Yalanın növləri – Avqustin

Birinci növ yalan ən təhlükəlisidir. Bu, dində qadağan olunan yalanlardır. Belə yalandan mütləq uzaq durmaq lazımdır və heç vaxt bu cür yalan danışmaq olmaz. İkinci yalan, kiməsə haqsız yerə pis təsir edən sözdür.

Belə yalanın heç kimə xeyri yoxdur, amma kiməsə mütləq ziyanı dəyir. Üçüncü tip yalan isə mahiyyətcə ziddiyyətlidir: birinə xeyir gətirdiyi halda, digərinə ziyan vurur, lakin burada söhbət fiziki xəsarətdən getmir. Dördüncü yalan növü isə heç bir səbəb olmadan, sadəcə, yalanın və aldatmağın özündən alınan ləzzət naminə deyilən, başqa sözlə, yalanın ən saf forması olan “əsl yalan”dır. Nəhayət, beşinci tip yalan isə sosial münasibətləri qorumaq məqsədi güdən, nəzakət pərdəsi altında başqalarının könlünü xoş etmək üçün deyilən sözlərdir.

Sözügedən yalan növlərindən çəkinildiyi və bu tipli yalanlar rədd edildiyi təqdirdə, heç bir şəxsə zərər vurmadan başqalarına fayda təmin edən altıncı yalan kateqoriyası meydana çıxır. Buna misal olaraq belə bir vəziyyəti təsəvvür edək: bir adam başqasının pulunun zorla əlindən alınacağını anlayır və buna görə də pulun yerini soruşan şəxsə bilərəkdən doğru cavabı vermir, əvəzində isə sadəcə, “bilmirəm” deyir. Yeddinci yalan da heç kimə ziyan vurmur, ancaq kiməsə yaxşılıq etmək üçün deyilir.

Təbii ki, məhkəmə qarşısında, hakim tərəfindən sorğu-sual edilən birinin danışdığı yalan bu çərçivədən kənardadır. Təsəvvür edin ki, bir adam ölüm hökmü almış birinin sığınacağını bildiyi halda, vicdanı onu ələ verməyə yol vermir. Burada əsas məsələ axtarılan adamın məsumiyyətinə əmin olmaq deyil; axtarılan şəxs hətta cinayətkar olsa belə, xristian əxlaqına bağlı bir insan, heç kimin doğru yola qayıtma ümidini qırmamaq və ona tövbə etmə şansını çox görməmək inancı ilə hərəkət edərək onu ələ verməkdən çəkinər. İndi isə mən, çox vaxt böyük mübahisələrə səbəb olan bu axırıncı iki yalan növü haqqında uzun-uzadı danışdım və öz fikrimi də bildirdim. Deməli, güclü, imanı bütün və doğru yoldan bir an belə ayrılmayan insanlar ləyaqətlə, cəsarətlə çiyinlərinə aldıqları əzablara sinə gərərək bu cür yalanlara belə təvəssül etməkdən imtina edə bilərlər.

Səkkizinci növ yalana gəlincə, bu, heç kimə ziyanı toxunmayan, ancaq kimisə fiziki kirlənmədən, daha dəqiq desək, yuxarıda bəhs etdiyimiz mənadakı bir kirlənmədən qorumaqla fayda verən yalandır. Bu anlayışa bir nümunə gətirsək, yəhudi inancında əlləri yumadan süfrəyə oturmaq məhz həmin “fiziki pozulma” kimi qəbul edilir. Bunu fiziki pozulma kimi qəbul edən bir şəxs, bundan yayınmaq məqsədilə yalan danışmamalıdır. İndi düşünək ki, bir yalan, adamı hamının pis baxdığı bir şeydən qoruyur, amma bu yalana görə başqa birinə ziyan dəyir. Deməli, ortada yeni bir çətinlik var. Əgər yalanın səbəb olduğu zərər, bizim müzakirə etdiyimiz növdən bir fiziki pozulma kateqoriyasına daxil deyilsə, belə bir halda bu yalanı söyləmək olarmı? Burada əsas məsələ yalanın özündə deyil; əsas məsələ, istər yalanla, istərsə də başqa bir yolla, bir insanı bu cür pozulmadan qorumaq üçün digər bir şəxsə zərər verməyin məqbul sayılıb-sayılmayacağıdır. Mən isə belə bir şeyin düzgün olması ilə heç cür razı deyiləm. Söhbət ən cüzi zərərdən, məsələn, yuxarıda qeyd etdiyim kimi, bircə taxıl dənəsinin itirilməsindən getsə belə, birini fiziki pozulmadan qorumaq məqsədilə başqa birinə zərər verilməsi ehtimalı məni olduqca narahat edir. Lakin bir qədər əvvəl də qeyd etdiyim kimi, bu, artıq başqa bir müzakirənin mövzusudur.

