Qaratoyuq nəğməsi – Xaqan

DAHA.az Xaqanın “Qaratoyuq nəğməsi” hekayəsini təqdim edir. 

Həkimlərin “uzana bilər”, qohum-qonşunun “uzanacaq” təsəllisi çoxdan çəkilib getmişdi ata-ananın qulaqlarından. Doğulması ilə illərin övlad həsrətinə son qoymuş Lamfadanın qolları anadangəlmə qısa idi. Doğrudur, böyüdükcə bir az uzanmışdı, amma yenə də əlləri göbəyinə güclə çatırdı. Tanıyanların hamısı onu “Lam” çağırırdı.

Lam üçün həyat elə bir yaşdan başlamışdı ki, o yaşda əllərin ağıza çatması daha hər şey demək deyildi. İndi əllər əzaları deyil, əzalar əlləri axtarırdı, tapanda rahat olurdu, tapmayanda narahat. Lam indi insanın özünün özünə bəs etmədiyi yaşda idi.

Oxuduğu xüsusi məktəbdəki qızların heç biri Lamın ürəyincə deyildi. Anası onu dilə tutanda deyirdi ki, birinin başı böyükdü, o birinin gözləri, birinin saçı yoxdu, o birinin dişləri. Lamı yalnız başqa məktəbdə oxuyan qonşuluqdakı Deytinanı bir anlıq görmək, evdə oturub qızcığazın küçəyə çıxması ehtimalını hiss etmək və bu ehtimalın düzgünlüyünə şahid olmaq həyəcanlandırırdı. Lam Deytinanı uşaqlıqda günəş, yeniyetməlikdə göz-gözü görməyən qaranlıq, gəncliyində isə bədəninin hər yerinə çatan bir cüt əl kimi sevirdi.

Yaylaqdan qayıdanda babasından oğurlayıb gətirdiyi tütəklə çoban nəğməsi ifa edə bilməsə də, Deytinanın diqqətini çəkmək üçün qaratoyuq səsini olduğu kimi yamsılayırdı. Lam əmin idi ki, Deytina onun tütəyinin səsini qaratoyuq səsindən seçə bilir. Zənnindən arxayın olduğu üçün saatlarla eyvanda dayanıb tütəyə güc verir, bu zaman Deytinanın da sarmaşıq kollarının arasında görünməz eyvanlarında dayanıb onu dinlədiyini bütün bədəni ilə hiss edirdi. Tütək səslənəndə qaratoyuqlar da avaza gəlir, dayanmadan oxuyur və beləcə yağışdan boğulan soxulcanların yaş torpaq üstündəki ömür xətti bir az da uzanırdı.

– Ay bala, bəsdir bu qədər tütək çaldın, özünü yorursan, bizi də dəng edirsən.

– Bəs nə çalım, ay ana, əlim ancaq buna çatır.

***

Ölüm cəzasına məhkumlar hər gün bir neçə dəfə dəhlizin başındakı qapıya dolanmış zəncir səsinə diksinirdilər. Zəncir qapının dəmir barmaqlıqlarına toxunanda hər həlqəsindən bir avaz gəlirdi. Bu avaz gah yemək var, gah yemək qabını qaytar, gah da bu gün sənin ölüm günündür deyirdi. Məhkumlar zəncirin səsindən indicə nəyin baş verəcəyi göydə tuturdular.

Dəhlizin hər iki tərəfində üzbəüz yerləşən təkadamlıq kameraların sakinləri bəlkə də nə zamansa həyatda qarşılaşmışdılar. Amma burada onların bir-birini görməsi belə mümkünsüz idi. Heç belə bir arzuları da yox idi. Çünki dərdləri özlərinə elə artıqlıq edirdi ki, başqasını dinləməyə, halına yanmağa nə canları, nə də cəsarətləri vardı. Hər kəs bir gün o zəncilərin ifasında əcəl zənginin məhz onun üçün səslənəcəyini dəqiq bilirdi. Buna görə yalnız bir iş qalmışdı, gözləmək, gözləmək, edama qədər gözləmək.

