Daha.az İbrahim Azizin “Uşaq necə insan olur?” yazısını təqdim edir.
Hər gün müxtəlif səbəblərdən – müharibə, xəstəlik, aclıq və ya digər faciələr – insanlar dünyadan köçür.
Buna baxmayaraq, eyni şəkildə hər gün yüzlərlə, bəlkə də, minlərlə insan dünyaya gəlir. Bu qədər insana dünyada, yaxud dünyanın, həqiqətən, ehtiyacı varmı? Bir uşağı dünyaya gətirmək valideyn adını qazanmaq üçün kifayətdirmi? Bəs iş bununla bitirmi?
Görəsən, neçəmiz bu məsuliyyətin əhəmiyyətinin fərqindəyik? Bunlar üzərində uzun-uzadıdüşünüləcək fəlsəfi suallardır. Yeni doğulan hər uşaq, doğrudanmı, öz ruzi-bərəkəti ilə gəlir?
Əgər elədirsə, bəs milyonlarla hələ başlamadan məhv olan insan talelərinin səbəbi nədir?
Günahkar heç bir potensialı olmayan ailələrdə beşinci, altıncı doğulan uşaqdırmı?
Vəziyyətin heç vaxt düzəlməyəcəyini bilə-bilə ard-arda övlad dünyaya gətirmək hansı təfəkkürün nəticəsidir? Axı bu ailələrin uşaqları insan üçün vacib olan düzgün tərbiyə, qidalanma, təhsil və bu kimi amillərdən məhrum qalır. Nəticədə isə yalnız çox az bir qismi yaxşı həyat standartlarına malik ailədə böyüyərək gerçək potensialına çata biləcək səviyyəyə yüksəlir.
Hər gün yeni insanlarla qarşılaşırıq. Onların bir çoxunun özünəməxsus psixoloji problemləri olur. Çağımızda elm sübut edir ki, bu problemlər durduqları yerdə yaranmır. Bəli, çox az bir
hissəsi bioloji təməlli olsa da, əksəriyyəti ailədə yaranan travmaların nəticəsidir.
Dünyamızda bütün canlıların ilk və bəlkə də, yeganə vəzifəsi nəsilartımıdır. Bu dünyaya göz açan hər bir körpə ağ vərəq kimidir. Bu vərəqə ilk yazını kim yazır? Əlbəttə ki, ana və ata.
Uşağın ilk baxışı, gülüşü, qorxusu, inamı – hamısı ailədə formalaşır. Ailə, təkcə qan bağı ilə qurulan bir birlik deyil; o, şəxsiyyətin yoğrulduğu, insanlığın mayalandığı yerdir. Bu səbəbdən
də valideynlərin uşağa qarşı davranışı, yanaşması, münasibəti bir ömürlük iz qoyur. Və o iz, adətən, silinməz olur.
Valideyn olmaq övlad böyütməkdən daha artıqdır.
Hamımız müəyyən valideyn davranışlarına məruz qalmışıq. Valideynlərimiz də bizi, öz ata-analarından miras aldıqları dəyərlər və tərbiyə üsulları ilə formalaşdırıblar.
Əksər insan düşünür ki, uşaq sahibi olmaq valideyn olmaqdır. Halbuki bu, işin yalnız başlanğıcıdır. Valideynlik, günlərlə, aylarla deyil, illərlə davam edən, sonsuz bir səbir, sevgi və məsuliyyət tələb edən bir yolçuluqdur. Bu yolculuğa çıxmazdan əvvəl valideynlər özlərinə bir sual verməlidirlər: “Biz bu məsuliyyətə hazırıqmı?”
Çünki hər bir uşaq dünyaya bir yük olaraq deyil, sevgi ilə qarşılanmağa layiqdir.
Cəmiyyətin, qohumların “nə vaxt uşaq olacaq?” suallarına cavab vermək üçün deyil, öz aralarında fikir birliyinə gələrək “biz hazırıq” deyə bilməlidirlər. Əks halda, uşaq bir ehtiyacın, boşluğun və ya münasibət problemlərinin qurbanına çevrilə bilər. Unutmayaq ki, uşaq ailəni xilas etmək üçün deyil, sevilmək üçün doğulur.
