Slavoy Jijek: İran Haydeggerdən Kanta doğru

DAHA sloveniyalı filosof Slavoy Jijekin “İran Haydeggerdən Kanta doğru” essesini təqdim edir.

Slavoy Jijek  sloveniyalı məşhur filosof, kulturoloqdur.  Jijekin fəaliyyəti ideologiya, siyasət, din, kino və mədəniyyət mövzularını əhatə edir və o, müasir dövrün ən çox müzakirə olunan intellektuallarından biridir.

“İran hazırda faktiki olaraq təkcə öz suverenliyi uğrunda deyil, həm də suverenlik prinsipinin qlobal səviyyədə qorunması uğrunda mübarizə aparır”.

1 mart 2026-cı tarixindən etibarən ABŞ və İsrailin İrana qarşı davam edən hücumu barədə fikir bildirməyim üçün media tərəfindən sözün əsl mənasında bombardmana məruz qaldım. Bəziləri xatırlatdı ki, 11 avqust 2005-ci ildə “In These Times” nəşrində “İranın nüvə silahlarına bir şans verin: dəli bir dünyada qarşılıqlı məhvetmə (MAD) məntiqi hələ də işləyir” adlı məqalə dərc etmişdim və soruşdular ki, bu hələ də mənim mövqeyimdirmi.

Mən onları iki baxımdan məyus etməliyəm: birincisi, xeyr, bu artıq mənim mövqeyim deyil,  həmin məqalədə mən Qərbin İraqın İrana hücumundakı şərikliyinə istinad edirdim (ABŞ hətta İran qüvvələrinin yerini müəyyənləşdirmək və onları məhv etmək üçün İraqa peyk görüntüləri və zəhərli qazlar təqdim etmişdi).

Hücumun məqsədi o idi ki, Xomeyni inqilabından sonrakı qarışıqlıqdan istifadə edən İraq, İran sərhədinə yaxın neftlə zəngin əraziləri ələ keçirsin. Səddam Hüseyn tutulub məhkəməyə çıxarılanda İran tamamilə haqlı olaraq onun cinayətlər siyahısına bir milyondan çox insanın həyatına son qoymuş İrana qarşı hücumu da əlavə etməyi tələb etdi; lakin ABŞ bu tələbi rədd etdi, çünki bu, ABŞ-ın İraqla şərikliyini üzə çıxaracaqdı.

Lakin 2022-ci ildə İranda baş verənlər, “Məhsa Əmini etirazları” adlandırılan hadisələr  dünya miqyaslı tarixi əhəmiyyət daşıyırdı. Onlarla şəhərə yayılan bu etirazlar 16 sentyabr 2022-ci ildə Tehranda başladı və 22 yaşlı, kürd mənşəli Məhsa Əmininin polis nəzarətində ölümü ilə bağlı reaksiyadan qaynaqlandı. O, “uyğunsuz” hicab geyindiyinə görə saxlanıldıqdan sonra İslam “əxlaq polisi” kimi tanınan Rəhbərlik Patrulu tərəfindən döyülərək öldürülmüşdü.

Etirazlar müxtəlif mübarizələri (qadınların təzyiqinə qarşı, dini təzyiqə qarşı, dövlət terroruna qarşı siyasi azadlıqlar uğrunda mübarizə) vahid və üzvi bir birlikdə birləşdirdi. İran mədəni baxımdan “inkişaf etmiş Qərb”dən fərqləndiyinə görə “Zan, Zendegi, Azadi” (“Qadın, Həyat, Azadlıq” etirazların şüarı) Qərb ölkələrindəki “Me Too movement”( “Me Too” hərəkatı cinsi qısnama və zorakılığa qarşı yönəlmiş qlobal sosial hərəkatdır və zərərçəkənlərin həmrəyliyinə, eləcə də sistemli dəyişikliklərə əsaslanır-R.İ) hərəkatından xeyli fərqlənir.

