Ailə dəyərinin bir şəkli – Sentimental dəyər

Daha.az Ülvi Mehdinin Norveç rejissoru Yoahim Trierin “Sentimental dəyər” filmi haqqında “Ailə dəyərinin bir şəkli” yazısını təqdim edir. 

Yerli kinoteatr şəbəkələri zövqlü art-haus həvəskarlarını yenidən heyrətləndirməyə davam edir. Bu dəfə repertuarda 2025-ci ildə Kann Kino Festivalının Qran-prisini qazanmış Norveç rejissoru Yoahim Trierin Almaniya, Danimarka, Fransa, İsveç və Böyük Britaniya kinematoqrafçıları ilə birgə istehsal etdiyi “Sentimental dəyər” (orijinal adı “Affeksjonsverdi”) filmi yer alıb.

Süjeti quran xəttin əsas dəyəri köhnə ailə malikanəsidir – o, eyni zamanda ocaq və Berqman ənənəsi ilə tam səsləşən özünəməxsus semiotik bir simvoldur. Bu ev ötən əsrin ortalarından bu günə qədər üç nəsli birləşdirən geniş metafordur.

Artıq yaşı ötmüş qəhrəman – kinorejissor ailəni birləşdirən, zamanla qopmuş telləri bərpa etməyə çalışır. Bunun üçün o, onilliklər boyu itirilmiş münasibətləri, doğmalıq bağlarını araşdıran müəllif ssenarisi vasitəsilə qızlarını və nəvələrini səsləyir.

Bu film sanki tam əks qütblərə çəkilmiş, bir-birindən uzaq düşmüş, əslində isə, bir-birinə ən yaxın olan insanların hekayəsidir. Onların hərəsinin öz yarası, beyinlərini yeyən öz “qurdları” var. Vacib olan odur ki, həmin yaralar Berqmanın ailə dramlarının miqyasında dərinləşməsin. Qarşılıqlı addım atmağa başlamaq heç vaxt gec deyil – xüsusilə, də, əgər, bunun üçün çox gecikməmisinizsə. Sentimentallıqdan çəkinmək də lazım deyil. Amma rejissor Trier (fon Trier olan yox) sentimentallığı ölçüb-biçərək, yüngül, terapevtik bir inyeksiya kimi tətbiq edir.

Filmi dəyərli edən digər bir cəhət isə bağışlama aktının ailə səadətinin əsas şərti kimi təsvir edilməsidir. Hərçənd burada Almodovar səviyyəsində emosional partlayışlar yoxdur, çünki şimallı düşüncə tərzi buna yol verməz. Bununla belə, Yoahim Trier ailə daxilində nəsildən-nəsilə sanki qapalı bir dairənin içində dolaşan xəstəlik kimi ötürülən disfunksiyanı “pıçıltılar və çığırtılarla” (yenə də Berqmana salam) ifadə etməyə cəsarət göstərməkdən çəkinmir. Filmdə rejissorun anasının xətti vasitəsilə daxili qeyri-azadlıq şəraitində azadlıq mesajı da yer alır – alman-faşist konslagerindən sağ çıxan, lakin sığınacağı olmalı olan ailə ocağında faciəvi bir addım atan qadının taleyi bu məna qatını daşıyır.

Tövbə istəyi ilə hərəkət edən ata, qızına irsi travmaları və öz həyatına son qoymaq barədə düşüncələrini yenidən gözdən keçirməyi təklif edir. “Mələk” oğlunun ağuşunda keçirilən qısa zaman və ata ilə gecikmiş dialoqlar qız üçün qiymətli anlara çevrilir. Hər iki an intihardan xilas edə bilər, amma eyni zamanda, qəhrəmanı bu uçuruma sürükləyə də bilər.

İki saat yarım xronometraja baxmayaraq, belə epizodlar emosional baxımdan isti, həmçinin ailə dəyərləri haqqında kifayət qədər sadə dram formalaşdırır. Tamaşaçı skandinav estetikasının teatral pərdəsi arxasında ənənəvi ünsiyyətsizlikdən bəhs edən adi hekayə ilə üz-üzə qalır.

“Bu dünyada – və bu filmdə – mənfi personajlar olmamalıdır!”- “Netflix”in prodüseri ssenari oxunuşundan sonra bunu tamaşaçıların həm emosiyalarını, həm də zövqlərini yönləndirən marketinq fəndinin təlimatı kimi səsləndirir. Növbəti epizodda isə yaşlı rejissor artıq reanimasiya palatasındadır. Lakin çəkiliş prosesi meydançada davam edir – intihar səhnəsini rejissorun qızı oynayır. Ailə ocağı olan malikanə də studiya şəraitində yenidən qurulur, faciənin baş verdiyi məşum otağın interyeri ən xırda detallarınadək dəqiq şəkildə reproduksiya edilir.

Yoahim Trierin kinosu dərin emosional partlayışlardan və əsaslı psixoanalizdən, o cümlədən, iki bacının mənəvi travmalarının açıq-aşkar nümayişindən uzaq durur. Dialoqlar keçmişin qaranlıq bölgələrinə doğru uzanmaq istəyəndə, rejissor ustalıqla diqqəti ya operatorun işinə yönəldir və montaj vasitəsilə baxışlarımızı növbəti rəngarəng qüruba, ya da günəşin doğulmasına çevirir, ya da caz musiqisinin (akustik gitara sədaları altında) nəvazişlə qulağımızı oxşamasına şərait yaradır.

Filmin yumoru həm xırda skandinav burjuaziyasının mahiyyətinə eyham vurur, həm də rus ədəbiyyatına iltifat edir – filmdə rejissorun qızının iştirakı ilə Çexovun “Qağayı”sının səhnələşdirilməsinə də yer ayrılıb.

Qəhrəmanın anamnezində (xəstəlik tarixçəsi – red.) panika tutmaları və intihara cəhdləri mövcuddur; sanki, incəsənət dağıdılmış daxili mexanizmləri bərpa edə, evə doğmalıq qaytara bilər.

«Sentimental dəyər» — şəfqətlə çəkilmiş, zərif və diqqətlə paketlənmiş, postmodern audio-vizual sitatlarla zəngin bir filmdir. Konyunktura meyillərinin fonunda onu “köhnə”, lakin hələ də lazımlı mesajlarla dolu “doğru” film saymaq olar: Qədərində verilən tanışlıq, nisgil effekti və nəticə – intellektual tamaşaçı üçün kinoterapiya.

Bu tip hekayələrin sonsuz sayda təkrarlanmasının əsas səbəbi – uşaqlar və valideynlər arasındaki xroniki ünsiyyət problemidir. Bu problem faciə janrının da, komediyaların da əbədi mühərrikidir. “Sentimental dəyər” filmi də tamaşaçıya ürəkdən kövrəlmək fürsəti verir, amma gülməli məqamlar da kifayət qədərdir. Yaşlı rejissor – baba balaca nəvəsinə ad günü hədiyyəsi qismində Hanekenin “Pianoçu” və Q.Noenin “Dönməzlik” filmlərinin (sərt-erotik filmlər) DVD-lərini hədiyyə edir, sonra da fərəhlə “Bunlara baxsan, qadınları başa düşəcəksən!” deyir. Uşağın anası isə laqeyd tonla “bizim DVD-pleyerimiz yoxdur” – deyə cavab verir.
Hə, biz qadınları anlamağı öyrənməyə məcburuq, DVD-lər isə sentimental dəyərlərin xatirəsi kimi rəflərdə tozlanmağa. /kinoyazar/

 

OXŞAR XƏBƏRLƏR