Bu gün – 12 yanvar əsərləri təxminən əlli dilə tərcümə olunmuş, nəşr olunduğu hər ölkədə “ayın ən çox satılan kitabları”, “ilin ən çox oxunan yazıçıları” siyahılarına asanlıqla adını yazdırmağı bacaran, özünəxas üslubu ilə oxucuların qəlbində taxt quran “Yaponiyanın müasir samurayı”nın doğum günüdür.
Nobel mükafatına əsas namizədlərdən biri sayılan, ancaq hələ də mükafatı əldə etməyən bu yazıçının həyatında ədəbi yaradıcılığa doğru gedən yola bir nəzər salaq. Otuz yaşına qədər heç nə yazmayan Murakami necə olur ki, ilk əsəri ilə mükafat qazana bilib?
Hər şey oxuma eşqi ilə başlayıb, bir təsadüf nəticəsində qığılcım parlayıb, risklə davam edib, əzmlə və inadkarlıqla ən üst pilləyə qalxıb.
İki müəllimin övladı olsa da əzbərə, tapşırıqlara və yoxlama işlərinə əsaslanan təhsil sistemi ilə heç vaxt barışmayan Murakami məktəbdə seçilməyən, sadəcə imtahanlardan keçmək xatirinə dərs oxuyan, dostları ilə əyləncəli vaxt keçirmək üçün məktəbə gedən bir şagird idi. Bunun əksinə, bütün vaxtını bədii ədəbiyyat oxumağa sərf edir və bu marağına görə valideynlərindən daim dəstək görürdü. Özünün də dediyi kimi:
“Oxumaq mənim üçün öz-özlüyündə bir məktəb idi, öyrəndiyim şeylərin əksəriyyətini ona borcluyam. Bu fəaliyyət növündə bezdirici qaydalar, qiymətləndirmə və əlaçı şagirdlər siyahısı olmadığı üçün heç bir gərg
inlikdən söhbət gedə bilməz. Mən böyük bir “sistem”in içinə daxil olaraq bacarıqla öz fərqli “sistem”imi qurmuşdum.”
Tanınmış yazıçının universitet həyatı da məktəb həyatından fərqlənmir. Vanessa Universitetinin teatr fakültəsinə daxil olaraq doğulduğu Kiotodan Tokioya köçür, səhərlər dərsə, axşamlar işə getməklə “təhsil həyatı”na davam edir. Barda işlədiyi zaman indi onun əsas dəstəkçisi olan həyat yoldaşı Yoko ilə tanış olub evlənir. Birlikdə açdıqları “Peter Cat” adlı barda işləyərək kiçik evlərində dörd pişik ilə kasıb həyat sürürlər. Bütün bu çətinliklərlə paralel oxuma vərdişindən əl çəkməyən Murakami bir təsadüf nəticəsində dünyada onu məşhur edəcək bu peşəyə istiqamətlənir.
Ədəbi yolu azarkeşi olduğu beyzbol komandasının oyununu izləməyə stadiona getməyi ilə başladı. Əvvəldən qarşıya qoyulmuş məqsəd, bu yolda çəkilən əzab-əziyyət, plana uyğun hərəkət etməkdən söhbət gedə bilməzdi. Bir anın içində qərarını verən Haruki Murakami “Mən də roman yaza bilərəm.” deyərək özü də bilmədən ədəbiyyat dünyasına atılmış oldu.
Universiteti 7 ilə güc-bəla ilə bitirən Murakaminin yeni həvəsi yorğunluğuna bir qat əlavə etsə belə o, altı ay xüsusi rejimdə işləyərək hər səhər günəşin ilk şəfəqlərini qarşılayana qədər yazmağa başladı. Beləcə, ilk əsəri “Küləyin Nəğməsini Dinlə” (Kaze no uta wo kike) yazılmış oldu. Ancaq romanı əvvəldən-axıra qədər oxuduğu zaman ruh düşkünlüyü yaşadı. Bu haqda belə deyir:
“Yazdığım roman formatına uyğun olsa oxuyucuda maraq doğurmurdu, oxuyub bitirdikdə geridə silinməz izlər qoymurdu. Əgər onu yazan belə düşünürsə, oxuyucusunun bunu hiss etməməsi qeyri-mümkündür.”
Amma o yolundan dönmədi, ədəbi nümunə yaradacağam deyə özünü “bəzəkli” cümlələr qurmağa məcbur edərək məhdud çərçivəyə salmış, buna görə də uğursuzluğa düçar olmuşdu. İşə yenidən başladı. Bu dəfə yazı maşınında və ingilis dilində. Dili yaxşı bilmədiyi üçün sadə cümlələr quraraq ilk bölümü bitirdi və bu dəfəki cəhdindən razı qaldı. Əsəri Yapon dilinə tərcümə edərək yeni bir tərz yaratmış oldu. “Küləyin Nəğməsini Dinlə” üslubu tamamilə dəyişdirilərək yenidən qələmə alındı.
Təxminən bir il sonra qəzet redaktorunun telefon zəngi ilə Murakaminin uğur və mübarizə dolu həyatı başladı. Qoşulduğu ədəbiyyat müsabiqəsində finala qalan əsəri “Yeni yazıçılar mükafatı”na layiq görüldü. 1979-cu ildən adını ədəbiyyat dünyasına yazaraq ədəbiyyatçıların, tənqidçilərin mənfi, oxucuların isə dəstəkləyici rəyləri ilə qarşılaşdı. Ədəbi uğur qazanmaqda iddialı olmayan, roman yazmağı yazaraq öyrənən biri kimi heç nə onu yolundan döndərə bilmədi.
Sahib olduğu barı satmaqla, Tokiodan köçməklə, müxtəlif Aropa ölkələrinə səyahətlə və nəhayət, Amerikaya gəlib çıxmaqla davam edən yolunda ardıcıl yazdığı əsərlər müəyyən maneələrlə qarşılaşsa da ağıllı seçimləri və oxuyucu dəstəyi sayəsində dünyaşöhrətli yazıçıya çevrilməyi bacardı.
75 illik həyatının 45 ilini ədəbiyyata həsr edən, bu yolda bacarığı, əzmi, özünəinamı ilə istədiyi hər şeyə nail olan bestseller yazıçı hələ də Nobel mükafatı qazanmasa belə adını ədəbiyyat dünyasına qızıl hərflərlə yazdıra bilib.