sanki.

Əvvəl hadisələrə balkondan baxırdısa, o gün, bir növ, həyatın içinə – küçəyə düşür.

Əxlaq və qorxu…

O, hamının axtardığı qatil haqqında susmalı, yoxsa onun yerini polislərə deməlidir?

Bu akt Stokholm sindromunu andırsa da, Van Xanın anasıyla qatilin – yəni qorxuyla əxlaqın arasında qalmağı siyasi təzyiq, ideoloji nəzarət və qorxu mühitində formalaşan insanlığın mahiyyətini göstərir.

Qəribədir, adətən, sənət filmləri məşhur atalar-oğullar savaşının prinsiplərinə uyğun çəkilsə də, bu filmdə rəngkar ata köhnəliyi, tənəzzülü, qaranlığı yox, işığı ifadə edir.

Qeyd eləyim ki, bu film Çin kinosunun altıncı nəsil istehsalıdır.

Çin kino tarixində “nəsil” anlayışı rejissorların dövrlər üzrə ideoloji və estetik yanaşmalarını ifadə edir.

İlk nəsillər (1920–1950-ci illəri əhatə edən dövr) daha çox milli kimlik və sosial problemləri əks etdirirdi.

Üçüncü və dördüncü nəsillər (1950–1980-ci illəri əhatə edən dövr) kommunist ideologiyasının təsiri altında sosialist reallığını tərənnümü idi.

Beşinci nəsil isə 1980-ci illərdə yarandı və Çin kinosunu dünyaya tanıtdı. Bu dövrə aid ekran işləri daha zəngin, simvolik/poetik filmlərdir.

Altıncı nəsil 1990-cı illəri (- günümüzədək) əhatə eləyir. Bu nəsil rejissorlar — elə Van Şiaoşuayın da— informasiyanı həm bədii, həm də vizual baxımdan daha realist üslubda həll etməyə çalışırlar.

Onların filmləri aşağı büdcə ilə çəkilir, aktyorlar peşəkar deyil.

Gündəlik qayğılar, sosial təbəqələşmə, şəhər və kənd həyatının fərqi, uşaqların, yeniyetmələrin daxili təlatümlərini əks etdirən mövzular.

Van Şiaoşuay
Van Şiaoşuay

Elə “11 çiçək” filmi də müəllifin uşaqlıq xatirələri əsasında ekranlaşdırılıb. Van Şiaoşuayın özü də Mədəni inqilab dövründə böyümüş, o dövrün ağırlığını yaşamış çinlidir. Bu səbəbdən filmi sadə bədii təxəyyül məhsulu yox, eyni zamanda şəxsi yaddaşın və kollektiv travmanın sintezi hesab etmək olar.

Filmin əsas fonu – Mədəni inqilab (1966–1976) Çinin siyasi tarixində ən sərt və ziddiyyətli dövrlərdən biridir. Bu kampaniya Çin Kommunist Partiyasının lideri Maonun təşəbbüsü ilə başlamışdı. Mao cəmiyyəti “təmizləmək”, kapitalist və liberal təsəvvürləri məhv etmək, – yəni  kommunist ideologiyasını daha da möhkəmləndirmək məqsədi ilə bu hərəkatı başlatmışdı. Onun əsas prinsipi “köhnə beyinləri, köhnə adətləri, köhnə mədəniyyət”i məhv etmək idi.

Bu məqsədlə yüz minlərlə insan “qırmızı qvardiyaçılar”a qoşulub müəllimləri, ziyalıları, yazarları, hətta öz valideynlərini belə ittiham etməyə və günahlandırmağa başladı.

Məktəblər bağlandı, kitablar yandırıldı, mədəniyyət abidələri dağıdıldı. Minlərlə insan öldürüldü, milyonlarla insan zülmə məruz qaldı, “yenidən tərbiyə” proqramı əsasında sürgün edildi.

“11 çiçək” filmindən səhnə
“11 çiçək” filmindən səhnə

Film bu dəhşətləri olduğu kimi göstərmir, amma hər səhnəsində həmin dövrün havası hiss olunur.
Susqunluq, “sənlik deyil, sual vermə!” prinsipiylə uşaqların ağzının üstündən vurulmağı, soyuq suyu belə üfürə-üfürə içmək… güvənsizlik və etibarsızlıq…

Ağ köynək isə bu mühitdə uşaqlığın təmizliyini, kövrəkliyini təmsil edir: bir tərəfdən ümid, digər tərəfdən narahatlıq mənbəyi.

Bu film eyni zamanda, siyasi ideologiyanın sadə insan taleyini necə dəyişdiyi haqqında psixoloji portretdir.

Müəllif yaddaş, əxlaq və məsumiyyət mövzularını birləşdirir, sadəliyi ilə düşündürən, susqunluğu ilə danışan, uşaqlıqla tarix arasındakı görünməz incə ağ xətti faş edir.

OXŞAR XƏBƏRLƏR