Yaddaş məkanları və birgəyaşayış mədəniyyəti – Jalə Məmmədzadə

DAHA Dokuz Eylül Universitetinin magistrantı Jalə Məmmədzadənin “Yaddaş məkanları və birgəyaşayış mədəniyyəti” yazısını təqdim edir. 

Şəhərlər susmur, onlar danışır. Sadəcə, onların dilini anlamaq, daşların pıçıltısını eşitmək lazımdır. Məkan dediyimiz anlayış təkcə xəritədəki coğrafi koordinatdan ibarət deyil. O, xatirənin, kimliyin, mədəni təbəqələrin və insan münasibətlərinin canlı şahididir. Bir ölkənin memarlıq mühiti onun yaddaşının ən görünən, toxunula bilən mücəssəm halıdır. Məhz bu məqamda “yaddaş məkanları”, “multikulturalizm” və “memarlıq” anlayışları bir araya gələrək sadəcə elmi deyil, həm də mənəvi bir mövzunu ehtiva edir. XXI əsrin sürətli urbanizasiya çağında bu mövzu daha da həyati əhəmiyyət kəsb edir: şəhərlərimiz dəyişir, göydələnlər yüksəlir, lakin kollektiv yaddaşımızın daşıyıcısı olan məkanlar bu dəyişiklik fonunda öz strateji dəyərini qorumalıdır.

Mədəniyyətlərin və sivilizasiyaların qovşağı olan Azərbaycan bu kontekstdə bənzərsiz bir tədqiqat obyektidir. Ölkəmizin şəhər strukturu, tarixi məhəllələrin labirintləri, səmanı bölüşən müxtəlif dini abidələr sadəcə tarixi fakt deyil, onlar multikultural yaddaşımızın vizual kodlarıdır. Bu daş kitabələri oxumaq, əslində, bizim kim olduğumuzu və necə birgə yaşadığımızı anlamaq deməkdir.

Xatirənin topoqrafiyası

Müasir humanitar elmlərdə “yaddaş məkanı” anlayışı yalnız tarixi obyektlərin siyahısı deyil, kollektiv kimliyin necə formalaşdığını anlamağa imkan verən konseptual bir çərçivədir. Bu məkanlar cəmiyyətin emosional, sosial və mədəni yaddaşını daşıyan fiziki ünvanlardır. Tarixi hadisələrin cərəyan etdiyi meydanlar, duaların oxunduğu məbədlər, künc-bucaq məhəllələr, sufi ziyarətgahlardan tutmuş ticarət karvansaralarına qədər hər bir lokal məkanda bir icmanın yaşantısı, münasibətlər sistemi və dəyərlər matrisi kodlaşdırılıb.

Yaddaş məkanları yalnız monumental abidələrdən ibarət deyil; bəzən ən güclü kollektiv emosional təbəqə məhz gündəlik həyatın səssiz şahidlərində gizlənir. İçərişəhərin labirintvari küçələri və ya qədim Gəncənin torpaqüstü-yeraltı qatlara bölünmüş məhəllə quruluşu bunun klassik nümunələridir. Bu məkanlar sadəcə memarlıq faktı deyil, yüz illər boyu yanaşı yaşamış icmaların – türk-müsəlman əhalinin, yəhudi, rus, avropa mənşəli tacirlərin, sənətkarların – sosial birgəyaşayış modelinin daşlaşmış yaddaşıdır.

Jalə Məmmədzadə
Jalə Məmmədzadə
Yaddaş topoqrafiyası həm də məkan ardıcıllığı anlamına gəlir. Bir məhəllədə yerləşən məscidin yanında qədim bir karvansara varsa, bu coğrafi yaxınlıq təkcə təsadüf deyil, iqtisadi və mədəni həyatın ritmini müəyyənləşdirən tarixi bir “məkan konfiqurasiyası”dır. Belə konfiqurasiyalar dağıldıqda – məsələn, tarixi məhəllələr söküləndə, funksionallıq dəyişdikdə və ya məkan simasız modern bloklarla əvəzlənəndə, təkcə fiziki obyekt yox olmur, həm də cəmiyyət öz kollektiv təcrübəsinin bir hissəsini itirir.