İrandakı etirazlar milyonlarla adi qadını səfərbər etdi və birbaşa olaraq hamının — kişilər də daxil olmaqla mübarizəsinə çevrildi; Qərb feminizmində tez-tez rast gəlinən açıq anti-kişi meyli burada müşahidə olunmurdu. Mənim İrana münasibətim artıq dəyişib: İran üçün nüvə silahı yox (və əlavə edərdim ki, İsrail üçün də yox…), bu baxımdan mən Əli Xamenei ilə razıyam; o, hələ 1990-cı illərin ortalarında nüvə silahlarının əldə edilməsi, inkişafı və istifadəsinə qarşı fətva vermişdi. Doğrudur, sərt mövqeli qüvvələr bu yanaşmaya qarşı çıxırdı və 2025-ci ilin martında Xameneiyinin müşaviri Əli Ləricani bildirmişdi ki, əgər ABŞ və ya onun müttəfiqləri tərəfindən hücuma məruz qalınsa, İranın nüvə silahını inkişaf etdirməkdən başqa yolu qalmayacaq.  Buna görə onu kim həqiqətən günahlandıra bilər?

Davam edən müharibəyə gəlincə, mənim mövqeyimdə yeni və ya orijinal bir şey yoxdur: mən İranın klerofaşist rejiminə qarşıyam, Eyni zamanda ABŞ və İsrailin hücumlarına da qarşıyam. Əgər bu rejim süqut edəcəksə, bu, yanlış bir şəkildə baş verəcək. İran rejimi ilə Trampçı ABŞ arasında seçim etmək saxta seçimdir; onların hər ikisi eyni qlobal dünyanın tərkib hissəsidir. Bəli, mən son etiraz dalğasının yatırılması zamanı İranın törətdiyi vəhşilikləri qınayıram, lakin eyni zamanda 4 mart 2026-cı ildə İsrailin müdafiə naziri Israel Katz tərəfindən sərgilənən mövqeyi də qəbuledilməz hesab edirəm:

“İranın terror rejimi tərəfindən İsraili məhv etmək planını davam etdirmək və ona rəhbərlik etmək, Birləşmiş Ştatları, azad dünyanı və region ölkələrini təhdid etmək, eləcə də İran xalqını sıxışdırmaq üçün təyin olunan hər bir lider açıq şəkildə aradan götürülməsi üçün hədəf olacaq. Onun adının nə olması və ya harada gizlənməsi heç bir əhəmiyyət daşımır.”

Beləliklə, rejim tərəfindən susdurulan, lakin eyni zamanda rejimi rədd edən və ABŞ ilə İsrailin etdiklərinə də şübhə ilə yanaşan İrandakı səssiz çoxluğu anlamaq mümkündür. Onların mövqeyi nə ümiddir, nə də ümidsizlik; bu, daha çox qeyri-müəyyənlik və qorxudur. Venesuela nümunəsində olduğu kimi, Donald Trump 6 mart 2026-cı ildə CNN-ə bildirib ki, İran rəhbərliyi “tamamilə zəiflədilib” və o, ABŞ və İsrailə yaxşı münasibət göstərəcək yeni bir rəhbərlik axtarır,  hətta bu rəhbərlik dini lider olsa belə və ölkə demokratik dövlət olmasa belə… Azadlıq və demokratiya haqqında deyilənlər isə, görünür, elə bundan ibarətdir.

Nəticə etibarilə, İran rejiminin bütün dəhşətlərinə baxmayaraq (o, demək olar ki, Səudiyyə Ərəbistanındakı rejim qədər zülmkardır…), biz indi İranı dəstəkləməliyik. İran hazırda faktiki olaraq təkcə öz suverenliyi üçün deyil, həm də suverenlik prinsipinin qlobal miqyasda qorunması uğrunda mübarizə aparır. Burada ən üzücü məqam Qərbi Avropanın roludur ki, İspaniya şərəfli  davranışı istisna olmaqla, yenə də fürsəti əldən verdi və ABŞ-ın xidmətçisi kimi davrandı. ABŞ isə, öz növbəsində, faktiki olaraq İsrailin bir koloniyası kimi çıxış edərək, ardıcıl şəkildə digər ölkələrin, indi isə hətta İspaniyanın belə suverenliyini pozur. Bəli, İranda rejim dəyişikliyi arzuolunan ola bilər – bəs ABŞ-ın özündə rejim dəyişikliyi necə?