Yalanın Əleyhinə

Əziz qardaşım Konsentius, oxumağa nə çox şey göndərmisən belə. Danışığının gözəl olmağı, Müqəddəs Kitabı əzbər bilməyin, ağlının iti olmağı məni sevindirdi. Həmçinin, səhlənkar katolikləri tənqid edəndə kədərlənməyin və dinsizliyini gizlədən adamlara qarşı hirslənməyin də çox xoşuma gəldi. Fəqət, onları gizləndikləri o qaranlıq yuvalarından çıxarmaq üçün yalana əl atmalı olduğumuzu söyləməyinlə heç cür razılaşa bilmərəm. Ən birinci, biz niyə bu qədər çalışırıq ki, onların izinə düşüb onları tutaq? Məqsədimiz onları tutub ifşa etdikdən sonra ya onlara həqiqətin yolunu göstərmək, ya da səhvlərini üzlərinə vurub başqalarını zəhərləmələrinə mane olmaq deyilmi? Xülasə, məqsəd onların səhvlərini aradan qaldırmaq və ya bu səhvlərdən özümüzü müdafiə edərək Tanrının həqiqətini yaymaq deyilmi?

Elə isə, necə ola bilər ki, mən yalanın özünə qarşı elə yalanla mübarizə aparım? Yoxsa oğurluğun qabağını oğurluqla, söyüşün qabağını söyüşlə, zinanın qabağını da zina ilə alaq? Əgər “yalanlarım sayəsində Tanrının həqiqəti çoxalırsa”, onda biz də “yaxşılığın çoxalması üçün niyə pislik etməyək?”mi deməliyik? Görürsənmi, Həvarilər bu təfəkkürdən necə də ikrah etmiş, ona qarşı nə böyük nifrət duymuşdular! Bəs, “yalançı bidətçilərə həqiqəti göstərmək üçün yalan danışaq” demək, “yaxşılığın çoxalması üçün niyə pislik etməyək?” deməklə eyni mənanı daşımırmı? Yoxsa yalan danışmaq bəzi hallarda müsbət bir əməldir və bəzən şər hesab edilmir? Elə isə, nə üçün bu sözlər yazılmışdır: “Pislik edən hər kəsə nifrət edəcəksən; yalan danışan hər kəsi məhv edəcəksən”? Burada heç kim üçün bir istisna qoyulmayıb. Həm də “yalan danışanları yox et” kimi elə-belə deyilməyib ki, guya, söhbət hamıdan yox, bəzi adamlardan gedir.

Əksinə, “yalan danışan hər kəsi yox edəcəksən” deyə hamıya şamil edilən qəti bir hökm verilib. Yaxud da mətndə “istənilən növ yalanı danışan hər kəsi məhv edəcəksən” deyə dəqiqləşdirilmədiyi üçün belə nəticəyə gəlməliyikmi ki, bəzi yalan növlərinə icazə verilib və Tanrı hər yalançını deyil, yalnız haqsız yalan danışanları yox edəcək? Yoxsa elə yalanlar da var ki, onlar pis deyil, əksinə, tərifə layiqdir?

Məgər anlamırsanmı ki, bu cür dəlillər məhz bizim yalanla ovlamaq istədiyimiz adamlara necə böyük bir dayaq olur, onların əlinə nə böyük bir koz verir? Elə sənin özünün dediyin kimi, bu, eynilə Priskilliançıların fikridir. Onlar bu mövqeyi təsdiqləmək üçün Müqəddəs Mətnlərdən sübutlar uydurur, tərəfdarlarını yalan danışmağa məcbur edirlər. Bu məqsədlə patriarxları, peyğəmbərləri, həvariləri, mələkləri və hətta tərəddüd etmədən Həzrəti İsanı belə nümunə göstərir, öz səhvlərinin doğruluğunu yalnız həqiqəti yalan kimi təqdim etməklə sübut edə biləcəklərini zənn edirlər. Onlar kimi olmaq yox, onların səhv olduğunu sübut etmək lazımdır.