Hər valideyn bir aynadır. Uşaq nə görürsə, onu əks etdirir.
Uşaqlar danışmadan öncə müşahidə edirlər. Onlar valideynin gözlərinə baxaraq sevilib-sevilmədiklərini, nə qədər dəyərli olduqlarını anlayırlar. Valideynin sözləri qədər, baxışı, tonu, hərəkəti də uşağın yaddaşına yazılır. Və burada əsas məsələ valideynin tutduğu mövqeydir.
Avtoritar valideynlər uşağa “sən heç nə bilə bilməzsən” deyir, sərt qaydalarla sevgi şərtli şəkildə verilir.
Demokratik valideynlər isə uşağa həm azadlıq, həm qayda verir, həm sevir, həm dinləyir, həm də yönləndirir.
Qoruyucu valideynlər uşağın əvəzinə yaşamağa başlayır, onu nəfəs almağa qoymurlar.
Laqeyd valideynlər isə sanki uşağın varlığından xəbərsizdir.
Zəif nəzarət edənlər isə hər şeyə “baxarıq” deyərək heç nə ilə maraqlanmaz.
Ziddiyyətli valideynlər isə bir gün “olar”, sabahı gün “olmaz” deyir və uşağın dünyasında xaos yaradır.
Bütün bu yanaşmalar uşaqda ya özgüvən, ya qorxu, ya üsyan, ya da passivlik formalaşdırır.
Bu da bir şeyi sübut edir: valideynin mövqeyi uşağın taleyidir.
Təsirli valideynlik: sevgi, sərhəd və söz haqqı
Bəs necə valideyn olaq ki, övladımız sağlam bir insan kimi formalaşsın?
Əvvəla, onu olduğu kimi qəbul edək. Onu başqaları ilə yox, özü ilə müqayisə edək. Ona sevgi verək, amma sərhədləri də unutmayaq. Uşağın hər dediyini etmək, ona sevgi vermək deyil. Hər dediyini qadağan etmək də qayda öyrətmək deyil. Ortanı tapmaq, uşağa həm azadlıq, həm məsuliyyət vermək – budur təsirli valideynlik.
Ünsiyyət isə bu işin açarıdır. Uşağı dinləmək, hisslərinə hörmət etmək, onunla sadəcə “valideyn-övlad” deyil, eyni zamanda bir “insan-insan” münasibəti qurmaq önəmlidir. Məhz bu ünsiyyət uşağın özünü ifadə etməsinə, güvənməsinə, problem həll etməsinə imkan yaradır.
Tərbiyə cəza ilə deyil, səbəbləri izah etməklə başlar. Valideyn uşağa onun şəxsi mülkiyyəti, malı kimi baxmamalı və bu şəkildə davranmamalıdır. Bu, uşaqda içdən-içə kölə təfəkkürünü
formalaşdırır. Əgər övladınızın faydalı işlərlə (məsələn, kitab oxumaqla) məşğul olaraq böyüməsini arzulayırsınızsa, onu buna məcbur etməklə deyil, ona örnək rol model olmaqla bu məqsədə çata bilərsiniz. Uşağın səhvini cəzalandırmaq yerinə, ona nə üçün səhv etdiyini başa salmaq daha dəyərlidir. Əgər hər dəfə uşaq səhv etdikdə onu danlasaq, o, sadəcə, susmağı öyrənər. Əgər ona nə etdiyini, nə hiss etdiyini anlatmağa fürsət versək, o, düşünməyi öyrənər.
Bəzən valideynlər “bu mənim uşağımdır, nə istəsəm, edərəm” deyə düşünür. Halbuki bu düşüncə uşağın şəxsiyyətinə ən böyük zərbəni vurur. Uşaq insan kimi böyüyərsə, bir gün cəmiyyətə də faydalı insan olar.
Uşaq böyütmək gələcək qurmaq deməkdir.