Kameraların divarlarında təqvimi andıran yan-yana cızıqların sayı fərqli idi. Orada 7, 13, 17, hətta 29 ardıcıl xətt də saymaq mümkün idi. Dişlə-dırnaqla göyərmiş suvağa cızılan bu xətlər kamerada yaşanmış günlərin sayını göstərirdi. Hər kəs özünə divarın bir tərəfindən boş yer tapır və şəxsi təqvimini yaradırdı. Adətən, dustaqlar təqvimə yeni cızığı axşam yeməyindən sonra əlavə edir, daha sonra dəmir yatacaqlarını divardan aralayır, altındakı mıxı divara dayayır, ölüm qorxusunun dondurduğu bədənlərini boş çuval kimi dəmir yatağın üstünə sərib yuxulamağa çalışırdılar.

Bir neçə gün idi ki, ölüm məhkumlarını “səhər yeməyi, səhər yeməyi” deyib cingildəyən zəncirdən əvvəl qaratoyuq səsi oyadırdı. Qaratoyuq bəzən axşam yeməyinə qədər fasilə ilə astadan oxuyur, bəzən isə güllələnməyə aparılan dustağın bağırtısını eşidib, sanki qorxur və quşu yüksələn səsi bütün dəhlizi başına götürürdü.

Təkcə ölüm məhkumları deyil, hətta nəzarətçilər də bu səsi eşidəndə elə bilirdilər ki, hansısa quş həbsxananın dəhlizində özünə yuva qurub. Tikanlı məftillərin arasından sıyrılıb, kameranın arxa divarının ən yuxarısına pərçimlənmiş əl boyda bulanıq mavi şüşədən süzülən damcı-damcı günəş işığı məhbusların gözlərinə düşəndə oyanan qaratoyuq mavi şüşə qaralana qədər oxuyurdu. Yalnız günəş işığının keçə bildiyi bu şüşə məhkumları ölümə aparan günlərin bir-birini necə sürətlə əvəz etdiyini göstərən sayğac idi.

***

Babası deyirdi ki, Lam bu il yaylaqda tütək çalanda nəinki qoyunlar, hətta itlər də, çobanlar da mürgüləyirdi. Buna görə çobanlar bəzən zarafatla, bəzən də ciddi cəhdlə Lamın öz tütəyini torbasından çıxarmasına imkan vermirdilər.

– Sənin bu başa bəla tütəyin bir gün hamımızı canavara yem edəcək. Qoyunlardan yox e, heç özümüzdən də xəbərimiz olmayacaq. Yıxılıb yatacağıq, oyananda da görəcəyik ki, canavar bağırsaqlarımızla yaylağın enin-uzunun ölçür. Hələ qorx ki, sənin bağırsağını qoyununkuna dolaşdırsın, – deyib uğunub gedən Lamın əmisi çəmən üstə uzanıb gülməkdən qarnın tuturdu.

– Nə edim, əmican, qollarım uzun olsaydı nağara çalıb baş-qulağınızı aparardım. Sürünü də ürküdüb dağ-dərəyə salardım. Onda da deyəcəkdin, qoyun ürkdü getdi, dərədə canavara yem oldu. Elə eləmə – hay, belə eləmə – vay!

– Sən əvvəl-əvvəl yaxşı quş səsi çıxarırdın, bax onu elə deyim hə. Yoxsa bu çoban havasından qan iyi gəlir, bəlkə də kabab iyi, – deyən əmi yenidən uğundu.

– Onu ancaq Deytina üçün çalıram. Qoyun nə bilir qaratoyuq səsi nədir. Qoyun yaylaqdan qayıdanda qaratoyuqlar uçub gedir isti ölkəyə. Heç sən özün də bilmirsən, əmi.

– Vallah, Lam, sənin dərdini kimə danışsan gülər, hələ bəlkə qoyun da eşitsə gülməkdən gəbərər. Allah sənin qollarından kəsib dilinə yamayıb. O qız da bilmirəm sənin tütəyinə aşiq olub, yoxsa qaratoyuğa?!

– Mən isə onu sevirəm, – Lam astadan deyib, yenidən tütəyə üflədi.

***

Məktəbi bitirəndən sonra Lamın il ərzində cəmi iki işi vardı, payızdan yazın ortasına kimi məktəbdən qayıdan Deytinanı pusmaq, sonra da yaylağa gedib tütək çala-çala qoyun-quzunun üzündə insan cizgiləri axtarmaq.