Hazırda diqqətimi zahirən kənar mövzu kimi görünən, lakin İranı anlamağımız üçün olduqca mühüm olan bir məsələyə yönəltmək istəyirəm. İranın daxili hakim dairələrində inanılmaz dərəcədə yüksək səviyyəli intellektual müzakirələr aparılır, onlar yalnız korrupsiyaya uğramış və qəddar idarəçilərdən ibarət deyillər. Əli Xamenei özü də İslam ideologiyası, idarəçilik və şəxsi mənəvi həyat barədə kitablar yazıb; bunlar arasında “Quranda İslam düşüncəsinin ümumi xətləri” və “Mərhəmətli ailə” kimi əsərlər var.

1990-cı illərin ortalarına qədər əsas fiqur Seyid Əhməd Fərdid (1910–1994) idi; o, tanınmış filosof və Tehran Universitetinin professoru olmuşdur. O, 1979-cu ildə inqilabdan sonra hakimiyyətə gəlmiş İran İslam Respublikasının fəlsəfi ideoloqlarından biri hesab olunur. Fərdid, Martin Haydeggerin təsiri altında idi və onu “dünyanı anlayan yeganə Qərb filosofu və baxışları İslam Respublikasının prinsipləri ilə uyğun gələn yeganə mütəfəkkir” hesab edirdi. Bu iki fiqur – Ruhullah Xomeyni və Haydegger – Fərdidin öz mövqeyini əsaslandırmasına kömək etmişdir.

Seyid Əhməd Fərdid klassik Qədim Yunanıstanın gətirdiyi antropomərkəzçilik və rasionalizmi tənqid edir, Tanrının və imanın hakimiyyətinin insan ağlı ilə əvəz olunmasına qarşı çıxırdı. Bu baxımdan o, Əl-Fərabi və Molla Sədra kimi İslam filosoflarını da Yunan fəlsəfəsini mənimsədiklərinə görə tənqid edirdi.

Fərdid “Qərbçilik zəhərlənməsi” (“Westoxication”) anlayışını irəli sürmüşdür və bu anlayış 1979 İran İslam İnqilabından sonra İranın yeni İslam hökumətinin əsas ideoloji təlimlərindən birinə çevrilmişdir.

Bu müsəlman sərt xəttinin əsas liberal-islahatçı rəqibi Məhəmməd Xatəmi idi; o, İsfahan Universitetində Qərb fəlsəfəsi üzrə bakalavr təhsili almışdı və 1997–2005-ci illərdə prezident kimi fəaliyyət göstərmişdir. Xatəmi liberallaşma və islahat platforması ilə çıxış edirdi. Seçki kampaniyası zamanı o, Samuel P. Huntingtonun 1992-ci ildə irəli sürdüyü “Sivilizasiyaların toqquşması” nəzəriyyəsinə cavab olaraq “Sivilizasiyalararası dialoq” ideyasını təklif etmişdi. Daha sonra Birləşmiş Millətlər Təşkilatı Xatəminin təşəbbüsü ilə 2001-ci ili “Sivilizasiyalararası dialoq ili” elan etdi.