Priskilliançıların digər bütün azğınlardan nə qədər daha betər olduğunun bariz bir sübutu olan bu şər əməllərinə biz də şərik çıxmamalıyıq. Axı öz doğrularını pərdələmək üçün təlimlərində yalana haqq qazandıran yeganə təriqət onlardır, ya da ən azından, bu xüsusiyyət ən çox onlarda özünü göstərir. Onlar bu böyük şəri ona görə doğru hesab edirlər ki, insana doğrunu ürəyində saxlamağı, yalanı isə yadların qarşısında dilə gətirməyin günah olmadığını təlqin edirlər. Onlar deyirlər ki, guya, kitabda belə yazılıb: “ürəyində düz danışan”. Sanki düzgün olmaq üçün bu bəsdir və sənə qulaq asan adam yad biridirsə, dilinlə yalan danışa bilərsən. Onlar bu məntiqlə hətta Həvari Pavelin “yalanı buraxıb, haqqı söyləyin” sözlərini də özlərinə sərf edən şəkildə yozurlar. Belə ki, onlar cümlənin davamındakı “hər kəs öz qonşusuna (söyləsin), çünki biz hamımız bir bədənin üzvləriyik” hissəsinə xüsusi məna verirlər. Bu isə o deməkdir ki, onların azğın məntiqinə görə, həqiqət cəmiyyətində qonşumuz sayılmayan, deməli, bizim bir parçamız olmayan kəslərə yalan danışmaq nəinki günah deyil, hətta az qala təqdirəlayiq bir hərəkət sayılır.

Lakin hamımızın insan olduğunu və insanlar arasında yaşadığımızı nəzərə alaraq, etiraf edirəm ki, mən heç vaxt bəraət qazandırılan günahlarla üzləşməmiş şəxslərdən deyiləm. İnsan münasibətlərində məndə çox vaxt insani mərhəmət hissi üstünlük təşkil edir və kimsə aşağıdakı kimi bir arqument irəli sürdükdə, ona etiraz edə bilmirəm: “Bax, bu adam ağır xəstədir, ölümlə üz-üzədir. Üstəlik, bircə dənə, canından çox istədiyi oğlunun ölüm xəbərini alsa, heç dözə bilməz. O səndən soruşur ki, oğlu sağdır, ya yox. Sən də bilirsən ki, oğlu ölüb. İndi sən ona “öldü” və ya “sağdır” demədən başqa nə cavab verə bilərsən? “Bilmirəm” deməyin bir faydası yoxdur, çünki o anındaca başa düşəcək ki, sən cavab verməkdən qorxursan və yalan da danışmaq istəmirsən, deməli, oğlu ölüb. Susmağa nə qədər cəhd etsən də, heç nə dəyişməyəcək; nəticə eyni olacaq. Verə biləcəyin üç cavabdan ikisi onsuz da yalandır: “sağdır” demək və “bilmirəm” demək. Hansını desən, yalan danışmış olursan. Əgər düzünü desən ki, oğlu ölüb, yazıq ata da buna dözməyib ölsə, hamı qışqıracaq ki, onu sən öldürdün. Əgər insanlar sizə desələr ki, birinə fayda verəcək yalanı şişirdərək onu böyük bir şər kimi qələmə verirsiniz və mütləq doğrunu söyləmək naminə cinayətə rəğbət bəsləyirsiniz, buna kim etiraz edə bilər?” Bu sözlər mənə çox təsir edib; onlar, sadəcə, ağıllı söz deyil, onlarda başqa bir güc var. Çünki mən O Böyük Varlığı düşünürəm, hansı ki, ağzından heç vaxt yalan çıxmayıb.

Həqiqətin işığı o qədər güclüdür ki, onun yanında özümün nə qədər zəif olduğumu hiss edirəm. Amma o gözəlliyə olan sevgim o qədər güclüdür ki, ürəyimdə bir atəş yandırır və məni bu sevgidən uzaqlaşdıran bütün adi, insani işlərə fikir vermirəm. Bu hissin, ağlımızın tərəddüd etdiyi anlarda da təsirini itirməyəcək qədər müqavimətli olması çətindir. Doğrusu, mən o təmiz, heç bir yalan qatılmamış həqiqəti fikirləşəndə, əgər biz yalan demək istəmiriksə və insanlar da düz sözü eşidib ölürsə, qoy həqiqətə “adam öldürmək” desinlər, mənim üçün bunun fərqi yoxdur. Əgər həya bilməyən bir qadın, sonda fiziki pozğunluğa düçar olacağını bilə-bilə, sizin razılığınızı almadığı üçün dəlicəsinə sevgisindən ölərsə, bu halda ismətin adı cinayət olurmu? Yaxud, “Biz xilas olan üçün də, məhv olan üçün də Məsihin Tanrını təmsil edən ətriyik; birinə ölüm gətirən bir qoxu, digərinə isə həyat gətirən bir qoxu” sözlərini eşitdikdə, Məsihin ətrinin də cinayət olduğunu ifadə edəcəyikmi? Amma nə etməli, biz insanıq və bu kimi mübahisələrlə, dilemmalarla üzləşəndə içimizdəki o insani mərhəmət duyğusu bizə əzab verir, bizi rahat buraxmır. Elə buna görə də Həvari özü də fikrini bu cür bir sualla tamamlayır: “Bəs bu cür ağır bir missiyanın öhdəsindən gəlməyə kimin gücü çatar?”