Deytinanın dərslərinin bitməsinə lap az qalmışdı. Bahar təbiətin qışda yığıb saxladığı böyümək və çoxalmaq ehtirasını həyəcan fişəngi kimi səmaya sıxmışdı. Lamın tütəyindən indi təkcə qaratoyuq səsi gəlmirdi. Eşidərək yamsıladığı və özünün uydurduğu səsləri səhər açılandan bayquş ulartısınadək ciyərindən çıxarıb tütəyə üfürürdü. Bu zaman gözlərini xəfif bağlayır, Deytinanın yanına uçur, pəncərəsinə qonaraq səssizcə pusur, nagahan gizilti kimi onun saçlarının dibindən qopub topuğuna qədər sürüşürdü. Barmaqları tütəyin belində yorulmadan rəqs edir, bütün vücudu vəcdə gəlir, gərilir, qan-tərə batır, dizləri əsir və bədənin bu halına dözməyən kişilik suyu özünü ölüm qorxusuyla itxiyarı toxumu kimi çölə atırdı. Lam yalnız paçasına yayılmış qaynar həlməşik soyumağa başlayanda özünə gəlirdi.

Lamın əlləri göbəyinə güclə çatırdı axı. Əllərinin özünə çatması üçün o qədər qatlanırdı ki, ən məhrəm vaxtı özünün pusulmasına belə göz-qulaq ola bilmirdi. Günlərin birində arxa qonşunun top oğrusu yaramaz oğlu Lamı qurşağacan qalxmış yoncalıqda belə məhrəm anda – özünün heç cürə təsəvvür edə bilməyəcəyi şəkildə görmüşdü. Görməsi azmış kimi bu vaxt Lamı ucadan səsləmiş və onu “bunu hamı biləcək, Lam” deyib təhdid də etmişdi.

Bundan sonra evdən çıxmayan Lam yaylağa köçün daha tez başlaması hər gün Heliosa yalvarmışdı. Amma yenə də qoyun-quzuya qoşulub payızda geri dönəcəyini bildiyindən, o məhrəm halını qonşu uşaqların bilməməsi üçün top oğrusunu öldürməyi belə ağlından keçirmişdi. Lama elə gəlirdi ki, top oğrusu gördüklərini heç kimə deməsə belə, öz qardaşına mütləq danışacaq. Bu onların gecə yatmazdan əvvəl deyib-gülməsi üçün əsl mövzu olacaq və beləcə əvvəl bir ev, sonra qonşular və nəhayət bütün kənd biləcək. Zaman-zaman daha da dərinləşən rüsvayçılıq qorxusu Lamın düşüncəsinə hakim kəsilmiş və onu dəhşətli cinayətin səbəbkarına çevirmişdi.

Qonşular, hətta bütün kənd həmin gün sübh tezdən yanğın harayına oyanmışdı. Nəinki ev, bütün ailə, hətta rəngbərəng toplar da kül olmuşdu. Hər kəs ordaydı, Lamdan başqa. Lam evdən alaqaranlıqda çıxmış, yaylağa üz tutan köçə çatmaq üçün yanmağa başlayan evin kandarından əmisigilin həyətinə qədər birnəfəsə qaçmışdı. Amma ertəsi gün, heç yaylağa gedib çatmamış yolda tutulmuşdu. Qandallı qolları çiyinlərini sinəsinə doğru dartdığı üçün nəfəsi daralan Lam elə tutulduğu gün hər şeyi boynuna almışdı.

***

Heç kimlə kəlmə kəsməsə də gündə bir şey öyrənirdi. Lamfada zəncir cingiltisindən, ayaq səsindən, dustaqların harayından, hətta sükutundan belə nəyin baş verəcəyini dəqiq hiss edirdi. Gün ərzində iki, bəzən də üç dəfə dəhlizdən gələn ayaq səsləri günün əvvəlində və sonunda yemək gətirirdi. Ən dəhşətlisi bu səslərin səhər yeməyi paylanandan bir saat sonra təkrarlanması idi. Dəhlizdə yerə döyülən dabanın sahibi səhər yeməyi verilən qabları yığmaq üçün bir daha kameraların dəmir qapısının ortasındakı gözlüyü açır və yemək qabını tələb edirdi.

Mərəkə bundan sonra qopurdu. Qablar yığılandan heç yarımca saat keçməmiş hansısa kameranın qapısı açılır və oradakı məhkum edam üçün aparılırdı. Təsadüfi hallarda edama heç cınqırını çıxarmadan gedən də olurdu. Əksər hallarda isə ölümə gedən dustaq var gücü ilə bağırır, gah anasından, gah da Allahından kömək istəyirdi. Bəziləri heç kömək də istəmirdi, eləcə köksünə tiyə saplanmış qurbanlıq dəvə kimi fınxırır, böyürür və edamını gözləyən digər məhkumların bükülüb yumağa dönən vücuduna dəhşətli ölüm xofunu yenidən doldururdu.