Prezident olduğu iki müddət ərzində Xatəmi söz azadlığını, tolerantlığı və vətəndaş cəmiyyətini dəstəkləmiş, həmçinin Asiya ölkələri və Avropa İttifaqı daxil olmaqla digər dövlətlərlə konstruktiv diplomatik münasibətlərin qurulmasını müdafiə etmişdir. Tehran prokurorunun göstərişi ilə İran mediasına Xatəminin şəkillərini dərc etmək və ya onun sözlərini sitat gətirmək qadağan olunub; bu, onun 2009-cu ildə mübahisəli şəkildə yenidən prezident seçilən Mahmud Əhmədinejada qarşı çıxan məğlub islahatçı namizədləri dəstəkləməsi ilə əlaqədardır.

Məhəmməd Xatəmi Yürgen Habermasın kommunikativ fəaliyyət və dialoq nəzəriyyələrindən istifadə edərək “Sivilizasiyalararası dialoq” ideyasını irəli sürmüşdü; məqsəd Qərb ilə İslam dünyası arasında qarşıdurmanı diskurs və müzakirə ilə əvəz etmək idi. Habermas 2002-ci ilin may ayında Tehrana səfər etdi və bu, Xatəminin islahatçı prezidentliyi dövründə mühüm intellektual mübadilə hadisəsinə çevrildi. Səfər çərçivəsində o, İranın ziyalıları və rəsmi şəxsləri ilə görüşdü, demokratiya, vətəndaş cəmiyyəti və nəzəriyyənin rolu barədə müzakirələr apardı; bu müzakirələrdə İslam düşüncəsini müasir, liberal anlayışlarla uzlaşdırmağa çalışan fiqurlarla tez-tez dialoqa girirdi.

Lakin, ən azı sərt xətt tərəfdarı olan müsəlman qüvvələrin təzyiqləri səbəbindən, bu istiqamət ciddi intellektual qüvvə kimi tədricən aradan çıxdı. Daha sonrakı meyillər arasında Əli Ləricanini qeyd etmək olar; o, onilliklər boyu İran siyasi sisteminin sakit və praqmatik siması olmuş, Qərblə nüvə razılaşmaları üzrə danışıqlar aparmışdı. Lakin martın 1-də, 67 yaşlı Ali Milli Təhlükəsizlik Şurasının katibinin ritorikası köklü şəkildə dəyişdi. ABŞ–İsrail hava zərbələrinin Ali rəhbər Əli Xameneini və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpuru öldürməsindən cəmi 24 saat sonra dövlət televiziyasında çıxış edən Ləricani alovlu bir mesaj səsləndirdi:

“Amerika və sionist rejim [İsrail] İran xalqının ürəyini yandırıblar. Biz onların ürəklərini yandıracağıq. Sionist cinayətkarları və həyasız amerikalıları öz əməllərinə görə peşman edəcəyik”.

Siyasi baxımdan Əli Ləricani mülayim, praqmatik mühafizəkar idi və ABŞ-la nüvə proqramı üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edirdi. Lakin indi o, sərt xətt tərəfdarı kimi önə çıxıb. Əli Xameneinin öldürülməsindən sonra Laricani İranın faktiki dövlət başçısı kimi qəbul olunmağa başladı. The New York Times qəzetinin məlumatına görə, Əli Ləricani 2026-cı ilin yanvarından etibarən faktiki olaraq İranı idarə edir. O, “İslam hakimiyyətinin sona çatdırılmasını tələb edən son etirazların ölümcül güc tətbiq olunaraq yatırılmasına rəhbərlik edən” şəxs olub. Hazırda o, İranın keçid dövründə əsas güc mərkəzlərindən biri sayılır. Lakin bir neçə gün əvvəl ali vəzifə uğrunda mübarizədə məğlub oldu: Əli Xameneinin oğlu qalib gəldi.

Əli Ləricani Aryamehr Texnologiya Universitetində kompüter elmləri və riyaziyyat üzrə bakalavr dərəcəsi almış, daha sonra Tehran Universitetində Qərb fəlsəfəsi üzrə magistr və doktorluq təhsili tamamlamışdır. Əvvəlcə o, kompüter elmləri üzrə təhsilini davam etdirmək istəyirdi, lakin Murtəza Mütəhhəri ilə məsləhətləşdikdən sonra ixtisasını dəyişmişdir.

