2016-cı ildə həyatla vidalaşmış məşhur italiyan yazıçısı və intellektualı Umberto Ekonun çağdaş media haqqında söylədikləri.
Sual: Qəzet üçün hər həftə yazmaq çox çətindir?
Cavab: O baxır yazdığın yazıya, əgər yazdığın siyasi xəbərdirsə, bunu hər gün etmək olar: məsələn dünən prezident filan-filan şeyləri dedi. Mənim köşəmə gəldikdə isə bu, tamam ayrı şeydir. Köşədə hər həftə ağlımdan, təhlilllərimdən süzülən fikirləri ifadə edirəm. Məsələn, əgər Homeri təkrar oxumuşamsa, Homerdən yazıram. Bununla belə, hər dəfə, hazırkı hadisələrlə bağlı olmasa belə, yeni nəsə fikirləşməli, yaratmalı olursan, bəs ağlına heç nə gəlməsə, onda necə? Ya da gəlsə, yazılmağa layiq olmasa? Bax, o zaman mənim qəzetçiliyim katorqaya çevrilir.
Sual: Necə bilirsiniz, qəzet üçün daha vacib olan nədir-yazarın şəxsiyyəti, yoxsa yalnız yeni yanaşmanın olması?
Cavab: Dərd orasındadır ki, redaktor həm onu, həm də bunu uzaqlaşdırmağa çalışır. Ona görə də hardasa fövqəladə bir şey baş verirsə, mənim ilk işim telefonu söndürmək olur. Yoxsa, o saat qəzetdən zəng vurub deyəcəklər ki, baş vermiş hadisəyə münasibətimi bildirim. Məsələn, Frenk Sinatra mənim ən sevimli müğənnim idi, çox heyif ki, o, dünyasını dəyişdi. Bəli, kədərlənirəm, vəssalam; bundan artığını isə düşünə bilmirəm. Mən bu barədə nə yaza bilərəm, axı?! Ümumiyyətlə, hər olub-keçənlə, baş verənlə bağlı konseptual fikirlər yürütmək, həm müəllifin, həm də oxucunun intellektual funksiyalarını korlamaqdan başaqa bir şey deyil.
Sual: Hesab edirsiniz ki, qəzetlər kor-koranə şəkildə hər xəbər dalınca qaçmamalıdır?
Cavab: Yeni xəbər olmasa, qəzet olmaz. Amma hər yeni xəbər də xəbər deyil axı. Təəssüf ki, müasir qəzet müəllifləri xəbər qulu olmağa məcbur edilirlər. Mənim köşəm isə buna tam əks bir funksiya daşıyır: o, son dəqiqə ilə bağlı deyil, bir neçə il, hətta bir neçə əsr bundan əvvəl baş vermiş hadisələrlə əlaqədar münasibəti əks etdirir. Bir də ki, hadisə bu gün baş veribsə, nə üçün mənə bu barədə düşünməyə və təhlillər aparmağa iki ay vaxt verilməməlidir? Bəli, mən çevik fikirləşə bilmərəm, mənə heç olmasa, iki ay vaxt lazımdır ki, düşünüm və sonra yazım.
Sual: Bəs mətbuatla televiziya arasında hansı qarşılıqlı əlaqə görürsünüz?
Cavab: Mən həmişə demişəm, indi də deyirəm, müasir qəzetlər üzərində “Reno -ən yaxşı avtomobildir” yazılmış “Sitreon” avtomobilinə bənzəyir.
Qəzetlər ümumiyyətlə, televiziyanı unutmalıdır. Onlar isə əksinə, televiziya ilə bağlı nə varsa, köçürürlər birinci səhifələrinə. Mətbuat bilə-bilə ki, məğlub olur, yenə də televiziya ilə rəqabət aparmağa girişir. Özü də bu rəqabəti səhv aparır. Düzdür, operativlik baxımından onsuz da, qəzetlər televiziyanı qabaqlamalıdırlar. Qəzetdə ciddi, balanslaşdırılmış təhlilə ehtiyac var, amma bunu etmək unudulub.
Bizdə yeni kitab haqda, ədəbiyyat haqda deyil, onun ətrafındakı qalmaqallardan danışılır. Ya da ki, mütləq müəllifdən müsahibə götürmək istəyirlər. Mən artıq hansısa kitabı yazmışamsa, nəşr olunubsa, niyə onun haqqında əlavə şeylər söyləməliyəm? Aydındır ki, mən bu kitab haqda daha yaxşı danışaram, amma bu maraqsız olar, axı. Siz heç “yazdıqlarım zibildir” deyən yazıçı görmüsünüzmü? Beləliklə, qəzetlər əsər barədə tənqidi fikirlərini bildirmək əvəzinə, yazıçını reklam edirlər. Çünki kitabı oxumağa iki həftə, məqalə üzərində düşünüb yazmağa da heç olmasa, bir həftə vaxt lazımdır. Redaksiya isə sizə deyir ki, bu qədər vaxt itirmək olmaz. Niyə? Çünki artıq televiziyada bu barədə xəbər yayılıb. Nəticədə jurnalist müsahibə götürməyi üstün tutur, çünki bu həm asandır, həm daha tez başa gəlir, həm də təcili çap edilir. Amma televiziya burada da qəzeti qabaqlayacaq; onlar nəinki müsahibə götürəcəklər, hətta müəllifi canlı da göstərəcəklər.
Mənbə: Cavid Cəfərov Qədim ədəbi-bədii tərcümələr: Yazı