Yeni çağın ümimi düşüncəsi budur ki, ideologiyalar çağı arxada qalıb, artıq texnoloji çağda yaşayırıq. Bu da bir çox insanda, hətta bir çox cəmiyyətdə belə bir illuziyya yaradır ki, artıq dünya insanı azaddır, başlı-başına buraxılıb. Çünki ideoloji bağlılıq yoxdur. Bəs texnoloji çağın özünün bir ideologiyası varmı? Varsa bu necə bir ideologiyadır?
Əvvəlcə qeyd edək ki, yaşadığımız pozitiv cəmiyyət fəlsəfəsi diqtə edir ki, xoşbəxtlik qondarılan bir şeydir. İnsan xoşbəxt olmaq istəyirsə, onu qondarmalıdır, həm də fasiləsiz qondarmalıdır. Çünki bu gün qondarılmış xoşbəxtlik yalnız bu günü xilas etməyə yetəcək. Çağımız ömrü deyil, günü xilas edən xoşbəxtliklər çağıdır. Bütün ideologiyalar insan bədbəxtliyinin məhsuludur. Yəhudilik, xristianlıq, islam, kommunizm, feminizim, hətta kapitalizm və s. Kökünə gedin, bəşəri bir çıxılmazlıqla rastlaşacaqsınız. Çıxış yolu çıxılmazlıqda tapılır. Çıxılmazlığı olmayan vəziyyət yaradıcılıq ehtiyacını yox edir. Azadlıq əsarətdən, xoşbəxtlik bədbəxtlikdən çıxış yoluyla əldə edildikdə dəyər qazanır. Azadlıq və xoşbəxtlik günü bəxtəvər etmək niyyətindən doğduqda meşşanlıqdan, özbaşınalıqdan və hedonizmdən başqa bir şey olmur. Qondarmaq yaradıcılıq əziyyətinə qatlaşmaq istəməyənin “yaradıcılığıdır”.
Pozitiv cəmiyyətdə xoşbəxtlik də çox kəsə və ucuz yollarla qondarılır. Ən yayğını başqalarının xoşbəxtliyini kopyalamaqdır.
Hələ keçən əsrin doxsanıncı illlərində Hantoqtonun belə bir fikri populyar idi ki, mədəniyyət hər şeyi işğal edəcək. Buradakı işğal sözü mədəniyyətlə yanaşı işlənirdi deyə qıcıq doğurmurdu. Amma zaman keçdikcə aydın oldu ki, mədəniyyət elə əvvəl orduların işğal etdiklərini işğal edir. Sadəcə, bir fərq var, ordular xalqı əsarətə alırdılar, mədəniyyət fərdləri əsarətə alır. Mən bu sözlərimi izah etmək üçün buraya bir kitab və bir şəkil gətirmişəm.
Bu şəkildə gördüyünüz bir həbsxana modelidir, adı Panoptikondur. Bu sistemi 1785-ci ildə Yeremiya Bentam adlı ingilis filosofu, sosioloqu təqdim edib. Bu gün sosial şəbəkə cəmiyyətini ponaktikomla simvollaşdırırlar. Hegemon güclər mərkəzdə oturub, ətraflarında isə sosial şəbəkələr vasitəsilə nəzarət edə bildikləri bir hücrə sistemi yaradıblar. Biz bu hücrələrdə hər şeyimizlə göz qabağındayıq. Bizim azadlığımız vitrin azadlığıdır. Hər birimizin maraq və xəyal dünyası alqoritmləşdirilib və bu alqoritmlər yoluxucudur. Mən özüm də istəmədən sizin alqoritmə yoluxmağa məhkumam. Alqoritm həmrəyliyinə uymayan adamı dərhal digər dustaqlar linç edir. Bu rəqəmsal kollektivzmə qarşı çıxsaq bizi dərhal rüsvayçılıq dirəyinə bağlayacaqlar.
Sosial şəbəkələrin bizə verdiyi söz və fikir azadlığı paradoksal olaraq fərqli söz və fikirləri susdurmaq üçündür. Bu söz və fikir azadlığı alqoritmik həmrəyliyə xidmət edir. Bu həmrəylik alqoritmik faşizmdir, rəqəmsal kommunizmdir. Sizin fərqli fikriniz alqoritmik dəstək almadığı üçün görünməz, eşidilməz olacaq. “Ən az baxış” sayı anlayışı günümüzün uğursuzluğunu ifadə edir. Sosial şəbəkə “ən çox baxış” sayını bir dəyər kimi sırıyır. “Ən az baxış” sayı olan adamlar özlərini cəmiyyət üçün yararsız, hətta yük kimi hiss edirlər. Artıq sosial şəbəkələrdə “ən az baxış sayı” olan yeni bir yoxsulluq növü yaranıb. Şirkətlər, dövlət idarələri, universitetlər, xəstəxanalar “ən çox baxış sayı” olan bir cüvəllağının qabağında təzim edirlər. Onun bu baxış sayını hansı yollarla əldə etməsi kimsəni maraqlandırmır.
