Daha.az Rafiq Hunaltayın “Alqofobiya” adlı yeni yazısını təqdim edir.
Kitab oxumağın maraqlı tərəflərindən biri bir müddət sonra oxuduğun fərqli janr, fəlsəfə və ya istiqamət üzrə kitabların arasında bir bağlılıq, əlaqə qurmaq hissidir. Məsələn, son dövrlər fikirlərini böyük diqqətlə izlədiyim Bön Çul Xanın “Palyativ toplum” kitabı ilə Rəsulzadənin dörd mühazirəsinin yer aldığı kitab arasında qəribə bir əlaqə olduğunu hiss etdim.

Bön Çul Xan bu kitabında deyir ki, günümüzdə hər yerdə alqofobiya, yəni ağrıçəkmə qorxusu var, insanlar və qurumlar sonda acı, həsrət, ağrı verən hər şeydən maksimum uzaq durmağa çalışır. Mövcud problemləri, cari və ya strateji məsələ olmasından asılı olmayaraq indi həll edə bilməyən insan və ya sistem müvəqqəti ağrıkəsici kimi “palyativ demokratiya”ya üstünlük verir.
“Palyativ” tibbi termin olub bir xəstəliyi tamamilə sağaltmağı yox, onun ilkin əlamətlərini aradan qaldırma, xəstəni müvəqqəti rahatlatma mənası verir.
Ağrı acizlik kimi qiymətləndirilir. “Sən ağrıyırsansa, səni nəsə narahat edirsə, deməli, acizsən!” fikri təlqin olunur. Halbuki ağrı-acı bədənin təbii inkişaf səbəblərindən biridir. İnkişaf, böyümə ağrısız proses ola bilməz. 𝐎𝐧𝐚 𝐠ö𝐫ə 𝐝ə 𝐢𝐧𝐝𝐢 ç𝐨𝐱 𝐚𝐝𝐚𝐦 𝐨𝐧𝐮 𝐧𝐚𝐫𝐚𝐡𝐚𝐭 𝐞𝐝ə𝐧, ö𝐳ü𝐧𝐝ə 𝐚𝐜𝐢𝐳𝐥𝐢𝐤 𝐤𝐢𝐦𝐢 𝐠ö𝐫𝐝ü𝐲ü 𝐧ü𝐚𝐧𝐬𝐥𝐚𝐫ı 𝐝𝐢𝐥ə 𝐠ə𝐭𝐢𝐫𝐦ə𝐤 𝐢𝐬𝐭ə𝐦𝐢𝐫, ə𝐤𝐬𝐢𝐧ə ə𝐭𝐫𝐚𝐟𝐚 “𝐭𝐨𝐤𝐬𝐢𝐤 𝐩𝐨𝐳𝐢𝐭𝐢𝐯𝐥𝐢𝐤” saçır. Daxilindəki müharibə isə onun 21-ci əsrin xəstəliklərindən birinə yoluxması ilə başa çatır. Çul Xan deyir ki, bu gün insanlara deyilən “azad ol” ifadəsi “itaətkar ol” ifadəsindən daha yıxıcıdır. Ona sırınan azadlıq, əslində, adı qoyulmamış könüllü əsarətdir.
Günümüzdə “qısa müddətli ağrıkəsicilər” içiboş eqo, gələcək haqqında çox düşünməmə (“gələcək uzadılmış indidir” prinsipi), daim axtarışda olma, əldə etdiyin heç nə ilə məmnun olmama, qaçaraq həyat tərzi, anın həzzini yaşaya bilməmək və s. kimi nəticələrə səbəb olur.
Bu gün dünyada çox sürətli hadisələr baş verir. Bizə elə gəlir ki, dünya heç vaxt bu qədərki kimi dolaşıq olmayıb. Halbuki çox uzaq olmayan keçmişdə, elə 20-ci əsr bütövlükdə qandan, bəladan, şər-xatadan əskik olmayıb. Görəsən, bu düşüncə ilə Birinci və ya İkinci dünya müharibəsi illərində yaşasaydıq, nə qədər və necə xoşbəxt ola bilərdik?! Görəsən, onda da kimsə çıxıb deyəcəkdimi ki, “hər şey yaxşıdır, bu da təcrübədir, narahat olası heç nə yoxdur, ağrımırsınız, əslində, sizə elə gəlir, möhkəmlənirsiz və s.”

Fərdiləşmə cərəyanı topluma, cəmiyyətə aid mpvzuları da maraqsızlaşdırır.
Ağrı çəkməyən adam dərin xoşbəxtliyi yaşaya bilməz. Xoşbəxtlik əldə ediləndir, əldə edərkən mütləq çətinliklərdən keçəcəksən. Rəqəmsal dünya düzənimzidə hissiyata yer yoxdur.
“Rəqəmsal dünyamızın ruhu dataizm, idarə fəlsəfəsi isə data totalitarizmidir” – deyir Çul Xan.
Əvvəlki marionetkaları alqoritm idarəetməsi əvəzləyib.
Heroismus (qəhrəmanlıq) öz yerini artıq çoxdan hedonismusa (həzz) verib.
Rəsulzadənin “Əsrimizin Siyavuşu”nu o basa-basda yazma, düşünmə cəsarəti, dörd mühazirəsinin hər birində ensiklopdik məlumatları muncuq kimi düzməsi, o bir tərəfə, hər birinə verdiyi mükəmməl şərhlər adamı heyrətləndirir. Bu qədər məlumatı o dövrdə tapmaq elə də asan deyildi. Üstəlik, yenicə işğal olunmuş dövlətin gələcəyi barədə cild-cild kitablar yazasan, millət və milliyətçiliyin tarixindən, avropa millətlərinin təşəkkülündən inkişafınaqədərki mərhələni sadalamaqla öz fikirlərini daha da möhkləndirəsən… – bu nədirsə, başqa bir şeydir.
Əhməd bəy Ağaoğlunun da eynilə, – Azərbaycan və Türkiyə məfkurə və ideologiyasının formalaşmasında əvəzsiz rolu var. Xatirələri adama ilham verir.
Onların dövründə problem yox idimi? Problem, həqiqətən, az idimi ki, belə ümumbəşəri mövzularla beyinlərini məşğul edirdilər?! Yox, əlbəttə. Həqiqətən də, hər şey mütaliə, araşdırma və fəlsəfə ilə daha aydın olur.
Bön Çul Xanın da dediyi kimi fərdiləşmə cəmiyyətə, bəşəriyyətə və onun rifahına aid mövzuları maraqsızlaşdırır. Hətta maraqsızlaşdırıb. O dövrdə isə min bir əziyyət və qorxu altında belə dünyanın, ölkənin gələcəyi haqqında nəsə yazır-pozur, yığışıb saatlarla müzakirə edirdilər.
Çünki fərd olaraq bəşər qarşısında məsuliyyət hissi hakim idi.
Bəs indi?! Ona görə də təbii olaraq hər bir şəxs, hər bir dövlət bu günün şərtlərində “öz ədalətini” qurub-yaratmağa, möhkəmləndirməyə çalışır.