Bu prosesin qlobal miqyasda necə qiymətləndirildiyini də nəzərə almaq vacibdir. UNESCO tərəfindən qorunan dünya irsi obyektlərinin əksəriyyəti məhz yaddaş topoqrafiyasına görə seçilir – yəni həmin məkanlar yalnız gözəlliklərinə, memarlıq texnikasına görə deyil, tarixi həyat tərzinin və sosial münasibətlər şəbəkəsinin daşıyıcıları olduqlarına görə qiymətləndirilir. Qobustan qaya rəsmləri kimi arxaik nümunələrdən tutmuş İçərişəhər kimi urbanistik nümunələrə qədər bu yanaşma eyni prinsipə əsaslanır: mədəni yaddaş məhz məkan vasitəsilə nəsildən-nəslə ötürülür.

Yaddaş məkanlarının transformasiyası cəmiyyətin özünüdərk prosesinə birbaşa təsir göstərir. Onların dəyişməsi, simasızlaşması və ya kommersiyalaşdırılması kollektiv identliyin zəifləməsinə səbəb olur. Buna görə də belə məkanların qorunması yalnız memarlıq və restavrasiya məsələsi deyil; bu, milli mədəni siyasətin, şəhərsalma strategiyasının və sosial yaddaşın davamlılığını təmin edən humanitar yanaşmanın integrasiya olunmuş bir hissəsidir.

Birgəyaşayışın memarlıq izləri

Azərbaycanda multikulturalizm şəhərlərimizin divarlarına, küçə planlarına, məhəllə strukturlarına həkk olunmuş mədəni kod sistemidir. Fərqli dinlərə aid ibadət yerlərinin – məscid, kilsə və sinaqoqların eyni məhəllədə, bəzən isə eyni küçədə yanaşı mövcudluğu bu torpağın tolerantlıq ənənəsinin daşlaşmış sübutudur. Bu məkanlar ayrı-ayrı dini icmaların deyil, bütöv bir cəmiyyətin birgəyaşayış mədəniyyətinin ortaq mərkəzləridir.

Orta əsr Şərq memarlığının plastik formaları, XIX əsr Avropa eklektikasının dekorativ dili, sovet modernizminin konstruktiv rasionalizmi və müasir göydələnlərin şüşə-metal estetikası bir araya gələrək zamanın çoxqatlı, palimpsest xarakterli mədəni mənzərəsini formalaşdırır. Bu qatların üst-üstə gəlməsi təkcə memarlıq tarixinin xronoloji ardıcıllığı deyil, həm də fərqli sivilizasiya təbəqələrinin bir-biri ilə dialoqda olduğunu göstərən canlı bir laboratoriyadır.

Bu fenomenin qlobal miqyasda tanınması da təsadüfi deyil. Məsələn, İçərişəhərin dünya mədəni irsinə daxil edilməsi Azərbaycanın multikultural memarlıq ənənəsinin beynəlxalq səviyyədə qəbul olunduğunu nümayiş etdirir. Belə ərazilərdə müxtəlif dövrlərin – Şirvan, Səfəvi, Rusiya imperiyası, sovet və müasir mərhələlərin – memarlıq izləri bir-birinə söykənərək mövcud olur.

Multikultural məkanın memarlığı dinamikdir, heç vaxt statik və monoton deyil. Onun vizual harmoniyası müxtəlif dillərin fonetik uyğunluğu kimi işləyir: bəzən paralellikdən, bəzən ziddiyyətdən, bəzən isə sırf coğrafi yaxınlıqdan doğan təsadüfi rezonanslardan. Bu memarlıq rezonansı “birgəyaşayış mədəniyyəti” fenomenini formalaşdırır, yəni müxtəlif mədəni qrupların yalnız yanaşı yaşaması deyil, məkan və estetik cəhətlərdənbir-birini tamamlamalarını var edir.

Tarix boyu karvansaraylar, qədim bazarlar və məhəllə meydanları ticarətin mərkəzi olmaqla yanaşı, etno-mədəni güzərgahın, ideya axınının və həyat tərzlərinin qarşılaşdığı interaktiv düyün nöqtələri olub. Bu məkanlar həm Şərqlə Qərbin, həm də fərqli dinlərin və etnosların arasında körpü rolunu oynayıb. Arxitektura burada sadəcə fon deyil, mədəni ünsiyyətin infrastrukturudur, yəni insanların necə ticarətlə məşğul olduqlarını, necə ünsiyyət qurduqlarını, necə birgə yaşadıqlarını mümkün edən gizli sistemdir.

