Daha.az Metyu Klark Deyvison və Alis LaPlantın birgə yazdığı “Yazı prosesində komfort zonasından çıxmaq” essesini təqdim edir.
Ədəbiyyatda “janr” sizi içərisinə həbs edən bir qəfəs deyil, sizin üçün işləyən qoruyucu bir sığınacaq, mətniniz baxımından cansıxıcı bir məhdudiyyət yox, işinizi asanlaşdıran funksional bir vasitədir.
Əksər yazıçılar, xüsusilə də, yazmağa yeni başlayanlar, ədəbiyyatdakı janr anlayışı səbəbindən özlərini məhdudlaşdırılmış və ya müəyyən bir hekayə söyləmə üsuluna bağlı qalmağa məcbur edilmiş hiss edə bilərlər. Lakin “janrlar” bizə görə forma, struktur və səs baxımından strateji qərarlar qəbul etməyə kömək edə biləcək bir sıra alətlərdən ibarətdir. Buna görə də, söhbət müqavimət göstəriləcək məhdudiyyətlərdən deyil, mətninizi inşa etməyə imkan verəcək qəliblərdən gedir. Şeir ritm, təsvir və intensivliyə diqqəti kəskinləşdirərək sizə sükutun və boşluğun emosional ağırlığını daşımağa icazə verməyi öyrədir, bədii əsər isə sizi xəyal edilmiş səbəb-nəticə zəncirinə çağırır – reallığı birbaşa əks etdirmək üçün deyil, yazı təcrübəsinin dərinliyinə enmək, onun sirlərinə vaqif olmaq və yenidən yaratmaq üçün.
Bədii ədəbiyyatın gücü, ixtira və struktur vasitəsilə məna yaratmaq qabiliyyətində gizlənir. Qeyri-bədii ədəbiyyat isə mütləq surətdə həqiqətlərə bağlı qalmağı tələb edir, lakin eyni zamanda baxış bucağı, şərh və ifadə texnikaları baxımından sonsuz çeviklik təklif edir. Zamanı sıxlaşdıra, bir neçə zaman xəttini bir-birinə bağlayıb iç-içə keçirə, istənilən təfərrüatı gizlədə və ya vurğulaya bilərsiniz, beləliklə də öz reallığınızı formalaşdıra bilərsiniz. Bu, sərt məhdudiyyətlər demək deyil. Güclü bir yazıçı təkcə müəyyən bir forma daxilində yazmır, əsərinin nəyə çevrilməsini istəyirsə, ona uyğun bir çərçivə seçir.
Monik Cenkinson, drag (səhnə sənəti formasıdır. Bir insan (istər kişi, istər qadın) cinsiyyətinə zidd və ya ifrat dərəcədə şişirdilmiş gender obrazında geyinərək və davranaraq performans göstərir.) mövzulu esselərdən ibarət xatirə kitabı “Faux queen”də məhz bunu edib.
Cenkinson həm rəqqasə, həm də xoreoqrafdır, eyni zamanda trans olmadığı halda böyük bir drag yarışmasını qazanan ilk qadındır. Əslində, şəxsi kimliyi və ya peşə kimliyi haqqında daha çox mətn yaza bilərdi, lakin kitabını genişləndirmək əvəzinə özünə bəzi məhdudiyyətlər qoydu. “Artıq ehtiyacım olandan qat-qat çox söz işlətmişdim – həqiqətən bir ədəbi yükün altında idim. Sonra redaktorumu çağırdım və drag filtri tətbiq etməsini xahiş etdim”.

Kitab, onun səhnədə göstərdiyi performanslar kimi, ifratlıq və nizam-intizam arasında gəzişir. Hətta onun fikrincə, kitabın məzmununun əsl mənbəyi xoreoqrafik bir məhdudiyyət idi. Bir vaxtlar səhnədə kostyum dəyişdirərkən istifadə etdiyi monoloqlar yazdığı bölmələrin nüvəsinə çevrildi. Əsərinə forma verərkən bir drag kraliçasının teatrallığını və xatirələrin yaratdığı emosional keçidləri şərəfləndirdi və əsas mövzular (sənət, kimlik, qadınlıq, yumor və dostluq) xaricində hər şeyi kəsib atdı. Bunu edərkən təkcə doğru janrı seçməklə kifayətlənmədi, eyni zamanda hekayəsi üçün doğru çərçivəni yaratdı və onu addım-addım möhkəmləndirdi.