Lamfadanın yaşadığı kameranın göyərmiş divarlarındakı ardıcıl cızıqların əksəriyyəti 13-dən az idi. Dünən axşam yeməyindən sonra 14-cü xətti dırnağı ilə öz təqviminə əlavə etmiş Lamfada bu gün səhər yeməyi üçün aldığı qabı bir az sonra geri qaytarmaq üçün yenidən qapının gözlüyünə yaxınlaşdı. Əyilib qabı verəndə nəzarətçinin yaxasında hər gün gördüyü qızılı düymə bir anda Deytinanın yaşadığı evin üstündə parlayan ulduza döndü. Lamfada geri çəkilib ölüm qorxusundan islanmış kürəyini buz kimi divara dayadı, göyərmiş dodaqlarından qopan qaratoyuq nəğməsinin sədaları altında başının üstündəki göy şüşədə közərən günəş işığına baxmağa başladı. Xəyalı qaratoyuğa dönüb kəndlərindəki evlərin üstünə, Deytinanın otağının pəncərəsinə, anasının çiyninə qondu, oradan yaylağa doğru uçdu, sonra qəfildən yoxa çıxdı.

Zaman az idi. Yemək qabları yığılandan sonra gələcək ayaq səsləri məhz Lamfadanın qapısında dayana bilər və nəzarətçilər bu dəfə gözlüyü deyil, birbaşa qapını aça bilərdilər. Lamfada indi bütün dustaqlara qoşulub onları ölümdən ayıran bu qısa zamanın içində var-gəl edirdi. Ölüm məhkumları üçün əsr vaxtı qədər qısa olan bu zamanın içərisində onların bütün ömrü gəlib gözləri önündən keçirdi. Bəzilərini bu xəyali tamaşaya baxmaqdan ayaqlarına qədər süzülən qaynar sidik ayırırdı. Bəziləri isə çiyinlərində hiss etdiyi ölüm mələyinin ağırlığına tab gətirə bilməyib yerə çökür, hətta daş döşəmənin üstünə üzüqoyulu sərilib xırıldayırdılar.

Dustaqların hər dəfə dəqiq hiss etdiyi ölüm anı bu dəfə çox yubandı. Yemək qablarını aparan nəzarətçilər yenidən qayıdıb zəncirli qapını açmadılar. Ta axşam yeməyinə qədər dəhlizi və kameraları qulaq deşən sükut bürüdü. Axı səhər yeməyinin qabları yığılmışdı. Amma axşama qədər nə dəhliz qapısının zəncirləri cingildəmiş, nə də hansısa kameranın qapısı açılmışdı. Hətta bəzi dustaqlar yemək qablarının yığılmasını yuxu sanmış və ölüm mələyinin gəlmədiyinə tutarlı səbəb tapmaq üçün kamerasında yemək qabını axtarmağa başlamışdı.

Axşam yeməyi zamanı cingildəyən zəncirin ardından birinci kameranın qapısına yaxınlaşan nəzarətçi bu dəfə də hər zaman olduğu kimi gözlüyü açdı, yemək qabını gözlükdən çölə çıxan titrəyən ələ təslim etdi və uca səslə dedi:

– Daha heç kim sizi öldürməyəcək, ölüm cəzası ləğv edilib, gərək özünüz öləsiz! Biz də sizi ölənə qədər yemləyək.

Sevincdən bağıran dustaqlara yemək verə-verə Lamfadanın kamerasının qarşısında dayanan nəzarətçi gözlüyü açsa da, oradan qısa qolların yemək qabına doğru uzanmadığını görüb içəri boylandı. Lamfada qollarını sinəsinə bərk-bərk sıxıb uzanmış və ölüm yuxusuna getmişdi. Qorxudan ürəyi partlmışdı.

Həbsxana nəzarətçiləri danışırdılar ki, Lamfada ilə eyni gündə bura gələn, amma heç vaxt yuvasını tapa bilmədikləri quş onun öldüyü gündən sonra bir də oxumadı.

OXŞAR XƏBƏRLƏR