Daşlardan oxunan kodlar

Memarlıq obyektlərinə diqqətlə baxsaq, orada gizli kodları görə bilərik. Şəhərin üslub müxtəlifliyi onun zəngin tarixindən xəbər verir. Məsələn, bir binanın fasadındakı ornament, istifadə olunan tikinti materialı və ya eyvanın quruluşu müəyyən mədəni kod sisteminin hissəsidir. Hətta funksional ardıcıllıq da yaddaşın bir formasıdır: köhnə bazarın yerində ucalan müasir ticarət mərkəzi, forması dəyişsə də, məkanın iqtisadi və sosial funksiyasını – yəni “yerin yaddaşını” davam etdirir.

Memarlıq yalnız forma deyil, həm də kollektiv yaddaşın kodlaşdırılma metodudur. Hər bir obyekt müəyyən etnosun, dini icmanın, sosial qrupun və ya iqtisadi fəaliyyət növünün tarixdə qoyduğu izləri əks etdirir. Köhnə bazar meydanının yerində ucaldılmış müasir ticarət mərkəzi də bu funksional ardıcıllığı qoruyur: məkanın iqtisadi-sosial rolu transformasiya formasında davam edir və şəhərin sosial dinamizmini təşkil edir.

Memarlığın dilində gizli olan bu kodlar həm də müxtəlif icmaların yanaşı yaşama təcrübəsinin materiallaşdırılmış xronikasıdır. Şəhərin plan quruluşundan tutmuş məhəllədaxili mikro-məkanlara qədər hər detal birgəyaşayış etikası və qarşılıqlı hörmət mədəniyyətinin izlərini daşıyır.

Gələcəyə baxış: Şəhərsalma və yaddaş arasında

Sürətli urbanizasiya dövründə şəhərlər genişlənir, əhali strukturu dəyişir, yeni sənaye və xidmət infrastrukturları yaranır. Lakin bütün bu inkişafın fonunda əsas strateji məsələ tarixi-mədəni irs ilə müasirlik arasında balansın düzgün qurulmasıdır. Modern infrastruktur, enerji səmərəliliyi, ağıllı şəhər texnologiyaları zəruridir, lakin onlar tarixi məhəllələrin identikliyini sıxışdırmamalıdır. Çünki şəhərin xarakteri yalnız yeni tikililərin deyil, həm də keçmişdən miras qalan məkan kimliklərinin cəmidir.

2026-cı ilin Azərbaycanda Şəhərsalma və Memarlıq İli elan olunması bu çağırışları strateji səviyyədə dəyərləndirməyin vacibliyini göstərir. Bu qərar urbanizasiyanın yalnız texniki və infrastruktur tərəfini deyil, həm də mədəni yaddaşın idarə olunmasını, tarixi məkanların sosial funksiyasının qorunmasını, multikultural birgəyaşayışın memarlıqda görünən kodlarının gələcəyə ötürülməsini tələb edir.

Yeni şəhərsalmanın prioritetləri artıq təkcə tikinti planlaması deyil; onlar mədəniyyətin məkansal davamlılığını təmin edən kompleks yanaşmanı əhatə edir. Tarixi bir məhəllənin planı, ibadətgahların yerləşməsi, qədim bazarların struktur loqikası, ornamentlərdəki motivlər və material seçimi – bunlar bir cəmiyyətin məkana həkk etdiyi  mətnlərdir. Bu mətn pozularsa, kollektiv yaddaş da deformasiyaya uğrayır.

Bu balansın qorunması təkcə memarların və urbanistlərin işi deyil. Bu, şəhərdə yaşayan hər bir insanın ictimai məsuliyyətidir. Çünki yaddaş məkanı itirildikdə, cəmiyyət öz kimliyinin mühüm fraqmentini itirir; qorunduqda isə tarix yalnız muzey vitrinində donmur, gündəlik həyatın aktiv iştirakçısına çevrilir. Beləliklə, şəhər həm yaşanılan mühit, həm də mürəkkəb bir mədəniyyət daşıyıcısı olaraq gələcək nəsillərlə indi arasında körpü funksiyasını yerinə yetirir.

Nəticə etibarilə, memarlıq mədəni yaddaşın daşdan yazılmış kitabıdır. Yaddaş məkanları, multikulturalizm və şəhər mühiti vəhdət halında oxunduqda cəmiyyətin tarixi inkişaf xətti aydın görünür. Məkan sadəcə sığınacaq deyil, o, kimlik daşıyıcısıdır. Bu kitabı qorumaq, oxumaq və gələcəyə tam şəkildə ötürmək bizim tariximiz qarşısında ən böyük öhdəliyimizdir.

OXŞAR XƏBƏRLƏR