Daha.az Volterin “Fanatizm” pamfletini təqdim edir.
Qızdırmadan törəyən çılğınlıq, hikkədən doğan quduzluq nə deməkdirsə, dini mövhumatdan yaranan fanatizm də elə o deməkdir.
Kimsə nəyə görəsə coşub özündən çıxırsa, qarabasmaların gerçəkliyinə, yuxunun çin çıxacağına inanırsa, fantaziyasını öncəgörmə kimi qavrayırsa, belələri entuziastdır — yalançı vurğunluğun çaşdırdığı kimsələrdir; kimlərsə özünün bu sayaq anlaq pozğunluqlarını başqalarını öldürməklə gerçəkləşdirməyə çalışırsa, fanatikdir.
Romadam çıxıb Nürnberqə gedən Jan Dias Roma papasının Qiyamət günündən öncə zühur edəcək antixrist olduğuna ürəkdən inanırdı, onun antixristdə olası bütün yırtıcı özəlliklərin daşıyıcısı olduğunu düşünürdü: o, bu qavramı ilə entuziast idi. Romadan onun ardınca yollanan doğma qardaşı, doğrudan da, Tanrıya olan sevgisinə görə onu öldürən Bartolemeo Dias isə mövhumatçılığın bütün tarixi boyunca yaratdığı ən iyrənc fanatik idi.
Polivekt dini bayram günü məbədə gəlib oradakı bütün bəzəkləri qoparıb atmış, heykəlləri sındırmışdı, o, Dias təki qorxunc olmasa da, ancaq qanmazlıqda ondan geridə qalmayan fanatik idi. Hersoq Fransua de Gezi, Vilhelmi, Oran prinsini, krallar: III Henrixlə IV Henrixi, bir sözlə, bu kimi çoxlu kimsələri öldürənlər ruhunu iblisə satmış, Diasın yoluxduğu quduzluğa tutulmuş yaramazlardır.
Ən iyrənc fanatizm örnəyini isə onların sıralarına qoşulmaq istəməyən yurddaşlarını öldürən, doğrayan, evlərinin pəncərələrindən aşağı tullayan, parça-parça eləyən, paris burjuaları göstərmişdilər.
Soyuqqanlı fanatiklər də olur: bunlar isə suçları yalnızca onlar kimi düşünməmək olan kimsələrə ölüm kəsən hakimlərdir; bu hakimlər, insanlıq qarşısında o biri fanatiklərdən qat-qat artıq suçludurlar, yer üzündə onlardan alçaq kimsə yoxdur, onlar: Klement, Şatel, Ravalyak, Jerar, Damen kimi fanatiklərsayaq başlarını itirəcək quduzluğa qapılmadıqlarından sağlam düşüncələrinin səsinə qulaq asıb düzgün hökmlər verə bilərdilər.
Beyin fanatizm qanqrenasına yoluxubsa, bu artıq sağalmaz bir xəstəlikdir. Mən keçmişlərdə çox böyük çılğınlıqla Müqəddəs Parisin möcüzələrindən danışanları görmüşdüm. Onlar danışdıqca qızışıb özlərindən çıxır, gözləri alışıb yanmağa başlayır, bədənlərini əsməcə tutur, üzlərində ağıl itirməyin əlamətləri görünməyə başlayırdı: bu anda kimsə onların dediklərini dansaydı, onu yerindəcə öldürərdilər.

Bu yoluxucu xəstəlikdən qurtulmağın tək yolu insanlar arasında birindən o birinə keçib yayılan fəlsəfi ruh ola bilər, bu vasitə xəstəliyi yüngülləşdirir, insanları sağaldır, xəstəliyin gücləndiyi durumları aydınlaşdırır; bu xəstəlik gücləndimi, gərək oradan baş götürüb qaçasan, haradasa, uzaq yerdə, havanın arınıb saflaşmasını gözləyəsən. Qanunlarla dinlər bu ruhun taunu adlana biləcək düşkünlüyü aradan qaldırmaqda gücsüzdürlər; din onsuz da ruhun aclığını doyuracaq sağlam qida hazırlamır, fanatizm taununa yoluxmuş ruhlara gəlincə, din onlar üçün ağuya çevrilir.
Bu qaragünlü fanatiklər kral Eqlonu öldürmüş Aodu, onunla bir balınca baş qoyan Olofernin başını kəsən Yudifi, kral Aqaqanı parça-parça doğramış Samuili örnək olaraq, sayqı ilə anmaqdadırlar. Onlar keçmişlərdə sayqı ilə anılan örnəklərin bu gün necə də iyrənc göründüyünü anlamaq istəmirlər; beləliklə, onları yanlışa qapılmaqda suçlayan dinin özündən güc alıb, bir az da qızışırlar.
Qanunlar bu quduzluq tutmasına qarşı nəsə eləməkdə büsbütün gücsüzdürlər. Burada qanunun araya girməyi acıqdan azğınlaşıb başını itirmiş birisinə onun qanunsuz hərəkət etdiyini anlatmaq istəyinizə bənzəyərdi. Bu adamların inamına görə, onların ürəyinə dolmuş müqəddəs ruh bütün qanunlardan üstündür. Bundan doğan çılğınlıq onların boyun əyməli olduqları tək qanundur. Birdən kimsə qayıdıb desəydi ki, o, insanların yox, ancaq Tanrının sözünə qulaq asır, sizi öldürməklə də Tanrının buyuruğunu yerinə yetirir, sizin ona deməyə sözünüz olardımı?
Fanatiklərin cilovu çox vaxt fırıldaqçı adamların əlində olur, onların əlinə xəncəri də bunlar verirlər. Deyilənə görə, dağlarda yaşayan bir Qoca bu sayaq fanatiklərə cənnəti bu dünyada dadızdırarmış, sonra da bu dadı damaqdan getməyən yaşamda sonsuzluğa kimi ömür sürə bilməyin tək yolunun onun göstərdiyi adamı öldürmək olduğunu onlara aşılayarmış . Elə bu fırıldaqçılar da o Qocanın tayıdır.
Dünyadakı dinlərdən ancaq biri fanatizmə bulaşmamışdır. Bu, Çin bilgələrinin dinidir. Fəlsəfi baxışlara gəlincə, onlar bu tauna yoluxmamaqla yanaşı, onu sağaltmaq üçün dərmanlar da düzəldirlər.
Bu fəlsəfi baxışlar insanların ruhunda bir toxdaqlıq yaradır, fanatizm isə ruhun toxdaqlığı ilə uyuşmayan anlayışdır. Bu ibliscəsinə quduzluğun davamlı olaraq müqəddəs dinimizə korluq verməsi isə insanların ağılsızlığı ucbatından baş verir. Ona görə də bu işdə biz ancaq onları qınamalıyıq.