İşləmək həvəsini öldürən lətifə – Haynrix Böll

DAHA.az Haynrix Böllün “İşləmək həvəsini öldürən lətifə” yazısını təqdim edir. 

 

Avropanın qərb sahillərindəki limanlardan birində köhnə-külə geyinmiş bir kişi balıq tutduğu qayığında uzanıb mürgü döyür. Yaxınlıqda isə zövqlə geyinib-keçinmiş bir turist bu sakit mənzərənin şəklini çəkmək üçün fotokamerasına təzə lent qoyur. Mavi səma, qar dənələri kimi ağ qırçınları olan ləpəli, göm-göy dəniz, qara qayıq, qırmızı balıqçı papağı… Bütün bu mənzərəni obyektə alır və çəkir: çık… Bir dəfə də çık… Atalar üçdən deyib, əminlik üçün üçüncü dəfə də çəkir: çık… Bu qıcıqlandırıcı və xoşagəlməz səs bayaqdan mürgü vuran balıqçını oyadır. O, yuxulu-yuxulu özünü düzəldir, əlini siqaret qutusuna atır. Axtardığını tapana kimi canfəşanlıq göstərən turist qutunu düz onun burnunun dibinə tutur. Balıqçı siqareti götürür və yenə çaqqıltı eşidilir, lakin bu dəfə çaxmağın səsidir. Dördüncü çaqqıltı bu nəzakətə son qoyur. Heç bir çərçivəyə sığmayan ifrat nəzakət qıcıqlandırıcı, çaşqın bir şərait yaradır. Yerli dili bilən turist bu gərginliyi söhbət vasitəsilə aradan qaldırmağa cəhd göstərir:

– Bu gün yaxşı ov eləyəcəksiniz.

Balıqçı narazılıqla başını bulayır.

– Bəs dedilər, bu gün hava yaxşı olacaq?!

Balıqçı başını tərpədir.

– Dənizə çıxmayacaqsınız?

Balıqçı narazı halda başını yelləyir, turistin isə səbir kasası dolmağa başlayır. Əlbəttə, ürəyində bu köhnə-külə geyinmiş adamın yaxşılığını istəyir, qorxur ki, fürsəti əldən verər.

– Ax, özünüzü yaxşı hiss etmirsiniz?

Nəhayət, balıqçı təngə gəlib ağzını açır, onun işarədən heç nə anlamayacağını görüb, sözlə başa salmağa başlayır.

– Özümü əla hiss edirəm, – deyir, – hələ ömrümdə heç vaxt özümü belə gözəl hiss etməmişəm.

Ayağa qalxır, bədənini qabağa doğru elə dartır ki, sanki, nə qədər güclü olduğunu nümayiş etdirmək istəyir:

– Əhvalım bomba kimidir.

Turistin üzündəki ifadə dəyişir, təbəssümü tədricən itir, az qala, ürəyini partladan sualı verir:

– Bəs niyə dənizə çıxmırsız?

Balıqçı qısa və konkret cavab verir:

– Çünki çıxmışdım.

– Ovun yaxşı oldu?

– Hə, elə yaxşı oldu ki, bir də getməyə ehtiyac qalmadı. Səbətimdə dörd dənə dəniz xərçəngi var. Bir xeyli də skumbriya tutmuşam…

Balıqçı artıq yuxudan tam ayılmış, canlanmışdı. Sözünü deyib qurtarandan sonra turisti sakitləşdirirmiş kimi, əlini onun çiyninə qoyur. Turistin əndişəli üzü ona mənasız görünür, amma eyni zamanda da bu qayğıkeşliyindən də təsirlənir.

– Balığım sabaha, hələ birisi günə də çatar, – deyib tanımadığı bu adamı sakitləşdirmək istəyir. – Bəlkə, mənim siqaretimdən birini çəkəsiniz?

– Çəkərəm. Təşəkkürlər…

İndi hər ikisinin də damağında siqaret var. Çaxmaq beşinci dəfə çıqqıldayır. Yad adam başını yelləyə-yelləyə qayığın kənarına əyləşir, şəkilçəkəni bir yana qoyur ki, deyəcəklərini daha aydın ifadə etmək üçün əlinin ikisi də boş olsun.

– Sizin şəxsi işinizə qarışmaq istəməzdim, – deyir – amma təsəvvür edin ki, iki, üç, hətta dörd dəfə tilovu atır, hər atanda da bir yığın balıq tutursunuz, sonra aparıb satırsınız. Sadəcə olaraq, bunu təsəvvürünüzə gətirin…

Balıqçı razı halda başını tərpədir.

– Təsəvvür edin ki, – o, sözünə davam eləyir, – təkcə bu gün yox, sabah da, birisi gün də, ümumiyyətlə, hər gün, ən azı, dörd dəfə balıqlarınızı satırsınız. Bilirsiniz, sonra nə olacaq?

Balıqçı başını yırğalayır.

– Ən geci, bir ilə motorlu qayıq alarsız, iki ilə ikinci avarlı, yelkənli qayıq, 3-4 ilə balaca bir kateriniz olacaq. Sözsüz ki, bu iki yelkənli qayıqla və ya katerlə daha çox balıq tutmaq olar. Beləcə günlərin bir günü ikinci katerinizi alacaqsınız, sonra… – danışdıqları özünü o qədər ruhlandırır ki, bir neçə saniyə dili ağzında quruyur, – sonra balıqları saxlamaq üçün balaca bir soyuducu kamera, ya da balıq qurudulması, hisə verilməsi üçün yer, bir müddət sonra konserv fabriki tikərsiniz, öz şəxsi vertolyotunuzla uçarsınız, katerlərinizə radio qurğular ilə təlimatlar, əmrlər verərsiniz, qızılbalıq ovlamaq hüququ qazanarsınız, balıq yeməkləri restoranı açarsınız, dəniz xərçəngini əldən-ələ vermədən birbaşa Parisə göndərərsiniz, sonra da… – çox həyəcanlandığı üçün yenə bir anlığa susmalı olur.

Yad adam başını bulayır. Artıq məzuniyyət sevincini hiss etmir, balıqçının qarmağından canını qurtarmış balıqların tullandığı dalğalara baxır.

– Sonra da… – Həyəcandan boğazında nəsə qalmış uşaq kimi boğulur, balıqçı onun kürəyinə vurur.

– Hə, sonra?! – yavaşdan dillənir.

– Sonra da, – yad adam sakit bir məğrurluqla dillənir, – sonra rahatca burada, bu sahildə oturub günəşin altında mürgü vura-vura dənizin möhtəşəm mənzərəsinə tamaşa edərsiniz.

– Amma mən bunu elə indi də edirəm, – balıqçı deyir. – Burada özüm üçün rahatca oturub mürgüləyirdim, ancaq sizin çıqqıltınız istirahətimə mane oldu.

Tutarlı cavab almış turist fikirli halda oradan uzaqlaşır. Çünki əvvəllər düşünürdü ki, işləyib yaxşı pul qazanar və elə bir vaxt gələr ki, işləməyinə ehtiyac qalmaz. Balıqçı ilə aralarında olan söhbətdən sonra qəlbində daha mərhəmət hissi qalmamışdı. Əksinə, ürəyində bu kasıb geyimli kişiyə qarşı bir az qibtə hissi yaranmışdı…

 

Tərcümə edən: Afət Nəbi

OXŞAR XƏBƏRLƏR