Ləricani İmmanuel Kant, Saul Kripke və David Lewis haqqında kitablar nəşr etdirmişdir. O, doktorluq dissertasiyasını Kant haqqında yazmış və bunu üç kitabla davam etdirmişdir: “Kant fəlsəfəsində riyazi metod”, “Kant fəlsəfəsində metafizika və dəqiq elmlər” və “Kant fəlsəfəsində intuisiya və sintetik apriori hökmlər”. (Qeyd etmək lazımdır ki, Laricani Kantın praktik fəlsəfəsindən deyil, onun elmi-idraki aspektlərindən bəhs edən əsərlər yazmışdır.)

Liberal və anti-postmodernist mütəfəkkir Stiven Hiks Ləricani barədə belə yazmışdı: “Düşünürəm ki, bu şəxslərin heç vaxt Con Lok, Adam Smit və ya Con Stüart Mill kimi müəlliflərin tələbələri olmaması məni təəccübləndirməməlidir.” Bəs onun Kantın praktik fəlsəfəsinin ifrat avtoritarizmi əsaslandıra biləcəyi barədə irəli sürdüyü ehtimal doğrudurmu?

Hannah Arendt özünün “Eyxman Yerusəlimdə” əsərində nasist cəlladlarının törətdikləri dəhşətli əməllərə dözə bilmək üçün həyata keçirdikləri düşüncə “bükülməsini” dəqiq şəkildə təsvir etmişdir. Onların çoxu sadəcə şər insanlar deyildi; onlar yaxşı anlayırdılar ki, etdikləri hərəkətlər qurbanlarına alçalma, əzab və ölüm gətirir. Bu çıxılmaz vəziyyətdən çıxış yolu belə idi: “İnsanlara nə dəhşətli şeylər etdim!” demək əvəzinə, qatillər belə deyə bilirdilər: “Vəzifəmi yerinə yetirərkən nə dəhşətli şeylərə şahid oldum, bu yük çiyinlərimə nə qədər ağır gəldi!”

Bu yolla onlar “şirnikləndirməyə müqavimət” məntiqini tərsinə çevirə bildilər: müqavimət göstərilməli olan şirnikləndirmə, əslində, insan əzabı qarşısında yaranan elementar mərhəmət və rəhm hissinə təslim olmaq idi. Onların “etik” səyləri isə qətl törətməmək, işgəncə verməmək və alçaltmamaq istiqamətində deyil, məhz bu hisslərə uymamaq istiqamətində yönəlmişdi. Beləliklə, mərhəmət və şəfqət kimi spontan etik instinktlərin pozulması mənim “etik böyüklüyümün” sübutuna çevrilir: guya borcumu yerinə yetirmək üçün başqalarına ağrı vermək kimi ağır yükü daşımağa hazıram.

Lakin Hannah Arendt səhv etmişdir ki, Adolf Eyxmanın özünü yalnız Kantçı kimi təsvir etməsini qəbul etmişdir;  Eyxman öz vəzifəsini Hitler əmrlərinə tabe olmaq kimi müəyyən etmişdi. Burada çox dəqiq olmaq lazımdır: Kantçı iradənin avtonomiyasına əsaslanan etika yalnız “kognitiv” etika deyil, yəni artıq verilmiş əxlaqi Qanunu tanımaq və ona əməl etmək etikası deyil.

Standart tənqidə görə, “kateqorik imperativ”in (yəni şərtsiz olaraq vəzifəmizi yerinə yetirməli olduğumuzu bildirən universal etik) məhdudiyyəti onun formal qeyri-müəyyənliyindədir: əxlaqi Qanun mənə vəzifəmin nə olduğunu demir; o, yalnız mənə vəzifəmi yerinə yetirməli olduğumu bildirir və beləliklə boş iradəçilik üçün yer açır (yəni mənim vəzifəm olduğunu qərar verdiyim hər şey, həqiqətən də mənim vəzifəm olur).