Biz hər şeyin informasiyaya çevirməsinə icazə verilən çağda yaşayırıq. Bir şeyi informasiyaya çevirmək nə deməkdir? Onu aşkara çıxarmaq, görünən etmək. Bu prinsip məhrəmlik duyğusunu yox edir. Məhrəmlik duyğusunu itirən adam üçün dəyər deyə bir ölçü qalmır. Sosial şəbəkələr aşkara çıxarmaqla qalmır, üstəgəl, aşakara çıxarılanların bazarını yaradır. Yəni biz aşkara çıxarıb informasiyalaşdırdığımız hər şey sata bilərik. Biz hər şeyi informasiyaya çevirib yaymaqla onu satmağı düşnürük. Kimi öz bədəninin məhrəmini informasiyaya çevirib satır, kimi öz kültürünün, öz ölkəsinin məhrəmini. Hər şey satmaq üçün aşkara çıxarmaq hər şeyin çılpaqlaşmasına yol açır. Bizim azadlıq dediyimiz şey, əslində, çılpaqlaşmadır. Çılpaqlaşmaq üçün özəl və məhrəm olan hər şey fəda etməlisiniz. Bu mədəniyyətə tamamilə zidd olan “fədakarlıqdır”. Mədəniyyətin söz və fikir azadlığı estetik məzmunludur: Gözəllik ondur, doqquzu dondur. Mədəniyyət azadlığı donun içində görür. Donundan çıxan mədəniyyətdən çıxmış adamdır. Milli mədəniyyətlər soyunaraq məhv olur. Ponaktikomda qaydalar ümumidir. Ya bütün dustaqlar lüt olmalıdır, ya da eyni paltarı geyinməlidir. Ponaktikomda fərqliliyə yer yoxdur. Sosial şəbəkələrdə özəl və milli olanın sözü keçmir. Azadlığın hər şeyin çılpaqlaşdırılması kimi başa düşülməsi azadlığı istismar olunan hala salır. Biz hər şeyimizi könüllü çılpaqlaşdırmaqla azadlığımızı istismar üçün təklif edirik. Orta əsrlərdə köləlik istismar olunurdu, bu gün azadlıq istismar olunur. Məsələn, sosial şəbəkələrdə diqqət cəlb etmək istəyən xanımların şəkillərinə ən çox dayıların ürək atması dayıların şorgözlüyü kimi qələmə verilir. Tamamilə yanlış düşüncədir. Sosial şəbəkədə paylaşılan gözəllik istismara təqdim olunan qadın azadlığıdır. Dayılar hələ ki, ürək ataraq o azadlığı istismar edə bilirlər. Çünki sosial şəbəkələrdə münasibətlər gerçəkliyin özüylə deyil, onun imitasiyası, illuziyyası ilə kifayətlənmək üzərində qurulur. Sosial şəbəkənin məqsədi dayının yadına daş salmaqdır.
Münasibətlərin çılpaqlığı və kütləviliyi cəmiyyəti çimərlikləşdirir. Çimərlikdə çılpaqlıq kütləvi olduğu üçün özəlliyini itirir. Çünki hər kəs könüllü olaraq özünü aşkara çıxararaq informasiyalaşdırıb. İnformasiya bolluğu bizi yaradıcılıqdan məhrum edir. Yaradıcılıq maraqlanma hissindən güc alır. Çimərlikdə belə bir hiss olmur, biz çimərlikdə ölülər aləmindəyik. Eynisi sosial şəbəkələrdəki informasiya bolluğu mühitində də baş verir. İnformasiyanın çoxluğu və sürətli axını bizim yalan və doğru arasında seçim etmək üçün düşünmək şansımızı əlimizdən alır. Düşünmək, təhlil etmək üçün bizə vaxt lazımdır. Kitab oxuyarkən kitab bizə bu şansı verir. Kitabda diqqət yayındıran informasiya axını yoxdur. Bir kitab həm tanrıdan, həm sosiskadan danışa bilməz. Kitab sizin fikrini ya tanrıya cəmləyir, ya sosiskaya. Sosial şəbəkələrdəki informasiya axını isə tanrını və sosiskanı eyni anda təqdim edir. Nəticədə sosial şəbəkə istifadıçisi iki şələ arasında biriinci hansını yeyim deyə qərar verə bilməyib acından ölən Buridan eşşəyinin aqibətiylə üzləşir. Bu gün sosial şəbəkələrdən çox şey öyrəndiyini zənn edib heç bir şey öyrənməyən milyonlarla cahil insan dolaşır aramızda. Bizə dayanıb düşünmək, götür-qoy etmək üçün boşluqlar lazımdır. İnformasiyanın bolluğu və sürətli axını bizi bizə lazım olan bu boşluqlardan məhrum edir. Biz düşünülməsinə vaxt çatmayan yanlış qərarların yaratdığı mühitdə yaşayırıq.
Münasibətlərin çılpaqlaşması mədəni dəyərləri də çılpaqlaşdırır. Sosial şəbəkələrin bizimlə danışdığı dil çılpaq dildir. Özünün elmi, fəlsəfi, əxlaqi geyimini soyunmuş dildir. Əgər siz bu çılpaq dildən imtina etsəniz alqoritmləşə bilməyəcəksiniz. Özünüzü ifadə edərək çoxlatmaq istəyirsinizsə, bəsitləşdikcə bəsitləşməlisiniz. Bu dillə böyüyən nəsil gerizəkalı olmağa məhkumdur.