Fəlsəfə tarixində arxa plana atılan qadınlar, bir növ cinsiyyət ayrıseçkiliyi…

Qadınlar tarix boyu bir çox sahədə olduğu kimi fəlsəfə sahəsində də görməzdən gəlinmiş,
gördükləri işlər yox sayılmışdır. Orta əsrlər boyu isə bir şəkildə elm və ya düşüncə ilə məşğul
olanlar cadugərlik və sehrbazlıqla ittiham edilmiş, əxlaqsızlıqda günahlandırılaraq nüfuzdan
salınmışlar. Bütün bunlara baxmayaraq, qadınlar da düşüncə sahəsində əsərlər yaratmışlar.

1. Krotonlu Teano (e.ə. 600)
Antik dövrün məlum olan ilk qadın filosofu KrotonluTeanodur. Təxminən e.ə. 600-550-ci
illər arasında yaşadığı güman edilir.
O, Pifaqorun (Pythagoras) həyat yoldaşı, tələbəsi və ilk ardıcıllarından biridir. Riyaziyyat,
həndəsə və fəlsəfə ilə məşğul olmuşdur. Həyat yoldaşının ölümündən sonra Pifaqor
Məktəbini idarə etmiş və qız tələbələrə dərslər demişdir.
Teano digər pifaqorçular kimi kainatın ədədlərdən ibarət olduğunu iddia etmiş, riyaziyyat və
musiqiyə önəm vermiş, həmçinin reenkarnasiya (Pifaqorun fəlsəfəsində mühüm yerə
malikdir) təlimini müdafiə etmişdir.

2. Miletli Aspasiya (e.ə. 470 – 400)
Antik dövrdə nəzərdən keçirə biləcəyimiz digər bir mütəfəkkir MiletliAspasiyadır.
Deyilənlərə görə, Sokrat ondan dərs almış və onun fəlsəfə və ritorika biliyi çox dərin olmuşdur.
Həm Platonun, həm də Aristofan və Ksenofonun əsərlərində ondan bəhs edilir.
Dövlət xadimi Periklesin həyat yoldaşı olmaqla yanaşı, bəzi tarixçilər Aspasiyanın fahişəxana
işlətdiyini və eyni zamanda fahişəlik etdiyini də qeyd etmişlər.

3. İsgəndəriyyəli Hipatiya (b.e. 350
415)
Antik dövrün ən məşhur qadın mütəfəkkiri İsgəndəriyyəli Hipatiyadır. O, filosof, astronom və riyaziyyatçı idi.
İsgəndəriyyədə yaşayan Hipatiya fəlsəfə, riyaziyyat, həndəsə və astronomiya təhsili almışdı.
Daha sonra bu sahələrdə dərs də demişdi.
Bütpərəst olan Hipatiya, günümüzə qədər gəlib çatmış azsaylı mənbələrdən biri olan yunan
tarixçisi Sokrat Skolastikin “Historia Ecclesiastica” adlı əsərinə görə, İsgəndəriyyənin ən
mühüm iki fiquru olan İsgəndəriyyə valisi Orestes ilə İsgəndəriyyə yepiskopu Kiril arasında
fikir ayrılıqlarına səbəb olduğu və siyasi işlərə qarışdığı üçün 415-ci ildə Kopt xristian bir qrup
tərəfindən daşlanaraq öldürülmüşdür.
Bu faciəvi hadisə, xüsusilə Maarifçilik Dövründə populyarlaşdırılaraq bir Hipatiya
əfsanəsinə çevrilmişdir. Bəziləri gerçək, bəziləri isə qondarma xüsusiyyətlər daşıyan bu
əfsanə günümüzə qədər gəlib çatmışdır.
İsgəndəriyyəli Hipatiyanın həyatı “Aqora” filmində kinoya da uyğunlaşdırılmışdır.

 

Orta əsrlər
4. Bingenli Hildeqard (1098 – 1179)
Bingenli Hildeqard 1098-ci ildə zadəgan bir ailədə anadan olmuş və ömrünün 30 ilini bir
qadın hücrəsində keçirmişdir. Daha sonra rahibəlik andı içmişdir. Almaniyanın Reynland
bölgəsində kişi monastırlarından asılı olmayaraq öz monastırını qurmuşdur.
Mistikizm cərəyanının mühüm nümayəndələrindən biri olan Bingenli Hildeqard bir müqəddəs
olmaqla yanaşı, 2012-ci ildə Papa XVI Benedikt tərəfindən “Doctor of the Church”(Kilsə Doktoru) elan edilmişdir.
Bingenli Hildeqarda görə, bir çox mistikdə olduğu kimi, Tanrı-insan və kosmos bir
bütövdür. O, bunu “Scivias” adlı kitabında yazmışdır.
Bu əsərindən başqa, əxlaq haqqında düşüncələrini ifadə etdiyi “Liber Vitae Meritorum”
yenə insan-kosmos münasibətlərini izah etdiyi “Liber Divinorum Operum” adlı əsərləri də mövcuddur.