Bu xüsusiyyətin məhdudiyyət kimi görülməsi yanlışdır; əksinə, məhz bu, Kantçı etik avtonomiyanın mərkəzinə aparır: əxlaqi Qanundan birbaşa olaraq konkret situasiyamda əməl etməli olduğum normativləri çıxarmaq mümkün deyil,  bu o deməkdir ki, subyekt özü məsuliyyəti üzərinə götürməli, əxlaqi Qanunun abstrakt tələblərini konkret öhdəliklər silsiləsinə çevirməlidir.

Bu paradoksun tam qəbul edilməsi bizə vəzifəyə istinad edərək bəhanə gətirməyi rədd etməyi tələb edir: “Bilirdim ki, bu ağır və ağrılı ola bilər, amma nə edə bilərəm – bu mənim vəzifəmdir…” Kantçı şərtsiz vəzifə etikası tez-tez belə bir mövqeyin haqlı olduğunu sübut edən kimi şərh olunur. Buna görə də Adolf Eyxman  öz rolunu Holokostun planlaşdırılması və həyata keçirilməsində haqlı çıxarmağa çalışarkən Kantçı etikaya istinad etməsi təəccüblü deyil: o, sadəcə vəzifəsini yerinə yetirir və Fürrerin əmrlərinə tabe olurdu.

Lakin Kantın subyektin tam əxlaqi avtonomiyası və məsuliyyətinə verdiyi önəmin məqsədi məhz belə manevrlərin, məsuliyyəti “Böyük Başqa” adlı bir şəxsə atmağın qarşısını almaqdır.

Etik sərtliklə bağlı standart şüar belədir: “Öz vəzifəsini yerinə yetirməmək üçün heç bir bəhanə yoxdur!” Kantın məşhur tezisi Du kannst, denn du sollst! (“Sən bacararsan, çünki etməlisən!”) bu şüara yeni bir variant kimi görünə bilər, lakin o bunu daha dəhşətli bir tərs variantla tamamlayır: “Öz vəzifəni yerinə yetirmək üçün heç bir bəhanə yoxdur!” Vəzifəni, öz vəzifəni yerinə yetirməyin bəhanəsi kimi göstərmək, saxta və ikili standartlı bir yanaşma hesab olunmalıdır.

Bunu ənənəvi nümunə ilə xatırlayaq: qəddar və sadist müəllim şagirdlərinə amansız intizam və işgəncələr tətbiq edir; onun özünə (və başqalarına) bəhanəsi belədir: “Mən də bu uşaqlara belə təzyiq göstərməkdə çətinlik çəkirəm, amma nə edə bilərəm, bu mənim vəzifəmdir!” Kantın etikası buna qəti şəkildə qadağa qoyur: insan yalnız öz vəzifəsini yerinə yetirmək üçün deyil, həm də vəzifəsinin nə olduğunu müəyyən etmək üçün tam məsuliyyət daşıyır.

Buna görə də Rusiya Kalininqrad əyalətinin qubernatoru Anton Alixanov doğru deyirdi ki, Kant, ömrünün bütününü Kalininqrad (almanca Königsberg) bölgəsində keçirmişdir və onun Ukrayna müharibəsi ilə “birbaşa əlaqəsi” vardır. Alixanovun fikrincə, Kantdan başlayan alman fəlsəfəsi, “tanrısızlıq və ali dəyərlərin olmaması” ilə, bir sıra hadisələrə, o cümlədən Birinci Dünya Müharibəsinə gətirib çıxaran “sosiomədəni vəziyyətin” yaranmasına səbəb olmuşdur:

“Bu gün, 2024-cü ildə, cəsarət edərək iddia edirik ki, yalnız Birinci Dünya Müharibəsi Kantın əsərləri ilə başlamayıb, eyni zamanda Ukraynadakı indiki münaqişə də onun əsərləri ilə bağlıdır. Burada, Kalininqradda, biz cürət edirik — əslində buna demək olar ki, əminik — deyə bilək ki, məhz Kantın Saf Aklın TənqidiƏxlaq Metafizikasının Əsasları əsərlərində […] indiki münaqişənin etik və dəyər əsaslı təməl prinsipləri qoyulmuşdur.”