Amma burada daha pis bir məsələ də var. Əgər biz razılaşsaq ki, xəstənin xətrinə yalan danışmaq olar, onda pislik yavaş-yavaş artmağa başlayacaq. Damla-damla yığılıb böyük bir yalanlar topasına dönəcək. Axırda bu pis vərdiş o qədər böyüyəcək ki, balaca güzəştlərlə başlamış bu xəstəliyin qarşısını almaq heç cür mümkün olmayacaq. Məhz bu səbəbdən çox doğru olaraq yazılmışdır: “Kiçik şeylərlə ləkələnən şəxs, tədricən süqut edəcəkdir”. Bəs bu fani dünyanı əbədi həqiqətə bir an belə düşünmədən qurban verən insanların bizdən istədiyinə baxın: onlar təkcə yalan danışmağımızı istəmirlər, həm də onsuz da gec-tez öləcək birinin ömrünü bir az uzatmaq xatirinə yalan yerə and içməyimizi tələb edirlər! İnsan buna nə ad versin? Təsəvvür edin, onlar bir adamın onsuz da ötəri olan sağlamlığı bir az tez bitməsin deyə, bizi Yaradanımızın müqəddəs adını boş yerə dilimizə gətirməyə vadar edirlər! Bundan əlavə, elm və irfan sahibi elə insanlar da var ki, bu məsələlərdə tərəf tutaraq, hansı halda yalandan and içib, hansı halda içməyəcəyimizə dair qaydalar tərtib edir və sərhədlər müəyyənləşdirirlər. Ey göz yaşı bulaqları, haradasınız? Bəs biz nə edəcəyik? Hansı istiqamətə gedəcəyik? Yalandan qaçmaq lazım olduğunu unutmağımız azmış kimi, indi də yalandan and içməyə qalxmışıq. Bəs indi biz həqiqətin qəzəbindən hara qaçıb gizlənəcəyik? Yalanın tərəfini tutanlar qoy özləri baxsınlar, görsünlər hansı yalanı və ya yalanları düzgün saymaq onların xoşuna gəlir.

Onlar yalnız Tanrıya ibadət zamanı yalan danışmamağın vacibliyini qəbul edə bilərlər; yalnız yalandan şəhadət və küfrdən çəkinə bilərlər. Yalnız Tanrının adı, Tanrının şəhadəti və Tanrının andı işə qarışdıqda, yalnız ilahi dindən söhbət açıldıqda insanlar yalan danışmaqdan çəkinir, yaxud yalana tərif deməkdən, yalanı öyrətməkdən, təbliğ etməkdən və ya yalanın doğru olduğunu söyləməkdən uzaq dururlar. Qaldı ki o biri yalanlara, kim deyirsə ki, yalan danışmaq lazımdır, getsin ən yüngül, ən günahsız yalanı da özü seçsin. Mənim bildiyim odur ki, bizə yalan danışmağı təlqin edənlər belə, özlərini həqiqəti öyrədirmiş kimi göstərmək arzusundadırlar. Əks təqdirdə, əgər o, yalan təlim etdiyini söyləsə, müəllimin aldatdığı, tələbənin isə aldandığı bir yalan təlimini kim öyrənmək istəyər? Əslində isə, o, yalan danışmağın vacibliyini tədris edərkən, özünə tələbə tapa bilmək üçün təliminin həqiqət olduğunu söyləyəcəkdir. Həvari Yəhyanın heç bir yalanın həqiqət ola bilməyəcəyini bildirərək buna etiraz etdiyini nəzərə alsaq, bəs o yalan necə həqiqət ola bilər? Ona görə də, “bəzən yalan danışmaq lazımdır” demək, düz deyil. Və heç kəsi də düz olmayan bir şeyə inandırmağa çalışmaq olmaz.

 

Tərcümə etdi: İbrahim Aziz

OXŞAR XƏBƏRLƏR