5. Maqdeburqlu Mexthild
Maqdeburqlu Mexthild Dominikan rahibəsi və mistikidir. Həyatı haqqında məlumatlar çox
məhduddur. Yeddi kitab yazmışdır. “İlahi Nurun Axını” (“The Flowing Light of Divinity”) adlı əsəri ən məşhurudur.

6. Sienalı Katarina (1347 – 1380)
Dominikan rahibəsi, sxolastik ilahiyyatçı və filosof olan Sienalı Katarina bir müqəddəs
olmaqla yanaşı, Katolik inancının altı qoruyucu müqəddəsindən biridir. Eyni zamanda Papa
II Jan Pol tərəfindən “Doctor of the Church”(Kilsə Doktoru) elan edilmişdir.
O, mistik görüşlərini “İlahi Təqdirin Dialoqu” (“The Dialogue of Divine Providence”) adlı əsərində ifadə etmişdir.

7. Kristin de Pizan (Pisan) (1364 – 1430)
Bu dövrün digər bir qadın filosofu italyan-fransız Kristin de Pizandır. Pizan gənc yaşda dul
qaldıqdan sonra bir çox zadəgana katib kimi xidmət etmişdir.
Nəsr əsərləri və şeirlər yazmışdır. 30 kitab müəllifidir. “Xanımlar Şəhərinin Kitabı” (“The
Book of the City of Ladies”)“Xanımlar Şəhərinin Xəzinəsi” (“The Treasure of the City of Ladies”) adlı əsərləri ən mühüm işləridir.

8. Marqarita Porete (1255 – 1320)
Bu dövrün digər bir qadın mütəfəkkiri Fransada yaşamış Marqarita Poretedir. O, mistisizm
cərəyanının nümayəndələrindəndir.
“Sadə Ruhun Güzgüsü” (“The Mirror of Simple Souls”) adlı əsərində ruhun tamamilə azad
olması gərəkdiyini müdafiə etmişdir. Bu baxımdan kilsədən və ruhanilik sinfindən qoparaq
Tanrı ilə fərdi bir münasibət qurulması lazım olduğunu irəli sürmüşdür.
Dini cəhətdən sapqınlıq ittihamı nəticəsində yandırılaraq öldürülmüşdür.

İntibah dövrü
9. İzotta Noqarola (1418 – 1466)
Yazıçı və mütəfəkkir İzotta Noqarola İntibah dövrünün ən məşhur qadın hümanist,
mütəfəkkiri və sənətçisidir. “Adəm və Həvva haqqında Dialoq” adlı əsəri günümüzə qədər
davam edən cinsiyyət kimliyi və qadın təbiəti ilə bağlı müzakirələrin qapısını açmışdır.

10. Tulliya d’Araqona (1510 – 1556)
Yaxşı təhsil almış italyan filosof Tulliya d’Araqona məşhur “Eşqin Sonsuzluğu Üzərinə
Dialoq” adlı əsərində Platonçu yanaşma ilə sonsuz eşq haqqında düşüncələrini ifadə
etmişdir. O, cadu və fahişəlik kimi ittihamlarla üzləşmişdir.

11. Avilalı Tereza (1515 – 1582)
Gəncliyində gözəlliyi ilə tanınan və Xristianlıqdakı ən məşhur müqəddəslərdən olan
Avilalı Tereza mistik bir mütəfəkkir və rahibə idi.

12. Mari dö Jar de Qurne (1565 – 1645)
İntibah dövrü mütəfəkkirlərindən Mari dö Jar de Qurne fəlsəfə ilə yanaşı, fizika, həndəsə və tarixə də maraq göstərmişdir.
Monteyn ilə tanışlığı onun həyatındakı əhəmiyyətli məqamlardan biridir. Onunla tanış
olduqdan sonra düşüncələrini daha azad şəkildə ifadə etmək imkanı tapmışdır.
O, “Kişilərin və Qadınların Bərabərliyi Üzrə” əsərini qələmə almış və bu əsərində kişi ilə
qadının ruhən bərabər olduğunu müdafiə etmişdir. Dilin əhəmiyyəti barədə də diqqətəlayiq araşdırmalar aparmışdır.

Maarifçilik və Müasir Dövr
13. Meri Astel (1666 – 1731)
Bu dövrün digər bir qadın filosofu Meri Asteldir. Meri din xadimi olan əmisindən aldığı
riyaziyyat və fəlsəfə dərsləri ilə özünü inkişaf etdirmiş, daha sonra Londona köçmüşdür.
Düşüncələrində Dekart və Lokkun təsirləri hiss olunur.
Onun düşüncələrində qadın hüquqlarına dair ilk toxumlar görünür: o, qadınların yaxşı təhsil
almasını və ictimai həyata qatılmasını müdafiə edirdi.