Qubernator Kantı “müasir Qərbin ruhani yaradıcısı”lardan biri adlandırdı və bildirdi ki, “ABŞ tərəfindən öz surətində formalaşdırılmış Qərb bloku” bir “yalan imperiyasıdır.” Kant isə Qərbdə azadlıq, qanunun aliliyi, liberalizm, rasionalizm və “hətta Avropa Birliyi ideyası” da daxil olmaqla, “demək olar ki, hər şeyin atası” kimi tanınır. Və əgər Ukrayna bu Qərb dəyərləri naminə Rusiyaya müqavimət göstərirsə, Kant effektiv olaraq Ukraynanın Rusiyaya qarşı müqavimətindən də məsul hesab olunur.

Beləliklə, Alixanovun “dəli” açıqlamaları Rusiya ilə Ukrayna arasında davam edən müharibənin yüksək metafizik əhəmiyyətini xatırlatmaq baxımından faydalıdır. Alixanov başqa mənada da haqlıdır: Kant qanunun müqəddəs mənşəyi ilə bağlı mifləri amansızcasına dağıtdı; o açıq şəkildə göstərdi ki, hər bir hüquq nizamının mənşəyi qanunsuz zorakılıqdır.  Bu, Alixanovun müdafiə etdiyi rus ruhaniyyəti üçün qəbulolunmaz bir dərsdir. Burada Otto fon Bismarka səhvən aid edilən bir ifadəni xatırlayaq: “Əgər qanunları və kolbasanı sevirsinizsə, onların necə yarandığını heç vaxt izləməməlisiniz.”

Kantın etikası ilə subyektin avtonomluğunu məhdudlaşdırmaq arasındakı bu ziddiyyət, mənim fikrimcə, hər hansı bir Kantçı dini etikaya uyğun gəlməməsinin əsas səbəbidir. Belə görünür ki, İran rejiminə yaxın düşüncədə əskik olan təkcə Qərb liberalizmi deyil, subyektin radikal avtonomluğudur; bu avtonomluq, gözlənilənin əksinə olaraq, çox sərt və ciddi bir etikaya əsaslanır.

Buna baxmayaraq, fakt olaraq qalır ki, hakimiyyətdə olan İran şiə elitasının mərkəzində intensiv və çox ciddi intellektual debatlar davam edir. Təsəvvür etmək olarmı ki, əgər Laricanı ali rəhbər seçilsə, Trump ilə debat aparsın, Trump Laricanının nə barədə danışdığını başa düşərdi? Mən oxuculara buranı buraxıram ki, İran rəhbərliyindəki debatların yüksək intellektual səviyyəsini yaxşı bir şey, yoxsa amansız avtoritarizmə yönəlməni asanlaşdıran bir hal kimi qiymətləndirsinlər.

Alixanovun Kantı tənqid etməsi məsələsi, siyasətçilərin fəlsəfi müzakirələr aparmasına qarşı arqument kimi görünə bilər  amma Ləricanı ilə Alixanov arasında debat necə olardı?

Bu vəziyyətdən çıxarılan kədərli nəticə budur ki, İsrail-ABŞ hücumu rejimin mülayim nümayəndələrini, məsələn, Ləricanı kimi şəxsləri öldürücü fanatiklərə çevirdi, demək olar ki, Netanyahu və Katz qədər təhlükəli.

Məqalənin əsli BURADA

İngilis dilindən tərcümə: Dr. Rəşad İlyasov

OXŞAR XƏBƏRLƏR