Nə üçün azadlıq düyğusu daha çox erotizmə meyillənmə şəklində üzə çıxır?
Müqəddəsliyin erotizm qorxusu var. Müqəddəslikdən qaçış erotizmlə başlar.
Tanrının tarixi erotizmdən qaçışın tarixidir. Ən müqəddəs olanın dişilikdən və erkəklikdən arındırılmasıdır. Tək tanrı insanın cinsi olmayan fantastik bir yaradıcı yaratma təcrübəsidir. Cinsəllik aşağı mərtəbəli varlıqların yaratma bacarığıdır.
Azadlığın ən bəsit göstəricisi insanın əylənə bilmək imkanının miqdarıdır.
Ən azad ən çox əylənə biləndir! İnsan əylənə bildiyi yerdə azaddır.
Çağımız əyləncə sənayesində baş verən inqilabın “öz övladlarını yediyi” çağdır.
Tanrımərkəzli dünya müqəddəsliyin cəhənnəmiylə idarə olunurdu. Biz bu gün İnsanmərkəzli dünyada yaşayırıq. Müqəddəsliyin cəhənnəmindən qaçmışıq. Ona görə cənnət əhli kimi erotik varlıqlarıq. Erotikliyimiz azadlığımızın təsdiqidir. Azadlığımızın ölüçüsü isə əyləncə axtarışımızın hüdudsuzluğudur.
Bizim tanrılarımız seks və əyləncəni özündə təcəssüm etdirən aşağı mərtəbəli varlıqlardır. Biz azadlığımızdan həzz almaq üçün onların yanına enirik.