Füsunkar – Gülər Natiq İsaq

DAHA.az Gülər Natiq İsaqın “Füsunkar” hekayəsini təqdim edir.

Səhər hamı kimi oyandım: telefonun işığı, yarımçıq yuxu, tələsik düşüncələr…

Güzgüdə üzümə, gözlərimə baxdım. Dünən gündüz saatlarında nə üzümə qoyduğum maska, nə də ard-arda içdiyim detoks çayları üzümdəki yorğunluğu azalda bilmişdi. Elə bil gözlərimin altını bənövşəyi tonlarda kimsə makiyaj etmişdi. “Sabitləmə” sözünü gözəllik salonunda tez-tez eşidirdim — indi yorğunluğum da sanki sabitlənmişdi.

Bu qarışıq düşüncələrin içində ruhumu adını qoya bilmədiyim bir hiss qucaqladı. O hissin qolları, əlləri, hətta qulaqları var idi; sanki içimdə möhkəm səslə danışan məni dinləyirdi.

Güzgüyə bir az da yaxınlaşdım. Nə qəribə idi, üzüm yerində idi, amma içim dünənki gecədən qalmışdı. Gün hələ başlamamışdı, mən isə artıq bitmiş kimi idim. Buna baxmayaraq çaydanı qaynamağa qoydum, pəncərəni açdım, nəfəs aldım və heç nə olmamış kimi yaşamağa razılaşdım. İnsan ən çox yorulanda məhz belə edir.
Döşəmə örtüyü çox soyuq idi deyə, barmaqlarımın ucunda balkona çıxdım. Həyətə, körpünün üstünə göz gəzdirdim. Şəhərin mərkəzinə yaxın yaşayıram deyə, bura həmişə hərəkətli olur. Bir az keçdi. Gözümü zillədiyim eyni nöqtədən keçərək, bir-birini əvəzləyən adamları küçədə itirməyə başladım. Evimdən bir mərtəbə aşağıda, eyvanları bir-birinə bitişik olan qonşularım küçəyə baxıb nə haqqındasa söhbət edirdilər. Arabir güclənən külək səslərini xəfif şəkildə havaya yayırdı. Bu qonşularımın xətrini çox istəyirdim; ikisi də mehriban və gülərüz idi.

Birdən sözlərdən biri aydın eşidildi: “İnsan bəzən yorulduğunu özü də anlamır…”

O an sanki içimdə nələrsə dəyişdi…

Təxminən, iki aydır görə bilmədiyim dostum Nilufər üçün darıxmışdım. Onun mənə dediyi sözlər yadıma düşdü: “Həyat yalnız dayanıb baxanda gözəl görünür, Füsunum, bunu unutma. Yolunu izlədikcə hər şey dəyişir. Kimi qazancındır, kimi də itirdiklərin…”

Bu sözləri xatırlaya-xatırlaya duruxdum. Ayaqlarımın önündə sanki bir pilləkən yarandı. Yuxarıda, hündürdə, nənəmin kənddəki evi göründü. Xəyalən pilləkənləri qalxdım və həmin cənnət həyətinə düşdüm. Həyətdə dayanıb göyə baxdım, heç kim məni görmürdü. O anın sakitliyi indi bu küləkli günün içində də əks-səda verdi. Gözümün önündə açılan mənzərə içimdə sakit bir işıq yandırdı.

Otağımın qapısını aralayıb geniş dəhlizə çıxdım. Mətbəxə doğru getdim. Təxminən iyirmi dəqiqə əvvəl qaynamağa qoyduğum fitləyən çaynik səsi ilə bütün ev dolmuşdu. Öz-özümə gülümsədim. Adam belə səsli kiçik köməkçiləri ilə heç darıxarmı?

Mətbəx mebelinin siyirmələrindən birindəki gündəlik menyu dəftərini və yanına qoyduğum qələmi götürdüm. Arxa səhifələrindən birini ayırdım. Səhifənin baş hissəsinə özümə ünvanlayaraq yazdım:
“Əzizim Füsunkar, bəlkə bu gün yenə təkrar yaşanacaq, amma sən artıq heç nəyi təkrar etməyəcəksən…”

OXŞAR XƏBƏRLƏR