Bu prosesin, yəni əsərin tələblərinə qulaq asaraq forma baxımından uyğun seçimlərlə cavab vermənin bənzərini şair Randall Mannda da görürük. Tobias Vrey ilə etdiyi söhbətdə Mann deyir: “Hər şeir özünəməxsus memarlıq quruluşu tələb edir. Bəlkə də, mən zamanla onun tələblərinə qulaq asmağı öyrənirəm. Nəticədə şeirdə forma və məzmun bir-birini tamamlayan şeylər deyil, tamamilə eyni şeydir”. Adətən, qafiyəli qısa misralar təkcə dekorasiyaya və ya şairanə nizam-intizama xidmət etmir, bunlarla yanaşı, eyni zamanda məzmun yaradan quruluşlardır. “Loqore halında”, – Mann deyir, – qısa misraların məndən tələb etdiklərinə qulaq asmağı və qafiyələrin yaratdığı məzmunları sevirəm – əlbəttə, əgər şeirin səsini dinləsəm”.
Janrlar haqqında düşünməyin ağlabatan bir yolu budur: Onları daxilində sıxışmalı olduğumuz sabit qutular kimi deyil, forma ilə məzmunun bir-birini zənginləşdirdiyi axıcı bir dialoq kimi görürük. Tələbələr bəzən, “Mən ancaq bədii ədəbiyyat yazacağam” və ya “Mən şair deyiləm” dedikdə, biz onları yumşaq bir şəkildə xəbərdar edir və bu fikirlərin tam əksini sınaqdan keçirmələri üçün cəsarətləndiririk. Məqsədimiz onları dəyişdirmək və ya olmadıqları bir şeyə çevirmək deyil, öz əsərlərini yaradarkən istifadə edə biləcəkləri yeni alətlər təqdim etməkdir. Məsələn, nəsrə meylli olanların şeir vasitəsilə bir fikrin mahiyyətini tutmağı və onu ifadə etməyi öyrəndiklərini, yaxud xatirə yazanların bədii ədəbiyyatın təqdim etdiyi məsafə sayəsində emosional həqiqəti tapdıqlarını gördük. Məqsəd formalist olmaq və ya bunun tam əksi olmaq deyil, materialınız üçün ən yaxşı seçimi etməkdir.

Bu baxımdan janr xoreoqrafiyaya və ya memarlığa bənzəyir: O, formanı verir, sərhədləri müəyyənləşdirir, lakin bu sərhədlər daxilində hər şey ola bilər. Yazınızın alınmadığı hissinə qapılanda qəlibləri dəyişdirməyi sınaqdan keçirin. Məsələn, xatirə kitabınızdan bir səhnə götürün və onu hekayə janrında bir mətnə çevirin. Bədii ədəbiyyatda istifadə etmək istədiyiniz, amma heç cürə yerinə oturtmadığınız monoloqlarınız varsa, onları şeir formasında yazın. Bu cür əyləncəli dəyişikliklər hər zaman fayda verməyə bilər, di gəl həmişə sizə nəsə öyrədir. Ritmə həssas olmağı vərdiş halına gətirir, boşluqlara diqqət yetirir və yeni bir şey sınaqdan keçirməyə həvəsli olursunuz.
Janrlar sədaqətinizi ölçən bir sınaq deyil, dinləmə tərzinin özüdür. Mannın dediyi kimi, “Şeir həmişə nə isə tələb edir”.
Esse, ssenari və bədii ədəbiyyat da belədir. Janrı anlamaq sizə müxtəlif yollarla cavab vermək imkanı verir. Beləliklə, ehtiyac duyulduğunda istiqaməti dəyişə bilən daha çevik bir yazıçı olursunuz. Çünki bütün əsərlər başlanğıcda həmişə onların yaradıcılarının bildiyindən qat-qat çox şey bilir. Özünüzü nə qədər çox fərqli kontekstdə rahat hiss etsəniz, dizayn etdiyiniz əsəri alındırmaq şansınız da o qədər artar.
Müəyyən bir janr daxilində yazıldığında belə, ən yaxşı əsərlər, adətən, Mann və Cenkinsonun təsvir etdiyi azadlıq və məhdudiyyət arasındakı ziddiyyətdən doğur.
Beləcə, yazma prosesi bir məhdudlaşdırma deyil, bir əhatəetmə hərəkətinə çevrilir. Tələbələrimizə də dediyimiz kimi, ədəbi janrlar tərəf seçməli olduğunuz idman komandaları deyil. Ancaq nə olursa olsun, bir formada qərarlaşmalısınız. Ən idealı isə, əslində, sizə ən uzaq olanı seçməyinizdir – yazmaqla bağlı bütün obsesiyalarınızı içinə doldura biləcəyiniz qəribə, xam və çətin bir forma.
Beləliklə, əlinizdəki artıqları daimi bir şeyə çevirənə qədər onlarla məşğul olacaq və öz təcrübələriniz sayəsində sizin üçün ən uyğun olanın hansı olduğunu anlayacaqsınız.
Tərcümə etdi: İbrahim Aziz