Əgər biz istəyiriksə ki, sabahımız güvənli, ağıllı, şəfqətli insanlarla dolu olsun, bu gün övladlarımıza diqqətlə yanaşmalıyıq. Valideynlik elə bir sənətdir ki, ustası olmaq üçün öyrənmək, dinləmək, dəyişmək və sevmək gərəkdir.
Uşaq təkrar olunmayan bir aləmdir. Hər uşaq öz dünyasını qurur. O dünyada ən böyük bina isə valideynin qoyduğu təməl üzərində yüksəlir. Qoy həmin təməl sevgi, anlayış və məsuliyyətlə atılsın.
Fəlsəfi sonluq: valideynlik və insan varlığının dərin mənası
Fəlsəfə tarixində valideynlik mövzusu insanın öz varlığını dərk etməsinin ən qədim və ən dərin ifadələrindən biri olaraq qalır. Platonun “Respublika”sında dövlətin ideal quruluşunu təsvir edərkən, o, uşaq tərbiyəsini dövlətin təməli kimi görür və valideynləri yalnız bioloji yaradıcılar deyil, həm də mənəvi formalaşdırıcılar kimi təyin edir. Dövlət qulluqçularının uşaqlarla məşğuliyyətini dövlətin əsas məqsədlərindən biri hesab edir. Platon hesab edirdi ki, cəmiyyətin gələcəyi uşaqların düzgün tərbiyə və təhsilindən asılıdır. Uşaq yetişdirməyin çətinliyini nəzərə alan Platon, uşaqları kor-koranə ailələrin öhdəsinə buraxmağın bir çox uşağın qurbana çevrilməsi demək olduğunu bilirdi. Buna görə də cəmiyyətdə ədalətli və hörmət çərçivəsində yaşamaq üçün bütün uşaqlarla doğulduqları ilk gündən dövlətin məşğul olmasının vacibliyini vurğulayırdı.
Aristotelin “Nikomax etikası”nda isə xoşbəxtlik (eudaimonia) ailədə başlayan və cəmiyyətə yayılan bir proses kimi təqdim olunur – valideynlik burada fəzilətlərin ötürülməsi vasitəsidir.
Amma valideynlik fəlsəfəsi, sadəcə, qədimlərlə məhdudlaşmır. Müasir ekzistensialistlər, məsələn, Jan-Pol Sartr insanın azadlığını və məsuliyyətini vurğulayarkən valideynliyi, bir növ, “özünü yaratma” aktı kimi görürdü. Uşaq dünyaya gətirmək, təkcə bir həyat vermək deyil, həm də o həyatın mənasını formalaşdırmaqdır.
Sartrın fikrincə, insan “heç nə” olaraq doğulur və özünü öz əməlləri ilə yaradır; valideynlər isə bu yaradılış prosesinin ilk memarlarıdır. Əgər valideyn uşaqda azadlığı boğarsa, o, uşaqda “pis iman” (mauvaise foi) yaradar – yəni özünü aldatma və məsuliyyətdən qaçma.
Fəlsəfi baxımdan, valideynlik insanın ölümsüzlüyə can atmasının bir təzahürüdür. Epikur kimi həzzçilər belə, xoşbəxtliyin sadə zövqlərdə olduğunu deyərkən, ailəni xoşbəxtliyin mənbəyi kimi qəbul edirlər.
Lakin daha dərinə getsək, valideynlik absurd bir dünyada məna axtarışının simvoludur. Alber Kamyu “Sizif mifi”ndə absurdluğu qəbul etməyi təklif edir; valideynlik də belədir: onsuz səyahət, amma bu səyahətdə sevgi və məsuliyyət vasitəsilə məna yaradılır.
Nəticədə, uşaq necə insan olur sualı, əslində, insanın özünün necə insan olduğu sualı ilə eynidir. Ailənin gücü burada yatır: o, təkcə fərdi taleləri deyil, bütün bəşəriyyətin taleyini formalaşdırır.
Valideynlik, fəlsəfi olaraq, varlığın davamlılığı və dəyişməsi arasındakı dialektikadır. Hər nəsil özündən əvvəlkini aşır, amma yalnız sevgi və şüurlu məsuliyyətlə.