14. Meri Uolstonkraft (1759 – 1797)
Meri Uolstonkraft ingilis yazıçı, filosof və qadın haqları müdafiəçisidir. Yaşadığı dövrdə
qadınlar hansı peşələrlə məşğul ola bilərdisə, demək olar, həmin peşələrin hamısı ilə məşğul
olmuşdur: varlı şəxslərə müxtəlif səyahət və tədbirlərində haqqı ödənilməklə yoldaşlıq
etmək, dayəlik, müəllimlik, məktəb direktoru, ictimai tənqid və roman yazıçılığı kimi bir çox işlə məşğul olmuşdur.
Fransız, alman və italyan dillərini öyrənən Uolstonkraft əsasən tərcümə ilə məşğul idi.
O, məşhur “Frankenstein” əsərinin müəllifi ingilis yazıçı Meri Uollstonkraft Qodvin Şellinin anasıdır.
Onu əhəmiyyətli edən cəhət, feminizmin ilk sistematik əsəri olan “Qadın Haqlarının Müdafiəsi” kitabının müəllifi olmasıdır.

15. Olimp de Quq (1748-1793)
Maarifçilik dövrünün digər bir qadın mütəfəkkiri Olimp de Quqdur. O, qadın hüquqları
haqqında ilk dəfə fikir irəli sürənlərdən biridir. Kilsə və evlilik qurumu üzərində tənqidi
düşüncələr qələmə almışdır. İctimai problemləri gündəmə gətirən romanlar yazmışdır.
“Qadın və Qadın Vətəndaşın Hüquqları Bəyannaməsi” adlı əsərində qadın-kişi bərabərliyini müdafiə etmişdir.
Düşüncələrinə görə əvvəlcə həbs edilmiş, daha sonra gilyotinlə edam olunmuşdur.

16. Klara Setkin (1857 – 1933)
Klara Setkin alman marksist siyasi nəzəriyyəçi və mütəfəkkirdir. O, qadın hüquqları
müdafiəçisi və fəalı idi. 1911-ci ildə “Qadınlar Günü”nü ilk dəfə təşkil edən şəxsdir.

17. Roza Lüksemburq (1871 – 1919)
Polşa əsilli Alman marksist siyasət nəzəriyyəçisi, filosof və siyasi fəal. Mütəfəkkir kimliyi
ilə yanaşı, inqilabçı kimliyi ilə də tanınan Lüksemburq kommunist fəaliyyətlərinin bədəlini
faciəvi şəkildə ödəmişdir: ölənə qədər döyülmüş və cəsədi çaya atılmışdır…

20-ci əsr və günümüz
18. Hanna Arendt (1906 – 1975)
Hanna Arendt dünyaca məşhur filosof Martin Haydeqqerin Marburq Universitetində tələbəsi
olmuşdur. Fəlsəfə təhsili almağına və insanların onu filosof kimi tanımağına rəğmən, o,
özünü, “siyasət nəzəriyyəçisi” hesab edirdi.
Yəhudi olan Arendt, nasistlərdən qaçaraq ABŞ-a köçmüşdür. Arendtin əsərləri avtoritarizm,
totalitarizm və şər kimi mövzular üzərində cəmləşir.
Bundan əlavə, nasist Adolf Eyxmanın 1960-cı ildəki məhkəməsindəki müşahidəçiliyi olduqca
əhəmiyyətlidir. Eyxman nasist dövründə yəhudilərin düşərgələrə göndərilməsini təşkil etmiş,
bu səbəbdən sonrakı dövrdə yaxalanmış və edam cəzası almışdır.
Hanna Arendtin yaşadığı bu məhkəmə prosesi, digər bioqrafik elementlərlə birlikdə filmləşdirilmişdir.

19. Simon de Bovuar (1908 – 1986)
Fransız yazıçı və filosofu. Roman, fəlsəfi, siyasi və sosial esselərin, bioqrafiya və
avtobioqrafiyaların müəllifi, həmçinin jurnalist idi.
Ən əhəmiyyətli əsəri 1949-cu ildə yazdığı, qadınlara qarşı təzyiqləri elmi şəkildə araşdırdığı
və müasir feminizmin əsasını qoyduğu “İkinci Cins” (“Le Deuxième Sexe”) hesab oluna bilər.
Maraqlı bir fakt qeyd etsək, biseksual olan Simon de Bovuar həyat yoldaşı Jan Pol Sartr ilə
“açıq münasibət” yaşayırdı. Hər ikisinin bir-birindən başqa çoxsaylı cinsi və emosional
münasibətləri olmuşdu. Lakin bu iki filosofun böyük qısqanclıq böhranları keçirdiyi də olurdu…

20. Marta Nusbaum (1947 – )
Yaşayan ən mühüm qadın filosoflardan olan Marta Kreven Nusbaum Çikaqo Universitetinin
Hüquq və Etika fakültəsində işləyir. Hüquq və siyasi fəlsəfə, feminizm, etika və heyvan
hüquqları onun əsas araşdırma sahələridir.

21. Cudit Batler (1956 – )
Günümüzün ən əhəmiyyətli filosoflarından sayılan Cudit Batler feminizm, queer nəzəriyyəsi,
siyasi fəlsəfə və etika sahələrində fəaliyyət göstərir.
O, Kaliforniya Berkli Universitetində və Avropa Ali Məktəbində akademik fəaliyyətini davam etdirir.